Dünyanın heç bir xalqı heç zaman müharibə arzulamayıb. Biz torpaqlarımızın işğaldan azad olması üçün Ali Baş Komandanın döyüş əmrinin təşnəsiydik. Hərbi xidmətə gedənlər də bu niyyətlə gedirdilər, tərxis edilənlər də bu niyyətə görə təəssüflənirdilər. İkinci Qarabağ müharibəsinə kimi mənim də düşüncələrimdə döyüşlər gedirdi, güllələr açılırdı, mərmilər partlayırdı. Azərbaycan əsgəri döyüş növbətçiliyində uca ruhların səsini eşidirdi: Torpaqların yaraları qaysaqlayacaq. Siz döyüşlərdə qətiyyətlə döyüşün, işğalı kürüyün! Ön xətdə əsgərlərlə söhbətləşəndə bu xatırlatma da düşüncələrimizin üfüqünə dönürdü...
İkinci Qarabağ müharibəsindən əvvəl bir ana hərbi xidmətə yola saldığı oğluna demişdi: "Vətən olmayandan sonra sən nəyə lazımsan, biz nəyə lazımıq. Get. Sərkərdəmiz əmr edəndə sən də kişi kimi döyüş...". Həmin vaxtlarda varlığı dosta nur, düşmənə gor olan Azərbaycanda bütün anaların öyüdü belə idi. Əsgərlər bu öyüdü Hərbi Andın mənəvi davamı bilirdilər, döyüşləri gözləyə-gözləyə ermənilərin Azərbaycanda törətdiyi faciələri də unutmurdular...
Bir xatirə: Xocalı faciəsinə yazdığım elegiyada haray da vardı, qəhər də, yaraların qaysaqlayacağına ümid də, işğaldan qurtuluşa inam da. Beyləqanda, düşmənlə təmas xəttinin "on-on beş addımlığında" "Əsgər ürəyindən başlanır Vətən!" deyirdik. Şeirlər səslənirdi, səslər nəqarətləşirdi. Atası Xocalıdan olan Samir Qurbanov mənim "Xocalım, ay Xocalım!" şeirini demişdi. Səsində - qəhər, kirpiklərində - iki damla göz yaşı...
Onda Samirin qəhəri qəhərimiz olmuşdu:
- Babam, nənəm, dayım Xocalıda qətlə yetiriliblər. Onda atamın on beş yaşı olub. Xocalılıların Xocalıdan necə qaçdığını, yolda-izdə, çöldə-düzdə necə öldürüldüyünü həmişə qəhərlə, ağrı-acılarla xatırlayırdı. Döyüşlər başlayanda Xocalı uğrunda döyüşmək istərdim. Xocalını işğaldan azad edənlərin sırasında olmasam, əzizlərimin ruhu məni bağışlamaz. Niyyətimi komandirimiz də bilir, - Samir belə demişdi. Onda əsgərlərin hamısının qətiyyəti Samirə ad olan günümüzün xeyir-duasına dönmüşdü: "Xocalı döyüşlərində hamımız sənin yanında olacağıq!". Yeddi il əvvəlin bu duyğusal kəlmələşməsi əsgər Sənan Bayramovu da duyğulandırmışdı.
- Xocalıda xidmət edəcəyimizi biləndə təhsil aldığım Azərbaycan Texniki Universitetində Xocalı faciəsinin 30 illiyinə həsr olunmuş tədbiri xatırladım. Faciədən danışılmışdı, faciənin ağrılarını sənədli filmdə biz də yaşamışdıq. Professorumuz bizə xitabən demişdi: Siz işğaldan azad edilmiş Xocalıda xidmət edəcəksiniz. Xocalıda hərbi xidmətin ilk gecəsi heç birimizin gözünə yuxu getmirdi. Bu, Azərbaycan əsgərinin qüdrətinin qüruruna görə idi. İndi işğaldan azad edilmiş Xocalıda xidmət etməyin qürurunu mən də yaşayıram. Qazaxdan olsam da, özümü həm də xocalılı hesab edirəm. Əsgərlərin hamısı belə düşünür...
O vaxtdan əsgər Samir Qurbanova vəfa borcumu Xocalıda qaytarmağı əhd etmişdim. Özü orada olmayacaqdı, ruhum ruhuna təzə şeir deyəcəkdi:
Ümidini illər əymiş baxışlar döyüb
bir zamanlar daşlar döyən Kür ürəyimi.
O zamandan bu zamana yağışlar döyüb,
Xocalıda bir daş üstə sər ürəyimi...
Xocalıdaydım. Gözüm tutunca boylanırdım. 1990-cı ilin martında da yaxınlara-uzaqlara belə baxmışdım. Onda şəhərləşən Xocalı bina-bina böyüyürdü, düşmənin gözlərini tökə-tökə böyüyürdü. Xankəndidən baxanlar Xocalıda düyünlənən yumruqlar görürdü. Düşmən yumruğu düyünlənənlərin qətiyyətindən çəkinirdi. Bilirdi ki, Xocalıya yaxın düşə bilməyəcək. Nə oldu bəs? Ermənilər haradan güc aldılar, necə cəsarətləndilər? O nəhs günə, nəhs gecəyə sovet imperiyasının 366-cı alayının yedəyində gəldilər. Hər yan qar idi, hər yan tar idi. Yollar zavallı xocalılıların ayaqları altından qaçırdı...
33 il əvvəl ermənilərin Xocalıya gəldiyi səmtdəydik. Mənə elə gəlirdi ki, həmin gecə düşmənə atılan güllələrin səsi 2023-cü ilin sentyabrında atılan güllələrin səsinə sarılıb. 33 il əvvəl döyüşən Xocalının da, döyüşün içindən sıyrılıb Şelliyə, Naxçıvanikə, Əsgərana, Ağdama, Qarqara tərəf yol alanların da, qurtuluşa can atanların da ruhunun səsi oktyabrın 15-nə kimi o səslərin içində çırpınıb, titrəyib, uçunub. Göylərin yağışına-qarına, əsən yelinə, coşan selinə qarışıb...
Bir xatirə: 1990-cı ilin martında Xocalını şəhərləşdirən fəhlələrlə kəlmələşmişdik. On altı-on yeddi yaşı olan oğlan ayaq saxlamışdı. Salam-əleykdən sonra bayaq söhbətləşdiyimiz xocalılı kişi oğlandan hara getdiyini soruşmuşdu. Yeniyetmə:
- Posta gedirəm, Kərim dayı. Sursat, bir az da yeyəcəklər aparıram, - demişdi.
Kərim kişinin əli yeniyetmənin çiyninə enmişdi:
- Bundan da cavanları yollardadı, döyüşənlərin yanına can atırlar. Xocalılılar Xocalını qoruyur, ay oğul, hökumət də qorusa, Xocalıya zaval yoxdu...
Xocalı tikilirdi...
Xocalı böyüyürdü...
Orta yaşlı bir kişinin söhbətinin cazibəsindəydik:
- İlin əvvəlində kiçik qardaşımla Xocalıya gəldik. Mən - tikintiyə, qardaşım - orduya. O elə əsgərdi, mən belə əsgər. Bir şəhərdəyik, iyirmi gündən çoxdu bir-birimizi görmürük. Soraqçılarımız kəndin posta gedib-gələn yeniyetmələridi. Xocalı tikiləcək, böyüyəcək, tətik sıxanların sayı artacaq.
Posta gedən əsgərlər yanımıza çatınca ayaq saxlayıb salamlaşmışdılar. Biri binanın bünövrəsinə bir daş atmışdı, "Bu daşı iş avandlığı daşı bilək, ustalara "Yorulmayasınız!" deyək. Dönüşümdə bu binanın otaqlarından birinin qapısını döyməyə niyyətliyəm, öz evim kimi...", - demişdi. Səmimi ərk səmimi ovqat yaratmışdı. Kərim kişi gülümsünmüşdü, "Tofiqin əsgəridi...", - demişdi; fevralın 26-da aeroport ətrafında döyüşdə həmin əsgər də şəhid olmuşdu...
Ermənilər həmin gecə Tofiqin əsgərinin bünövrəsinə iş avandlığı daşı atdığı binanı da dağıtmışdılar; o binanın mənzillərinin qapısı döyülmədi...
33 il əvvəl mən gördüyüm Xocalı yoxdu. Əkbər müəllimlə məhəllə-məhəllə dolaşdığımız, yollar seçib yol aşdığımız Xocalı deyil bu Xocalı. 33 il əvvəlin bir gecəsinin çəkilməz dərdi, ağrı-acısı bina-bina böyüyən, böyüyə-böyüyə şəhərləşən bu cavan şəhərin ürəyinə yük olmuşdu. Xocalı mənəvi sıxıntıdan, illər keçdikcə sükutu da qəhərə dönən ağrı-acılardan, xocalılığını Xocalıdan uzaqda yaşadanların fəryadından 2023-cü ilin 15 oktyabrında qurtardı. Bir qərinədən sonra göy üzü bayrağımızın titrəyişiylə süsləndi...
33 il əvvəl Şelliyə, Naxçıvanikə, Qarqara, Ağdama aparan yollara baxıram. 33 il əvvəlki yolların eni daralıb elə bil, boyu uzanıb. Tarix 33 il əvvəl həmin yollardan sıyrılıb əsir düşməmək üçün canına qıyanların, donmuş körpəsini Ağdamacan qucağında aparan gəlinin, ayaqqabılarını yaralı ağsaqqala verib özü corabda qalan yeniyetmənin, ... harayını unudubmu, görəsən?...
Ermənistan işğal etdiyi əraziləri öz ərazisi etmək niyyətiylə Xocalıda da hərbi hissə yaradıbmış. Azərbaycan əsgəri ermənilərin yaratdığı, möhkəmləndirdiyi, təkmilləşdirdiyi mühəndis-istehkam sədlərini necə dağıtmışdısa, bu niyyətini də elə çiliklədi. İndi Xocalıda Azərbaycan Ordusunun əsgəri Vətən keşiyində dayanır. Xocalının yaxasından uzanan yollardan biri Xankəndiyə aparır. Mayor Fuad Rəhimov demişdi ki, əsgərlərdən biri bu yolun qırağında bir əsgər çəkməsinə rast gəlib. Erməni döyüşçüsü döyüşdən bir ayağı yalın qaçıb. Tarixin bu ironiyası qüdrətə görədi: Xocalıya faciə törətməyə gələnlər necə gəlmişdilər, 29 il sonra ölümdən qaçanlar necə qaçıblar! Bu, gerçəkliyin fəlsəfəsidi: Kələklə gələnləri küləklər aparır...
33 il əvvəl hərbçilər Xocalıda Xocalını qoruyurdular. İndi Xocalıda Azərbaycanı qoruyurlar!..
Kapitan Hümbət Cəfərov qarşı təpəliyi göstərmişdi. Təpəliyin bu üzündən o üzünə aşan yolun ağlığına, bir qədər enişdə sarılığına heyrətlənmişdik. Bu ağlığın erməniliklə bağlılığı yoxdu, ermənilik hara, ağlıq hara? Yüksəklik dağlıq massivdi, dağ süxurları ağappaqdı. Bu da Azərbaycan torpağının möcüzəsidi. Bu yol üç ilin yoludu. İkinci Qarabağ müharibəsindən sonra Qarabağda ermənilik mərkəzi olan Xankəndiyə belə gediş-gəliş yaradılıbmış. Çox gedib-gələ bilməyiblər. Erməniliyin bu yolla son təması 2023-cü il sentyabrın 20-də olub; bu ilin sentyabr döyüşlərində onların hoyuna bu yol çatıb. 33 il əvvəl tankla, topla, silahlarla gəldikləri yollarla da qaçıb canlarını qurtarmışdılar, bu yolla da qaçmışdılar. Ancaq çoxusu silahını götürməyə macal tapmamışdı. Macal tapsaydılar, Xocalıda daş üstə daş qalmazdı - ermənilik xisləti belədi...
33 il əvvəl xocalılılar, yerli müdafiə batalyonunun döyüşçüləri Xocalını Xocalının hüdudlarında müdafiə edirdi; mövqelər də, səngərlər də Xocalının hüdudlarındaydı. Xocalıdan ayrılan yolların əksəriyyəti mövqelərdə bitirdi. Çoxusu müharibə başlayana kimi cığır olmuşdu. İşğal müddətində düşmənin bu yollara ayağı dəyməyib deyə onlar da görünməzləşiblər. Zamanında Xocalını müdafiə edənlər, xocalılılar yaz-payızdısa bu yolların şehini, yaydısa tozunu, qışdısa qarını 33 ilin həsrətinə ödənc zərrəsinə əvəz bilib kirpikləriylə siləcəklər...
Üzü meşələrə sarı dayanmışam. Təbiəti sevən könlümdə bir sızıltı hiss edirəm. Meşələr mehman sevəndi, dara düşənə sığınacaq verəndi, təntiyənə hayan olandı. 33 il əvvəlin faciəsinə görə günahsız meşələri, meşələrin günahsız ağaclarını qınayıram: körpəsini sinəsinə basan, səs salmasın deyə əlləriylə ağzını tutan, nəfəssizlikdən keçinən o körpəni də, anasını da daldalaya bilmədiniz. Yaralı atasını güllələrdən gizlətmək istəyən yeniyetmə qıza koğuşunuzda yer vermədiniz, çör-çöpünüz, düşmənin ayaqlarına dolaşmadı ki, qaçanlar uzaqlaşa bilsinlər, ... Mənə elə gəlir ki, sükut içində ruhların pıçıltısını eşidəcəm: Azərbaycan əsgəri Xocalını da işğaldan azad etdi, qınadığın ağacları da. O meşədə bir palıda bir baxışlıq sözüm var: 33 il əvvəlin qarlı qış günü gözlədiyin ağsaqqalı ermənilər sənə çata-çatda öldürmüşdülər, Dədə Palıd...
Niyyətinin şəhərindən İkinci Qarabağ müharibəsindən əvvəl atası Xocalıdan olan əsgər Samir Qurbanova ruhən deyirəm ki,
Elin - elim, odun - odum...
Cavan qardaşım,
Anaların diləyinə hör ürəyimi.
Şimşək çaxdı...
Yağış yağdı...
Açıldı səhər,
Xocalının göylərində gör ürəyimi!..
Bizi yayın son ayının həzin mehi uğurlayır...
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"
1992-ci ilin 26 fevralı heç zaman unudulmayacaq. Fevralın 25-i gecəsi Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının fəal iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Bu faciə nəticəsində 613 nəfər həlak oldu, 487 nəfər ağır yaralandı, 1275 nəfər əsir götürüldü, 150 nəfər itkin düşdü. Qəddarlıqla həyata keçirilmiş Xocalı soyqırımında amansızcasına qətlə yetirilənlərin arasında qadınlar, uşaqlar və yaşlı insanlar var idi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bu faciəni bəşəriyyətə qarşı yönəldilmiş ən qəddar soyqırımı adlandıraraq deyirdi: "Xocalı faciəsi bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş bir təzahürüdür".
Xocalı faciəsində yüzlərlə tarixi abidələrimiz erməni vandalizmi nəticəsində məhv oldu. Belə ki, şəhərdə sosial-məişət obyektləri, fərdi yaşayış evləri, türbələr, günbəzlər dağıdıldı.
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis Xocalı Soyqırımı Günü haqqında qərar qəbul etdi. 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevralın 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi dərin ehtiramla yad edilir.
XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən hələ də soyqırımı kimi tanınması üçün beynəlxalq səviyyədə mübarizə aparılır. Bu faciə təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin faciəsidir.
Ulu Öndər Heydər Əliyev Xocalı soyqırımının onilliyinə həsr edilmiş anım mərasimində Azərbaycan xalqına müraciətində demişdi: "Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında beynəlxalq ictimaiyyəti bu faciəni tanımağa çağırır. Ermənistanın törətdiyi bu cinayətin cəzasız qalmayacağını hər zaman vurğulayır. Dövlət başçısının uğurlu siyasəti nəticəsində artıq dünyanın bir neçə ölkəsi Xocalı faciəsini soyqırımı kimi tanımışdır.
Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə tanıdılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən "Xocalıya ədalət" kompaniyası mühüm işlər görməkdədir. Hər il fevralın 26-da Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərində ucaldılan "Ana harayı" abidəsini ziyarət edir və abidənin önünə əklillər qoyur.
Xocalı faciəsi heç zaman unudulmayacaq!
Kifayət ƏLİYEVA
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü