İsrafil bəy Mustafa bəy oğlu Yadigarov 15 dekabr 1815-ci ildə Borçalı qəzasının Təkəli kəndində Qarapapaq sülaləsindən olan Yadigarlı ailəsində dünyaya gəlib. 1825-ci ildən 1830-cu ilədək Qaçağan kəndindəki Kərbəlayi Hüseyn Mikayılın dini məktəbində ilk təhsilini alıb. 1831-ci ildə Tiflisdə rus gimnaziyasında təhsil alan İsrafil bəy Yadigarov 1834-cü il sentyabrın 1-də Zaqafqaziya bəylərindən təşkil olunmuş Müsəlman Süvari alayına könüllü qəbul olunub. Bir il sonra praporşik olan İsrafil bəyə 1839-cu il dekabrın 23-də dağlılara qarşı döyüşlərdə fərqləndiyinə görə podporuçik rütbəsi verilib. Əlahiddə Qafqaz korpusunun qərargahında xidmətini davam etdirib.
1841-ci il yanvarın 2-də Əlahəzrət İmperatorun şəxsi təşəbbüsü ilə təşkil olunan Müsəlman Süvari alayına təyin olunub. 1846-cı ildə ştabsrotmistri, 1849-cu il aprelin 3-də rotmistr rütbəsi alan İsrafil bəy Yadigarov macarlara qarşı döyüşlərdə iştirak edib. 1851-ci il yanvarın 29-da podpolkovnik İsrafil bəy Peterburqdan Tiflisə qayıdıb və Əlahiddə Qafqaz süvari korpusunda xidmətini davam etdirib. 1853-cü ildə Krım müharibəsi başlayanda podpolkovnik İsrafil bəy Yadigarov azərbaycanlılardan ibarət 1000 nəfərlik süvari Müsəlman Briqadası komandirinin müavini olub. Bir il sonra borçalılı könüllülərdən ibarət yığma - "ovçu" döyüşçülər təşkil edən İsrafil bəy ordunun tərkibində ikinci süvari Azərbaycan alayı yaradıb.
1854-cü il avqustun 19-da döyüşən ordu komandanlarından biri Əlahiddə Qafqaz korpusunun komandirinə göndərdiyi məlumatda belə yazıb: "Bu gün möhkəm və dəhşətli bir hücum oldu. Düşmən müdafiə olunmağa cəhd göstərirdi. Lakin onlar İsrafil bəy Yadigarovun süvarilərinin hücumuna davam gətirə bilmədilər. Düşmənin sol cinahı yarıldı. Draqunlar, kazaklar, ikinci Azərbaycan süvariləri və gürcü drujinası sürətlə irəli atılıb onları döyüş səhnəsindən sildilər".
Arxiv sənədlərində göstərilib ki, 1855-ci ilin iyulunda polkovnik İsrafil bəy Yadigarov Şəki və Şamaxı könüllülərindən ibarət təşkil etdiyi süvari alayla Qars üzərinə olan qəti hücumda bir neçə dəfə fəal döyüşlər aparıb. Bu döyüşlərdə qeyri-adi qəhrəmanlığa görə təltif olunan 350 nəfərdən çox azərbaycanlı arasında polkovnik İsrafil bəy Yadigarov da olub.
Krım müharibəsi dövründə Qafqazın milli hərb xadimləri arasından çıxan hərbçiləri Rusiyanın şöhrətli hərbi xadimləri ilə bərabər qoysaq, səhv etmərik. Onlara azərbaycanlı general İsmayıl bəy Qutqaşınlı, podpolkovnik Mənsur ağa Vəkilov, polkovnik İsrafil bəy Yadigarov, general-leytenant Fərəc bəy Ağayev, general Həsən bəy Ağalarov, kabardin polkovniki Sultan Qazi Gərayi, osetin polkovniki Kondukov, Dudarov və başqalarını aid etmək olar.
1855-ci il yanvarın 17-də İsrafil bəy Yadigarova polkovnik rütbəsi verilib. 1855-ci il dekabrın 10-da o, Qars hərbi dairəsinin rəisi təyin olunub. Lakin Tiflisə müalicəyə getdiyinə görə həmin vəzifəni qəbul edə bilməyib.
Nizami orduda əla xidmətlərinə görə 1866-cı il noyabrın 8-də İsrafil bəy Yadigarova general-mayor rütbəsi verilib. 1877-ci il iyunun 6-da döyüşən ordu korpusunun tərkibində Qafqaz-Türkiyə sərhədlərinə ezam olunan general İsrafil bəyin süvari korpusu İğdır, Sərdarabad, Arpaçay, Kürəkdərə və Qars uğrunda döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərib.
Nizami orduda 50 illik xidmətlərinə görə İsrafil bəy Yadigarov 1883-cü il aprelin 14-də general-leytenant rütbəsi alıb. Həmin il istefaya çıxıb, ona maaşı saxlanılmaqla ömrünün axırına kimi general formasını gəzdirmək hüququ da verilib. Rusiya Mərkəzi Hərbi Tarix Arxivindəki rəsmi sənəddə general-leytenant İsrafil bəy Mustafa bəy oğlu Yadigarova məxsus "Xidmət dəftərçəsi"ndə onun döyüş yolu, ailə vəziyyəti, təltif olunduğu orden və medallar təfsilatı ilə göstərilib.
Həmin sənəddə qeyd olunub ki, şərəfli bəylər nəslindən olan İsrafil bəy Gürcüstanın Tiflis quberniyasının zadəgan ailəsindəndir. Dini islamdır. İsrafil bəy ilk dəfə 1848-ci ildə üçüncü dərəcəli "Müqəddəs Anna", 1854-cü ildə ikinci dərəcəli "Müqəddəs Anna", 1856-cı ildə ikinci dərəcəli "Müqəddəs Stanislav" (imperator tacının təsviri ilə birgə), 1859-cu ildə ikinci dərəcəli "Müqəddəs Anna" (imperator tacının təsviri və qılıncla birgə), 1860-cı ildə "İyirmi illik qüsursuz xidmətinə görə" medalı ilə, 1863-cü ildə müsəlmanlar üçün təsis olunmuş dördüncü dərəcəli "Müqəddəs Vladimir", 1869-cu ildə üçüncü dərəcəli "Müqəddəs Vladimir", 1877-ci ildə müsəlmanlar üçün təsis olunmuş birinci dərəcəli "Müqəddəs Anna" ordenləri ilə və üstü "İgidliyə görə" yazılı gümüş, Krım müharibəsindəki qəhrəmanlığına görə açıq rəngli xatirə medalları ilə təltif olunub.
Generalın həyat yoldaşı rotmistr İsmayıl bəy Vəzirovun qızı Səidə xanım olub. General-leytenant İsrafil bəy 7 övlad atası olub. Birinci oğlu Rəhim bəy 1845-ci il oktyabrın 10-da, Kərim bəy 1854-cü il yanvarın 21-də, Məmməd bəy 1855-ci il avqustun 25-də, Həsən bəy və Hüseyn bəy 1856-cı il oktyabrın 8-də (əkiz olublar), Səkinə xanım 1843-cü il martın 27-də, Xeyranisə xanım 1850-ci il dekabrın 23-də anadan olublar.
İstefaya çıxan general-leytenant İsrafil bəy ömrünün sonuna kimi Tiflis quberniyasında şöbə rəisi vəzifəsində çalışıb.
General İsrafil bəy 1884-cü il fevralın 6-da vəfat edib.
"Azərbaycan Ordusu"