Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Aprel 2025 20:16

“Bu, bizim milli yaddaşımızın bir hissəsidir”

1918-ci il Azərbaycan tarixinin qanlı səhifələrindən biri kimi yaddaşlara həkk olunub. Həmin il Quba və ətraf bölgələrdə minlərlə günahsız insan - qadın, uşaq, qoca bolşevik adı altında quldur erməni dəstələri tərəfindən amansızcasına, vəhşicəsinə qətlə yetirildi. 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutu olmuşdur. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Quba şəhərində "Soyqırımı Memorial Kompleksi" yaradılıb.
Ezamiyyətimiz zamanı "Soyqırımı Memorial Kompleksi"ni ziyarət etdik. Kompleksin direktoru Rəşxəndə Bayramova ilə söhbətləşdik.
Direktor kompleksin yaranma tarixi, burada sərgilənən soyqırımı hadisələrini əks etdirən sənədlər və fotoşəkillər, ekspozisiyalar barədə ətraflı məlumat verdi: "1918-ci ildə erməni silahlı dəstələri Bakı, Quba, Şamaxı, Lənkəran və digər bölgələrdə soyqırımı həyata keçirib. 16 müxtəlif millətdən olan dinc əhali amansızlıqla qətlə yetirilib. Qubada aşkar olunan kütləvi məzarlıq bu faciənin bariz sübutlarından biridir. Kompleks Azərbaycan xalqının yaşadığı bu böyük faciəni dünyaya tanıtmaq üçün qurulub. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, Heydər Əliyev Fondu tərəfindən kompleksin inşasına başlanıldı. 2013-cü ildə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə kompleksin açılışı baş tutdu. Hazırda kompleksdə dörd dildə (Azərbaycan, rus, ingilis, ərəb) bələdçilik fəaliyyət göstərir. Həmçinin 10-12 dildə bukletlərimiz və səsli məlumat xidmətimiz də vardır ki, onlar gələn ziyarətçilərə təqdim olunur. Ziyarətçilər soyqırımı qurbanlarının qalıqlarının saxlandığı məzarlıqla yanaşı, arxiv sənədləri, fotoşəkillər və həmin dövrə aid materiallarla tanış ola bilərlər. Kompleksdə nümayiş etdirilən məlumatlar təkcə Azərbaycan mənbələrinə deyil, eyni zamanda, xarici arxivlərdə saxlanılan tarixi faktlara da əsaslanır. Hər bir ekspozisiya 1918-ci ildə baş verən hadisələrin dəhşətini göz önünə gətirir. Kütləvi məzarlıqda tapılan insan sümükləri arasında azərbaycanlılarla yanaşı, ləzgi, tat, yəhudi və digər millətlərin nümayəndələrinin də qalıqları aşkarlanıb. Bu da onu göstərir ki, bu soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, bölgədəki müxtəlif etnik qruplara da qarşı yönəlmişdi. Tapılan qalıqlardan aydın olur ki, həlak olanların çoxu körpə uşaq, qadın və qoca olub", - deyə R.Bayramova qeyd etdi.
"Bu, bizim milli yaddaşımızın bir hissəsidir", - deyə direktor söhbətə davam etdi. "Gənc nəsil öz tarixini bilməli və bu hadisələrdən nəticə çıxarmalıdır. Tarixini bilməyən xalq gələcəyini də qura bilməz. Biz çalışırıq ki, məktəblilər və tələbələr üçün buraya ekskursiyalar təşkil edilsin, gənclərimiz real tarixi öz gözləri ilə görsünlər. Kompleksə yalnız yerli deyil, həm də xarici vətəndaşlar, tarixçilər və araşdırmaçılar baş çəkirlər. Artıq bir milyon iki yüz mindən çox ziyarətçimiz olub. Bunun da iki yüz minə yaxını xarici ziyarətçilərin payına düşür. Xüsusilə beynəlxalq media və elmi dairələr bu faciəyə maraq göstərir. Biz də dünya ictimaiyyətinin bu faciə barədə məlumatlı olmasına çalışırıq. Əfsuslar olsun ki, bəzi dövlətlər bu həqiqətləri görməzlikdən gəlirlər. Çalışırıq ki, fəaliyyətimiz təkcə regionda deyil, bütün dünyaya çata bilsin. Bunun üçün də əlimizdən gələni edirik. Qeyd edim ki, bizim maraqlı layihəmiz var. Bu layihədə Quba ilə bağlı iki dildə xəritə hazırlamışıq. Xəritədə təkcə  Qubanı deyil, digər yerləri də qeyd etmişik. Bu dəhşətli faciə təkcə insanlara qarşı olmayıb. Bizim tarixi abidələrimiz, məscidlərimiz, inanc yerlərimiz məhv edilib. Xəritədə bunlar barədə qısa məlumatlar qeyd etmişik. Əgər bir ziyarətçi daha ətraflı məlumat əldə etmək istəyirsə, xəritədə ünvanlar da qeyd edilib. Nadir fonddan ibarət kitabxanamız var ki, buradakı kitablar ölkənin çoxsaylı araşdırmaçı və tarixçiləri tərəfindən verilib. Bu kitablar bizim tarixi keçmişimizlə bağlıdır. Milli Ensiklopediya Mərkəzi tərəfindən də kompleksə kitablar bağışlanılıb. Bizim borcumuzdur ki, gələn ziyarətçilərə dolğun cavab verib yönləndirə bilək. Kompleks həm də elmi müəssisə olaraq fəaliyyət göstərir. İl ərzində bir çox simpoziumlar, konfranslar, ustad dərsləri keçirilir. 15-ə yaxın yerli və xarici universitetlərlə memorandum əlaqələrimiz var. Bu yaxınlarda qardaş Türkiyənin Ege və İstanbul universitetləri ilə birgə tədbirlərimiz baş tutub. Cari ildə komleksdə iki böyük konfrans, forum baş tutacaq. Artıq elanlarımız verilir, sorğularımız həyata keçirilir. İyunun 5-6-da Gənc Etnoqrafların 1-ci Respublika Forumunun burada keçirilməsi planlaşdırılır. Bu fərqli yanaşma bizim üçün də maraq doğurub. Burada bizim milli geyimlərimiz, adət-ənənələrimiz sərgilənəcək. Müqəddəs yerlərimiz, qəbir abidələrimiz göstəriləcək. Əsas maraqlı məqam isə süni intellektlə bağlı olacaq ki, bu sahə üzrə bilgilərin yerləşdirilməsi və təbliği olacaq. Konfrans çoxşaxəli olacaq. Artıq qeydiyyatdan keçənlər var. Bu bizim üçün olduqca sevindirici haldır. Bu məlumatların paylanılması həm tezis, həm də poster xarakterli olacaq ki, gələn qonaqlar maksimum dərəcədə faydalana bilsinlər. Bir layihəmizin də 2025-ci ilin sentyabrında baş tutması planlaşdırılıb. Biz buna ənənəvi Quba simpoziumu deyirik. İndiyədək iki simpozium keçirilib və xaricdən qonaqlar da dəvət olunublar", - deyə direktor bildirdi.

Şəlalə DÜNYAMALIYEVA

"Azərbaycan Ordusu"