Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Aprel 2025 20:17

Xalqımızın qan yaddaşı

Azərbaycan xalqının tarixində ən dəhşətli və faciəvi hadisələrdən biri də 1918-ci ilin 31 mart soyqırımıdır. 1918-ci ilin martında Bakı, Quba, Şamaxı, Ağsu, Kürdəmir, Lənkəran, Salyan, Zəngəzur, Naxçıvan bölgələrində erməni silahlı dəstələri azərbaycanlılara qarşı kütləvi qırğın törətdilər. Bu soyqırımda minlərlə azərbaycanlı amansızlıqla öldürüldü, on minlərlə insan itkin düşdü. Yüzlərlə ev, xalqımızın maddi-mədəniyyət abidələri, tarixi əsrlərə söykənən məscidlərimiz yandırıldı.
1917-ci ildə Rusiyada baş verən Fevral və Oktyabr inqilabları çar imperiyasının dağılmasına gətirib çıxardı. Bu dövrdə erməni millətçi təşkilatları, xüsusilə Daşnaksütyun partiyası və erməni silahlı qüvvələri Zaqafqaziyada (indiki Cənubi Qafqaz) öz mövqelərini gücləndirdilər. 1918-ci ilin mart-aprel aylarında əsasən ermənilərdən ibarət olan Stepan Şaumyanın rəhbərlik etdiyi qüvvələr tərəfindən azərbaycanlılara qarşı genişmiqyaslı qırğınlar törədildi.
Daşnaksütyun partiyasının birgə həyata keçirdiyi bu soyqırımı nəticəsində yalnız Bakıda 12 minə yaxın azərbaycanlı qətlə yetirildi. Erməni vandalizminin törətdiyi bu kütləvi qırğın bölgələrimizdə də baş verdi. Belə ki, erməni silahlı dəstələri Şamaxı şəhərini mühasirəyə alırdı və dinc əhaliyə divan tuturdular. Şəhərdə yüzlərlə ev yerlə-yeksan edildi. Şamaxı şəhərindən sonra ermənilər Qubada da dinc əhalini kütləvi surətdə qətlə yetirdilər. 2007-ci il aprelin 6-da Qubada tikinti işləri aparılarkən kütləvi məzarlığın aşkar edilməsi erməni terrorizminin və erməni vəhşiliyinin sübutlarından biri idi. Arxeoloq tədqiqatçıların, tarixçi alimlərin qənaətinə görə buradakı insan sümüklərindən aydın olurdu ki, əhali qəddarcasına və işgəncə ilə öldürülmüşdü.
Daşnak ermənilərin - Şaumyanların, Lalayanların, Əmiryanların, Andraniklərin başçılığı altında erməni-bolşevik silahlı dəstələri ölkəmizin müsəlman əhalisinə, o cümlədən digər etnik xalqların nümayəndələrinə qarşı görünməmiş dəhşətli faciələr törətdilər.
Erməni qüvvələri törətdikləri iyrənc əməllərini digər rayonlarımızda da yerinə yetirməkdə davam edirdilər. Onların azərbaycanlılara qarşı qətliamları Cənub bölgəsindən də yan keçmədi. Burada da onlar eyni ssenari üzrə hərəkət edərək insanları qətlə yetirir və kəndləri yandırırdılar.
Bu hadisələr araşdırılaraq nə qədər faktlar toplansa da, bunlar ictimaiyyətdən gizli saxlanılırdı. Lakin 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi elan edilməklə tariximizin bu qaranlıq səhifələrinin üzərinə işıq salındı. Bu Fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən hərtərəfli hüquqi-siyasi qiymət oldu, həm də uzun illər gizli saxlanılan, üzərinə qadağalar qoyulan həqiqətlər aşkar edildi.
Prezident İlham Əliyev 2009-cu ildə Quba şəhərində 1918-ci il soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında Sərəncam imzaladı. 2013-cü il sentyabrın 18-də isə bu kompleksin açılışı oldu. 2018-ci ildə  azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar dövlət başçısı İlham Əliyev tərəfindən tədbirlər planı təsdiq edildi və bu çərçivədə bir sıra beynəlxalq tədbirlər həyata keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və bu faciənin unudulmaması üçün müxtəlif tədbirlər bu gün də davam edir.

Kifayət ƏLİYEVA

Azərbaycan Jurnalistlər

Birliyinin üzvü