1 may 1853-cü ildə Şuşa şəhərində anadan olan Əmir Kazım Mirzə Bəhmən Mirzə oğlu ilk təhsilini Tiflis gimnaziyasında alıb. 20 yaşında Peterburqdakı Nikolayev süvari məktəbini bitirib. 1873-cü ildə kornet-zabit rütbəsində Qafqaz Əlahiddə Ordusunun 44-cü Nijeqorod alayına göndərilib. Ən yaxşı süvari zabitləri sırasında mayor Əmir Kazım Mirzə 1881-ci ildə imperator III Aleksandrın tacqoyma mərasimində iştirak edib. Süvari podpolkovniki Əmir Kazım Mirzə 1895-ci ildə eskadronun komandiri təyin olunub.
XX yüzilin ikinci ilində alay komandirinin birinci müavini kimi yüksək vəzifəyə təyin edilən Əmir Kazım Mirzə bir çox döyüşlərdə iştirak edib. O, 1904-1905-ci illərdə Port-Artur döyüşlərində Amur-kazak süvari polkunun komandiri kimi vuruşub. Bu müharibədə ona göstərdiyi şücaətlərə görə polkovnik rütbəsi verilib. 1910-cu ildə isə general-mayor rütbəsinə layiq görülüb.
Gövhər xanımla ailə quran Əmir Kazım Mirzənin Darab Mirzə, Davud Mirzə adlı oğulları, Mənicə xanım, Ziba xanım, Leyla xanım və Aliyə xanım adlı qızları olub.
44-cü Nijeqorod alayında 25 il qüsursuz xidmət edən Əmir Kazım imperiyanın yüksək orden və medalları ilə təltif olunub. O, 1877-1878-ci illərdə rus-türk müharibəsində göstərdiyi igidliklərə görə dördüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni, 1895-ci ildə Buxara əmirliyinin üçüncü dərəcəli "Parlayan ulduz" ordeni ilə mükafatlandırılıb. Hökumət XIX yüzilin 70-ci illərindən hərbi xidmətdə sürətlə irəliləyən igid zabit Əmir Kazım Mirzəni 1879-cu ildə üçüncü dərəcəli "Müqəddəs Anna", ikinci dərəcəli "Müqəddəs Stanislav" (qılıncla birgə), 1881-ci ildə ikinci dərəcəli "Müqəddəs Anna", altı il sonra üçüncü və dördüncü dərəcəli "Müqəddəs Vladimir", 1890-cı ildə isə İranın dördüncü dərəcəli məşhur "Şiri-Xorşid" ordenləri ilə mükafatlandırıb.
Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra - 1918-ci il dekabrın 1-də Əmir Kazım Mirzə hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə Əmir Kazım Mirzə Gəncənin komendantı təyin olunub.
Əmir Kazım Mirzə xalqın maariflənməsində də yaxından iştirak edib, Tiflisdə və ayrı-ayrı qəzalarda ibtidai məktəblərin açılmasına maddi köməklik göstərib və kasıb ailədən olan uşaqları öz maddi vəsaiti hesabına oxudub. 1910-cu ildən Qafqaz Müsəlmanları Xeyriyyə Cəmiyyətinin fəxri üzvü seçilib. Həyat yoldaşı Gövhər xanım da 1905-ci ildə yaradılmış xeyriyyə cəmiyyətinin sədri olub. Onun ən böyük xidmətlərindən biri 1912-ci ildə Tiflisdə Azərbaycan dram cəmiyyətinin təsisi və tamaşa binasının açılmasında yaxından iştirak edib. 1911-ci ildə dramaturq M.F.Axundovun yüzillik yubileyi də general-mayor Əmir Kazım Mirzə Qovanlı-Qacarın sədrliyi ilə keçirilib.
Əmir Kazım Mirzə Qacar 1920-ci ilin aprel çevrilişindən sonra - may-iyun aylarında daşnak-bolşevik ordusuna qarşı Gəncə üsyanında fəal iştirak edib, əsir düşür və fövqəladə komissar Tixarelinin əmri ilə Gəncə şəhərində faciəvi şəkildə qətlə yetirilib.
"Azərbaycan Ordusu"