(I yazı)
Düşmənlə bir addımlıqda yerləşən sərhəd qalamız Sədərəyin başını 90-cı illərdə qara buludlar alanda muxtar respublikanın mərd oğulları dörd bir yandan köməyə yetişdilər. Sədərək qala kimi qorundu, müdafiə olundu. İnsanlar bəzən günlərlə ac-susuz, soyuq-şaxtalı havada səngərdə dayandılar, amma geri çəkilmədilər. Qadınları belə ərzaq tədarükü üçün yurd yerlərini tərk etmədilər. Bu yolda neçə-neçə oğullar şəhid oldu. Bir oldular, birlik oldular, düşmənin güclü hücumlarına 14 dəfə sinə gərdilər. Sədərək müharibə meydanına döndü, evlər, binalar dağıdıldı, amma insanların birliyini dağıtmağa düşmənin nə hünəri, nə gücü yetmədi. Sədərəyə dayaq oldular. Belə oğullara görə Ulu Öndər Heydər Əliyev Sədərəyi "Qeyrət qalası" adlandırdı. İndi də Sədərək ifadəsindən çox Naxçıvanı düşmən işğalından qoruyan bu yurd yerinə “Qeyrət qalası” deyirik.
O döyüşlərdən 35 il keçib. Güllələr yağan Sədərəkdə indi güllər açıb. Vətən müharibəsi və antiterror əməliyyatı ilə torpaqlarımız işğaldan azad olunub, bütövləşib, suverenliyinə qovuşub. Lakin heç nə yaddan çıxmır, heç kim unudulmur.
Dəmir iradəli insanların yurdu - Dəmirçi
Yolumuz rayonun ən böyük yaşayış məntəqəsi Dəmirçi kəndinədir. Dəmir biləkli, dəmir iradəli insanların yurduna. Dəmirçi Sədərəyin ən ağır günündə ona qapı olub, qadınlarının, qocalarının, uşaqlarının sığınacağı yurd yerinə çevrilib. Şərur rayonunun inzibati ərazi vahidi olan Dəmirçi kəndi 2021-ci ildə Sədərək rayonunun tabeliyinə verilib. Ən ağır günündə sədərəklilərin dadına yetən dəmirçililər indi bu qeyrət qalasının sakinləri olublar.
Dəmirçi kəndi torpaqlarımızın azadlığı uğrunda 13 şəhid verib. Etibar Əhmədov bu kəndin ilk şəhididir. Yoldaşı Pakizə xanım onun vətənpərvərliyindən qürurla danışır. Deyir ki, Etibar tikintidə sürücü işləyirdi. Ağır günlər idi. Düşmən Sədərəyə hücuma keçmişdi. Etibar evə gəldi, uşaqlar balaca idi, onları bağrına basdı, mənimlə sağollaşdı. Dedi ki, mən getməliyəm. Evdə tək qaldığıma görə səhərisi gün uşaqları götürüb atam evinə getmək istəyirdim. Bu vaxt xəbər gəldi ki, Etibar şəhid olub. 3 uşağımı təkbaşına böyütdüm. Şükür ki, Etibarın qanı yerdə qalmadı.
Ağxalatlı şəhid
Məmmədovlar ailəsi ilə görüşürük. Üzərindən illər keçib, lakin o illərin dəhşətini, müharibənin itkisi, ağrı-acısını Zərnişan ana unutmayıb. Qəhər boğazında düyünlənib, barmaqları Validin çərçivəyə salınmış fotosunda kilidlənib. Gözlərini bir nöqtəyə zilləyir, o illərə qayıdır, xoşbəxtliyini yaşadığı illərə...
"Valid 1982-ci ildə Tibb institutunu bitirmişdi. Təyinatını Culfaya vermişdilər. 4 oğlumuz, xoşbəxt ailəmiz vardı. Coğrafiya müəllimi idim. Mən uşaqlara bilik verir, o isə insanların sağlamlığının keşiyində dayanırdı. 1992-ci ildə Sədərəyin o ağır günlərində Dəmirçiyə qayıtdıq. Valid Sədərək xəstəxanasında işləyirdi. O vaxt sədərəklilərə dəstək məqsədilə hamının qapısı açıq idi. Valid də bir neçə ailə gətirmişdi, deyirdi bir parça çörək olsa da, onu bölün, yeyin. Valid özü əslən Vedibasar mahalının Çəmbərək kəndindən idi. Ermənilərin iç üzünü yaxşı bilirdi. Onların Qərbi Azərbaycanda törətdikləri qətliamlar, insanları öz ata-baba yurdundan didərgin salmaları və son Sədərək hadisələri Validi ön cəbhəyə atılmağa sövq edirdi. Beləcə, Valid könüllü olaraq bir həkim kimi ön cəbhəyə getdi. 1992-ci il mayın 6-sı yaralıları çıxararkən şəhadətə ucaldı. Neçə-neçə döyüşçünün həyatını qurtaran Valid özünü qurtara bilmədi. Ağ xalatda olmasına baxmayaraq düşmən gülləsinə tuş gəldi, erməni snayper tərəfindən sinəsindən vuruldu. Valid bir həkim kimi ön cəbhədə öz missiyasını yerinə yetirdi, ağ xalatına qara ləkə salmadı. Bayrağımızın al rənginə - qırmızıya boyandı. Müstəqilliyimizin əbədiyyət yolçuluğuna, gələcək Zəfərimizə işıq salanlardan oldu. Bu gün Sədərək də, Dəmirçi də gözəlləşib, inkişaf edib. Doğma Qarabağımız azad edilib, yenidən qurulur, Xocalıda körpə doğulur, Laçında qara zurnanın səsi ərşə dayanır, insanlar yurduna, yuvasına dönür. Bu günümüzə şükür! Qoy uca Tanrı dağlarda səngər olan oğullara kömək olsun, rəşadətli ordumuz daim var olsun!
Ruhiyyə RƏSULOVA
"Şərq qapısı"qəzetinin məsul katibi