Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Fevral 2025 13:36

Fədakarlıq da qəhrəmanlıqdır

Sağlamlıq insan üçün ən böyük sərvətdir. İnsan sağlamlığının keşiyində həkimlərimizlə yanaşı tibb bacıları da dayanırlar. Tibb bacısı peşəsinin qurucusu Florens Naytingeylin də bu fikirlərin mahiyyətini bildirirdi.
İlkin tibbi təhsil almış tibb bacıları müalicə müddətində xəstələrlə ən çox ünsiyyətdə olan, həkimlərin göstərişlərini yerinə yetirən peşə sahibləridir. Hazırda tibb bacıları səhiyyə işçiləri arasında çoxluq təşkil edirlər. Xəstənin sağalıb şəfa tapması və normal həyata qayıtmasında həkimin tapşırıqlarını, göstərişlərini (bəzən tələblərini) yerinə yetirən xidmət işçisi kimi onların üzərinə böyük vəzifə, məsuliyyət düşür.
Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında həyatını insanların sağlamlığına həsr edən tibb bacıları da Vətən müharibəsində fədakarlıqla iştirak ediblər.
Tibb bacısı baş çavuş Gülarə Səlimova 1979-cu ildə Bakı şəhərində anadan olub. 1 nömrəli Tibb Texnikumunda "Müalicə işi" fakültəsini bitirib. 2001-ci ildə Baş Klinik Hospitalda əməliyyat tibb bacısı kimi işə başlayıb. 2014-cü ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi bölmənin baş tibb bacısı, 2016-cı ildən onkologiya əməliyyat bölməsinin əməliyyat tibb bacısı kimi xidmətdədir.  
Aprel döyüşlərində bölmədə yaralılara xidmət edən baş çavuş Vətən müharibəsində sentyabrın 27-dən oktyabrın 7-nə kimi döyüşlər gedən əraziyə yaxınlığında fəaliyyət göstərən hospitalında, sonra isə Baş Klinik Hospitalda yaralıların həyatı üçün əlindən gələni edib.
Tibb bacısı dedi ki, cəbhədə yaralanan əsgərlərin sağ qalması üçün ilk tibbi yardım həlledici rol oynayırdı. “Döyüşdə tibb bacıları güllə və qəlpə yaralarını sarıyır, qanaxmaların qarşısını alır, yaralıları hospitala çatdırmaq üçün ilkin tibbi yardım göstərirdilər. Ağır döyüşlərin getdiyi o günlərdə yaralı çox olduğundan biz tibb bacıları fasiləsiz rejimdə çalışırdıq. Həkimlərin tapşırıqlarını həyata keçirir, əməliyyatlardan sonra xəstələrə qulluq edirdik”, - baş çavuş Gülarə Səlimova bildirdi.
Müharibə həm də insanın ruhuna hopan, sonradan sakitliyə çevrilən, lakin heç vaxt unudulmayan bir ağrıdır. Yaralının harayı, kömək istəməsi, bəzən köməyin mümkünsüzlüyü, bu səbəbdən həkimin, tibb bacılarının ürək ağrıları…
Danışdıqca sanki o günləri yenidən yaşayan Gülarə xanım bildirdi ki, müharibədən həm də psixoloji izlər qalır. Döyüşlərdən yaralı gətirilən döyüşçülər ağır travmalar yaşayırlar. Tibb bacıları onların həm fiziki, həm də mənəvi sağlamlığına dəstək olmağa çalışırlar.
Tibb bacısının danışdıqca gözləri dolurdu. O göz yaşlarında qəhər də görürdüm, qürur da.
- Yadımdadır, gecə idi. Hospitala ard-arda yaralıları gətirirdilər. Həkimlər nə qədər çalışsalar da, bəzən xilas etmək mümkün olmadıqda çarəsizləşirdilər. Onda yaralı əsgərlərin gözlərinə baxmaq çox çətin idi… Orada ölüm qorxusu yox idi, qələbəyə ümid var idi. Əllərimi sıxıb deyirdilər: "Bacı, tez olun, mən sağalmalıyam, yoldaşlarımın yanına qayıtmalıyam".
Gülarə xanım dedi ki, bizdən "Siz yorulmursunuz?", - deyə soruşanda sadəcə gülümsəyirdik. Yorğunluq hiss etmirdik, çünki qarşımızda bizə ehtiyacı olan insanlar var idi. Bir dəfə ağır yaralanmış bir hərbçini əməliyyata hazırlayırdıq. Üzü gülürdü, mənə baxıb dedi: "Bacı, mənim gözəl bir qızım var. O da tibb bacısı olmaq istəyir. Sağalsam, onunla birlikdə gəlib sizə baş çəkəcəm". O sağaldı… və müharibə bitdikdən sonra, doğrudan da, qızı ilə gəldi. O an düşündüm ki,  o günlərdə biz sadəcə tibb bacısı olmamışıq, həm də onların bacıları, anaları, dostları olmuşuq.
Ad günləri insanların sevincli, xoşbəxt olduğu anlar sayılır. Gülarə xanım dedi ki, o ağır, amma qürurverici günlərdə çox fərqli bir əhval-ruhiyyə vardı. İki ayağını itirmiş bir leytenantın ad günü olduğunu təsadüfən öyrəndik. Həkimlər və tibb bacıları ona mənəvi dəstək olmaq üçün bunu qeyd etmək qərarına gəldilər. Xəstəxana mühitində, həyat uğrunda mübarizə aparan bir şəxs üçün sadə bir ad günü, həm də bərpa yolunun bir simvolu idi. Ad günü tortu gətirilərkən gözlərindəki sevinc, ona göstərilən bu diqqət və qayğı, zabitin yaşama arzularını daha da artırdı...
Gülarə kimi neçə-neçə tibb bacısının fədakarlığı müharibənin görünməyən tərəflərindəndir. Onlar güllə atmadılar, amma insanları həyata qaytardılar, səngərdə olmadılar, amma həyatla ölüm arasında savaşdılar. Və bu gün onların xatirələrində o müharibənin izləri, sağaltdıqları yaralar və yaşatdıqları həyat hekayələri yaşayır…
Söhbət əsnasında tibb bacısı bildirdi ki, müharibənin qızğın vaxtlarında səngərlər alov içindəykən bir yaralı gətirdilər. "Üzü palçıq içində, forması cırıq-cırıq, bədəni qanla örtülmüşdü. Onu hospitala çatdıranda heyrətləndik. Bu, düşmən əsgəri idi. Biz  onun da tez sağalması üçün bütün tədbirləri gördük".
Bəli, müharibə silahların danışdığı yerdir, amma bəzən insanlıq bu səssiz gurultunun içində də özünü göstərir.
Gülarə xanım yay məzunuyyətində ailəsi ilə birlikdə Hadrut, Füzuli, Xankəndi və Şuşaya gedib. Şuşada Gövhərağa məscidində namaz qılarkən göz yaşlarına hakim ola bilməyən tibb bacısı  özünü orada sanki Allaha daha yaxın hiss etdiyindən şəhidlərimizin ruhuna salavat göndərib, döyüşlərdə yaralananlara cansağlığı arzuladığından da söz açdı.
Tibb bacılarının Vətən müharibəsində fədakarlıqları Azərbaycan xalqının tarixi yaddaşında daim qalacaq. Bu fədakar qadınlar döyüş meydanında əsgərlərin yanında olmasalar da, onların həyatı üçün "döyüşənlər" -  gizli igidlər idilər. Onların fədakarlığı da igidlikdir.

Günay TAĞIYEVA

"Azərbaycan Ordusu"