İkinci Qarabağ müharibəsi 30 ilə yaxın davam etmiş erməni işğalının sonunun başlanğıcı oldu. 1990-cı illərin əvvəllərində başlayan erməni təcavüzü Azərbaycanın 20 faiz torpaqlarının işğalı ilə nəticələnsə də, xalqımız və dövlətimiz düşmənin bu işğalçılığı ilə heç vaxt barışmadı. Ümummilli Lider Heydər Əliyev ikinci dəfə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra erməni işğalına son qoymaq üçün cəbhədə atəşkəsin əldə olunmasına nail oldu.
O zaman yenicə müstəqillik qazanmış dövlətimiz tam möhkəmlənməmişdi. Ölkənin ərazi bütövlüyünə qarşı Ermənistan silahlı qüvvələri daha da azğınlaşaraq dinc insanları qətlə yetirməkdən, onların evlərini yandırmaqdan belə çəkinmirdilər. Düşmənin bu təxribatlarının qarşısını almaq məqsədilə könüllülərdən ibarət özünümüdafiə taborları yaradılsa da, vahid komandanlıq altında idarə olunmadığı üçün onların döyüşdə qazandıqları üstünlüklər müvəqqəti olurdu. Ulu Öndər Heydər Əliyev cəbhədəki uğursuzluqların aradan qaldırılması üçün, ilk növbədə, atəşkəs rejiminə ehtiyac olduğunu və bu müddət ərzində könüllülərdən ibarət taborların buraxılaraq Müdafiə Nazirliyinin tabeliyinə verilməsini daha məqsədəuyğun hesab edirdi. Orduda əsaslı islahatlar aparılmaqla şəxsi heyətin döyüş hazırlığının artırılmasına da ciddi ehtiyac var idi. Atəşkəs dövründə ordumuzda kadr çatışmazlığı ilə bağlı ortaya çıxan problem də həll olundu. Ulu Öndər düşməni işğalçılıq siyasətindən əl çəkməyə, zəbt etdiyi torpaqların danışıqlar yolu ilə qaytarılması istiqamətində diplomatiyaya önəm verirdi.
Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev erməni işğalında olan torpaqlarımızı azad etmək üçün, ilk növbədə, ordumuzun döyüş qabiliyyətini daha da artırdı, müasir silahlarla təchiz etdi. Ermənilər cəbhə bölgəsində atəşkəsi dəfələrlə pozaraq yeni ərazilərimizi işğal etməyə cəhd etsələr də, ordumuz tərəfindən düşmən hücumunun qarşısı qətiyyətlə alındı. Ordumuz peşəkar hərbi qulluqçularımızın komandanlığı altında bölmələrin təmas xəttində ayıq-sayıq dayanaraq düşmənə qətiyyətli cavab verdi.
Gizir Göydəniz İbrahimov da peşəkar hərbçilərdəndir. O, Gəncə şəhərində anadan olub. 39 nömrəli tam orta məktəbi bitirib. Böyüyəndə hərbçi olmaq istəyib və bu gün arzusuna çatdığı üçün özünü xoşbəxt hiss edir. Göydənizlə xidmət yerində görüşüb həmsöhbət olduq. O, həm də İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. Keçdiyi döyüş yoluna gəlincə, Göydəniz dedi:
- Torpaqlarımızın 20 faizinin düşmən işğalında olması bir vətəndaş, gənc olaraq məni çox sıxırdı. Həmişə istəyirdim ki, torpaqlarımızın azad edilməsində iştirak edim. Elə də oldu, 27 sentyabr 2020-ci ildə düşmən yenə genişmiqyaslı təxribata əl atdı. Düşmən hücumunun qarşısı ordumuz tərəfindən qətiyyətlə alındı. Ali Baş Komandan cənab İlham Əliyev əks-hücum əmri ilə döyüşlərə ilk atılanlardan olmuşam. Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində uğurlu əməliyyatlarda iştirak etmişəm. Vətənimizin müdafiəsində, torpaqlarımızın azad edilməsində iştirak etdiyim üçün özümü qürurlu hiss edirəm. Atam da həmin vaxt döyüşlərdə olub.
Gizir Göydəniz Elnur oğlu İbrahimov döyüşlərdəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Göydəniz bundan sonra da Vətən qarşısında xidməti borcunu şərəflə, ləyaqətlə ödəyəcəyini dedi. Ona bu çətin, çətin olduğu qədər də şərəfli və məsuliyyətli xidmətində uğurlar diləyib sağollaşdıq.
Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"