Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Aprel 2025 13:19

Yaddaşlarda iz qoyan acı xatirələr

31 mart 1918-ci il erməni-bolşevik birləşmələri tərəfindən azərbaycanlılara, ölkənin müsəlman əhalisinə qarşı törədilmiş soyqırımı hadisələrindən bizi 107 illik zaman kəsimi ayırır. Bu qanlı hadisələrdən bir əsrdən çox zaman keçməsinə baxmayaraq, xalqımız soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, respublikamızın hər yerində faciə ilə bağlı silsilə tədbirlər həyata keçirilir.
Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə törədilmiş soyqırımı xalqımızın qan yaddaşında yaşayır, yaşayacaqdır. Quba şəhərində törədilmiş qırğınlar barədə qubalıların qan yaddaşına nəsildən-nəslə ötürülən çox acı xatirələr var.
Quba şəhəri Qırmızı qəsəbə sakini, rayonda ictimai-siyasi xadim və ziyalı kimi tanınan yəhudi əsilli Nisim Nisimovla görüşüb, onun soyqırımı haqqında vaxtilə atasından eşitdiyi xatirələri qələmə aldıq.
"Atam tarix müəllimi, eləcə də rayonumuzun tanınmış ziyalılarından olub. Qubada baş vermiş qətliamlar, qırğınlar barədə çox məlumatlı idi. Sovet dönəmində bu mövzuda geniş ictimaiyyət arasında danışmaq tamamilə qadağan olunmuşdu. Amma o, kiçik ailə toplantısında, dostlar və tanışlarla görüşlərdə soyqırımı, kütləvi qırğınlar barədə ata-babalarından, yaşlı insanlardan eşitdiklərini nəql edirdi. O acı xatirələr biz qubalıların da qan yaddaşında əbədi iz qoyub", - deyə N.Nisimov bildirdi.
Söhbətinə davam edən N.Nisimov qeyd etdi ki, biz bilirdik ki, Bakı Sovetinin sədri olan Stepan Şaumyan "Böyük" bolşevik idi. 1917-ci ildə fevral inqilabından sonra 8 martda Bakı Sovetinin sədri seçilmiş S.Şaumyan, eyni zamanda, 15 dekabrda da V.İ.Lenin tərəfindən Qafqaz üzrə fövqəladə komissar təyin olunmuşdu. 70 ildə tarixi bizə belə öyrətmişdilər. Soyqırımı 1905-1906, 1918-ci illərdə baş verib. Qubada ən güclü qırğınlar, basqınlar 1918-ci ilin 1-9 may tarixlərində olub. Qırmızı qəsəbədə bələdiyyə sədri işləyəndə bu məsələlərlə çox maraqlanırdım. 1918-ci ildə minlərlə Quba sakini, Qırmızı, Qonaqkənd və Zərdabi qəsəbələrinin sakinləri kütləvi qırğınlara məruz qalıblar. Quba qırğının əsas təşkilatçılarından biri də Hamazasp Srvandztyan olmuşdu. Hamazaspın 1905-1906-cı illərdə Şuşanın, Qarabağın yerli müsəlman əhalisinə qarşı törətdiyi cinayətlər kifayət qədər tarixi faktlarla mövcuddur. O, Quba bölgəsində 1918-ci ildə yerli əhaliyə qarşı törətdiyi qətliamlarda məşhurlaşmışdı. 800 nəfərlik dəstə ilə şəhərə hücum edən Hamazasp yerli əhalinin müqaviməti ilə qarşılaşsa da, 3 mindən çox dinc əhalini qətlə yetirmiş və 105 evi dağıtmışdı. Bu kütləvi qırğınlarda milləti ayırmayıblar - müsəlmanlar, yəhudilər, tatlar, malakanlar, ruslar, Qubada yaşayan digər millətlərin nümayəndələri amansızcasına qətlə yetiriliblər. Bu soyqırımı məzarlığı aşkarlanan zaman arxivdən bu faktları təsdiqləyən sənədlər tapıldı. Həmin sənədlər bir daha təsdiq etdi ki, Qubada yaşayan bütün xalqların nümayəndələri bu dəhşətli soyqırıma məruz qalmışdı. Atam danışırdı ki, onların ailə dostu olmuş Avşalımovun babası (Qırmızı qəsəbə sakini) 6 nəfər araba ilə Xaçmaza işə gedirlərmiş. Quba ilə Xaçmazın arasında bir körpü var. Hal-hazırda indi də həmin körpü var. O körpünün ətrafında sıx ağaclar olub. Erməni daşnakları babasını 6 nəfərlə birlikdə orada öldürüb, meyitləri təhqir edib, paltarlarını çıxarıb ağaclardan asıblar.
Həmsöhbətimiz daha sonra bildirdi ki, Qubada aşkarlanmış soyqırımı məzarlığı burada tikinti işləri aparılarkən aşkarlanmışdır. "Bura Milli Elmlər Akademiyasından alimlər dəvət olundu və araşdırma işlərinə başlanıldı. Burada minlərlə insan sümükləri tapıldı. Dünyanın çox yerindən insanlar gəlib bu Soyqırımı Memorial Kompleksini ziyarət edirlər. Azərbaycan xalqının başına gətirilən soyqırımı müsibətləri öyrənilir, gənc nəsillərə təbliğ edilir və həqiqətlər dünya ictimaiyyətinə çatdırılır. Qubada insanları diri-diri quyulara basdırmışdılar. Soyqırıma məruz qalanların müxtəlif bədən üzvlərini kəsərək onları təhqir etmişdilər. Eyni insanlığa sığmayan üsulları əsrin sonlarında ermənilər Xocalı faciəsində də tətbiq etmişdilər. Ermənilər tərəfindən xalqımıza qarşı törədilən faciələr, qırğınlar yaddan çıxmır, unudulmur, nəsildən-nəslə ötürülür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın gördüyü işlər, Quba şəhərinlə “Soyqırımı Memorial Kompleksi”nin yaradılması da buna bir sübutdur".

Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"