İnsanı sənətə, peşəyə bağlayan mütləq bir səbəb vardır. O, yiyələndiyi sahənin, seçdiyi peşənin vurğunu olur. Peşə haqqında müfəssəl biliklər qazanmaq artıq sonranın işidir. Hərbi xidmətdə ən məsuliyyətli sahələrdən biri də helikopter bölmələrinin uçuş heyətində komandir olmaqdır. Yeni tədris dövrünün başlanması ilə əlaqədar "N" hərbi hissəsinə gəlişimiz zamanı Vətən Müharibəsi Qəhrəmanı polkovnik Rəşad Nadirovla helikopter bölmələrinin uçuş heyətləri ilə bağlı söhbətləşdik. Zabit bildirdi ki, bölmənin hər bir heyət üzvü yetərincə təcrübəli və döyüş tapşırığını yerinə yetirmək gücünə malikdir. Kapitan Türkay Qəni də bacarıqlı, yüksək idarəçilik qabiliyyətinə malik zabitdir.
Türkay 1991-ci ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. Qardaş Türkiyənin hərbi təyyarələrini Bakı səmasında görən Türkay gələcəkdə pilot olmaq arzusuna düşüb. 2009-cu ildə hərbi liseyi bitirdikdən sonra Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olub.
Türkayla görüşümüz onun idarə etdiyi döyüş helikopterində oldu. Ucaboy, şux qamətli zabit heyət ilə aviasiya vasitəsini diqqətlə yoxlamadan keçirirdi. Çünki heyət hər uçuşdan əvvəl texnikanın sazlığını nəzərdən keçirməklə, uçuşu tam təhlükəsiz yerinə yetirməyə hazır olduğu barədə qərargaha məlumat verir.
Türkay söhbətimiz zamanı dedi ki, hələ liseydə sonuncu kursda oxuyanda təyyarəçilik məktəbindən nümayəndələr gəlib pilotlar seçirdilər. "Mən də onlara təyyarəçi olmaq arzumu bildirdim. Zabitlərdən biri məni yanına çağırdı, xeyli sual-cavab edəndən sonra adımı yazdı”. Beləliklə, Türkay Ali Hərbi Təyyarəçilik Məktəbinin kursantı oldu. O, təcrübəli pilot olmaq üçün daha yaxşı oxumalı, nəzəri və praktiki biliklərini artırmaqla Azərbaycan Ordusuna töhfə verəcəyini qarşısına məqsəd qoymuşdu.
Zabitimiz ilk uçuşunu təyyarəçilik məktəbinin sonuncu kursunda oxuyanda həyata keçirib. "Helikopteri idarə etməyə tələsirdim. Ancaq təcrübəli pilotlar deyirdilər ki, tələsmə, vaxt gələcək, zaman yetişəcək, sən də helikopterin kabinəsində oturub onu havaya qaldıracaq, təyin olunmuş nöqtəyə uçacaqsan. Bunun üçün bütün incəlikləri mükəmməl öyrənməlisən ki, uçuşları təhlükəsiz həyata keçirə biləsən. Heç vaxt yadımdan çıxmaz, həmin gün imtahan verib uçuşa razılıq aldım. Həyəcanlı idim. Helikopteri havaya qaldırdım. Uçuşum uğurlu alındı. Əvvəlcədən təyin olunmuş vaxtda qalxdığım yerə eniş etdim. Bundan sonra özümü hərbi xidmətdə pilot kimi hiss etməyə başladım. Bu peşəni seçdiyim üçün özümü xoşbəxt hiss edirəm".
Döyüş tapşırığının icrasına gəlincə, zabit Türkay Qəni dedi ki, İkinci Qarabağ müharibəsi başlayanda onlar birbaşa əməliyyatlara cəlb olunmasalar da, hər an döyüşə hazır vəziyyətdə komanda gözləyiblər. İkinci Qarabağ müharibəsi ilə bağlı onun da həyatında yaddaqalan anlar olub. "Müharibənin başlandığı ilk günlər idi. Suqovuşan kəndinin azad edilməsi uğrunda gərgin döyüşlər gedirdi. Düşmən qoşunlarımızın hərəkət edəcəyi istiqamətlərdə bütün yüksəkliklərdə dəmir-betondan bunkerlər düzəltmişdi. Onların canlı qüvvəsi, döyüş texnikaları, sursat və ərzaqları da orada saxlanılırdı. Həmin bunkeri məhv etmək üçün birlik komandirinin rəhbərliyi ilə müşavirə keçirildi. Müşavirədə bütün qoşun növlərindən zabitlər iştirak edirdilər. Mən də helikopter bölmələrinin heyət üzvü kimi cəlb olunmuşdum. Düşmənin əldə saxlamağa çalışdığı yüksəkliyi diqqətlə nəzərdən keçirdim. Helikopterin hədəfi olduğunu tam yəqin etdim. Və təklif etdim ki, həmin yüksəkliyi helikopterdən atılan, idarə olunan raket vasitəsilə məhv etmək mümkündür. İrəli sürdüyüm fikrimi əsaslandırdım və dərhal aviasiya vasitəsinə həmin koordinata raket zərbəsinin endirilməsinə göstəriş verildi. Düşmən xeyli itki verdi və ertəsi gün döyüşçülərimiz tərəfindən həmin yüksəklik azad edildi". Həmsöhbətimiz verdiyi təklifin nəticəsinin sevincini bu gün də yaşayır. Zabitin bilikli və peşəkar olmasının üstünlüyü də məhz budur. Türkay zamanında helikopter haqqında, onun məhv edə biləcəyi hədəflər barədə müfəssəl biliklərə yiyələnib. Məqamı çatanda əldə etdiyi həmin biliklər onun köməyinə çatıb.
Uçuş heyətindən zabit Ceyhun Xanıyev də ömrünün yeddi ilini hərbi təhsil almağa sərf edib. Geridə qoyduğu illərə görə təəssüflənmir, əksinə, sevinir ki, arzuladığı peşəni seçib. Heyət üzvü olduğu helikopter haqqında demək olar ki, bütün bilikləri lazımınca öyrənib. Döyüşçü ailəsində böyüdüyü üçün ordu ilə bağlı gərəkli məlumatları hələ kiçik yaşlarında atasından eşidib. Atası Natiq Xanıyev 1992-ci ildə Azərbaycan Ordusu yarananda onun ilk əsgərlərindən olub. Ceyhun dedi ki, atası o zaman Ağdamın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib və ağır yaralanıb. Qarabağ müharibəsi əlilidir. Ceyhun uşaq yaşlarında olanda atası ona keçdiyi döyüş yolundan çox danışıb. Hərbi xidmətə marağı da onda yaranıb. Torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında olduğu müddətdə Ceyhunda düşmənə qarşı qisas hissi oyanıb. O, İkinci Qarabağ müharibəsində uçuş heyətinin zabiti kimi iştirak etmək, Vətən qarşısında öz övladlıq borcunu vermək istəsə də, ehtiyac olmadığından döyüşlərə cəlb olunmayıb.
Ceyhun bildirdi ki, onlar yeni tədris dövrü ərzində heyət üzvü olaraq üzərilərinə düşən döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirmək üçün nəzəri və praktiki biliklərini artıracaqlar. "Hazırda ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunsa da, istənilən təxribatın qarşısını vaxtında almağa hazır olmalıyıq. Uçuş heyətlərinin yüksək döyüş hazırlığı düşməni vaxtında aşkar edib, ona havadan ağır zərbələr endirməklə çoxlu itkiyə məruz qoymaqdır. Ciddi itki verən düşmənin isə geri çəkilməkdən başqa yolu qalmır".
Hazırda uçuş heyətləri döyüş hazırlıqlarını artırmaq üçün dərslərə və təlimlərə cəlb olunublar. Zabit Məhəmməd Mənsimli də helikopterin uçuş heyətinin üzvüdür. Məhəmməd Biləsuvar rayonunun İsmətli kəndində anadan olub. Hərbçi ailəsində böyüyüb. Gözünü açandan atasını hərbi geyimdə görən Məhəmmədin zabit peşəsinə marağı artıb. 2013-cü ildə Biləsuvar rayonunda texniki fənlər liseyini bitirib. Orta təhsilini başa vurduqdan sonra o, məktəb yoldaşları kimi müxtəlif ali təhsil ocaqlarına üz tutmayıb. Məhəmməd uşaqlıq arzusunun dalınca gedəcəyini deyib və sənədlərini indiki Heydər Əliyev adına Hərbi İnstituta verib, yüksək balla kursant adını qazanıb. Təyyarəçilik üzrə mühəndis ixtisasına yiyələnib. İlk olaraq yerüstü aviasiya mühəndisi kimi xidmətə başlayıb. Çox keçməyib ki, Məhəmməd ixtisası üzrə bilik və bacarıqlarını artırmaq üçün Milli Aviasiya Akademiyasına daha bir il təhsil almağa göndərilib. Təhsilini uğurla başa vurduqdan sonra uçuş aviasiya mühəndisi təyin olunub.
Zabit Məhəmməd Mənsimli dedi ki, helikopter uçuşdan əvvəl texniki cəhətdən yoxlanılır. Heyət üzvləri aviasiya vasitəsində öz yerlərini tuturlar. Bort mühəndisi helikopter havaya qalxmazdan öncə bir daha onun texniki vəziyyətini nəzərdən keçirir. “Hər şey qaydasındadır. Texnika havaya qalxa bilər”, - deyə bort mühəndisi uçuşa razılıq verir.
Məhəmmədin sözlərinə görə helikopter yerdən qalxandan sonra heyət komandirinin ona verdiyi tapşırıqları icra etməyə başlayır. Uçuşun uğurlu olması üçün heyət üzvlərinin hər biri cavabdehlik daşıyır. Bort mühəndisi aviasiya vasitəsi yerdə və uçuşda olanda onun bütün istismar qaydalarına, reqlament işlərinə nəzarət etməklə heyət komandirinin verdiyi tapşırıqları icra edir.
Uçuş heyəti helikopterin uğurlu uçuşunun təşkili və döyüş tapşırığının müvəffəqiyyətlə icrası üçün mükəmməl bilik və bacarıqlara yiyələniblər ki, qarşıda duran bütün tapşırıqları mükəmməl şəkildə yerinə yetirsinlər.
Çox keçmədi ki, helikopter havaya qalxdı. Mühərrikin gur səsi və pərlərin sürətindən yaranan güclü külək tozanaq qopardı. Bir qədər yuxarı qalxandan sonra sürətlə təyin olunmuş məntəqəyə doğru istiqamət aldı. Bir-iki dəqiqədən sonra helikopter açıq səmada görünməz oldu...
Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"