Hər bir xalqın taleyində elə günlər var ki, həmin tarixlər qandan, göz yaşından və qəhrəmanlıqdan yoğrulub. 1990-cı ilin 20 Yanvar gecəsi də Azərbaycanın müasir tarixində məhz belə bir səhifədir. Bu, yalnız faciə deyil, həm də xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsini əbədiləşdirən, yenilməz iradəsini nümayiş etdirən bir qəhrəmanlıq salnaməsidir. Şəhidlərin qanı ilə suvarılan bu müqəddəs torpaq, azadlığın nə qədər əziz və müqəddəs olduğunu hər birimizə xatırladır. Heç şübhəsiz, həmin qanlı gecədə həyatlarını fəda edən qəhrəman övladlarımız xalqımızın şərəf və ləyaqət bayrağını ən uca zirvəyə qaldırdılar.
20 Yanvar bir tərəfdən böyük bir millətin sınmaz ruhunun, digər tərəfdən isə keçmiş imperiyanın cinayətkar mahiyyətinin simvoludur. Bu tarix həm qəlbləri parçalayan ağrı, həm də millətin gələcəyə doğru inamla atdığı addımın başlanğıcı oldu. O qanlı gecədə şəhidlərimizin həyatları şam kimi sönsə də, onların azadlıq məşəli bu günümüzü işıqlandırır.
35 il əvvəl 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixində həm böyük faciə, həm də qəhrəmanlıq nümunəsi kimi yaddaşımıza həkk olunub. Bu gün xalqımızın müstəqillik uğrunda yenilməz iradəsinin rəmzi olaraq qəbul edilir. Məhz həmin gün təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə baxmayaraq, xalqımız azadlıq əzmini itirmədi və haqq səsini daha ucadan bəyan etdi.
O gecə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçən yüzlərlə vətənpərvər övladımız şəhidlik zirvəsinə ucaldı. Bu faciə keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı qərəzli və ermənipərəst siyasətinin, eləcə də Azərbaycanın ozamankı rəhbərliyinin səriştəsizliyinin şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmalarının birbaşa nəticəsi idi.
Həmin gecə öz həyatını itirən Vətən övladlarımızın qanı bu torpağı müqəddəs etdi. Şəhidlərimiz Azərbaycan xalqının azadlıq uğrunda yenilməz iradəsinin rəmzi olaraq dünya tarixində öz layiqli yerini aldı.
Qanlı Yanvar gecəsinin qurbanlarından biri də şəhid Aslan Əlikram oğlu Ağaverdiyevdir. Qəhrəman şəhidimizin qızı, həmin qanlı gecənin canlı şahidi olan Azərbaycan Respublikasının əməkdar artisti, prezident mükafatçısı Məsməxanım Ağaverdiyeva keçirdiyi ağrılı xatirələrini bizimlə bölüşdü. Müsahibim həmin günü belə xatırlayır: "35 il keçməsinə baxmayaraq, mən hələ də o günü tam dəqiqliklə xatırlayıram və hər dəfə yanvarın 20-si yaxınlaşanda mənə elə gəlir ki, 47 yaşım yox, 12 yaşım var. 12 yaşında qorxulu hadisələrin şahidi olan həmin o balaca Məsməxanımam. Yanvarın 19-da atam evə gələndə üzündə narahatlıq vardı. Dedi ki, bu gecə nəsə olacaq. Həqiqətən də, saat 12-də böyük bir partlayış və ardınca güllə səsləri eşitdik. Atam paltosunu geyinib çölə çıxdı, biz isə həyəcan içində onu gözləməyə başladıq. O vaxtı biz Cəfər Cabbarlı küçəsində həyət evində qalırdıq. Səhərə qədər küçə qapısının ağzında dayanıb atamı gözlədik. Heç bir xəbər gəlmədi. Atam evə qayıtmadı. Babam bir neçə dəfə evdən çıxıb atamı axtardı. O, gördükləri barədə bizə heç nə demirdi, amma üzündən hər şey bəlli olurdu. Sonradan bildik ki, babam səhərə qədər küçədə meyitlərin içərisində atamı axtarıb, amma tapa bilməyib. Yanvarın 20-si səhər saatlarında evimizə zəng gəldi. Dedilər ki, atam ayağından yüngül yaralanıb və xəstəxanadadır. Anam ağlaya-ağlaya qohumlarımızla birgə tələsik xəstəxanaya getdi. Orada məlum oldu ki, atam qarın nahiyəsindən ağır güllə yarası alıb. Əməliyyat zamanı xəstəxananın işıqları kəsilmiş, lampalarla işıqlandırma aparılmışdı. Çoxlu qan itirmişdi və vəziyyəti ağır idi. Təəssüf ki, səhəri gün atam dünyasını dəyişdi".
Məsməxanımın sözlərinə görə atasının şəhidliyindən sonra ailələrinin həyatı tamamilə dəyişib. Maddi və mənəvi çətinliklər içində böyüyən üç bacı böyük iradə göstərərək təhsil alıb və həyatda dəyanətlə dayanmağa çalışıblar. Məsməxanım gənc yaşlarından işləməyə başlayaraq ailəsinə dəstək olub: "Atamın ölümündən sonra həyatımız tamam dəyişdi. Anam 36 yaşında dul qaldı, saçları ağardı. İki il qara geyindi. Evimizə qəribə bir sükut çökmüşdü. Heç kəs danışmaq istəmirdi. Sanki danışmaqdan qorxurduq. Düşünürdük ki, kimsə atamın adını çəkəcək, yaxud onunla bağlı bir xatirəsini danışacaq və bununla da hansısa ailə üzvümüzü incidəcəyik. Bizim uşaqlığımız olmadı. Psixoloji dəstək almadıq, amma bu çətinliyi içimizdə dəf etməyə çalışdıq. Məqsədimiz təhsil almaq, anamızın ümidlərini doğrultmaq idi".
Atalarının şən və həyatsevər xarakterini xatırlayan Məsməxanım onun yoxluğunun ailəyə gətirdiyi sükut və ağrını xüsusi olaraq vurğuladı: "Mənim atam çox mehriban, şən, zarafatcıl, həyat eşqi ilə dolu olan bir insan idi. Ailəvi dostlarımızla birgə tez-tez turlar təşkil edərək rayonlara gedirdik. Günlərlə meşədə çadırda qalırdıq, unudulmaz günlər keçirirdik. Bir sözlə, atam həyata bağlı, duyğu dolu bir insan idi. Onun ən sevdiyi bayram Yeni il idi. Atam şəhid olandan sonra neçə illər ərzində hər bayram süfrəsində atam üçün masaya bir boşqab qoyulurdu. Bu ənənə illərlə davam etdi".
Müsahibim müasir dövrdə şəhid ailələri üçün yaradılan şərait haqqında da danışdı: "Mən çox sevinirəm ki, bu gün şəhid ailələrinə böyük qayğı göstərilir. Xüsusilə şəhid övladlarının təhsili, sosial təminatı üçün geniş imkanlar yaradılır. Bizim dövrümüzdə belə imkanlar yox idi. Amma biz özümüz mübarizə apardıq. Həyat bizi məcbur etdi ki, tez böyüyək, məsuliyyətli olaq. Bu gün hər bir şəhid ailəsi bu dəstəyi hiss edir və bu, çox qürurvericidir. 20 Yanvar isə Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, eyni zamanda, bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, müstəqilliyə atılan ilk addım idi. 20 Yanvar müstəqillik tariximizin şərəf səhifəsidir. Bu tarixi əbədiyyətə qədər yaşatmaq vətəndaşlıq borcumuzdur".
Məsməxanım Ağaverdiyeva 44 günlük Vətən müharibəsində qazanılan qələbənin önəminə də toxunaraq qeyd etdi ki, Azərbaycan Ordusu öz adını tarixə qızıl hərflərlə yazan ordudur! "Ordumuz fəxrimiz, xilaskarımız, baş tacımızdır! Bu gün hər yerdə qürurla "MƏN QALİB ÖLKƏNİN VƏTƏNDAŞIYAM" deyə bilirəmsə, buna görə rəşadətli Azərbaycan Ordusuna və Ali Baş Komandanımız cənab İlham Əliyevə borcluyam!”
Eltun MƏMMƏDOV
"Azərbaycan Ordusu"