Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Yanvar 2025 19:11

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: Beynəlxalq Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi dünya birliyinin ölkəmizə olan etimadının göstəricisidir

Suallar:
1. Beynəlxalq Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) nədir?

2. COP29 - yaşıl həyat, sülhə çağırış, iqtisadi güc və siyasi uğur.

Beynəlxalq Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) nədir

Beynəlxalq Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Braziliyanın paytaxtı Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) sözünün ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflər Konfransı İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasından irəli gələn tələblərin, tövsiyələrin icrasına nəzarət edən ali qərarverici orqandır və 198 üzv ölkədən ibarətdir. Bu tələblər əsasən qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər "0" - sıfır emissiyaya nail olmaqdır. COP-un (Tərəflər Konfransı) ilk tədbiri 1995-ci ildə Almaniyanın paytaxtı Berlində baş tutub və katibliyi Bonn şəhərində yerləşir.
Tərəflər Konfransının 1997-ci il dekabrın 11-də Yaponiyanın Kioto şəhərində Kioto protokolu qəbul edilib və protokol 2005-ci il fevralın 16-da qüvvəyə minib. Kioto protokolu qlobal istiləşməyə səbəb olan istixana qazlarının atmosferə tullantılarını məhdudlaşdırır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Kioto protokolu üzrə istilik effekti yaradan qazların azaldılmasına dair öhdəliklərin yerinə yetirilməsinin birinci mərhələsi (2008-2012-ci illər) başa çatdıqdan sonra 2012-ci ildə Dohada 18-ci Tərəflər Konfransında Kioto protokolunun ikinci mərhələsi üzrə Doha əlavəsi qəbul edilib. Həmçinin 2016-cı il aprelin 22-də Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Mənzil Qərargahında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris sazişinin imzalanma mərasimi keçirilib və bu sənədi 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri imzalayıblar. Konvensiyanın 12-ci maddəsinin 5-ci bəndinə uyğun olaraq tərəf ölkələr iqlim dəyişmələri sahəsində hazırkı milli şərait ilə bağlı müntəzəm olaraq Konvensiyanın katibliyinə atmosferə atılan istilik effekti yaradan qazların emissiya mənbələri, səviyyəsi və onların azaldılması istiqamətində görülən işlər barədə həm ölkə, həm də sektorlar üzrə hesabatlar təqdim edirlər.
COP-a sədrlik rotasiya əsasında BMT-nin 5 regionunun - Afrika, Asiya, Latın Amerikası, Karib Hövzəsi və Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər) ölkələrində keçir. Azərbaycanın təşkilatın sədrliyinə dair qərarı məhz Şərqi Avropa Qrupu ölkələrinin yekdil rəyi əsasında verilmişdir. COP-29-a ev sahibliyi Azərbaycanla yanaşı, Ermənistanla Bolqarıstan da namizədliklərini irəli sürmüş və hər iki dövlət 2023-cü ilin sonlarında (9 dekabr) Azərbaycanın xeyrinə öz namizədliyini geri götürmüşdür. 2023-cü il dekabrın 11-də Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş 28-ci konfransında (COP28) 195 ölkənin yekdil səs verməsi nəticəsində 2024-cü ildə COP29-a (Tərəflər Konfransı) Azərbaycanın ev sahibliyi etməsi qərarı verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 11-22 noyabr 2024-cü il tarixlərində ölkədə keçirilmiş COP29 tədbirinin prezidenti təyin edilmişdir.
Konfransın keçirilməsi üçün Azərbaycanın namizədliyinin dəstəklənməsi Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradənin, həm də ölkəmizin dünyadakı artan nüfuzunun əyani təzahürüdür.

COP29 - yaşıl həyat, sülhə çağırış, iqtisadi güc və siyasi uğur

Bu gün dünyada söz sahiblərindən birinə çevrilən ölkəmiz həm də təşkil etdiyi beynəlxalq tədbirlərin möhtəşəmliyi ilə diqqət çəkir. İstər tədbirlərin təşkili, istərsə də beynəlxalq tədbirlərdə iştirak baxımından olduqca mühüm məsələlərlə yadda qalır. Məhz sadalanan belə tədbirlərdən növbətisi 2024-cü ilin 11-22 noyabr tarixlərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsi idi. Bakı Olimpiya Stadionunda böyük uğurla keçirilmiş COP29 konfransı ölkəmizin bu günədək təşkil etdiyi ən nəhəng tədbir olmuşdur. Konfransda dünyanın bir çox ölkələrinin prezidentləri, dövlət başçıları, hökumət və parlament nümayəndələri və digər qonaqların iştirakı ilə 76 min iştirakçı qeydiyyatdan keçmişdir.
Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavab idi. COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən yaxşı hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmişdir.
Ölkəmizin ev sahibliyi etdiyi bu nüfuzlu BMT tədbiri, iqlim dəyişikliyi ilə mübarizədə qlobal həmrəyliyi və əməkdaşlığı gücləndirmək məqsədini daşıyır. COP29 konfransının Bakıda keçirilməsi, Azərbaycanın regionda və qlobal səviyyədə iqlim problemlərinin həllində aparıcı rol oynamağa hazır olduğuna dair Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi kursunun təsdiqidir. Bu diplomatik addım ölkəmizin dayanıqlı iqtisadi inkişafının, təmiz enerji istehsalının artırılmasının və ətraf mühitin qorunmasına yönəlmiş təşəbbüslərinin qlobal müstəvidə təqdimatına xidmət edir.
Noyabrın 12-də 80-dən artıq dövlət və hökumət başçısının iştirakı ilə keçirilmiş COP29 Liderlər Sammitinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycanın Şimal ilə Cənubun, Qərb ilə Şərqin qovuşduğu ölkə kimi müxtəlif beynəlxalq aktorlar arasında siyasət, mədəniyyət, enerji, ticarət və nəqliyyat körpüləri salmağa qadir olduğunu vurğulamışdır.
Həmçinin COP29 ərəfəsində də anti-Azərbaycan qüvvələrinin ölkəmizə qarşı böhtan və qarayaxma kampaniyası aparanların cılız cəhdlərinin nə qədər uğursuz olduğunu ifşa etmiş, bütün dünyanın Bakıya toplaşdığını vurğulayaraq, Azərbaycanın qlobal miqyasda nüfuzunu və qüdrətini bir daha nümayiş etdirmişdir.
Noyabrın 13-də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin COP29 çərçivəsində Sammitdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin kiçik ada dövlətlərinə birmənalı dəstəyini ifadə etmiş və bunun gələcəkdə də davam edəcəyini vurğulamışdır. Dövlətimizin başçısı neokolonializm və iqlim dəyişmələri barədə danışarkən Fransa və Niderlandın "dənizaşırı ərazilərində" iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalan və səsi susdurulan icmalarla həmrəyliyini ifadə etmişdir.
Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizədə həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələrlə əməkdaşlığı irəlilədərək, bu sahədə əhəmiyyətli bir vasitəçiyə çevrilmişdir. Bu cür təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunu artırır. Belə ki, Azərbaycan tədbirdə ambisiyalı Fəaliyyət Planını təqdim edib, bu isə maliyyə, insan kapitalı və sülh kimi sahələri əhatə edən 14 təşəbbüsü özündə ehtiva edir. Bakı iqlim platforması, həmçinin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin birgə iştirakı ilə enerji keçidi, karbon emissiyalarının azaldılması və ekoloji dayanıqlığın artırılmasına dair hədəflərin müzakirəsini mümkün etmişdir.
Konfransın ən vacib nailiyyəti inkişaf etməkdə olan ölkələrin COP29-dan əsas gözləntisi - "Yeni Kollektiv Kəmiyyət Hədəfi" üzrə konsensusun əldə olunmasıdır. Qərarda 2035-ci ilə qədər bütün dövlət və özəl mənbələrdən inkişaf etməkdə olan ölkələrə yönəldilən iqlim maliyyəsinin illik əsasda 1.3 trilyon ABŞ dollarına çatdırılması üçün çağırış edilmişdir. Bununla yanaşı, 2035-ci ilə qədər inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti ilə bağlı hər il ən azı 300 milyard ABŞ dolları məbləğində iqlim maliyyəsi razılaşdırılmışdır. Bu rəqəm 2009-cu ildə qeyd edilən məqsədə 100 milyard ABŞ dolları məbləğində müəyyən edilmiş iqlim maliyyəsindən 3 dəfə artıqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, ölkəmiz COP29 zamanı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaradılması, konsensusa nail olunması və COP29-un uğur hekayəsinə çevrilməsi üçün səylərini əsirgəməmişdir.
COP29-un digər uğuru Paris Sazişinin beynəlxalq karbon bazarlarına dair 6-cı maddəsinin tam işlək vəziyyətə gətirilməsidir. Vurğulanmalıdır ki, 10 il idi bu məsələ üzrə uğur əldə olunmurdu.
Digər qərarlar Bakı Adaptasiya Yol Xəritəsinin qəbul olunması, illik əsasda növbəti COP-larda Adaptasiya üzrə yüksək səviyyəli Bakı Dialoqunun keçirilməsinin razılaşdırılması, Texnologiya İmplementasiya Proqramının işə salınması, Yerli İcmalar və Köklü Xalqlar üzrə Platformanın 2025-2027-ci illər üzrə Bakı İş Planının təsdiq edilməsi və digər istiqamətlər üzrə önəmli məsələləri əhatə etmişdir.
COP29-un müəyyən olunmuş tematik günlərinə əsasən, COP29 Sədrliyi tərəfindən Azərbaycanın aidiyyəti dövlət qurumları və 250-dən çox xarici tərəfdaşın birgə təşkilatçılığı ilə 100-dən çox tədbir təşkil edilmişdir. Bununla yanaşı, Liderlər Sammiti çərçivəsində 35 yüksək səviyyəli tədbir, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi ilə əlaqədar isə daha 35 tədbir keçirilmişdir. Qeyd edilən tədbirlərdə 196 dövlətin, həmçinin 150-dən çox dövlətlərarası təşkilat və BMT qurumlarının, eləcə də 2000-dək qeyri-hökumət təşkilatlarının nümayəndəsi iştirak etmişdir.
Konfransda, həmçinin Azərbaycanın COP29 Atəşkəs Təşəbbüsü diqqət çəkir ki, bu da bütün ölkələri konfrans müddətində sülhə çağırır və qədim Olimpiya Oyunları ənənəsinə bənzər bir truce (atəşkəs) ideyasını vurğulayır. Ərazilərinin 30 ilə beynəlxalq hüquqa zidd olaraq işğal altında saxlanılan Azərbaycanın bu təşəbbüslə çıxış etməsi regionda da dayanıqlı sülh və sabitlikdə maraqlı olduğumuzu dünyaya bəyan edir.
COP29 bitdikdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev COP29-un ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcəyini vurğulayaraq demişdir: "Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək".
Bakı COP-u tarixi uğurlar və həllini gözləyən bir çox məsələ üzrə mühüm qərarlarla yadda qalmış, Azərbaycan öz mirasını qoymağa müvəffəq olmuşdur. COP29 zamanı 52 məsələ üzrə qərar qəbul edilmişdir.
Azərbaycan qlobal iqlim dəyişmələri ilə bağlı mühüm qərarların qəbul edilməsi üçün dünya ölkələrini səfərbər etməyə müvəffəq olaraq, bir daha öz liderliyini və genişmiqyaslı tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını nümayiş etdirmişdir. COP29-un yekununda konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür elan edilən qərarın yekdilliklə qəbul olunması bunun əyani göstəricisidir.
2020-ci ilin 27 sentyabrında Azərbaycan tarixi torpaqlarını düşmən işğalından azad etdi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror əməliyyatında isə ərazi bütövlüyünü, suverenliyini tam bərpa etməklə ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ölkəmizin evsahibliyi etməsi həm də Azərbaycanın qazandığı qələbənin beynəlxalq aləm tərəfindən bir daha tanınmasıdır. Bu gün hər birimiz əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətçilik amallarını, yüksək ideyalarını yaşatmaq və gələcək nəsillərə çatdırmaq, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə onun ətrafında sıx birləşərək, əlimizdən gələni əsirgəməməliyik.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi