Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Azərbaycan Ordusunda şəxsi heyətin maarifləndirilməsi və vətənpərvərlik nümunələrinin təbliğ edilməsi istiqamətində silsilə tədbirlər keçirilib.
20 yanvar tarixində saat 12:00-da faciənin 35-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunun bütün qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmələr, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlər çərçivəsində hərbi qulluqçular Şəhidlər xiyabanlarını ziyarət ediblər, hərbi hissə, müəssisə və təşkilatlarda 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmlər, videoçarxlar və kitab sərgiləri nümayiş etdirilib.
Mərasimlərdə xalqımıza qarşı məqsədli şəkildə törədilmiş 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən danışılıb, Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin baş vermiş hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları barədə ətraflı məlumat verilib.
Çıxış edənlər həmin tarixi dövrdə milli-azadlıq uğrunda mübarizəyə qalxmış oğul və qızlarımızın fədakarlığı, xalqımızın qəhrəmanlığı barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
***
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə Heydər Əliyev adına Hərbi İnstitutda 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə institutun rəhbərliyi, müəllim-professor heyəti və kursantlar iştirak etdilər.
20 Yanvar faciəsi ilə bağlı ətraflı məlumat verildi. Qeyd olundu ki, keçmiş Sovet rəhbərliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünə yönəlmiş erməni təcavüzünə qarşı laqeyd münasibət göstərdiyi üçün Azərbaycan xalqı öz etiraz səsini ucaldıb. Yüz minlərlə soydaşımız meydanlara toplaşaraq Sovet rəhbərliyinə öz haqlı etirazını bildirib. Bundan narahatlıq keçirən SSRİ rəhbəri Qorbaçov Bakı şəhərinə qoşun yeritmək qərarı verib. Beləliklə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhərə xüsusi təlim keçmiş zirehli texnikalarla silahlanmış qoşun yeridilib. Sovet əsgərləri dinc, əliyalın xalqı gülləbaran edib. Qanlı faciə zamanı 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb.
Tədbirdə çıxış edən Heydər Əliyev adına Hərbi İnstitutun rektoru polkovnik Ümidvar Quliyev müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevdən sitat gətirərək dedi ki, müstəqillik əldə etmək çətindir, amma onu qoruyub saxlamaq daha çətindir. “20 Yanvar faciəsinə münasibət bildirmək üçün o zaman Moskvada yaşayan Heydər Əliyev Azərbaycan nümayəndəliyinə gəlib və günahsız insanların qanını axıdan Sovet rəhbərliyinə kəskin etirazını bildirib. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə Azərbaycan müstəqil dövlət kimi möhkəmlənib və inkişaf edərək regionun ən güclü dövlətinə çevrilib”.
Sonda 20 Yanvar faciəsi ilə bağlı qısametrajlı film nümayiş olundu, tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərliyi tərənnüm edən musiqilərlə tamamlandı.
Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"
***
Ötən əsrin 90-cı ilərində Azərbaycanın dövlət müstəqilliyi uğrunda milli-azadlıq hərəkatı genişlənmişdi. Ermənistanın Azərbaycana qarşı haqsız ərazi iddiası bu mübarizəni daha da genişləndirdi. Hərəkat təşkilatlanmışdı, mübarizlərin sırası genişlənməkdəydi. Tələbələr, gənc mütəxəssislər, orta yaşlılar, yuxarı sinif şagirdləri Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması uğrunda aparılan mübarizənin qələbə ilə nəticələnməsi üçün heç nədən çəkinmirdilər. Dövlətçiliyimizin qoluna vurulmuş zəncirləri qırmaq üçün gedən 1920-ci il ilhaqının xalqı hədələrlə, təqiblərlə səngiməyəcəyini bilirdi. Ona görə niyyətinə görünməmiş cinayət törətməklə çatmaq istədi, xalqın dinc mitinqlərini dağıtmaqla, mitinqlərin, hərəkatın təşkilatçılarını məhkumlaşdırmaqla, vahimələr yaratmaqla xalqı geri çəkilməyə məcbur etmək istədi, bunları qırğın törətməklə həyata keçirdi. 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə Bakıya qoşun yeritdi. O gecə Bakıda qırğın törədildi. İmperiyanın göndərdiyi qoşun (bəli, qoşun!) 147 nəfəri qətlə yetirdi, 744 nəfər yaralandı, ancaq milli-azadlıq hərəkatını dayandırmağa gücü çatmadı. Xalq imperiyaya qalib gəldi...
"N" hərbi hissəsində keçirilən anım tədbirində leytenant Orxan Hüseynquliyev çıxış edərək 20 Yanvar faciəsinin mahiyyətindən, baş vermə səbəblərindən, nəticələrindən danışaraq qeyd etdi ki, yanvarın 21-də böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin qarşısında bu siyasəti də, bu qırğını da, siyasi prosesə, xalqın milli-azadlıq hərəkatına hərbi yönümdən yanaşılmasını da qətiyyətlə pislədi, günahkarların da, əmri verənlərin də cəzalandırılmasını tələb etdi, faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi. Bu tarixi çıxışın mətni Kremlin kəskin informasiya blokadasına baxmayaraq, dünyada, eləcə də Azərbaycanda yayıldı. Ulu Öndərin bu çıxışı faciəyə verilən ilk siyasi qiymət idi…
1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanında - Milli Məclisdə ilk dəfə siyasi-hüquqi qiymət verildi.
Milli Məclisin qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarlarının kimliyi konkret qeyd olundu və bu faciə Azərbaycanda milli-azadlıq hərəkatını boğmaq, xalqın mübarizə əzmini çilikləmək, SSRİ-ni qorumaq üçün əyalətdə bu səviyyədə qırğın törətmək üçün törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Şəhidlərin xatirəsi əbədiləşdirildi, Şəhidlər xiyabanında "Əbədi məşəl" abidə-kompleksi ucaldıldı.
Gizir Tural Məhərrəmli çıxışında dedi ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət ayırır. Şəhidlər xiyabanında təmir və yenidənqurma işləri aparılıb, Bakıda 20 Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılıb. Şəhidlər xiyabanı da, bu kompleks də şəhidlərimizin ruhuna dövlət səviyyəsində ehtiramın təzahürüdür...
Anım tədbiri Azərbaycanın istiqlal tarixinin bir məqamını yaradanlara ehtiram tədbiri kimi tarixləşdi...
Elçin İMANOV
"Azərbaycan Ordusu"
***
Azərbaycan Hərb Tarixi Muzeyində "20 Yanvar - müstəqilliyimizin və azadlığımızın təntənəsi" adlı anım tədbiri keçirildi. Tədbirdə Milli Müdafiə Universitetinin Bakı Hərbi Kollecinin bir qrup zabit, müəllim, kursant heyəti, məktəblilər, muzeyin əməkdaşları iştirak etdilər. Onlar əvvəlcə 20 Yanvar faciəsini əks etdirən fotolardan ibarət sərgiylə tanış oldular.
"20 Yanvar - müstəqilliyimizin və azadlığımızın təntənəsi" adlı geniş məruzə ilə çıxış edən muzeyin rəisi ehtiyatda olan polkovnik Elşad Pənahov bildirdi ki, 20 Yanvar hadisələri xalqımızın azadlıq səsini ucaltdığı və öz suverenliyi uğrunda mübarizə tarixinin şərəfli səhifəsidir. "Faciə qurbanları azadlıq, müstəqillik yolunda canlarından keçərək, igidlik, fədakarlıq nümunələri göstərdilər. 20 Yanvar faciəsi xalqımızın milli-azadlıq hərəkatı tarixinin ən şərəfli səhifəsidir. Unudulmayacaq qan yaddaşına yazılan hüzn və qürur tarixidir. 20 Yanvar hadisələri xalqımızın müstəqillik əzmini qıra bimədi və Azərbaycanın müstəqillik qazanmasına mühüm zəmin yaratdı".
Anım tədbiri muzeyin tədqiqatçı-baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılovun "20 Yanvar hadisələrinə gedən yol" adlı çıxışı ilə davam etdi. Vahid İsmayılov çıxışında erməni millətçilərinin 1988-ci ilin əvvəllərindən başlayaraq, azərbaycanlıların öz ata-baba yurdundan didərgin salındığından, Qarabağda milli-münaqişənin alovlandırılmasından və Sumqayıt hadisələrindən geniş danışdı.
Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"