Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "Şəhidlər ölməz, Vətən bölünməz" adlı tədbirlər silsiləsindən şəhid mayor Ramil Ağayevin doğum günü qeyd olundu. Anım tədbirində Müdafiə Nazirliyinin hərbi qulluqçuları, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin Şəhid ailələri və qadınlarla iş sektorunun əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, kursant və döyüş yoldaşları, bir qrup şəhid ailəsi, veteranlar, ictimaiyyətin nümayəndələri və başqa qonaqlar iştirak etdilər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra Azərbaycan Ordusunun şəhid mayoru Ramil Ağayevin şərəfli döyüş və ömür yolundan bəhs edən sənədli film tədbir iştirakçılarına nümayiş olundu.
Qeyd edək ki, Ağayev Ramil Mərdan oğlu 20 dekabr 1984-cü ildə Lerik rayonunda anadan olub. Ürəkdən bağlandığı hərb sənətinin yollarında qürurla addımlayıb. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Füzulinin, Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə mayor Ramil Ağayev igidlik, rəşadət göstərib. 8 oktyabrda şəhidlik məqamına yüksəlib. Doğulduğu Lerik rayonunda torpağa tapşırılıb. Bu ucalığa yüksələnlərin ömür yolu qısa olsa da, şərəfli və örnək sayılır. Belə şərəfli ömür sahiblərindəndir Ramil də. Yaşasaydı, bu gün qırx yaşını doğmalarını, dostlarını ətrafına toplayıb qeyd edəcəkdi. Onun iki qız övladı - Aysu və Zəhra Vətənimizə, xalqımıza əmanət qalıb. Şəhidlər ölmür, onlar xalqımızın qürur tarixində əbədi yaşayanlardır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə mayor Ramil Ağayev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeninə, "İgidliyə görə", "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" medallarına layiq görülüb. Sumqayıt şəhərində küçələrdən birinə şəhid mayor Ramil Ağayevin adı verilib.
Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin Şəhid ailələri və qadınlarla iş sektorunun müdiri dövlət qulluqçusu Zümrüd Səmədova çıxışında şəhid analarına və həyat yoldaşlarına müraciət edərək vurğuladı ki, siz həmişə başınızı uca tutun, fəxr edin ki, sizin övladlarınızın, həyat yoldaşlarınızın fədakarlıqları sayəsində 30 illik işğala son qoyulub, torpaqlarımız erməni işğalçılarından azad olunub. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə üçrəngli dövlət bayrağımız əzəmətlə dalğalanır. Ramil kimi Vətənimizin igid, cəsur oğulları düşmənə göz dağı oldular, qısa, lakin şərəfli bir ömür yaşadılar. Onların bu ömrü və döyüş yolu gələcək nəsillərə nümunədir.
Anım mərasimi şəhidin qızları Aysu və Zəhranın çıxışları ilə davam etdi. Onlar şəhid övladı adı ilə qürur duyduqlarını, fəxrlə bu adı daşıdıqlarını dedilər. Aysu atası ilə bağlı xatirələrini danışıb kövrəldi. Zəhra atasına həsr etdiyi şeiri söylədi.
Çıxış edənlər ehtiyatda olan polkovnik Hikmət Ağayev, iki şəhid atası Elman Məmmədov, əməkdar jurnalist İdris Şükürlü, Səngər TV-nin rəhbəri Aqil Alışov 44 günlük Vətən müharibəsi zamanı mərdlik, qəhrəmanlıq göstərən oğulların vətənpərvərliyindən, peşəkarlıqlarından və bu igidlərin illərlə o anın həsrətini çəkdiyini dedilər. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ilə şəhidlərimizin qisasının alındığını və bununla da düşmənin tamamilə ərazilərimizdən qovulduğunu qeyd etdilər. Vətən uğrunda canından keçən oğullarımızın təbliğ edilməsi və onların fədakarlıqlarını gələcək nəsillərə çatdırmaq üçün belə anım tədbirlərinin mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğuladılar.
Daha sonra şəhid zabitin anası Şərafət Ağayeva çıxış edərək, göstərilən yüksək diqqət və qayğıya, övladının adının daima uca tutulmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirdi.
Sonda H.Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs ansamblının solistlərinin təqdimatında vətənpərvərliyi, Böyük Zəfərimizi tərənnüm edən musiqilər səsləndirildi.
Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"
* * *
İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı. Dövlət də, xalq da döyüşlərdə şəhid olanların xatirəsini həmişə ehtiramla yad edir. Şəhid hərbi qulluqçuların anım tədbirləri də bu ehtiramın təzahürüdür. Belə bir anım tədbiri Şəmkirdə keçirildi. Şəhid Nurlan Həsənovun xatirəsi anıldı. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə Nurlan Həsənovun Vətənimizə, xalqımıza məhəbbət ruhunda formalaşdığı, dövlətimizə sədaqətli gənc kimi böyüdüyü bildirildi. Qeyd olundu ki, Nurlan hələ uşaqlıq illərindən hərbçi peşəsinə böyük maraq göstərib. Dahi şairimiz Məhəmməd Füzulinin adını daşıyan orta məktəbdə təhsil alıb. Mədəni-kütləvi tədbirlərdə fəal iştirak edib. Ordu sıralarında xidmət edən atası Eldar Həsənovun xatirələrini, söhbətlərini həmişə diqqətlə dinləyib. Atası sabiq SSRİ silahlı qüvvələrində xidmətdə olub, milli ordumuz yaranan kimi xidmətini öz ordumuzda davam etdirib. Vətən torpaqlarının müdafiəsində yaxından iştirak edib. Həmişə Nurlana keçdiyi döyüş yolundan, xidmətindən danışıb. Nurlan da atası kimi Vətənə, xalqa sədaqətlə xidmət edəcəyini bildirib.
Orta məktəb illərində idmana böyük maraq göstərib. Əlbəyaxa döyüş növü üzrə keçirilən yarışlarda həmişə fərqlənib. Rayon və respublika miqyaslı yarışlarda mükafata layiq yerlər tutub, medallara, fəxri fərmanlara layiq görülüb.
2001-ci ilin yanvarında hərbi xidmətə çağırılıb, "N" hərbi hissəsində təlim keçdiyi müddətdə vətənsevər əsgər kimi tanınıb. Atıcı silahlardan məharətlə istifadə qaydalarına yiyələnib. Xidmətini ön xətdə yerləşən hərbi hissədə davam etdirib. Vətənin sadiq müdafiəçisi kimi döyüş tapşırıqlarını məsuliyyətlə yerinə yetirib, komandirlərin etimadını doğruldub. Xidmət zamanı təxribat törədən düşmənə qarşı igidliklə döyüşən Nurlan Həsənov torpaqlarımızın müdafiəsi zamanı şəhid olub. Şəmkirdə Şəhidlər xiyabanında dəfn olunub. Onun xatirəsi heç vaxt unudulmayacaq.
Anım tədbirində "Azərbaycan Bayrağı" ordenli XTQ-nin kapitanı şəhid Ruslan Qəhrəmanovun atası, Qarabağ müharibəsi əlili Mehman Qəhrəmanov Vətən müharibəsində xalqla ordunun birliyinin yenilməzliyindən, həmrəyliyindən və Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharətindən danışdılar. Digər çıxış edənlər dövlət rəhbərliyinə şəhid ailələrinə və döyüşlərdə yaralananlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə etdilər.
Tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət edərək şəhid məzarlarına güllər düzərək onların xatirəsini bir daha yad etdilər.
Mübariz MUSAYEV
"Azərbaycan Ordusu"