Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Yanvar 2025 19:11

2024-cü ildə Azərbaycan Ordusunun qüdrəti daha da artdı

Artıq 2024-cü təqvim ilini geridə qoyduq. Şübhəsiz ki, bu ilin ən yaddaqalan hadisələrindən birincisi prezident seçkiləri oldu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ümumxalq səsverməsində inamlı qələbə qazandı. Bu qələbə öz liderinə, sərkərdəsinə göstərilən sevginin, etimadın növbəti nümayişi oldu.
Bu il ölkə olaraq, dünyada baş verən qeyri-nizami hadisələrin fonunda öz inkişaf strategiyamızı uğurla davam etdirdik. İşğaldan azad olunmuş torpaqlarımızda sürətlə aparılan bərpa-quruculuq işləri və soydaşlarımızı öz doğma yurdlarına qaytaran Böyük Qayıdış proqramı hər birimizin qəlbini riqqətə gətirir. Ən mühümü isə artıq şəhid xəbərinin gəlməməsidir ki, bu da xalqımızı mənəvi cəhətdən sarsılmaz edir. Həmçinin dövlət başçımızın diqqətdə saxladığı əsas istiqamətlərdən biri də şəhid ailələri və döyüşlərdə yaralananlara qayğının təmin edilməsi məqsədilə onların sosial rifahının daha da yaxşılaşdırılmasıdır. Təbii ki, ordu quruculuğu sahəsində aparılan islahatlar, düzgün qurulmuş və qarşılıqlı inam əsasında inkişaf etdirilən diplomatik münasibətlər, regionda sülhün bərqərar edilməsi və davamlı olması bu gün dövlət rəhbərliyinin gündəliyində duran əsas məsələlərdəndir ki, bu məsələlər 2025-ci ildə də prioritet olaraq qalacaq. Bu məqaləmizdə 2024-cü il ərzində ordu sahəsində yaddaqalan hadisələrə nəzər salacağıq.


Ötən il hansı hadisələr Azərbaycan Ordusu üçün yaddaqalan oldu?


Aprelin 26-sı Ağdam rayonu ərazisində yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanması ilə yadda qaldı. Belə ki, İkinci Qarabağ müharibəsindən sonra iki tərəf arasında atəşkəs vəziyyətinə nəzarəti təmin etmək və pozuntuların qarşısını almaq məqsədilə yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimində çıxış edən Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev mərkəzdə fəaliyyət göstərən şəxsi heyətə təşəkkürünü bildirdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Birgə Monitorinq Mərkəzinin vəzifəsinin həmin tarixdən tamamlandığı vurğulandı. Məlumat üçün qeyd edək ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 2021-ci il yanvarın 30-da Ağdam şəhərində yaradılmışdı, mərkəzdə hər iki tərəfdən 60 hərbçi olmaqla, ümumilikdə 120 nəfər xidmət edirdi.
Mayın 15-də Xocalıda Rusiya Federasiyasının sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş mərasim keçirildi. Mərasimdə Qarabağ bölgəsində öz fəaliyyətini vaxtından əvvəl başa vurmuş rus sülhməramlıları arasında yüksək nəticə göstərmiş hərbçilər təltif olundular. Rəsmi qonaqlar arasında hədiyyə mübadiləsi aparıldı. Məlumat üçün qeyd edək ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanata əsasən müvəqqəti olaraq yerləşdirilən sülhməramlı kontingentin vaxtından əvvəl çıxarılması barədə qərar iki ölkənin rəhbərliyi arasında qəbul olunmuşdu.
İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə İtaliya Respublikasının "Leonardo" şirkətinin istehsalı olan "C-27J Spartan" tipli hərbi nəqliyyat təyyarəsi təqdim olundu. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident İlham Əliyevə raport verdikdən sonra təyyarənin taktiki-texniki xüsusiyyətləri, istismarı və digər zəruri göstəriciləri barədə məlumat verildi. Qeyd olundu ki, "C-27J Spartan" tipli təyyarənin hərbi nəqliyyat, paraşütçülərin atlaması, hərbi yüklərin daşınması, atılması və s. fəaliyyətlərdə istifadəsi mümkündür.
2024-cü ilin növbəti yaddaqalan hadisəsi sentyabrın 25-i tarixinə təsadüf etdi. Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngülçəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block III) təyyarələri təqdim olundu. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov dövlətimizin başçısı İlham Əliyevə raport verdi. Müdafiə naziri və Pakistan Aviasiya Kompleksinin sədri vitse-marşal Hakim Raza Azərbaycan Respublikasının Prezidentinə təyyarələrin taktiki-texniki xüsusiyyətləri, istismar qaydaları və digər zəruri məlumatları verdilər. Ordumuzun arsenalına daxil edilən JF-17C (Block III) təyyarələri hava-hava və hava-yer döyüş qabiliyyətinə, eləcə də orta və aşağı hündürlüklərdə yüksək döyüş manevrinə və effektiv atəş gücünə malik olduğuna görə seçilir.


Ordu quruculuğunda hərbi əməkdaşlığın əhəmiyyəti


Azərbaycan Ordusunun hərbi əməkdaşlığında Türkiyənin yeri danılmazdır. Əbəs yerə deyil ki, təkcə 2024-cü ildə Türkiyə və Azərbaycanın istər rəhbərliyi, istərsə də ekspertləri arasında keçirilən görüşlərin sayı 20-dən çox olub. Qarşılıqlı qardaşlıq və yüksək etimad əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri bu gün dövrünün ən çiçəklənən anlarını yaşamaqdadır. Hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində dünyanın aparıcı ordularından biri olan qardaş Türkiyə modelinin Azərbaycan Ordusuna inteqrasiyası bu gün uğurla tətbiq olunur. Həmçinin müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Baş direktor Aqil Qurbanov və nazirliyin digər rəhbər heyəti əməkdaşlıq planına əsasən bir neçə görüş keçirdilər və dünyanın müxtəlif ölkələrində rəsmi səfərlərdə oldular. Qardaş Türkiyədən sonra Pakistan İslam Respublikası və İtaliya Respublikası ilə qarşılıqlı görüşlər və ziyarətlər keçirildi. Bundan başqa, 2024-cü ildə Müdafiə Nazirliyinin rəhbərliyi ilə Slovakiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Serbiya, Çin, Rusiya, Qətər, Belarus, İordaniya və NATO-nun ordu rəhbərliyi arasında bir sıra görüşlər baş tutdu. Təbii ki, keçirilən görüşlər hərbi potensialımızın güclənməsi, ölkəmizin döyüşaparma və özünümüdafiə qabiliyyətinin yüksəldilməsi üçün vacibdir.


Döyüş hazırlığı səviyyəinin artırılmasında beynəlxalq təlimlərin rolu


Bu gün Azərbaycan Ordusunun adı bütün dünyaya məlumdur. Son illər ərzində uğurlu və spesifik döyüş əməliyyatları ilə dövrün döyüşaparma üsul və vasitələrini müasir zamanın hərbi dərsliklərinə salmağı bacarmış şanlı ordumuz bu gün də özünü təkmilləşdirmə istiqamətində vacib addımlar atır. Təsdiq olunmuş 2024-cü il üçün döyüş hazırlığı planına əsasən təşkil olunan tədris dövründə müxtəlif qoşun növlərində, birlik və birləşmələrdə, xüsusi təyinatlı təhsil müəssisələrində döyüş hazırlığının artırılması istiqamətində fəaliyyətlər planı icra olundu. 2024-cü ilin əvvəlində Azərbaycan Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin iştirakı ilə "Xəzər Səması-2024" birgə taktiki təlimi keçirildi. Təlimdə Xəzər dənizinin səma hüdudlarında müdafiə və mühafizə işinin təşkili istiqamətində fəaliyyətlər icra olundu. May ayında Türkiyədə 17 ölkədən 52 nümayəndənin iştirak etdiyi "Kurtaran-2024" sualtı axtarış və xilasetmə təlimində də Azərbaycan Ordusunun hərbi qulluqçuları iştirak etdilər. "EFES-2024" çoxmillətli beynəlxalq təlimində də iştirak edən hərbi qulluqçularımız 49 ölkədən dəvət edilən 1567 nümayəndənin tərkibində yer aldılar. Hər il olduğu kimi, qardaş Türkiyədə keçirilən "Anadolu Ankası-2024" beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edən hərbçilərimiz qarşıya qoyulan tapşırıqların öhdəsindən gəlməyi bacardılar.
İyun ayında keçirilən "Qafqaz Qartalı-2024" təlimi Azərbaycan, Türkiyə, Gürcüstan hərbi qulluqçularının peşəkarlığı ilə yaddaşlarda qaldı. İyul ayında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan hərbçilərinin iştirakı ilə "Birləşdik-2024" əməliyyat-taktiki komanda-qərargah təlimi baş tutdu. Sentyabr ayında xüsusi təyinatlılarımız Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistandan olan həmkarları ilə birlikdə "Sonsuz Qardaşlıq-III" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələrin təlimində iştirak etdilər. Qonşu Gürcüstanda "Eternity-2024" kompüter dəstəkli komanda-qərargah təlimi keçirildi. Bu təlimin keçirilməsində əsas məqsəd Gürcüstan, Azərbaycan və Türkiyənin hərbi qulluqçuları arasında qarşılıqlı uzlaşmanın təmin edilməsi ilə peşəkarlığın daha da artırılması idi.
Bu il cənub qonşumuz olan İranla birlikdə də bir neçə təlimdə iştirak etdik. Belə ki, noyabr ayında "AZİREX-2024" birgə taktiki təlimində həm Azərbaycan, həm də İran Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti qarşılıqlı təcrübə mübadiləsi həyata keçirdilər. "Araz-2024" birgə taktiki təlimində Azərbaycan Ordusunun Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlıları iştirak etdilər. Hərbçilərimizin peşəkarlığı təlim rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi, fərqlənən hərbi qulluqçular təltif olundular. "SAT-SAS-2024" birgə təlimində Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələrinin sualtı hücum və sualtı müdafiə bölmələrinin şəxsi heyəti iştirak edərək, yüksək bilik və bacarıq nümayiş etdirdilər.


Azərbaycan Ordusunun dövrün tələblərinə uyğunlaşmasında hərbi təhsilin əhəmiyyəti


Postmüharibə dövründə Azərbaycan Ordusunun dövrün tələblərinə uyğun qurulması ilə ölkəmizin özünümüdafiə qabiliyyətinin yüksəldilməsi, təcrübəli hərbi kadrların yetişdirilməsi və ordumuzun təcrübə zənginliyinin artırılması məqsədi daşıyan fəaliyyətlərə imza atılır. Ordu quruculuğu sahəsində görülən işlərin əsasında hərbi təhsil mühüm yer tutur. Hərbi təhsil sahəsində aparılan işlərdən danışarkən mütləq qeyd etməliyik ki, Milli Müdafiə Universiteti və onun tərkibindəki Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey və Hərbi kolleclərdə tədris olunan dərslər sayəsində hərbi qulluqçular öz ixtisasına, rütbə və vəzifələrinə uyğun olaraq, dünyanın aparıcı ordularının hərbi təhsil sistemindəki qabaqcıl təcrübələri öyrənirlər. Hərbi təhsil sahəsində fərqlənən ölkələrin adı çəkilən sahə üzrə ekspertlərinin ölkəmizə gəlişi və bizim təhsil üzrə professor və müəllim heyətinin xarici ölkələrə səfəri zamanı hərbi təhsil mexanizminin müasir üsul və vasitələri öyrənilir, öyrənilənlər bu gün ordumuzda uğurla tətbiq olunur.



Dövrün tələbləri çərçivəsində qurulan maddi-texniki təminat və təchizat


2024-cü ildə Azərbaycan Ordusunda kəmiyyət və keyfiyyət tərəzisinin tarazlaşdırılması, müasir dövrün döyüşaparma və özünümüdafiə üsul və vasitələrinin öyrənilməsi məqsədilə hərbi təchizat və təminat vasitələrinin modern tələblər çərçivəsində qurulması zəruri idi. Belə olan təqdirdə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, həm ölkəmizin müdafiə sənayesi inkişaf etdirilir, həm də dünyanın aparıcı müdafiə sənayesinə malik ölkələri ilə qurulmuş qarşılıqlı səmərəli əməkdaşlıqlar nəticəsində ölkəmizin qüdrəti daha da artırılır. Təbiidir ki, hərbi inventarımızda qardaş Türkiyənin istehsal etdiyi məhsullar daha çoxdur. Bu da əbəs yerə deyil. Təməli qarşılıqlı etimada, əsası regionda sülhü bərqərar etməyə yönəlmiş Azərbaycan-Türkiyə əlaqələri bundan sonra da dosta güvən, düşmənə qorxu verəcəkdir. Məlumdur ki, 2024-cü ilin sentyabrında ölkəmizin ev sahibliyi etdiyi "ADEX-2024" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian" 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinə də maraq çox böyük idi. Bu sərgi dost və müttəfiq ölkələrin tanınmış hərbi sənaye müəssisələri və aparıcı xarici şirkətlər arasında işgüzar əlaqələrin yaradılmasında mühüm rola malik oldu. Bir sözlə, dünyanın aparıcı ordularına malik ölkələri ilə qurulan və inkişaf etdirilən əməkdaşlıqlar nəticəsində arsenalımız müasir texnika və hərbi vasitələrlə zənginləşdirilir, yeni müqavilələr imzalanır, ordumuz gücləndirilir. Ordumuz güclənirsə, ölkəmiz də hərbi cəhətdən qüdrətlənir.
Güclü dövləti şərtləndirən amil onun ordusunun gücüdür. Son bir neçə ildə Azərbaycan Ordusunun yazdığı şanlı hərb tarixi onun gücünün göstəricisi oldu. Regionda və dünyada baş verən xaotik hadisələrin fonunda regionun aparıcı söz sahibi olan ölkəmizə qarşı hər hansı təhdid, revanşist, ultimatum hallarının baş verməməsi üçün ordu quruculuğumuzun düzgün aparılması ən vacib faktora çevrilir. Ermənistanın sülh müqaviləsini ləngitməsi, erməni xalqı arasında bəzi kütlələrin revanşist çağırışlar etməsi, öz havadarları tərəfindən maliyyələşdirilərək yeni silahlar alması onun son illərdəki rəzil məğlubiyyətlərdən nəticə çıxarmadığının göstəricisidir.
Ordumuz hər keçən gün daha da güclənir. Son əsrin ən parlaq qələbəsi ilə tarixə adını əbədi həkk etdirən Azərbaycan Ordusu bundan sonra da regionun şəksiz lideri, dünyanın aparıcı ordularından biri olaraq qalacaqdır. 2025-ci ildə uğurların daha da çox olsun, Azərbaycan Ordusu!

Fuad CƏFƏROV

"Azərbaycan Ordusu"