Hüseyn xan Kəlbəli xan oğlu Naxçıvanski 28 iyun 1863-cü ildə Naxçıvanda anadan olub. O, Kəlbəli xan Naxçıvanskinin oğlu, Ehsan xan Kəngərlinin nəvəsidir. Atası Çar ordusunda general-mayor rütbəsində zabit olub. Ona görə də oğlu - 15 yaşlı Hüseyn xanı Peterburqdakı Paj korpusu məktəbinə oxumağa göndərib. 1881-ci ildə oranı əla qiymətlərlə bitirərək, çarın xüsusi süvari qoşununda xidmətə başlayıb.
1885-ci ilin martından 1886-cı ilin mayına qədər kiçik leytenant Hüseyn xan Naxçıvanski 43-cü Tver Draqun alayına göndərilib, 30 avqust 1887-ci ildə isə ona “leytenant” rütbəsi verilib. 26 iyul 1893-cü ildən 19 avqust 1894-cü ilədək leytenant Hüseyn xan Naxçıvanski təlim qrupu alayını idarə edib. 17 aprel 1894-cü ildə ştabs-rotmistr vəzifəsinə yüksəlib. Sonra müxtəlif vəzifələrdə xidmət edən Hüseyn xan 1898-ci ildə rotmistr təyin edilib. Daha sonra Qafqazda və Rusiyanın müxtəlif şəhərlərində hərbi xidmət edən H.Naxçıvanskiyə 1903-cü ildə “polkovnik” rütbəsi verilib. Rusiya-Yaponiya müharibəsində (1904-1905) qafqazlılardan təşkil olunmuş 2-ci Dağıstan süvari alayına komandirlik edib. 1906-cı ildə leybqvardiya polkunun komandiri olub, 1907-ci ildə “generel-mayor” rütbəsinə layiq görülüb.
1912-ci ildə Naxçıvanski 1-ci Əlahiddə süvari briqadasının komandiri olub. Birinci Dünya müharibəsində 1-ci və 2-ci Süvari Diviziyalarının komandiri olan H.Naxçıvanski alman cəbhəsinin yarılmasında xüsusilə fərqlənib.
Birinci Dünya müharibəsi cəbhələrində qazandığı qələbələrə və sərkərdəlik məharətinə görə 1916-cı ildə Hüseyn xan Naxçıvanskiyə tam süvari qoşunu generalı rütbəsi verilib. Sonralar Cənubi Qafqaz cəbhəsinin komandanı təyin edilib. 1917-ci ilin fevral inqilabından sonra hərbi xidmətdən uzaqlaşıb.
Görkəmli hərbi xadim göstərdiyi igidliklərə, misilsiz xidmətlərə, döyüşlərdə qazandığı qələbələrə və yüksək sərkərdəlik məharətinə görə Rusiyanın və bir sıra xarici ölkələrin orden, medal və qiymətli hədiyyələrinə layiq görülüb. O, "Müqəddəs Stanislav" ordeninin üç dərəcəsi ilə (1894-1910), "Müqəddəs Anna" ordeninin üç dərəcəsi ilə (1899-1913), "Müqəddəs Vladimir" ordeninin üç dərəcəsi qılınc ilə (1905-1914), "Cəsarətə görə" qızıl silahla (1906), "Müqəddəs Georgi" ordeninin dörd dərəcəsi ilə (1907-1914), Ali Lütf (1909), "Ağ Qartal" ordeni qılıncla (1915), İranın "Aslan və Günəş" ordeni (1890), Bolqarıstanın "Hərbi Fəxri ordeni" (1904), "Döyüş xidmətlərinə görə", "İgidliyə görə" və ikinci dərəcəli "Müqəddəs Aleksandr", İranın almazla bəzədilmiş ikinci və dördüncü dərəcəli "Şire-Xurşid" (1890-1904), zabitlərə məxsus "Rumın ulduzu" (1895), Avstriyanın "Dəmir Xaç" (1897), ordeni, dördüncü dərəcəli, bantlı, üstü yazılı qızıl silahla təltif olunub. O, Rusiya ordusunda “general-adyutant” rütbəsinə layiq görülən ilk və yeganə müsəlman idi.
Şərəfli bir nəslin yetirməsi olan Hüseyn xan Naxçıvanski nəinki görkəmli bir sərkərdə, həm də müdrik bir şəxsiyyət idi. İmperiya hakimiyyəti dağıldıqdan sonra Hüseyn xan Naxçıvanski müvəqqəti hökumətə tabe olmaqdan qətiyyətlə imtina edib. Hətta II Nikolay özü şəxsən Hüseyn xan Naxçıvanskiyə müvəqqəti hökumətə tabe olmağı məsləhət görsə də, o, öz əqidəsindən dönməyib. Elə buna görə də H.Naxçıvanski 1919-cu ilin yanvarında bolşeviklər tərəfindən həbs olunub və ağır işgəncələrə məruz qaldıqdan sonra güllələnib.
Tanınmış rus jurnalisti A.Kvitkanın "Zabaykalye kazak zabitinin gündəliyi" əsərində H.Naxçıvaskinin alayının döyüş rəşadətindən bəhs olunub.
Rus yazıçısı A.Soljenitsin "14 avqust" romanında yazıb: "Peterburq zadəganlarının say-seçmə üzvlərindən ibarət qvardiya süvarilərinə general Hüseyn xan Naxçıvanski komandanlıq edirdi".
Professor Rudolf İvanovun Hüseyn xan Naxçıvanski haqqında yazdığı "Əlahəzrətin general-adyutantı" kitabı 2006-cı ildə Moskvada çapdan çıxıb.
"Azərbaycan Ordusu"