Hərb tarixi insanların müharibə, silahlı qarşıdurma, sərkərdə və uğurlu strategiyalarla bağlı keçmişini öyrənən sahədir. Adıçəkilən sahə qarşıdurma və toqquşmaların başladığı və bitdiyi tarix əsnasında baş verən hadisələrin gedişatı və nəticələrini analiz edir, sərkərdələrin döyüş bacarığını, strateq məharətlərini öyrədir və hərb tarixinin geniş aspektlərini izah edir. Hərb tarixinin bir neçə aspektləri vardır. Hərbi lider və komandanlar hərbi strategiya və taktika, hərbi texnologiya.
Hərbi lider və komandanlar: Hərbi liderlər tarixdə savaşların gedişatını dəyişdirmə və dövlətlərin qüdrətinə müsbət təsir etməyi bacarmış şəxsiyyətlərdir. Onların dövləti idarə etməsi ilə yanaşı, döyüşü idarəetmə bacarıqları da xüsusi əhəmiyyətli keyfiyyətlərdən sayılır. Antik dövrdə Makedoniyalı İsgəndər (Böyük İsgəndər) 33 illik qısa dövrü əhatə edən ömrü müddətində Yunanıstandan Misirə, Misirdən Hindistana qədər olan geniş əraziləri fəth etmiş və öz əlində saxlamağı bacarmış sərkərdələrdəndir ki, onun strateqlik məharətləri bu gün də öyrənilir. Böyük İsgəndər kiçik yaşlarında taxta çıxmağı bacarsa da, öz ağlı, sərkərdəlik bacarığı ilə dünya tarixində silinməz izlər qoymağı bacardı.
Qay Yuli Sezar da dünya tarixinin ən tanınmış hərbi komandanı, dövlət xadimi və siyasi liderlərindən biridir. Yuli Sezarın öz dövründə imperiyanın daxilində yatırtdığı qiyamlar, rəhbərlik etdiyi müharibələr zamanı qüvvələr arasında olan balansın o qədər vacib anlayış olmadığını, əsas faktorun düzgün strategiya və rəhbərlik olduğunu dünyaya sübut etdi. Onun Qall tayfalarını fəth etməsi ilə Alp, Pireney və Peyn arasında geniş ərazi Roma hakimiyyəti altına keçmişdi. Alman tayfalarının üzərindəki qələbədən sonra İngiltərəyə də hücum edən Sezarın qüvvələri burada da uğur qazanmağı bacardı. Sezar hakimiyyətə gəldikdən sonra ona qarşı mübarizə aparan qüvvələri də dəfələrlə sarsıdıcı məğlubiyyətə uğratmış, apardığı dövlət və hərbi əhəmiyyətli islahatlarla xalqın rəğbətini qazanmış, Roma tarixində dərin iz buraxmağı bacarmış lider idi.
Əmir Teymur türk dünyasının orta əsrlərdə böyük imperiya qurmuş ən böyük fatehi və hərbi liderlərindəndir. Əmir Teymurun hərbçi ailəsində anadan olması onun gələcək həyatına ciddi təsir göstərən və həyat yolunu təsdiq edən səbəblərdən biri oldu. Tarixdə özünəməxsus hərbi strategiyası, geniş ərazini əhatə edən fəthləri və dövlət idarəçiliyi ilə yadda qalan Əmir Teymur Teymurilər imperiyasını qurmaqla Orta Asiyada, ələlxüsus, hazırkı İran, Əfqanıstan, Hindistan, Türkiyə, o cümlədən Qafqaz regionu ərazilərinə qədər öz adını yaymağı bacarmışdır. Tarixdə qəddar hökmdar olaraq tanınsa da, uğurlu hərbi strategiyası və idarəçilik keyfiyyətləri ilə böyük hörmət sahibi olmuşdur. Rəhbərlik etdiyi orduda müxtəlif xalq və millətlərin olmasına baxmayaraq, nizami ordu qurmağı bacarmış Əmir Teymur tabeliyindəki əsgərləri döyüşə həm mənəvi, həm də fiziki cəhətdən hazırlamaqda əsl peşəkar idi.
Çingiz xan dünya tarixinin ən güclü və təsirli liderlərindən biri olaraq qitələrarası imperiya qurmağı bacarmış hərbi komandirlərdən biridir. Çingiz xan Asiyadan Avropaya qədər uzanan imperatorluğun qurucusu və ilk böyük xanı olmuşdur. Gənc yaşlarından liderlik vəzifəsini yerinə yetirmək kimi vacib bir işi görməyi bacaran Çingiz xan bir-birindən ayrı yaşayan, amma qan bağlılığı olan monqol tayfalarını birləşdirərək nizami ordu və dövlət qurmağı da yüksək səviyyədə bacarmışdır. Qafqaz, İran və Cənubi Rusiyada yerləşən dövlətləri məğlub edərək, müharibə meydanında məğlubedilməz olan Monqol İmperiyasının döyüşçüləri qısa vaxt ərzində təşkilatlanma, süvari oxatan qüvvələr ilə düşməni pusquya salma, taktiki geri çəkilmə və yenidən hücuma keçmə kimi özünəməxsus taktikaları uğurla icra etməyi bacarmış və hərb tarixində öz silinməz izini qoymuşdur.
Azərbaycan hərb tarixinin izləri son iki minillik müddətdən də çox zamanı əhatə edir. İndiki Azərbaycanın yerləşdiyi geostrateji əhəmiyyətə malik və zəngin resurslara sahib olan Qafqaz regionu Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat dəhlizi olması ilə diqqət çəkirdi. Qədim dövrdən Çin və Hindistan kimi böyük tarixə sahib olan hegemon gücləri avropalı tacirlər və səyyahlar üçün əlçatan edən İpək yolu layihəsinin indiki Azərbaycan ərazisini əhatə etdiyi üçün yadelli və işğalçılar tərəfindən zaman-zaman hücumlara məruz qalırdı. Çətin ərazidə yerləşməsinə və tez-tez hücumlara məruz qalmasına baxmayaraq, Azərbaycan xalqı öz mövcudluğunu qoruyub saxlaya, milli-mənliyini və mədəniyyətini dərk edərək gələcək nəsillərə uğurla ötürə bilmişdir ki, adət-ənənələrimiz illərin çətinliklərinə sinə gərərək yaşadılmaqla bu gün təkcə regionun deyil, dünyanın xüsusi tarixə malik mərkəzlərindən biri olaraq seçilir.
Şah İsmayıl Xətai Səfəvi İmperatorluğunun qurucusu və ilk şahı olaraq indiki Azərbaycan, Orta Asiya və Yaxın Şərq ərazilərini özünə ram etməyi bacarmış dahi sərkərdələrdən biri idi. O, sadəcə sərkərdə deyil, mədəniyyət və dövlət xadimi olaraq da ad qazanmışdı. Hələ erkən yaşlarında Şirvan və Ərdəbil ərazilərini fəth edərək taxta çıxmış və zaman keçdikcə daha geniş ərazini özünə birləşdirmişdi. Səfəvi hərəkatının ciddi təsir etdiyi İran ərazisində Şah İsmayıl güclü fiqur olaraq dini, siyasi və hərbi nüfuz qazanmışdı. Şah İsmayıl Xətai Azərbaycanın hərb tarixində öz adını qızıl hərflərlə yazmışdır.
Babək Xürrəmilərə rəhbərlik edən sərkərdə olaraq Abbasilər xilafətinə qarşı 20 ildən artıq azadlıq mübarizəsi aparmışdı. Hazırkı Azərbaycan və İran ərazilərinə tamah salan xilafət ordusunun məkrli niyyətlərinin qarşısını almaq üçün ciddi müqavimət göstərmişdi. Bəzz qalasında ciddi müdafiə strategiyasını qurmaqla yanaşı, hücum və müasir dillə desək, partizan savaşını dünya hərb tarixinə özünəxas tərzdə yenilik olaraq gətirmişdi. Dağlıq ərazilərdə sürətli hücum və geri çəkilib yenidən hücum taktikasından istifadə edən Babək öz ordusundan qat-qat ağır silahlanmış və dəfələrlə çox heyətlə komplektləşmiş xilafət ordusuna ciddi zərbələr vurmuşdu. Xilafətin Bəzz qalasına dəfələrlə hücum etməsinə baxmayaraq, qala müvəffəqiyyətlə müdafiə olunmuş, düşmənin amansız hücumları uğurla dəf edilmişdi. Sonda xəyanət və satqınlıq nəticəsində Bəzz qalası düşmən tərəfindən zəbt edilmiş, Babək isə əsir götürülmüşdü. Ağır işgəncə, əzab-əziyyətlərə baxmayaraq, öz məğrur duruşunu itirməyən Babək edam edilsə də, xalqımızın yaddaşında vətənpərvər şəxsiyyət və güclü komandan olaraq qalmağı bacardı. Babəkin apardığı mübarizə həm də böyük azadlıq uğrunda mübarizə simvolu olaraq da tarixləşdi.
Cavad xanın adı Gəncə xanlığının sonuncu xanı olaraq, tariximizə həm güclü diplomat, həm də hərbi lider olaraq həkk olunmuşdu. Həmin dövrdə rus imperiyasının Qafqaz üzrə general-qubernatoru olan Pavel Dmitriyeviç Sisianov regionumuzda rus təsirini gücləndirmək və Azərbaycan xanlıqlarını imperiyaya tabe etmək kimi niyyətlərin icraçısı idi. Həmin dövrdə Azərbaycan üçün ciddi təhlükələrdən biri də məhz cənubda güclənən fars qüvvələri idi. XIX əsrin əvvəllərində Sisianov tərəfindən Cavad xana ultimatum göndərildi ki, Gəncə xanlığı müqavimət göstərmədən rus imperiyasının hakimiyyəti altına keçsin. Cavad xan bu istəyi qəti şəkildə rədd edərək Gəncə qalasının müdafiəsi ilə bağlı göstəriş verdi. Gəncənin müdafiəsi həm ordu, həm də yerli əhali tərəfindən təşkil olundu. Ciddi kəmiyyət və hərbi texnologiya fərqinə baxmayaraq, Gəncə qalası bir aydan çox müdafiə olundu. Cavad xan da son nəfəsinə qədər mübarizə apardı və qəhrəmancasına şəhid oldu. Onun ölümü Gəncə xanlığının rus hakimiyyəti altına keçməsi ilə nəticələndi. Cavad xanın yadellilərə qarşı apardığı mübarizəsi Azərbaycanın milli-azadlıq hərəkatında unudulmaz mərhələlərdən biridir.
Hərb tariximizə nəzər salsaq, görərik ki, doğma yurdumuzun minlərlə qəhrəman və sərkərdə övladları olub. Atabəy Şəmsəddin Eldəniz, Uzun Həsən, Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski, Mehdi Hüseynzadə, Həzi Aslanov və yüzlərlə sələfinin yolunu bu gün uğurla davam etdirən gənclərimiz gələcəyimizin memarı olaraq hərb tariximizin səhifələrini daha da zənginləşdirirlər.
Hərbi strategiya və taktika: Əvvəlcə strategiya və taktika arasında fərqi anlamağa çalışaq. Hərbi strategiya daha geniş anlayış olaraq müharibə və hərbi əməliyyatlar zamanı istifadə olunan ümumi plan, prekonflikt və postkonflikt dövrdə hərbi sahədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün təsdiq olunmuş proqramdır. Hərbi strategiyada məqsəd müəyyənləşdirmə, ölkənin milli maraqlarını qorumaqdan, milli təhlükəsizliyini təmin etməkdən və s. ibarətdir. Hərbi strategiyanın mühüm hissəsini resurslar təşkil edir ki, bunlar da insan amili, texnoloji yeniliklər, iqtisadi potensial və s. aspektlərdən ibarətdir. Hərbi strategiyada təhlükə analizi, perspektiv planlar da xüsusi əhəmiyyət daşıyır ki, təhlükə analizi - potensial düşmənin güclü və zəif tərəflərini öyrətməklə yanaşı, potensial təhlükələrin də öyrənilməsini təmin edir. Hərbi taktika isə döyüş əsnasında istifadə olunan üsul və manevrlər toplusundan ibarətdir. Taktika strategiya ilə nisbətdə daha kiçikmiqyaslı fəaliyyətlərdə tətbiq olunur. Qüvvələrin tərkibindəki qoşun növlərinin, qoşunların tərkibindəki bölmələrin, bölmələrin tərkibindəki şəxsi heyətin ərazidə yerləşdirilməsi, hərəkət istiqamətləri, hücum və müdafiə üsullarının koordinasiyalaşmış şəkildə təşkili hərbi taktikanın əsas qollarındandır.
Hərbi texnologiya: Hərbi texnologiya dövlətin özünümüdafiə və döyüşaparma qabiliyyəti fəaliyyətlərini yerinə yetirmək, dövlətin təhlükəsizliyini təmin etmək, ehtiyaclarını qarşılamaq üçün istifadə edilən hərbi vasitə və sistemləri əhatə edir. Bu texnologiyalar ordunun, silahlı qüvvələr və güc strukturlarının qüdrətini yüksəltmək, strateji üstünlük əldə etmək, təhdid və təhlükələrə qarşı tədbirləri həyata keçirmək üçündür. Müasir dövrdə hərbi texnologiyalar ağır və yüngül (atıcı və ağır silah, raket, dron, zirehli texnika və s.) olmaqla silah sistemləri (quru, su və hava), kibertəhlükəsizlik vasitələri, hərbi tibb, kütləvi qırğın silahları və s. olmaqla təsnifləşdirilir. Azərbaycan Ordusu da müasir dövrün hərbi texnologiyalarının zəruri qismi ilə təchiz olunub. Ordumuz regionun ən güclü və modern ordusu olaraq, 1990-cı ildən bu günümüzə qədər böyük inkişaf yolu keçib. Belə ki, ordumuz modernləşdirilmiş atıcı silahlarla, artilleriya sistemləri, ağır hərbi texnikalar (tank, zirehli döyüş maşınları və s.), HHQ-lərimiz arsenalındakı aviasiya vasitələri, müasir PUA-lar və hava hücumundan müdafiə sistemləri ilə təchiz olunmaqla yanaşı, hərbi dəniz donanmamız da Xəzərin Azərbaycana aid sektorunda öz vəzifəsini uğurla icra edir. Azərbaycan dünyanın aparıcı ordularına malik ölkələri ilə qurduğu əməkdaşlıqlar nəticəsində mühüm layihələrə imza atıb. Arsenalını modern tələblərə cavab verən hərbi texnikalarla zənginləşdirməklə yanaşı, öz müdafiə sənayesini də düzgün təşkil etməklə hərbi qüdrətini daha da artırır. Ölkəmizin hərbi qüdrətinin artması regionda daimi sülhün təmin olunmasına hesablanıb.
Xalqımızın keçmişində onların birliyini şərtləndirən və sarsılmaz zəncir yaradan hadisələr çox olub. Bu hadisələrdən ən önəmlisi hərbi-siyasi tarixi əhəmiyyət kəsb edən hadisələrdir ki, öz varlığı və bütövlüyü uğrunda aparılan mübarizə, mübarizələrin ən ümdəsidir. Tarixin mətanət, rəşadət və cəsarət simvolunu yaradan xalqımızın Vətənin ən çətin anında ayaqlaması, mübarizəyə qalxması onun qüdrətinin və yurduna bağlılığının əsas göstəricisidir. 2020-ci ilin Tovuz döyüşləri zamanı savaş meydanında qəhrəmancasına şəhadətə yüksələn general-mayor Polad Həşimovun bu xəbəri xalqı ayaqlandırdı. Yaşından, vəzifəsindən asılı olmayaraq hər kəs düşməndən bütün şəhidlərimizin qisasını almaq üçün alışıb-yanırdı. Azərbaycan əsgəri olmaq, əsgər rütbəsindən general rütbəsinə qədər Vətənə canını fəda etməyə hazır olmaq deməkdir. Baş verənlər bütün dünya üçün Vətən sevgisinin nə demək olduğunun bariz nümunəsi idi. Hərb tarixini də Vətən sevgisi şərtləndirir. Necə ki, 2020-ci il sentyabrın 27-dən xalq-ordu-Ali Baş Komandan birliyindən yaranmış "Dəmir Yumruq" bizim hərb tariximizin əsas simvollarından birinə çevrildi.
Azərbaycan Ordusunun 2016-cı ildən bu günümüzə qədər apardığı uğurlu hərbi əməliyyatlar hərbi strategiyamızın, taktikamızın, hərbi texnologiya və milli ideologiyamızın uğurla təşkilinin göstəricisi oldu. Şanlı ordumuz və onun komandanlığı sübut etdi ki, müharibə təkcə güclərin savaşı deyil, həm də ağıl və məntiqin savaşıdır. Məlumdur ki, dahi sərkərdələrin apardığı strateji həmlə və onların qüvvələrinin həmlələri uğurla yerinə yetirməsi dövlətin hərb tarixini formalaşdırır. Müharibə də elə budur, döyüşlərin gedişatı, zəruri strategiya və taktiki manevrləri ilə yaddaşlara köçürülür. Elə bizim tarixi Zəfərimizə gedən döyüş yolu da hərb tarixinin səhifələrinə qızıl hərflərlə əbədi olaraq həkk olundu. Və bu hərb tarixi bu gün də mütəxəssislər tərəfindən öyrənilir.
Ərazinin relyefindən, hava şəraitindən, günün vədəsindən asılı olmayaraq uğurlu hərbi strategiya sayəsində qurulmuş taktiki manevrlər düşmənin uzun illər "möhkəmləndiyi" mühəndis-istehkam sədlərini qısa vaxtda darmadağın etdi, tarixi torpaqlarımızda üçrəngli şanlı bayrağımızın dalğalanması ilə nəticələndi. Müasir dövrdə şanlı qəhrəmanlıq salnaməsi yazıb dünyaya özünü döyüşkən, qalib və ədaləti bərpa edən xalq olaraq sübut etdi. Bir sözlə, hərb tarixi hər bir dövlətin qüdrət möhürüdür. Bizim qüdrət möhürümüz də qazandığımız Böyük Qələbəmiz oldu. Uzun illərdir aparılan və hərtərəfli düşünülmüş hərbi strategiya qarşıya qoyulan tapşırıqların ordumuz tərəfindən nəzərdə tutulmuş taktika ilə yüksək səviyyədə icrasını təmin etdi.
Bütün bunlara ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi sayəsində nail oldu. Bu gün qürurla qeyd edirik ki, İlham Əliyev rəhbərlik etdiyi xalqı, dövləti və ordunu zəfərə çatdırmaqla adını Azərbaycan tarixinə qızıl hərflərlə yazan Lider və Komandandır.
Fuad CƏFƏROV
"Azərbaycan Ordusu"