Süleyman bəy Əlisüleyman oğlu Əfəndiyev 1864-cü il oktyabrın 5-də Ağdamda dünyaya gəlib. Onun mənsub olduğu "Cənnət oğulları" və ya "Əfəndi öyü" ruhani nəsli Qazax mahalının Dağkəsəmən kəndinin nüfuzlu soylarından olub.
O, ilk təhsilini Gəncədəki progimnaziyada alıb. 16 yaşında həmin məktəbi bitirən Süleyman bəy 1880-ci ildə Ukraynaya gedib və Yelizavetqrad Süvari Məktəbinə qəbul olub, 1885-ci ildə oranı müvəffəqiyyətlə bitirib. Hərbi xidmətə Qafqaz Süvari Ordusunun polis nəzarəti idarəsində başlayan gənc zabit Süleyman bəyə iki il sonra mayın 18-də “kornet” hərbi rütbəsi verilib.
Bundan sonra isə onun Rusiya ordusu tərkibində hərbi xidməti başlayıb. Süleyman bəyin xidmət yolu əsasən Qafqazla bağlı olub. Eskadron komandiri Süleyman bəy Əfəndiyev nümunəvi xidmətinə görə 1899-cu il martın 15-də “rotmistr” rütbəsinə layiq görülüb və ona kavaler kimi fəxri ad verilib. 1900-cü ildə isə üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif olunub.
Xidmət yeri bir neçə dəfə dəyişdirilən Süleyman bəy 1907-ci il fevralın 28-dən Zaqafqaziya polis keşikçi dəstəsinin Kutaisi quberniyası üzrə baş nəzarətçisı təyin olunub.
Süleyman bəy Əfəndiyev yalnız hərbçi kimi deyil, həm də xalqımızın maariflənməsində görkəmli ictimai xadim kimi fəal iştirak edib. Tez-tez Qori Müəllimlər Seminariyasına gələn S.Əfəndiyev burada təhsil alan azərbaycanlı tələbələrin güzəranı ilə maraqlanıb, onlardan maddi köməyini əsirgəməyib. Görkəmli maarifçi, ədəbiyyatşünas Firudin bəy Köçərli və Səfərəli bəy Vəlibəyovla dost olub, Tiflisdə azərbaycanlıların təşkil etdiyi mədəni-maarif cəmiyyətinin işində yaxından iştirak edib.
Peşəkarlığı və qüsursuz xidmətləri nəzərə alınaraq S.Əfəndiyevə 1912-ci il dekabrın 6-da “polkovnik” rütbəsi verilib.
Süleyman bəy Əfəndiyev imperiya ordusundakı xidmətlərinə görə üçüncü və ikinci dərəcəli "Müqəddəs Anna", ikinci dərəcəli "Müqəddəs Stanislav", üçüncü dərəcəli "Müqəddəs Vladimir" ordenlərinə layiq görülüb.
Polkovnik Süleyman bəy Əfəndiyevin imperiya ordusunda sonuncu vəzifəsi Əlahiddə Qafqaz ordusunda Zaqafqaziya polis keşikçi dəstəsinin təftiş yoxlama üzrə baş nəzarətçisi olub.
Süleyman bəy Əfəndiyevin ən böyük və danılmaz xidməti isə 1917-ci ilin iyulundan başlayaraq Azərbaycan Milli Ordusunu yaratmaq təşəbbüsü olub. Belə ki, 1917-ci ilin fevral çevrilişindən sonra Qafqazdakı Rusiya ordusu buraxılarkən Zaqafqaziya Komissarlığının sərəncamı ilə Gəncəyə göndərilən polkovnik S.Əfəndiyev ilk günlərdən azərbaycanlılardan ibarət könüllü silahlı dəstələrin təşkilinə başlayıb.
AXC Hərbi Nazirliyi yaradılanda polkovnik S.Əfəndiyev Tərtərdə yerləşən 2-ci Qarabağ Süvari Alayının komandiri olub. 1917-ci il dekabrın ortalarında Müsəlman korpusunun təşkilinə başlanıb. Süleyman bəy bu korpusda 5-ci atıcı alayın komandiri olub. O, bir müddət hətta Müsəlman Korpusunda ikinci diviziya komandirinin vəzifəsini də icra edib.
Polkovnik S.Əfəndiyev peşəkar hərbçi kimi Gəncədə ilk hərbiyyə məktəbinin və Gəncə Süvari Alayının yaradılmasında, hərbi kursların açılmasında, Azərbaycan Ordusu üçün 150 nəfərdən ibarət ilk təlim komandasının təşkil edilməsində böyük xidmətləri olan görkəmli hərbçilərimizdəndir.
Süleyman bəy Qafqaz İslam Ordusunun tərkibində Azərbaycanın bolşevik-daşnak qoşunlarından təmizlənməsində də fəal iştirak edib. 1918-ci il noyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyi təşkil edilənə kimi, Süleyman bəy bir sıra vəzifələrdə xidmət edib. Süleyman bəy haqqında az-çox məlumat onun AXC Hərbi Nazirliyinin bərpasından sonrakı dövrdəki xidmət yolu ilə bağlıdır. 1918-ci ilin sonlarında Azərbaycan Ordusu böhran içərisində olduğu bir vəziyyətdə S.Əfəndiyev 2-ci Qarabağ süvari alayının formalaşdırılması üçün çox böyük əzm və fədakarlıq göstərib.
Polkovnik S.Əfəndiyevin Azərbaycan hökuməti qarşısında sədaqətli xidmətini nəzərə alaraq, Hərbi nazir artilleriya generalı S.Mehmandarovun təqdimatına əsasən, AXC Nazirlər Şurasının qərarı ilə o, “general-mayor” rütbəsinə layiq görülüb və daha yüksək vəzifəyə - 1-ci Piyada Diviziyasının komandiri vəzifəsinə təyin edilib.
S.Əfəndiyev AXC hökuməti tərəfindən general-mayor rütbəsi alan ilk milli hərbçi olub.
1919-cu il yanvarın 7-dən Süleyman bəy Əfəndiyev AXC ordusunun 1-ci Piyada Diviziyasının komandiri vəzifəsinin icrasına başlayıb və özünəxas işgüzarlıqla, peşəkarlıqla və məsuliyyətlə bu diviziyanın formalaşdırılmasına başlayıb.
General-mayor S.Əfəndiyev Ağdamda ilk dəfə pulemyotçuluq üzrə kiçik zabitlər məktəbi yaradıb. Bu məktəblərdə zabitlər əsgərlərlə birlikdə çalışır, həm öyrənir, həm də öyrədirdilər. Bir dəfə də olsun əlinə silah götürməyən gənc əsgərlərə şəxsən özü təlim keçir. O, qısa müddətdə alayı əsl hərbi hissə kimi formalaşdırıb.
İstər Hərbi Nazirlik, istərsə də Azərbaycan hökuməti üçün bu diviziyanın formalaşdırılması və təşkilatlandırılması çox böyük əhəmiyyət kəsb edib. Çünki bu diviziya Qarabağda erməni təcavüzkarlığının qarşısını almaq üçün əsas qüvvə kimi nəzərdə tutulmuşdu.
Təəssüf ki, milli ordu quruculuğuna böyük töhfələr verən general-mayor S.Əfəndiyev xidməti vəzifəsi zamanı yoluxduğu səpmə-yatalaq xəstəliyi səbəbindən 1919-cu il fevralın 21-də Ağdamda vəfat edib.
Fevralın 24-də S.Əfəndiyevin tabutu Gəncəyə gətirilib. Həyat yoldaşı Laləndar xanımın xahişi ilə onu Qazaxda dəfn ediblər. Onun vəfatı ilə əlaqədar başda hərbi nazir general S.Mehmandarov olmaqla, AXC ordusunun general və zabitləri, eləcə də hökumətin digər siyasi xadimləri dövri mətbuatda verdikləri başsağlıqlarında general-mayor S.Əfəndiyevi tanınmış ictimai xadim, Azərbaycanın ilk hərbi hissələrinin təşkilatçısı kimi dəyərləndirərək onun xalqımız və ordumuz üçün böyük itki olduğunu bildiriblər.
"Azərbaycan Ordusu"