Novruz bayramı Şimal yarımkürəsində astronomik olaraq yazın başlandığı - gecə ilə gündüzün bərabərləşdiyi gündə (martın 20-si, 21-i və ya 22-sində) qeyd olunur. Bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsir və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.
Bir sıra xalqlar ta qədimdən yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Qədim zamanlardan başlayaraq bir çox Şərq ölkələri kimi, Azərbaycanda da baharın - yeni ilin gəlişini müəyyən şənliklərin və ritualların keçirilməsi ilə qarşılayıblar. Martın 21-i bəzi Şərq ölkələrində rəsmi təqvimin ilk günü sayılır.
"Novruz" hərfi mənada "yeni gün" deməkdir. Amma ifadə etdiyi mərasim semantikasına görə keçidin bitməsi və yeni nizamın başlanğıcıdır. Novruza Bozqurd, Çağan, Ergenekon, Nevruz, Sultan Nevruz, Mart Doqquzu, Novruz və s. də deyilmişdir. Novruz anlayışı bəzi deyiliş fərqlərilə bir çox türk xalqlarının dillərində işlənməkdədir. Novruz haqqında məlumatlara Ömər Xəyyamın "Novruznamə", Nizamülmülkün "Siyasətnamə", Nizami Gəncəvinin "İsgəndərnamə" və başqa əsərlərdə rast gəlinir. Alimlərin araşdırmalarına əsasən bayramın tarixi ən azı 3700, ən çoxu 5000 ilə yaxın hesab edilir. Bəzi yazılı mənbələrdə isə Novruz bayramının eramızdan əvvəl 505-ci ildə yarandığı qeyd olunub.
Təbiətin oyanması, həyatın canlanması Novruzdan başlanır. Xalqımız Novruzun gəlişini ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, ardıcıl olaraq dörd həftənin hər ikinci günləri - Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur. Ənənələrə görə birinci çərşənbə günü su və su mənbələri təzələnir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yel və nəhayət, dördüncü çərşənbədə torpaq, təbiət oyanır və bu baharın gəlişindən xəbər verir.
Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Bu bayramın tarixi inkişafına baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük.
Qədim dövrlərdə Novruz təkcə xalq bayramı kimi deyil, eyni zamanda, dövlət bayramı kimi qeyd olunub. Tarixi məlumatlara görə, Novruz bayramı bir ay davam edib. Bu bayram şənliklərində kütləvi gəzintilər, xalq oyunları, nəğmələrin oxunması, məzhəkəçilərin və kəndirbazların çıxışları olub.
Sovet dövründə Novruz bayramının keçirilməsinə sərt qadağalar qoyulsa da, xalqımız onu həmişə qeyd etməyə can atıb. Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev deyib: "Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir".
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsindəki qələbəmizdən, suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpasından sonra ölkəmizin hər bir yerində qalanan bayram tonqalları daha gur yanır, xalqımız Novruzu daha böyük təntənə ilə, qürurla, fəxarətlə və sevinclə qeyd edir.
Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan bu bayram Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti nəticəsində 2009-cu il sentyabrın 30-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i Beynəlxalq Novruz Günü elan edilib.
Əsrlərdən qalan ənənələrə sadiq olaraq, bu gün də hər bir azərbaycanlı ailəsi bu bayramı böyük coşqu, sevinc və təntənə ilə qeyd edir.
Novruz ən sevimli və bərəkətli bayramdır. Bayramımız mübarək olsun!
"Azərbaycan Ordusu"