Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Yanvar 2025 19:00

“Xalqımızın başına açılan bu böyük faciəni çəkdiyim fotolarla tarixləşdirdim”

Xalqımızın azadlığı və müstəqilliyi uğrunda mübarizənin simvoluna çevrilmiş Qanlı Yanvar faciəsindən artıq 35 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələrinin əsgərləri 147 dinc sakini qətlə yetirdi, 744 günahsız insanı yaraladı, onların çoxu əlil oldu, 841 nəfər isə qanunsuz həbs edildi. Bütün bunlara baxmayaraq, baş verən hadisələr Azərbaycan xalqının iradəsini sındıra bilmədi, əksinə, 20 Yanvar günü Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq səhifəsi kimi tarixə düşdü. Əməkdaşımız Qanlı Yanvar faciəsinin canlı şahidi olan və baş verən hadisələri lentə alan tanınmış fotomüxbir Rasim Sadıxovdan müsahibə alıb. Həmin müsahibəni təqdim edirik.

- Rasim müəllim, 20 Yanvar faciəsinin canlı şahidi olmaqla yanaşı, həmin hadisələrin şəkillərini çəkib Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışmısınız. Həmin anları necə xatırlayırsınız?
- Hər bir Azərbaycan vətəndaşı kimi, bu tarixi hadisə mənim üçün də unudulmazdır. Bu faciə baş verən zaman hər kəs kimi narahat idim. Yanvarın 19-u işə gələndə gördüm ki, 20 Yanvar metrostansiyasının yaxınlığında canlı qüvvə və zirehli texnikalar var. Onda başa düşdüm ki, Sovet ordusu bu gün də olmasa, sabah mütləq şəhərə girəcək. Çünki canlı qüvvənin özünün gəlməsi artıq xəbərdarlıq idi. Axşam radələrində ilk partlayış səsini eşitdim. Məlum oldu ki, televiziyaya atəş açıblar. Pəncərədən baxdım ki, şəhərə hücum başlayır. Elə onda da iş yerimdə idim və artıq müəyyən hazırlıqlarımı görməyə başladım.
- Rasim müəllim, fotoqraf olaraq o faciəni sənədləşdirmək qərarını necə aldınız?
- Faciə baş verən günün səhəri artıq ilkin məlumatlar gəlməyə başlamışdı. Nə qədər insan qətlə yetirilib, nə qədər yaralımız var, hamısı məlum idi. Sağ qalan insanlar yollara axışırdılar. İllərdir Azərbaycan xalqına qarşı edilən haqsızlıqlara göz yuma bilməzdim. Mən bunu özümə mənəvi borc bilirdim. Ağlımda bir şeyi düşünürdüm ki, bu mənim vətəndaşlıq borcumdur. Çəkdiyim hər foto tarixə düşməli idi. Xalqımızın başına açılan bu böyük faciəni çəkdiyim fotolarla tarixləşdirdim. Çünki bundan böyük faciə ola bilməzdi. Tarix boyu xalqımızın başına olmazın işgəncələr, müsibətlər gətirilmişdi. Lakin baş vermiş hadisələrin çoxunun bu günə qədər gəlmiş fotoları yox idi. Fotomüxbir olaraq gələcək nəsillərə dinc əhalimizə qarşı olunan amansızlığı çatdırmalı idim. Hər kəs bilməli idi ki, biz azadlığımızı asanlıqla əldə etməmişik. Bu faciəni lentə alan altı fotoqraf idik, amma onların içində fotoları ən çox çəkən mən olmuşam. Məlumat üçün qeyd edim ki, həmin gün 600-dən çox foto çəkmişdim. O dəhşətli görüntüləri - xüsusi qəddarlıqla qətlə yetirilmiş dinc əhalini anında çəkmək həm mənim hafizəmə, həm də fotoaparatımın lentinə yazıldı.
- Rasim müəllim, hadisənin içində olmaq sizin üçün nə demək idi?
- 34 yaşım var idi. Qandan, sözün əsl mənasında, qorxan biri idim. Amma içimdəki vətənpərvərlik hissi məni daha da möhkəmləndirirdi. Bir fotomüxbir kimi, vətəndaş kimi xalqımızın başına gətirilən bu hadisəyə biganə qala bilməzdim. Ancaq bütövlükdə baş verən hadisələrin mərkəzində olmaq, onu lentə almağı sözlə ifadə etmək mümkün deyil. O anı yaşayanlar bilər, çox ağır bir səhnə idi.
- Çəkiliş zamanı hansı çətinliklərlə qarşılaşdınız?
- Hadisələri lentə alan zaman mənə dedilər ki, qətliamı tarixə yazmağa çalışırsan və sənin sağ qalmağın mümkün olmayacaq, bu vəziyyətdə birinci səni öldürəcəklər. Açığı bu deyilənlər ağlıma batdı. Həmin an geriyə dönüb kameraları yerinə qoydum və əvvəlcə vəziyyəti izləmək üçün şəhərə tərəf yollandım. Fotomüxbir olaraq çəkiliş üçün yerləri müəyyənləşdirmək vacibdir, yəni, nəyi çəkəcəyini və hara yönələcəyini mütləq bilməlisən. Amma burada yalnız çəkilişə deyil, vəziyyəti də öyrənməyə çalışmalıydım. Piyada "Salyan kazarması"na qədər getdim. Geri qayıdıb, planımı cızdım. Hadisə yerinə piyada gedib çəkiliş edərkən, ardımca gələn olarsa, hara qaçıb gizlənə biləcəyimi də hesabladım. Çəkiliş zamanı məni tuta və güllələyə bilərdilər, o an bütün fəaliyyətim məhv olardı. Kameramı gizlətmək üçün plastik torbada daşıyırdım ki, diqqət çəkməsin. Çəkiliş zamanı insanlar mənə pis münasibət göstərir, sorğu-suala tuturdular: "Niyə çəkirsən? Kim üçün çəkirsən?" Mən onlara izah etməyə çalışırdım ki, bu, Azərbaycanın tarixidir və lentə alınmalıdır. Biz bu tarixi gələcək nəsillərə göstərməliyik ki, nə qədər çətinliklərdən keçdiyimizi və başımıza hansı müsibətlərin açıldığını görsünlər. O dövrdə texnika çox zəif idi, 36 kadrla məhdudlaşırdıq. Çəkilişə gedəndə əlavə olaraq 10-15 lent götürürdük, hər birinə cəmi 36 şəkil yerləşirdi. Məsələ yalnız qanlı hadisələri çəkmək deyil, əsas olan onu ünvana çatdırmaq idi. Mənə kömək edəcək adamlara dedim ki, lentləri "Azərbaycan Nəşriyyatı"na aparmalısınız. Ünvanı, lentlərin kimə çatacağını bildirdim. Axşamlar lentləri kimyəvi yolla yuyub çap edirdim.  
- Bu gün həmin hadisələri xatırlayanda hansı hissləri keçirirsiniz?
- 35 il əvvəl baş vermiş 20 Yanvar faciəsi bu gün də kino lenti kimi beynimdə canlanır. Qətlə yetirilmiş günahsız insanların cəsədləri, çəkilişlər apardığım evlərin və səngərlərin yeri indiyə kimi yaddaşımdadır. Və o anları düşünəndə qəribə oluram. Qürur hissi keçirirəm, çünki baş verən hadisələr xalqımızın iradəsini sındıra bilmədi.
- Qəzetimizin oxucularına, eləcə də Azərbaycan əsgərinə sözünüz...
- Tarix boyu xalqımızın başına olmazın müsibətlər gətirilib, ard-arda soyqırımlara məruz qalmışıq. Bir xalq olaraq, millət olaraq bunları unutmamalıyıq. Azərbaycan vətəndaşı 20 Yanvar hadisələrində, eləcə də şanlı tariximiz olan Vətən müharibəsində olduğu kimi, hər zaman ölkəmizi qorumağa hazır olmalıdır. Əminəm ki, qalib Azərbaycan Ordusunun sıralarında xidmət edən, Vətənimizin keşiyində ayıq-sayıq dayanan igidlərimizin sayəsində suverenliyimiz və ərazi bütövlüyümüz daima toxunulmaz olacaq. Azərbaycan əsgəri xalqımızın güvənc yeri, qürur mənbəyidir. Onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayıram.

Müsahibəni apardı:

Şəlalə DÜNYAMALIYEVA

"Azərbaycan Ordusu"