Azərbaycanın paytaxtı Bakı şəhərində 1990-cı il yanvarın 20-də baş vermiş qanlı qırğınlardan 35 il ötür. Faciə qurbanlarının xatirəsini yad etmək üçün hər il 20 Yanvar tarixi ölkəmizdə Ümumxalq Hüzn Günü kimi qeyd olunur.
Qeyd edək ki,1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi surətdə qətlə yetirilib.
1990-cı il yanvar faciəsinə aparan yol soydaşlarımızın növbəti kütləvi deportasiyasının, Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, sovet rəhbərliyi xalqımıza qarşı dəhşətli cinayət törədib. Xalqımız dörd ildən artıqdır ki, 20 Yanvar hadisələrini qalib xalq kimi yad edir.
Hər il olduğu kimi, bu il də yanvarın 20-də əllərində qırmızı qərənfillər tutan insanlar axın-axın faciə qurbanlarının dəfn olunduğu Şəhidlər xiyabanına gələrək, onların məzarlarını ziyarət edib, xatirələrini dərin ehtiramla anıblar. Faciə qurbanlarının xatirəsini anmaq üçün hər il Şəhidlər xiyabanına gələn, həmin dövrün ağrı-acısını qəlbində yaşadan insanlarla, müharibə iştirakçıları və gənclərlə, məktəb yaşlı uşaqlarla görüşüb ürək sözlərini qələmə aldıq.
Türkiyə Respublikasının vətəndaşı Hüseyn Yapar: "Hər il 20 Yanvarda faciə qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəlirəm. Onların xatirəsi heç zaman unudulmayacaq. 1993-cü ildə Azərbaycan Dövlət Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) qəbul olunmuşam. Bu illər ərzində həmişə şəhidlərimizi ziyarətə gəlirəm. Şəhidlərimiz bizim qəhrəman bacı və qardaşlarımızdır. Bir millət, iki dövlət olaraq, Azərbaycan xalqının sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. O vaxt Türkiyədə olmağıma baxmayaraq, bu ağrıya ürəkdən şərik idim. Bu faciə əsla unudulmamalıdır! Biz də hər zaman olduğu kimi, bu gün də qardaş Azərbaycan xalqının bu hüznlü günlərində onların yanındayıq, Şəhidlər xiyabanında şəhidlərimizi ziyarət edənlər sırasındayıq".
Tehran Heydərov: "Birinci Qarabağ müharibəsində Horadiz əməliyyatı zamanı şəhid olan Muxtar Heydərovun qardaşıyam. Qardaşım oğlu Vüsal Heydərov da İkinci Qarabağ müharibəsi zamanı ağır yaralanaraq sağlamlığını itirib. Hazırda Füzuli rayonunun Horadiz kəndində yaşayıram. Şəhidlər xiyabanına gəlib şəhidlərimizi ziyarət etmək hər birimizin, hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Onlar xalqımızın azadlığı uğrunda canlarını qurban veriblər. 20 Yanvar şəhidləri azadlığımızın ilk qaranquşlarıdır. Onların açdığı cığır Azərbaycanımıza müstəqillik, suverenlik qazandırdı. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri xalqımızın iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi. 35 ildir ki, Azərbaycan xalqı hər il 20 Yanvar günündə şəhid övladlarının xatirəsini dərin hüznlə yad edir".
Lənkəran şəhər sakini Natiq Abdullayev: "1990-cı il yanvarın 26-da Lənkəran şəhərində törədilən qanlı hadisələr zamanı şəhid olan Tariyel Abdullayevin qardaşıyam. Qardaşım Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Həmin hadisələr zamanı 54 nəfər həbs olunub, 6-sı şəhid olmuşdu. Hər il ailə üzvlərimiz 20 Yanvar - Hüzn Günü Şəhidlər xiyabanına ziyarətə gəlirik. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Onlar Azərbaycanımızın azadlığı, suverenliyi, müstəqilliyi uğrunda canlarından keçdilər. Xalqımıza bugünkü azad, müstəqil Azərbaycanı bəxş etdilər".
İkinci Qarabağ müharibəsi veteranı, ehtiyatda olan gizir Elşad Həsənzadə: "İlk olaraq şəhidlərimizə Allahdan rəhmət diləyirəm. 20 Yanvar yaddaşımda həm qanlı, həm də şərəfli gün kimi iz salıb. Bu günü ona görə qanlı gün hesab edirəm ki, xalqımızın onlarla övladı azadlıq, müstəqillik yolunda sovet ordusuna məxsus ağır zirehli texnikalarının tırtılları altında can verib, şəhid olub. Şərəfli gün kimi ona görə hesab edirəm ki, müstəqilliyimizə doğru böyük addımlar atıldı. Özüm də 44 günlük Vətən müharibəsi zamanı Murov, Ağdərə, Suqovuşan və Talış kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmişəm. 20 Yanvar - şəhidlərimizin qanı ilə yazılan müstəqillik tariximizin ən şərəfli səhifəsidir".
Nanə Səmədova: "O vaxtlar Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Neft və Sənaye Universiteti) tələbə idim. Yoldaşlarımla birlikdə xalqımızın milli-azadlıq hərəkatında iştirak edirdik. Həmin dövrdə xalqımız sınaq illərini yaşayırdı. İndi o günlər haqqında danışmaq mənə çox çətindir. Tələbə yoldaşım Rahim Babayev 20 Yanvar şəhididir. Çox vətənpərvər, azadlıqsevər bir gənc olaraq yadımda qalıb. Hər il Şəhidlər xiyabanına gəlib bütün şəhidlərimizin, o cümlədən Rahim Babayevin də məzarını ziyarət edirəm".
Almaz Rzayeva: "20 Yanvar faciəsi baş verəndə Naxçıvanda yaşayırdıq. Azərbaycan Televiziyasının enerji blokunda baş vermiş partlayışdan sonra heç bir yerdən informasiya əldə edə bilmirdik. Ancaq onu eşidirdik ki, qırğınlar törədilib. Ona görə də Naxçıvan camaatı matəm içində idi. Yalnız radiodan Kamil Cəlilovun qaboyda səsləndirdiyi hüznlü mahnıları dinləyirdik. Xalqımız həmin vaxtlarda faciəli günlər yaşadı. İndi də o ağır günlər barədə danışanda kövrəlirəm. Bu gün nəvəmlə birlikdə 20 Yanvar şəhidlərinin məzarlarını ziyarətə gəlmişəm. Nəvəmə məktəblilər Larisa və İlqardan, İlham və Fərizənin sevgi dastanından danışıram. Xalqımızın qan yaddaşına yazılan Qara Yanvar faciəsi heç zaman unudulmayacaq. 35 ildir ki, 20 Yanvar şəhidləri 20 Yanvar günündə Şəhidlər xiyabanında dərin hüznlə anılır".
Elmira Allahverdiyeva: "Əslən Xaçmaz rayonundanam. 20 Yanvar hadisələri zamanı rayondaydım. Bakıda yaşayırdıq. Yaşadığımız bina Papanin deyilən ərazidə hərbi hospitalın yanında yerləşirdi. Hadisələri eşidəndən sonra çox narahat olduq. Təcili Bakıya qayıtdım. Binamızda çoxlu güllə izləri gördüm. Həyat yoldaşım da 20 Yanvar hadisələrinin iştirakçısı idi. Qonşumuz 14 yaşlı Hüseynov Nəriman Vəli oğlu o qanlı hadisələr zamanı şəhid oldu. Onun məzarı Şəhidlər xiyabanındadır. Ailə dəhşətli bir faciə yaşadı. Hər il 20 Yanvar günündə Nərimanın məzarını ziyarətdə gəlirik. Bu gün də nəvəmlə gəlmişəm.
Nizami Ağammədov: "Əslən Ordubad rayonunun Gənzə kəndindənəm. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən qanlı hadisələr barədə məlumatı radio vasitəsilə əldə edirdik. Həmin günlərdə xalqımızın azadlıq istəyinin qarşısında sovet ordusunun zirehli texnikası və güllələri aciz idi. 20 Yanvar xalqımızın tarixində qanla yazılmış qürur günüdür. Faciənin qurbanları qəlbimizdə daima yaşayırlar. Təqaüddə olan müəlliməm. Söhbətimi bir şeirlə bitirmək istəyirəm:
Bu gün qara geymişəm, qara günümdür mənim,
Dünyanı silkələyən ahım, inimdir mənim,
Şəhidlər xiyabanı qibləm yönümdür mənim,
Öz dərdimi çəkməsəm özgələr çəkə bilməz.
Çox uzağa gedə bilməz bu qurğular, hoqqalar,
Dönər misli qılınca yüz yerindən şaqqalar,
Lap dünya dağılsa da, öz yerində haqq qalar,
Heç vaxt xeyirin qisası böhtanda, şərdə qalmaz.
Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"