Şəhidlik dini və milli-mənəvi baxımdan böyük dəyər daşıyan anlayışdır. Müqəddəs dinimizdə şəhidlik haqq uğrunda, Vətən naminə canını fəda edərək ən ali məqama ucalmaqdır. Şəhidlik sadəcə ölüm deyil, şücaət fədakarlıq, əbədilik, ölməzlik və yüksək ehtiram simvoludur. Bunun üçün də şəhidlərimiz heç vaxt unudulmurlar. Onlar hər zaman ən ali və mötəbər ehtiram sahibləridir.
Valideyn üçün ən böyük itki övlad itkisi olsa da, şəhadət mərtəbəsinə yüksələn şəhidlərimizin doğmaları onların dəfn mərasimində bir ağızdan "Vətən sağ olsun!" deyirlər. Çünki Vətən - Ana, Ana isə Vətəndir. Hər ikisini sevmək, qorumaq, yeri gələrsə, uğrunda canından keçmək gərəkdir. Vətən sevgisi beşikdə ana laylasından başlayır. Kiçik yaşdan Ana və Vətən anlayışını dərk edən, ömrünü bu ümdə anlayışlara həsr edən övlad ən dəyərlidir. Şəhidlik igidlik və cəsarət nümunəsidir.
Müstəqilliyimizin bərpasının ilk dövründən bu günümüzə qədər ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda minlərlə övladımız öz şirin canından keçərək şəhidlik zirvəsinə yüksəlib. Onların hər biri tariximizin keşməkeşli dövr səhifələrinə öz adlarını qızıl hərflərlə yazmağı bacarıb.
2020-ci il sentyabrın 27-də başlayan haqq savaşımız 44 gün davam etdi. Hər günü əsrə bərabər olan İkinci Qarabağ müharibəsi tarixdə təkcə Böyük Qələbənin yazıldığı gün kimi deyil, şəhidlərimizin qisasının alındığı gün kimi də tarixləşdi. Misilsiz birlik, müqayisəyəgəlməz cəsarətdən yaranan Dəmir Yumruq xalqımızın iradəsinin ifadəsi oldu. Əməliyyatlar zamanı şanlı ordumuz durmadan irəliləyirdi. Bir sözlə, qalib ordu hər gün Zəfərə doğru addımlayırdı.
Tarixi Zəfəri bizə öz qanı və canı ilə yaşadan oğullarımızdan biri də mayor Elsevər Vaqif oğlu Paşayevdir. Elsevər 1988-ci il iyulun 1-də Cəbrayıl rayonunun Qovşudlu kəndində anadan olub. 1994-2003-cü illərdə Beyləqan rayonunun Milabad kənd tam orta məktəbində təhsil alıb. O, 2003-2006-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, 2006-2010-cu illərdə indiki Heydər Əliyev adına Hərbi İnstitutu bitirdikdən sonra ordu sıralarında xidmətə yollanıb. Hərbi xidməti dövründə müxtəlif hərbi hissələrdə taqım komandiri vəzifəsindən qərargah rəisi vəzifəsinə qədər yüksəlib. Şəhid Elsevər Paşayev xidməti müddətində Bolqarıstan, Çexiya, İngiltərə, Almaniya, Türkiyə, Əfqanıstan və digər ölkələrdə keçirilən müvafiq kurslarda iştirak edib. Xidmət etdiyi hərbi hissələrdə rəhbərlik tərəfindən fəxri fərman və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.
Hələ uşaq yaşlarında öz doğma yurdundan didərgin düşən Elsevərin uşaqlıq arzusu olan Cəbrayılı azad görmək istəyi isə 27 il sonra həyata keçdi. Uşaqlıqdan hərbçi olmağı qarşısına məqsəd qoyan Elsevər İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın da bir neçə yaşayış məntəqəsinin işğaldan azad olunması əməliyyatlarında iştirak etdi. 44 günlük müharibədə doğma yurdu ilə yanaşı, Füzuli və Qubadlı istiqamətlərində də qarşıya qoyulan döyüş tapşırıqlarının yerinə yetirilməsində mayor Elsevər Paşayev əsl komandirlik nümunəsini qazanan hərbi qulluqçulardan biri olaraq şəxsi heyəti üçün layiqli örnək olmağı bacardı. Təəssüf ki, çoxdan arzuladığı doğma yurdu - Cəbrayılı azad olunmasında iştirak edə bilsə də, Böyük Qələbəyə həsr olunan Zəfər paradında iştirak edə bilmədi. O, 2020-ci il oktyabrın 20-də Qubadlı rayonu istiqamətində döyüş tapşırığının icrası zamanı piyada əleyhinə minaya düşdü. Döyüş meydanından tibb müəssisəsinə təxliyə olunan igid zabitimiz 5 gün sonra şəhidlik zirvəsinə yüksəldi.
Şəhid Elsevər Paşayev İkinci Fəxri xiyabanda dəfn olunub. Ailəli idi, onun Vətənə və xalqa əmanət 2 qızı yadigar qalıb. Mayor Elsevər Paşayev İkinci Qarabağ müharibəsi zamanı göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub. Qəhrəman zabitimizin İkinci Qarabağ müharibəsi zamanı göstərdiyi igidliyi döyüş yoldaşlarından öyrəndik.
Baş leytenant Sənan Əsədov təcrübəli komandiri olan Elsevər Paşayevi hələ kursant olduğu dövrdən tanıdığını qeyd etdi: "Mayor Paşayevi 2018-ci ildə dördüncü kursun kursantı olanda xidmət etdiyim hərbi hissədə tanımışam. O zaman bölmə komandiri kimi kapitan rütbəsində olan Elsevər Paşayev gələcəyin zabitləri olacaq biz kursantlara hər zaman öz tövsiyə və məsləhətlərini verirdi, təcrübəli komandir olmağın tələb və göstəricilərinin xırdalıqlarını izah edirdi. Əslən Cəbrayıldan olduğum üçün məni öz davamçısı kimi gördüyünü qeyd edən unudulmaz komandirim mənimlə tez-tez telefonda danışır, qayğı və problemlərimlə maraqlanırdı. 2019-cu ildə zabit olaraq xidmətə başladığım dövrdən münasibətimiz daha da möhkəmləndi. Elsevər Paşayev fiziki hazırlığına da xüsusi önəm verirdi. Onun nə qədər mərd, Vətəninə, xalqına bağlı biri olduğunu xidmət müddətimdə daha yaxından öyrəndim. Vətən müharibəsi zamanı əvvəlcə vəzifəsinə uyğun olaraq bölmələrə təminat və təchizat vasitələrinin çatdırılmasında yaxından iştirak edirdi. Sonra Elsevər Paşayev qərargah rəisi vəzifəsində şəxsi heyətlə birlikdə Cəbrayıl və Qubadlı istiqamətində bir sıra yüksəkliklərin işğaldan azad olunmasında iştirak etdi. Xələfli kəndi azad edildikdən sonra bölməmizin istiqaməti Cəbrayılın Dağ Tumas kəndi idi. Həmin istiqamət üzrə irəliləyərkən Qalacıq kəndi istiqamətindən düşmən qüvvələri ilə aramızda toqquşma baş verdi. Bölməmizin şəxsi heyəti düşməni məhv etdikdən sonra Hovuslu kəndinə doğru hərəkət etdik. Bölməmizə rəhbərlik edən Elsevər Paşayevlə birlikdə istiqamət Qubadlıya doğru idi. Muradxanlı istiqamətində irəliləyərkən burada körpünün düşmən tərəfindən partladıldığının şahidi olduq. Elsevər Paşayev və digər bir hərbi qulluqçumuzun düşmənin basdırdığı piyada əleyhinə minaya düşdüyü xəbəri rabitə ilə bizə ötürüldü. Həmin yerdə olmadığımızdan xəsarətin dərəcəsini tam təyin edə bilmədik və ümid edirdik ki, komandirimiz yanımıza qayıdacaq. Lakin o, bir daha geri qayıtmadı və yaralandıqdan 5 gün sonra elə xəstəxanada şəhidlik zirvəsinə yüksəldi. Hər birimizin xatirində təcrübəli zabit, dəyərli silahdaş və səmimi yoldaş olaraq qalan Elsevər Paşayev cismən yanımızda olmasa da, onun öyrətdikləri bu gün də yaddaşımdadır və sevinirəm ki, mənə hərbin sirlərini aşılayan belə savadlı komandirim olub".
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Fariz Əhmədov mayor Elsevər Paşayevlə ilk tanışlığının 2019-cu ildə NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyası zamanı olduğunu bildirdi: "Mayor Elsevər Paşayev ilə altı ay birlikdə xidmət etmişik. Fəaliyyət istiqamətlərimiz fərqli nöqtələr olsa da, mayor Paşayevlə tapşırığımız başa çatdıqdan sonra idman saatlarında vaxtaşırı görüşürdük. Futbol oynamağı çox sevərdi və çalışardı ki, azərbaycanlılardan ibarət olan komanda ilə rəqibə qarşı mübarizə aparsın. Çox vaxt bizim komanda qalib gələrdi və mayor Elsevər Paşayev qələbənin açarının "möhkəm birlik və sarsılmaz əzm"də olduğunu bildirərdi. Bundan əlavə, ölkəmizin mötəbər təqvim günləri və bayramlarla bağlı missiya iştirakçılarına məlumatlar verər, onları maraqlandıran sualları cavablandırardı. Xarici ölkədən olan nümayəndələrə Azərbaycanın işğala məruz qalması, apardığı haqq mübarizəsi ilə bağlı həqiqətləri çatdırardı. O, xalqına bağlı olduğunu, vətənpərvərliyini öz əməyi ilə təsdiq edirdi. Əfqanıstandan qayıtdıqdan sonra fərqli bölmələrdə xidmətimizi davam etdirdik. 2020-ci ilin 27 sentyabrında başlayan haqq savaşımızda ilk fəaliyyətimiz Füzulidə başlasa da, ağır döyüşlər zamanı Cəbrayıl rayonunun məşhur "Dostluq bulağı" yaxınlığında düşmənin ağır artilleriya atəşinə məruz qaldıq. Mayor Paşayev həmin intensiv artilleriya mərmilərinin atəşi altında bölmələrin təminat və təchizat vasitələrinin çatdırılmasına nəzarət edirdi. Üzərindən az zaman keçdikdən sonra o zaman kapitan olan Elsəvər Paşayevi bizim bölməyə yuxarı vəzifəyə təyin etdilər. Bu hadisə onu tanıyan hər kəsi çox sevindirdi. Əslən Cəbrayıldan olan Elsevər Paşayevin öz ata yurdunu işğaldan azad edilməsi üçün göstərdiyi şücaəti sözlə ifadə etmək çətindir. İrəlilədikcə onun üzündəki sevinc, fərəh daha dərindən hiss olunurdu. İgid komandirlə mənim yolum Dağ Tumas kəndi istiqamətindən ayrıldı. Həkəri çayı üzərində yerləşən Bala Soltanlı kəndindən sonra bölməmiz artıq 3 hissəyə bölünərək, həmin istiqamətlərdə irəliləməyə başladı. Və biz bir müddət irəlilədikdən sonra rabitə ilə məlumat verildi ki, mayor Paşayev piyada əleyhinə minaya düşüb. Bu xəbər hər kəsi sarsıtsa da, düşmənə olan qisas hissimizi daha da artırdı. Növbəti tapşırıqların birindən qayıtdıqda mayor Elsevər Paşayevin şəhidlik məqamına yüksəldiyinin xəbərini aldıq. Bəli, şəhidlik uca zirvədir, hər kəsə nəsib olmur. Amma onun kimi Vətəninə, xalqına bağlı bir komandiri itirdiyimiz üçün çox məyus olduq. Hər birimiz bu tarixin bir parçası olduğumuz üçün qürur duyuruq, mayor Paşayev kimi təcrübəli komandirin rəhbərliyi ilə haqq savaşında iştirak etmək qürurumuzu daha da artırırdı".
Sonuncu müsahibim baş gizir Qafar Bahadurov bildirdi ki, şəhid Elsevər Paşayev istər təminat vəzifəsində, istərsə də komandir vəzifəsində üzərinə düşən tapşırıqların öhdəsindən layiqincə gəlirdi. "Horadiz istiqamətindən başlayan fəaliyyətimiz Cəbrayılın Şeybəy, Daşkəsən, Çərəkən kəndlərindən keçərək davam etdi. Bölməmiz "Dostluq bulağı" adlanan ərazidə düşmən tərəfindən ciddi müqavimətlə üzləşdi. Mən o zaman kapitan rütbəsində olan Elsevər Paşayev ilə birlikdə təminat təyinatlı tapşırıqların icrasında iştirak edirdim. Kapitan Paşayev döyüşən heyətin döyüş və gündəlik ehtiyacları ilə maraqlanar, onların qayğı və problemlərini soruşar, həlli istiqamətində zəruri addımlar atar, ya da dərhal yuxarı komandanlıq qarşısında vəsatət qaldırardı. Mayor Paşayev tabor komandiri vəzifəsini icra edərkən onun planlaşdırma, analiz və qərar qəbuletmə bacarıqlarının yüksək olduğu hiss olunurdu. Döyüşün ən çətin anlarında belə şəxsi heyətin ruh yüksəkliyini artırardı, hərbi qulluqçularda özünəinam hissinin ən vacib amillərdən biri olduğunu diqqətə çatdırardı. Bunun nəticəsi idi ki, bölməmiz onun komandirliyi dövründə yüksək nəticələr əldə etdi. Bir komandir olaraq ürəkli, cəsarətli, bacarıqlı keyfiyyətləri özündə birləşdirən mayor Paşayev "hər gün qələbəyə daha da yaxınlaşırıq", - deyərək hər kəsi öz ardınca aparırdı. Əslində, komandirdən qabaq o, bizə qardaş, dost və doğma biri idi. Çünki onunla ilk tanış olan şəxs belə özünü yad hiss etmirdi. Tez ünsiyyət quran, geniş dünyagörüşünə malik təcrübəli hərbçi kimi yuxarı komandanlıqdan sıravi əsgərə qədər hər kəsin ürəyinə yol tapmağı bacarmış biri idi şəhid Elsevər Paşayev.
Yoldaşlarım ilə söhbətimizdə hər zaman onu xatırlayırıq. Komandirimiz hər zaman əlini çiynimizə qoyub "hər şey yaxşı olacaq" deyirdi. Artıq hər şey yaxşıdır, lakin o yoxdur. Bu gün yolum Cəbrayıldan keçəndə orada Elsevər Paşayevin tabeliyində olan şəxsi heyətin göstərdiyi fədakarlıq və cəsarət dolu yürüşü gözümün önünə gəlir. Bu gün azad edilmiş torpaqlarımız yenidən qurulur, kəndlərimiz bərpa edilir, ailələrimiz öz ata-baba ocaqlarına geri dönürlər. Bu tarixi bizə öz canını fəda edərək yaşadan mayor Elsevər Paşayevin timsalında bütün şəhidlərimizin ruhları qarşısında baş əyir, onların doğmalarına Allahdan səbir diləyirəm. Biz bu tarixin bir parçası olduğumuz üçün xoşbəxtik. Xoşbəxtik ki, bu tarixin həm şahidi, həm də iştirakçılarıyıq".
Sonda həm yazının müəllifi, həm də şəhid mayor Elsevər Paşayevin kurs yoldaşı olaraq demək istərdim ki, 5 yaşından öz ata-baba yurdundan məcburi köçkün düşsə də, uşaq yaşlarından qarşısına qoyduğu məqsədə öz canı və qanı bahasına nail olmağı bacardı Şəhidimiz... Bu gün doğma yurdun Cəbrayılın və Cəbrayıl kimi işğalda olan tarixi torpaqlarımızın hamısı sənin və sənin kimi igidlərimizin sayəsində azaddır. Cəbrayılda qürurla dalğalanan üçrəngli bayrağımız artıq işğaldan azad olunmuş torpaqlarımızın hər bir güşəsində dalğalanır. Qədirbilən xalqımızın tarixini elə qədirbilən oğullar öz qanlarıyla yazıblar. Əbəs yerə deyilmir ki, Vətən üçün can vermək əbədi yaşamaqdır. Əbədiyyətin ünvanına, şəhidlik məqamına yüksələn Vətən övladları bu xalqın ən unudulmaz insanlarıdır! Bu xalq sizi unutmayacaq, ən yüksək ehtiramla daim xatırlayacaq.
Fuad CƏFƏROV
"Azərbaycan Ordusu"