Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Fevral 2025 11:59

Gənclər Azərbaycanın vətəndaşlıq əsgərləridirlər

Zülmətin bağrını yardın, gecəni dan elədin! Azərbaycan əsgərinə yazdığım bir şeirin bir misrası beləydi. Xocalıda da, Xankəndidə də bu şeirin işığında əsgərlərimizlə səmimi söhbətləşmişdik. Döyüşlərdən danışmışdıq, şəhidlikdən, şəhidlərdən danışmışdıq, Zəfərdən danışmışdıq. Cəbrayıldan olan bir döyüşçünün döyüşçü yoldaşlarına istəyini də xatırlamışdıq: Qələbədən sonra bizim kəndimizə gedərik, şəhidlərimizi Soltanlıda da anarıq. Mən şəhid olsam, kəndimizə gedin. Onda ruhum sıranızda olacaq. Tərxis ediləndən sonra bu döyüşçülər Soltanlıya gediblər. Qalib əsgər kimi. Zülmətin bağrını yarıb gecəni dan edənlər şəhid döyüşçünün istəyini sədaqətlə yerinə yetiriblər. O zülmət işğalçılığıydı, birdəfəlik əridildi, Azərbaycan əsgərinin Vətənə sevgisi əritdi, sərkərdəlik məharəti əritdi, xalqla ordunun birliyi əritdi, Azərbaycan gəncliyinin Vətənə sədaqəti əritdi...
"N" hərbi hissəsində Gənclər günündən danışırıq...
Leytenant Orxan Hüseynquliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasında gənclərin mütəşəkkilliyini, dönməzliyini, Vətənə sevgisini, bu sevgini milli-azadlıq hərəkatının mübarizə bayrağına çevrildiyini, imperiyanın qoşunlarına qarşı mərdanəliklə necə dayandığını, şəhidlikdən keçən azadlığın necə qazanıldığını xatırladır. Əsgərlərin baxışlarında hamımıza tanış qürur görünür. Onlardan 15 yaş böyük olan qürurun bu sədaqətlə yaşadılması o qürurun müqəddəsliyinə görədi, o müqəddəslik Vətənin müqəddəsliyidi.
1990-cı ilin 20 yanvarında gənclər imperiyanın qoşunlarının qarşısında qol-qola tutub dayanmışdı. Bu əmri verənlər görmədilər, əmri icra edənlər bu qətiyyətdən vahimələnmişdilər. Bu vahimə onların varlığını titrətmişdi. Duymuşdular ki, imperiya Azərbaycanda məğlub olma ərəfəsindədir. İmperiyanı Azərbaycanda milli-azadlıq hərəkatı çökdürdü, Azərbaycan gəncləri, Azərbaycan gəncliyi çökdürdü.
Əsgər Rəşad İsazadə deyir ki, Azərbaycanda gənclər siyasəti haqqında qəbul imtahanlarına hazırlaşanda oxumuşdum. Bu siyasətin böyük tarixi şəxsiyyət Heydər Əliyevlə başladığını, genişləndiyini, dövlət siyasətinin tərkib hissələrindən biri olduğunu da oxumuşdum. Ulu Öndərin dediyi bir kəlam indi də yaddaşımdadır: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir".
Ulu Öndər Heydər Əliyev gəncləri cəmiyyətin inkişafında böyük qüvvə kimi dəyərləndirirdi, gənclərə inanırdı, gənclərə güvənirdi. Gənclər Vətənin vətəndaşlıq əsgəri idi, bu inamın, bu güvəncin əsgəri idi. 1993-cü ilin 22 sentyabrında gənclərin nümayəndələri ilə görüşəndə onlara müraciətində bildirmişdi: "Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir. Siz, Azərbaycan xalqının gənc nəsli, bu gün də müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında böyük rol oynayırsınız. Eyni zamanda, müstəqillik yoluna düşmüş Azərbaycan dövlətinin gələcəyinin, xalqımızın daha firavan yaşamasının təməlini qoymaqda iştirak edirsiniz. Buna görə də sizə ümid bəsləyirik".
Bu ümid gerçəkləşdi, Azərbaycanda milli qarşıdurma təhlükəsi sovuşdu, separatçılıq ləğv olundu, dövlət idarəçiliyi tənzimləndi. Bunlar böyük tarixi şəxsiyyət Heydər Əliyevin inamına sədaqətin nəticəsi idi...
Əsgər Elnur Əliyev əsgər yoldaşının sözünə qüvvət kimi orta məktəbdə oxuyanda tarix müəllimlərinin dediklərini xatırladır: Bu siyasət Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dövlətin siyasi kursu oldu. 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyi, 1995-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Yəni, təşkilatlanma bütövləşdi. Fəaliyyət tənzimləndi, dövlətin daxili siyasətinə müvafiq istiqamətləndirildi.
Əsgər Teymur Alpaşayev:
- Deyiblər - eşitmişik, öyrədiblər - öyrənmişik, biz də bilirik ki, gənclər cəmiyyətin inkişafında böyük qüvvədir, bu qüvvə aparıcı qüvvədir. Bütün sahələr üzrə gənclərin fəaliyyətini dövlət idarəçiliyinə də cəlb etmək, gənclərin ölkənin inkişafında iştirakını, məsuliyyətini artırmaq üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsini tövsiyə etdi və 1996-cı il fevralın 2-də gənclərin I Forumu keçirildi. Bu qurultay gənclərin siyasi fəallığını yüksəltdi.
Əsgər yoldaşının fikrini əsgər Abuzər Məmmədov tamamlayır:
- Azərbaycan gənclərinin birinci forumunun ildönümü ilə əlaqədar dövlət başçısı 1997-ci il fevralın 1-də respublika gənclərinin bir qrupunu qəbul etdi. Bu qəbul dövlətin gənclərinə etimadı, davamı kimi tarixləşdi. Gənclər bu qəbulun mahiyyətini təhsildə də, əməkdə də, ictimai həyatda da, Vətənin müdafiəsində də doğrultmağı vətəndaşlıq borcu bilmişdi. Dövlət başçımız fevralın 2-nin Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Fərman imzaladı...
Əsgərlərin Azərbaycanda gənclər siyasətinə bələdliyini, bu istiqamətdə məlumatlarını, bilgilərini zabitlər də bəyənirlər, biz də bəyənirik. Hərbi xidmətə gəlməzdən əvvəl qəbul imtahanlarına hazırlaşmış əsgər Rəşad İsazadə deyir:
- İctimai-siyasi dərsdə qrup rəhbərimiz demişdi ki, 1999-cu il martın 2-də Azərbaycan gənclərinin II Forumundakı çıxışında Ulu Öndər Heydər Əliyev respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılması, dövlət orqanlarının diqqətini gənclərin problemlərinin həllinə yönəltməklə bağlı tövsiyələr vermişdi. Dahi rəhbər Heydər Əliyev forumda XXI əsri gənclərin əsri adlandırmışdı. Bu ideyanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sədaqətlə davam etdirdi. Gənclər əsrində 2007-ci ili "Gənclər ili" elan etdi, bu haqda Sərəncam imzaladı...
2007-ci ilin "Gənclər ili" elan edilməsi dövlət başçısının Azərbaycan gəncliyinin savadına, bacarığına, gələcəyinə böyük inamla yanaşmasının əyani təzahürüdür. Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamda deyilirdi: "...Hər bir insanın gücü, əlbəttə ki, onun biliyindən asılıdır. Ona görə mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaqdır".
Əsgərlər də bilirlər ki, Azərbaycan Ermənistanın işğalçılıq müharibəsinə torpaqlarının işğaldan azad olunması üçün siyasi mübarizə apara-apara ordusunun döyüş hazırlığını da yüksəldirdi. Ermənistanın müxtəlif miqyaslı hərbi xarakterli təxribatlarının, irimiqyaslı hücumlarının qarşısını qətiyyətlə alırdı. Sülh danışıqlarından yayınan, regionda status-kvonu saxlamağa çalışan Ermənistan 2020-ci il sentyabrın 27-də də müxtəlif istiqamətlərdən hücuma keçib. Bu hücumun da qarşısı alınıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin döyüş əmri ilə əks-hücum əməliyyatı başlayıb.
İkinci Qarabağ müharibəsi başlayanda minlərlə tələbə, müxtəlif sahələrdə işləyən gənclər döyüşlərə getmək üçün rayonların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edirdi. Səfərbərliklə göndərilənlər də gənclər idi, ordumuzun şəxsi heyətinin əksəriyyəti də gənclər idi, şəhid olanlar da gənclər idi. Azərbaycanın bu gününün də, sabahlarının da məsuliyyətinin cəfakeşi gənclər olub, indi də gənclərdir, həmişə də gənclər olacaqlar. Azərbaycan gəncləri hər ili Azərbaycan naminə gənclər ili kimi, hər günü gənclər günü kimi yaşayırlar...
- Azərbaycan Ordusu xalqla ordunun birliyiylə, sərkərdənin müdrikliyiylə, azərbaycançılıq qüdrətiylə döyüşürdü. Ordu hissələrimiz müharibənin gedişində meşə cığırlarını, nazik yolları ordunun, döyüş maşınlarının keçə biləcəyi hərbi yola çevirməyi bacarmışdı. Bu yol döyüşçülərimizi zəfərə aparırdı. Şuşaya hücum bu yolla həyata keçirildi. Şuşa işğaldan azad edildi. Bu qələbə İkinci Qarabağ müharibəsinin sonu oldu, - deyirəm. Leytenant Orxan Hüseynquliyev fikrimin davamı kimi bir məqamı xatırladır: Azərbaycan Respublikasının Prezidenti çıxışlarının birində böyük qürurla, inamla, sevgilərlə deyib ki, Azərbaycan xalqı Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə minnətdardır. Vətən uğrunda, torpaq uğrunda döyüşlərin ön sıralarında gedənlərin əksəriyyəti gənclər idi.
Zabit Fərid İsgəndərovun ordu gənclərinin Xankəndi forumunda çıxışında dediyi fikirləri xatırladıram: Ordu gəncləri kimi, pilotlar da həmişə Vətənə böyük sədaqətlə xidmət edəcəklər. Fikrim əsgərlərin düşüncələrini bugünkü söhbətin cazibəsindən ayırıb sabahlara yönəldir: Biz İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazanmış əsgərlərin davamçıları kimi Vətənə həmişə sədaqətlə xidmət edirik. Hərbi xidmətə bizdən sonra gələnlər də belə xidmət edəcəklər. Azərbaycanın ərazi bütövlüyünü xidmətdə olan gənclər də qoruyur, tərxis olunmuş əsgərlər də bu niyyətin əsgərləridir. Gənclər Azərbaycanın vətəndaşlıq əsgərləridirlər...
Hərbi xidmət milli-mənəvi dəyərlər əsasında formalaşan azərbaycanlı gənclərin Vətənə sevgisini Hərbi Andı ilə, dövlətə, dövlətçiliyə sədaqəti ilə püxtələşdirir. Asudə vaxtda bu söhbətin Azərbaycan gəncliyinin sabahlarına, Azərbaycanın qüdrətinə inam kimi tarixləşdiyinə zabitlər də əmin oldu, biz də əmin olduq...
 
Rəşid HÜSEYNOV

"Azərbaycan Ordusu"