27 il bundan öncə Naxçıvanda ilk hərbi təhsil ocağının yaradılması haqqında Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncam uzaqgörən bir addım idi. 1998-ci ildən fəaliyyətə başlayan məktəb tez bir zamanda gəncləri ətrafına topladı. Görkəmli dövlət xadimi Heydər Əliyev həmin il Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialında kursantlarla görüşür, xeyir-duasını verərək deyir: "Özünü bu peşəyə həsr edən bir Azərbaycan gənci bütün gənclərdən yüksəkdə durur, bütün gənclərdən qiymətlidir. Çünki müstəqil dövlətimiz, müstəqil Azərbaycan yaşamalıdır, inkişaf etməlidir. Onun bu gün də, gələcəkdə də çox güclü ordusu olmalıdır. Olmalıdır ki, dünyada məşhur olan və dünya tarixində böyük yer tutmuş sərkərdələr kimi, müstəqil Azərbaycanın özünün də hərbi sərkərdələri olsun. Tam inanıram ki, Azərbaycan gəncləri içərisində yaxın gələcəkdə belə sərkərdələr çıxacaqdır".
Ulu Öndər hələ 70-ci illərdə Bakıda C.Naxçıvanski adına Hərbi Təmayüllü Məktəbi yaradanda da Azərbaycanın müstəqil gələcəyini hədəfləmişdi. Bu gün görürük ki, Dahi Öndərin müəyyənləşdirdiyi uzaqgörən siyasət artıq öz bəhrəsini vermişdir. Bunun ifadəsidir ki, müstəqilliyimizin qorunmasında, habelə milli ordu quruculuğunda həmin məktəbin məzunları müstəsna xidmətlər göstəriblər.
Azərbaycan Ordusunun peşəkar hərbi kadrlara olan ehtiyacını ödəmək məqsədilə Ulu Öndərin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə yaradılan Naxçıvan filialı çox keçmir ki, özünü doğruldur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 fevral 2004-cü il tarixli Sərəncamı ilə fəaliyyətinin yeni mərhələsinə qədəm qoyan Naxçıvan Hərbi Liseyi yaradıcısı və qurucusu Ulu Öndər Heydər Əliyevin adını daşıyır. Bu gün liseyin 4 minə yaxın məzunu silahlı qüvvələrin bütün birləşmə və bölmələrində öz xidməti vəzifələrini layiqincə yerinə yetirir.
Liseyin bu günü
Liseydə müasir təhsil standartlarına uyğun hər bir şərait yaradılıb: fənn kabinələri, laboratoriyalar, trenajorlarla təchiz olunmuş idman zalı, tir otağı, zəngin kitab fonduna malik kitabxana, STEAM kabinəsi. İkiillik təhsil müddətində bütün bu imkanlardan yararlanan kursantlara təcrübəli müəllimlər dərs keçirlər. 2005-ci ilin dekabrında dövlət başçısı İlham Əliyev muxtar respublikaya səfəri zamanı hərbi liseydə olub və burada yaradılan şəraiti yüksək qiymətləndirib.
Hərbi liseyin şəhərciyində kursantlar üçün yataqxana, tibb məntəqəsi, futbol meydançası və idman qurğuları istifadədədir. Günün nizam qaydalarına uyğun olaraq fəaliyyət göstərən liseydə yalnız muxtar respublikadan deyil, ölkəmizin digər bölgələrindən olan gənclər də təhsil alırlar. Kursantlar muxtar respublikada keçirilən tədbirlərdə, idman yarışlarında, rəsm və şeir müsabiqələrində fəal iştirak edirlər. Bunu yataqxananın foyesində sərgilənən müxtəlif mükafatlar, fəxri fərman və medallardan da görmək mümkündür.
Ötən il kursantlardan biri fizika fənni üzrə keçirilən fənn olimpiadasında qızıl medala layiq görülüb. Ümumilikdə, kursantlar liseyə 5 qızıl, 4 gümüş, 25 bürünc medal qazandırıblar.
Qarabağı azad edənlər
Liseyin ilk buraxılışında 49 kursant məzun olub. Liseyə maraq artdıqca məzun sayı da artıb. Nəticə etibarilə, məktəbin məzunları Azərbaycanın bir çox bölgələrində xidməti fəaliyyətlərini layiqincə yerinə yetiriblər. Təhsil və xidmət illəri gəncləri peşəkar zabit kimi formalaşdırıb. Düşmənin cəbhə boyu törətdiyi təxribatların qarşısının alınmasında, Aprel döyüşlərində cəsarət göstərən məzunlar sırasında şəhidlik məqamına yüksələnlər də var. Örnək göstərilən məzunlar yetişən kursantlar üçün vətənpərvərlik məktəbi olub. Bu məktəbi bitirənlər Qarabağı azad edənlərin cərgəsində oldular...
Hərbi liseyi seçən gənclər üçün ən ümdə amal Qarabağın düşmən işğalından azad edilməsi idi. Bu məqsədlə ömürlərini hərb peşəsinə bağlayanlar üçün qarşıda bir hədəf olub: torpaqlarımızın azad edilməsi, ölkəmizin suverenliyinin təmin edilməsi. Bu ali məqsəd uğrunda təhsil alan, düşmən qarşısında səngər kimi dayanan oğullar üçün çətinlik, yarılmayan səd anlayışı olmayıb. Onlar Xocalının qisasını almaq, yarımçıq qalan arzuları gerçəkləşdirmək, öz yurd-yuvasından didərgin düşən insanları torpaqları ilə qovuşdurmaq üçün güclərinə güc qatıblar. Və nəhayət, o gün yetişib. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində şücaət göstərən oğullar sırasında Naxçıvan Hərbi Liseyinin məzunları - qəhrəmanları da olub. Onlardan Vüsal Vəliyev, Zülfü Rzayev, Allahyar Telmanlı, Məmməd Zamanlı, Yaqub Nəcəfov, Raqib Hüseynov, Amin Gülməmmədov və onlarla zabit şəhidlik məqamına yüksəldi. Yaralanaraq sağlamlığını itirənlər də oldu. 2023-cü ilin sentyabrında antiterror əməliyyatı ilə bütöv Vətənimizə qovuşduq, suverenliyimiz bərpa edildi. 30 ilə yaxın torpaq, yurd həsrətimizə son qoyuldu. Bu zəfərin qazanılmasında Hərbi liseyin məzunlarının xidməti danılmazdır və onların adları tarixə qızıl hərflərlə yazıldı. Ulu Öndərin etimad göstərdiyi, yüksək qiymətləndirdiyi gənclər ən ali mərtəbəyə - şəhidlik zirvəsinə ucaldılar, gələcək nəsillərə örnək oldular. Liseyin məzunlarından 4 nəfər - mayor Şahin Hüseynquliyev, kapitan Qəzənfər Bağırlı, kapitan Veysəl Müsibov (ölümündən sonra), baş leytenant Cavid Behbudov “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Polkovnik-leytenant Rəsul Süleymanov, kapitan Şamil Babayev (ölümündən sonra) "Zəfər" ordeni, 11 nəfər məzun isə "Qarabağ" ordeni ilə təltif olunub. Bu, liseyin ən ali uğur göstəriciləridir. Liseyin kursantları 2020-ci ildə Bakıda keçirilən Zəfər paradında da iştirak etdilər.
“Hər zaman döyüşə səfərbərik biz”
Naxçıvan şəhərinin mərkəzi küçələrindən birində yerləşən Heydər Əliyev adına Hərbi Liseyin yanından ötənlər kursantların gur səslə oxuduğu və addım səsləri ilə tamamladığı mahnını yəqin ki, eşitmiş olurlar:
Başımız üstündə üçrəngli bayraq,
Hər zaman döyüşə səfərbərik biz.
Döyüş meydanında sözünü deyənlər, davamçılarına örnək olanlar, biz sizə güvəndik. Ulu Öndərin əminliklə bəslədiyi etimadı doğrultdunuz, Qarabağın azadlığına qovuşmasında pay sahibi oldunuz. Əhsən sizə! Bu gün sizin yolunuzu davam etdirənlərə - Hərbi liseyin kursantlarına da eyni etimadı bəsləyirik.
Qalib ordumuzun sıralarında sizi görmək əzmi ilə, irəli!
Ruhiyyə RƏSULOVA
"Şərq qapısı" qəzetinin
məsul katibi