Artıq 8 aydır ki, müddətli həqiqi hərbi xidmətdəyəm. Əsgər olmaq, hərbi forma geyinmək, əldə silah Vətənimizi qorumaq hər birimizin uşaqlıqdan arzusu olub. Əmim və atam həmişə bizə Birinci Qarabağ müharibəsi döyüşlərindən, torpaqlarımızın bədnam qonşularımız tərəfindən işğal olunmasından, 44 günlük Vətən müharibəsində igid oğullarımızın şücaəti hesabına işğalın sonlandırılmasından söhbət edərdilər. Qardaşlarımla mənə necə mərd və cəsur oğullarımızın olduğunu deyər, onların qəhrəmanlıqlarından danışardılar. Ən başlıca məqsədimizin hərbi xidmətə yollanıb Vətənimizi qoruyanların sırasında olmaq olduğunu vurğulayırdılar. Bir sözlə, hərbi vətənpərvərlik tərbiyəsi ilə böyümüşük. Nəhayət, zaman yetişdi, orta təhsilimi başa vurduqdan sonra mən də hərbi xidmətə gəldim. Xidmətə gəlməmişdən qabaq hərbi xidmətdə olan tanışlarım Azərbaycan Ordusunun maddi-texniki təminatının, eləcə də hərbi qulluqçuların sosial-məişət şəraitinin yüksək səviyyədə olduğunu deyirdilər. Xidmətə gəldiyim gündən isə deyilən bütün sözlərin artıq canlı şahidi oldum. Hərbi hissəmizin kollektivi arasında sağlam mühit, səmimi və mehriban münasibət var. Komandir heyətimiz hər kəslə fərdi söhbətlər aparır, qayğılarımızla yaxından maraqlanır. Bizə göstərilən bu yüksək diqqəti hərbi hissəyə gəldiyimiz ilk gündən hiss etmişik. Gördüyünüz kimi, hərbi hissəmizin yataqxanaları, yeməkxanası və digər obyektləri müasir avadanlıqlarla təmin olunub. Xidmətimizi nümunəvi yerinə yetirmək üçün hər cür şərait yaradılıb.
Bundan başqa, günün nizam qaydalarına uyğun olaraq bütün fəaliyyətlərimiz səmərəli təşkil olunur. Sıra, atəş, fiziki və digər hazırlıqlardan məşğələlərə cəlb edilir, nəzəri biliklərimizi möhkəmləndirir, praktiki vərdişlərimizi daha da təkmilləşdiririk. Hər birimiz qalib Azərbaycan Ordusunun sıralarında özümüzü yüksək əhval-ruhiyyədə hiss edirik. Şəraitimizin ürəkaçan olması, komandir heyətinin doğma münasibəti və qayğıkeşliyi bizə əlavə stimul verir.
Yeri gəlmişkən deyim ki, səhhətimizə də çox ciddi nəzarət edilir. Mütəmadi olaraq hərbi həkimlər bölməmizə gəlir, bizi müayinə edir, mövsümi xəstəliklərdən qorunmağımız üçün təlimat və tövsiyələr verir, səhhəti ilə bağlı narahatlığı olanları isə tibb məntəqəsinə aparıb müayinə və müalicə edirlər.
Bilirəm ki, bir çox əsgər analarını düşündürən ən vacib məsələlərdən biri qidalanmağımızdır. Çünki anam məni xidmətə yola salanda yeməyimə, içməyimə diqqət yetirməyimi dönə-dönə tapşırmışdı. Qidalanmağımdan çox narahat idi. Başda öz anam olmaqla, bütün analarımıza səslənirəm ki, ürəyiniz rahat olsun, biz əmin əllərdəyik. Bacarıqlı aşpazlarımız bizə milli mətbəximizin dadlı təamlarından hazırlayırlar. Xörəkləri çox keyfiyyətli ərzaqlardan bişirirlər. Evdə yediyimiz yeməklərdən heç də fərqlənmir. Həmçinin bizə gündəlik olaraq mövsümə uyğun meyvələr də verilir.
Asudə vaxtlarımızda əsgər yoldaşlarımızla söhbətləşirik. Hər kəs hərbi hissənin şəraitindən və komandirlərin doğma münasibətindən razılığını vurğulayır. Bunun qarşılığında bizim də üzərimizə bir vəzifə düşür - döyüş hazırlığımızı artırmaqla doğma Vətənimizin bizə əmanət olan torpaqlarını göz bəbəyimiz kimi qorumaq. Yaradılan belə yüksək şəraitə görə Ali Baş Komandanımıza minnətdarlığımızı bildiririk.
Bu gün qalib ordumuzun sıralarında olduğum, Azərbaycan əsgəri adını daşıdığım üçün qürurluyam.
Əsgər
Günəş İMANOV
"N" hərbi hissəsi