Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Yanvar 2025 19:11

20 Yanvar - hüzn və qürur tariximiz

Xalqımızın Qanlı Yanvar faciəsindən 35 il ötür. Düz 35 il öncə keçmiş sovet ordusunun 20 Yanvar günü, qanlı şənbə gecəsi xalqımıza qarşı həyata keçirdiyi hərbi təcavüz dünyada insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq, qan yaddaşımıza əbədi həkk olacaq.
Sovet ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ-nin müdafiə naziri Dmitri Yazovun rəhbərliyi altında qoşun hissələri müxtəlif istiqamətlərdən barrikadaları dağıdıb əliyalın əhaliyə ağır texnikadan və istifadəsi qadağan olunmuş müxtəlif tipli silahlardan atəş açaraq şəhərə daxil oldular. Bakıda yanvarın 20-si saat 00:00-da fövqəladə vəziyyət tətbiq edilməsi üzrə imzalanmış fərman səhər saat 05:30-da radio ilə elan olundu. Həmin vaxtadək 100-dən çox dinc sakin artıq qətlə yetirilmişdi. 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda həyata keçirdikləri qırğınlarda 147 nəfər öldürüldü, 744-dən çox adam yaralandı. Öldürülənlər arasında 5 millətin nümayəndəsi, həmçinin 20-dən çox qadın, uşaq var idi.
Yanvarın 20-də səhər hava işıqlanar-işıqlanmaz küçələrə axışan Bakı sakinləri indiki "20 Yanvar" dairəsində (onda həmin ərazi XI Qızıl Ordu meydanı adlanırdı) və ona yaxın küçələrdə dəhşətli mənzərələrlə qarşılaşdılar: tankların əzib keçdiyi cəsədlər, avtobuslar, yük və minik avtomobilləri, qar üzərindəki qan izləri... Xəstəxanalar yaralılarla dolu idi. Şəhərin mərkəzi küçə və meydanları tanklar və silahlı əsgərlər tərəfindən mühasirəyə alınmışdı...
Bəzi məlumatlara görə, hadisə ərəfəsində Bakıya və Bakı ətrafına sovet ordusunun və daxili qoşunların Azərbaycan xalqına nifrət ruhunda köklənmiş 65 min nəfərlik kontingenti yerləşdirilmişdi. Onların sırasında sovet ordusunda xidmət edən ermənilər də var idi.
Xalqımızın o ağır, faciəli günlərində yalnız Ülu Öndər Heydər Əliyev siyasi iradə nümayiş etdirərək, Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu qanlı cinayəti qətiyyətlə pisləyərək, bəyanatla çıxış etmişdi. Faciəni və qırğınları törədənlərin tez bir zamanda cəzalandırılması tələbini irəli sürmüşdü.
Həmin dövrdə Moskva şəhərində yaşayan keçmiş hərbi qulluqçu, bu gün Veteran Tankçılar İctimai Birliyinin sədri kimi fəaliyyət göstərən Hacı Məmmədağa oğlu Əzimov Bakıda baş verən o qanlı qırğınlarla bağlı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin atdığı cəsarətli addımlarından danışdı və kədərli xatirələrini bizimlə bölüşdü: "O dəhşətli günləri yenidən xatırlamaq çox ağrılıdır. Gözəl, tarixi qədim Bakımızda misli-bərabəri olmayan qəddarlıq törədildi. Bir neçə gün əvvəl Bakı ətrafında yerləşdirilmiş ordu birləşmələri beş istiqamətdən şəhərə soxuldu. Küçələrdə şütüyən tanklar və zirehli maşınlar qarşılarına çıxan avtomobilləri, insanları əzib keçir, əsgərlər heç kəsə aman vermirdilər. Bütün bu ağrılı səhnələri videosüjetlərdən dəfələrlə izləmişik. İnsanlığa sığmayan, misli-bərabəri olmayan qəddarlıqdır. 1990-cı il 20 Yanvar hadisələri baş verəndə SSRİ  Hərbi Prokurorluğunda xidmət edirdim. Eyni zamanda, demək olar ki, bütün üzvləri azərbaycanlılardan ibarət olan "Araz" cəmiyyətinin sədri idim. Soydaşlarımız "Qaya" cəmiyyəti də yaratmışdılar. Onun da sədri Zöhrab Şamxalov idi. Xalqımızın başına gətirilən 20 Yanvar faciəsi və heç bir xəbərdarlıq edilmədən Bakıya qoşun hissələrinin yeridilməsi ilə əlaqədar olaraq, Zöhrab Şamxalovla birlikdə indiki Azərbaycan səfirliyinə getdik (ozamankı Azərbaycan nümayəndəliyi). Gecə saat 2-də nümayəndəlikdə xidmət aparan milis nəfərlərini tərk-silah edib, bütün azərbaycanlıları nümayəndəliyin binasına topladıq. Səhərə qədər nümayəndəliyə minlərlə soydaşımız yığıldı. Həmin gün nümayəndəlikdə 20 Yanvar Komitəsi yaratdıq, komitənin sədri Zöhrab Şamxalov, mən isə onun müavini seçildim. Komitə üzvlüyünə 9 nəfər təyin olundu, onların sırasında Lalə Şövkət Hacıyeva, Xalq yazıçısı Mirzə İbrahimov, Çingiz Hüseynov, Azad Tağızadə və başqaları var idi. Mən orada təşkilati və təhlükəsizlik məsələlərinə cavabdeh idim. Moskvada yerləşən bütün səfirliklərə zəng edib, Bakıda baş verən qırğınlar haqqında doğru və düzgün informasiyaları onlara çatdırdıq. 20 Yanvar faciəsini əks etdirən video kassetlər təcili olaraq bizə çatdırıldı. Bu kassetlərin çoxaldılmasında və yayılmasında dünya şöhrətli müğənni, görkəmli sənətkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin əvəzsiz xidmətləri olub. Yanvarın 21-də Ulu Öndər Heydər Əliyevin bəyanatla çıxış edəcəyi bildirildi. Ümummilli Lider Heydər Əliyev Azərbaycan nümayəndəliyinin yerləşdiyi binaya gələndə bir qrup hüquq-mühafizə orqanlarının işçiləri onun içəri daxil olmasına mane olmaq istədilər.  Bu zaman önə keçərək təhlükəsizlik məsələlərinə cavabdeh şəxs kimi Ulu Öndər Heydər Əliyevi mən qarşıladım. Və onlar geri çəkilməyə məcbur oldular. Video sənəddə də bütün bunlar öz əksini tapıb. “Əvvəlcə Ulu Öndər Heydər Əliyevlə görüşürəm. Sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyev və Möhtərəm Prezident cənab İlham Əliyevlə birlikdə Azərbaycan nümayəndəliyinə daxil oluruq.... Sovet partiya rəhbərlərindən 20 Yanvar faciəsinə ilk siyasi qiymət verib bəyanatla çıxış edən məhz xalqımızın cəsarətli oğlu, Ümummilli Lideri Heydər Əliyev oldu".
Keçmiş hərbçi 35 il öncə baş vermiş və xalqımızın qan yaddaşına əbədi həkk olmuş faciəli hadisələrin tarixini elə ardıcıllıqla danışırdı ki, qırğınlar, o dəhşətli hadisələr sanki gözlərimiz önündə canlanırdı. "Xüsusi xidmət orqanlarında çalışan soydaşlarımız bizi xəbərdar edirdilər. Yanvarın 22-də Moskvada milli-azadlıq hərəkatında iştirak edən soydaşlarımızı, xüsusilə 20 Yanvar faciəsinin günahkarlarının cəzalandırılması barədə çağırışlar edən fəalları Lefortovo həbsxanasına apardılar... Səhərə yaxın bizi azad etdilər. Həmin günün səhərisi yenə nümayəndəliyə gəldik. Bizi yolumuzdan döndərməyə çalışan SSRİ rəhbərliyinin nümayəndələri buna nail ola bilmədilər. Biz Moskvada 20 Yanvar faciəsinin, Bakı qırğınlarının əsas günahkarları Qorbaçov, Bakatin və Yazov əleyhinə 30 minlik mitinq keçirməyə nail ola bildik. SSRİ Ali Sovetinin qarşısında, Lujnıkidə böyük bir mitinq keçirdik.Yanvarın 26-da SSRİ Ali Sovetinin deputatlarından bir qrupunu - Andrey Babuşkin, Kovolenko, Lev Ponomaryov və başqalarını, cəmi 15 nəfərdən ibarət nümayəndə heyətini mən Bakıya dəvət etdim. Elmlər Akademiyasının binasında onlarla Yusif Səmədoğlu və Tamerlan Qarayev görüşdülər. Moskvadan gələn deputat qrupu Bakıda müxtəlif görüşlər keçirdilər. Tam əmin oldular ki, doğrudan da, 20 Yanvar faciəsindən öncə və sonra  Bakıda milli münaqişə zəminində heç bir hadisə baş verməyib. Rusiyalı deputatların Bakı səfərindən  sonra "Komsomolskaya Pravda" qəzetində böyük və obyektiv bir məqalə dərc edildi. Bununla da Moskvanın azərbaycanlılara qarşı mənfi fikri 180 dərəcə dəyişdi. Bütün bu fəaliyyətlərimə görə məni hərbi xidmətdən uzaqlaşdırdılar. 20 Yanvar faciəsindən sonra ərizə yazdım ki, məni Kommunist Partiyasının sıralarından azad edin. Beləliklə, Kommunist Partiyasının sıralarından azad olundum və Bakıya - Vətənə qayıtdım. 20 Yanvar faciəsi xalqımızın qan yaddaşı - qürur tariximiz, xalqımızın milli-azadlıq hərəkatının qanla yazılan səhifəsidir. Bəli, bizi o qanlı şənbə gecəsindən 35 il zaman kəsiyi ayırır. Bu illər ərzində 20 Yanvar faciəsi unudulmadı. 20 Yanvar şəhidləri müstəqilliyimizin, azadlığımızın ilk qaranquşları oldular. 2020-ci ilin 27 sentyabrından başlayan 44 günlük Vətən müharibəsi ermənilərə, onların havadarlarına və bütün dünyaya göstərdi ki, Azərbaycan xalqının nə qədər mərd, cəsarətli və igid övladları var. Bu 44 günlük müharibədə xalqımız 200 illik bir ədalətsizliyə son qoydu. Bu gün üçrəngli bayrağımız azad edilmiş torpaqlarımızda qürurla dalğalanır. Tariximizin 34 ilə (18 oktyabr 1991-ci il) yaxın bir dövrünün səhifəsi şəhidlərimizin qanı ilə yazılıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin!".
Azərbaycan xalqının müstəqillik tarixində 20 Yanvar hadisələrinin əhəmiyyəti olduqca böyükdür. Hər bir tarixi hadisənin qiymətini zaman verir. 20 Yanvarın mənasını, tariximizdəki yerini və rolunu illər keçdikcə daha aydın dərk edirik. 1991-ci ildə Azərbaycan tarixinə müstəqillik sözü 20 Yanvar şəhidlərinin qanı ilə yazıldı. Vaxtilə Ulu Öndər Heydər Əliyev  bu barədə danışarkən deyirdi: "1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur".
Məhz Ulu Öndərin Azərbaycan rəhbərliyinə qayıdışından sonra 1994-cü ilin yanvar ayında Milli Məclisdə 20 Yanvar hadisələrinə siyasi qiymət verildi. Yanvar faciəsində qətlə yetirilənlərin, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həlli istiqamətində böyük tədbirlər həyata keçirildi. 2006-cı il yanvarın 19-da dövlət başçısının Fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin fədakarlığını, Vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək deyirdi: "Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş  insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt  yaddan çıxarılmamalıdır".
Ulu Öndər Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir sıra mühüm addımlar atdı, qərarlar qəbul etdi. Bu siyasəti davam etdirən Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2007-ci ildə Şəhidlər xiyabanı vahid kompleks kimi yenidən quruldu.
İllər keçdikcə bu  hadisəyə baxışlarımız da dəyişir. Azərbaycanın tarixi torpaqlarına iddia qaldıran nankor qonşularımız havadarlarının böyük dəstəyi, hərbi gücü ilə əliyalın xalqımıza qarşı elan olunmamış müharibəyə başladılar. Azərbaycan müstəqilliyinin ilk illərində 20 faiz torpaqlarını itirdi. Birinci Qarabağ savaşında respublikamızın ərazi bütövlüyü uğrunda xalqımız minlərlə qəhrəman oğlunu itirdi. Azərbaycanın dövlət müstəqilliyi gücləndikcə onun ordusu da gücləndi, daha da müasirləşdi. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü bütün dünyaya göstərdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz Zəfər qazandı. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.
Xalqımız azadlıq arzusuna qovuşdu. Bu gün hər birimiz müstəqil dövlətin vətəndaşı olmağımızla qürur duyuruq. Onda - 1990-cı ilin yanvarında müstəqillik bir xəyal, bir arzu idi. Şəhidlərimizin axan qanı, xalqın verdiyi qurbanlar hədər getmədi, xəyal və arzularımız dönüb gerçək oldu.
Şəhidlər xiyabanı Azərbaycan xalqının 35 il əvvəl düçar olduğu böyük faciə ilə yanaşı, yenilməz iradəsindən xəbər verir. Özündə ümummilli kədər və iztirabın nişanələrini yaşatmaqla bərabər, mübarizlik rəmzinə çevrilib.

Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"