Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Dekabr 2024 18:20

“Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi bu işğalla heç vaxt barışmırdı”

Çağırışçılar hərbi xidmətə çağırılır, onlara ilkin hərbi biliklər aşılanır. Onlar Hərbi Nizamnamələrin tələblərini öyrənir, öyrəndikləri təlimlərdə möhkəmlənirlər. Əsgər öyrəndikcə püxtələşir. Bilir ki, öyrənmək onun vəzifə borcudur, bu borc Vətən üçündür. Davamçıları olduqları əsgərlər İkinci Qarabağ müharibəsində düşmənin “möhkəmləndirdiyi” sədləri dağıtmışdılar, ilkin qələbələr qazanmışdılar. Döyüşə-döyüşə Böyük Qələbəyə yaxınlaşmışdılar. Komandanlıq tərəfindən Şuşaya aparan meşə cığırlarını hərbi texnikaların keçə biləcəyi yola çevirmək haqqında qərar qəbul edildi. Böyük Tağlar kəndindən Çanaqçı, Sığnax kəndlərinə, Şuşaya yol çəkildi. Qısa müddətdə buldozerlərlə, bəzi yerlərdə əl ilə; Şuşa uğrunda döyüşlər ərəfəsində Azərbaycan Ordusu meşə cığırlarını yol elədi. Xüsusi təyinatlılar dağların çıxıntılarını nərdivana döndərərək şəhərə yaxınlaşmışdılar. Noyabrın 8-də Şuşa işğaldan azad edildi...
İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə tamamlandı, bu Zəfəri yaşadan Zəfər Parkı yaradıldı...
Bu günün əsgərləri onların mənəvi davamçılarıdır. Nümunəvi xidməti ilə, hərbi bilikləri mükəmməl öyrənməsi ilə, hərbi məsuliyyəti ilə, yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olması ilə, ... Onlar da Hərbi Andı hərbi xidmətə, hərbi xidməti Vətənə sədaqət bilirlər...
Azərbaycan Ordusu işğalı sonlandırdı, üçtərəfli Bəyanat Azərbaycanın qalibiyyət, Ermənistanın məğlubiyyət sənədi oldu. Bu tarixi Zəfər Azərbaycan Ordusunun qüdrəti kimi tarixləşdi. Bu Zəfər dünyanın nizamını dəyişdi. 30 ilə yaxın çəkən işğalı davam etdirməyə işğalçı dövlətin də, onun havadarlarının da gücü çatmadı. Bu Zəfər Azərbaycan dövlətçiliyində qürurlu mərhələ oldu, yaşadılmalı tarixi mərhələ kimi hər bir azərbaycanlının qürur haləsinə döndü. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vətən müharibəsində tarixləşən qəhrəmanlıqların, qazanılan Zəfərin tarixləşməsi, tarixin yaddaşına həkk olunması, Azərbaycan Ordusunun bu möhtəşəm Qələbəsinin örnəkləşməsi, bu müharibədə şəhidliyin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün 2020-ci il dekabrın 3-də Zəfər parkının yaradılması haqqında Sərəncam imzaladı. Ruhumuzun parkı yaradıldı. İctimaiyyət bu parkın mahiyyətini azərbaycançılıq işığı kimi ömürlərinə hopdurur.
"N" hərbi hissəsində "Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi bu işğalla heç vaxt barışmırdı" mövzusunda keçirilən disputda leytenant Orxan Hüseynquliyev bunlar haqqında danışmışdı. Zəfər ərəfəsində Zəfər naminə görülən tədbirlərdən, Zəfərdən sonra Zəfərin qürurundan söz açır. Azərbaycanın ədalətli müharibəsinin qüruru yenidən yaşanılır. Əsgərlərin baxışları deyir ki, bu qürur əbədiyyən yaşadılacaqdır...
Zəfər parkından danışmaq Zəfərdən danışmaqdır; əsgərlər Vətən müharibəsindən danışır, mənəvi davamçıları olduqları əsgərlərin döyüşlərindən, 2020-ci ilin 27 sentyabrına kimi xalqın gözlədiyi döyüşlərin qürurunu yenidən yaşatdığına görə, Azərbaycan əsgərinin düşmənin mühəndis-istehkam sədlərini dağıtdığına görə, Vətən müharibəsində Azərbaycan əsgərinin döyüş əzminin, qələbə ruhunun tarixi olduğuna görə, ... Zəfəri bunca ehtiramla yaşatdığına görə Zəfər parkından böyük sevgilərlə danışırlar...
- Yeddinci sinifdə oxuyurduq. Döyüşə səfərbərliyə çağırılmayanların da, tələbələrin də, yuxarı sinif şagirdlərinin də ruhən döyüşənlərin sırasında olduqlarını biz də duyurduq. Onu da görürdük ki, xalq orduya inanır, ordu xalqa güvənir. Döyüşlərə aparan yolların kənarında hərbi maşınları, hərbçiləri döyüşlərə aparan maşınları uşaqlar, yeniyetmələr, analar uğurlayırlar. 1941-1945-ci illərin Böyük Vətən müharibəsində xalqın müharibəyə yardımları aylar, illər sonra başlamışdı, Vətən müharibəsində - müharibənin səhərisi günündən başladı. Müharibə xalqın müharibəsi idi, - əsgər Amil Usubzadə belə deyir.
Əsgər Ramin Baxşıyev İkinci Qarabağ müharibəsində döyüşçülərin qələbə ruhundan danışır:
- Komandirimiz İkinci Qarabağ müharibəsi iştirakçısıdı. Onun döyüş təəssüratlarını, söhbətlərini müharibə tarixinin kiçicik bir zərrəsi bilirik, bəzi təəssüratlar döyüşlərin necə getdiyi, mövqe qələbələrinin necə qazanıldığı, qəhrəmanlıqlar, qəhrəmanlar haqqında bildiklərimizi genişləndirir. Yəni, müharibənin gerçəklikləri bizim də düşüncələrimizə hopur. Bu düşüncələr bizi də Zəfər parkına yönləndirir. Həm bir hərbçi kimi, həm də bir vətəndaş kimi. Tərxis edildikdən sonra Zəfər parkına getməyə biz də qərarlaşmışıq.
 Komandirimiz Şuşa uğrunda gedən döyüşlərdən də danışmışdı. Döyüşçülərimizin Şuşanın yalçın dağlarını aşaraq Şuşaya necə yaxınlaşdıqlarını da demişdi. Zəfər Parkında eksponatlara, guşələrə baxanda o döyüşləri, o döyüşçüləri də ehtiramla xatırlayacağıq, - əsgər Ramin Baxşıyev əsgər yoldaşının fikirlərini belə tamamlayır.
Əsgər Məmməd Bədəlli maraqlı bir məqamdan söz açır:
- Əmimin tanıdığı ehtiyatda olan zabit Füzuli Rzaquliyev Birinci Qarabağ müharibəsi iştirakçısıdı. İkinci Qarabağ müharibəsində döyüşlərə təkidlə könüllü gedib. Oğlu ilə bir taborda döyüşüb. Ata nəfəsi oğulu isidib, oğul nəfəsi atanı, hər ikisini Vətənə sevgi. Zəfər parkına döyüşçü ata ilə döyüşçü oğulun bərabər getdiklərinə də əminəm.
Əsgərin bu gözəl əminliyi əsgərlərin düşüncələrində bir kükrəyiş yaradır. Bu kükrəyiş tarixi Zəfərə ad olan kükrəyişdi, Zəfər parkına ad olan qürura görədi.
Əsgər Bəxtiyar Sadıqov əsgər yoldaşının sözünə qüvvət kimi deyir ki, İkinci Qarabağ müharibəsində bir-birini tanımayanlar da doğmalaşmışdılar. Bu doğmalaşmanı Vətən sevgisi yaratmışdı. Tacirlə Nazir Ağdamın Çullu kəndində anadan olmuşdular. Eyni ildə, eyni ayda, eyni gündə: 2001-ci il aprelin 20-də. Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə eyni gündə şəhid oldular. Taborun bütün döyüşçüləri əzizlərini itirdiyini sandı həmin gün. Döyüşçü yoldaşları Zəfər parkına gələndə şəhid qardaşları da ehtiramla xatırlayacaqlar.
- Noyabrın 8-də Şuşa işğaldan azad edildi, noyabrın 10-da döyüşlər dayandırıldı. Azərbaycanın ədalətli müharibəsində məğlub olan Ermənistan üçtərəfli Bəyanatın şərtlərinə əməl etmirdi, Azərbaycana qarşı mina terroru aparırdı, Əsgəranda, Xocalıda, Xankəndidə olan ordu hissələrinin qalıqları, Ermənistanın siyasi və hərbi nəzarətində olan Xankəndinə sığınmış qeyri-qanuni silahlı dəstələr müxtəlif miqyaslı təxribatlar törədirdi, onların fəaliyyəti dayandırılmamışdı. Tarixi Zəfərin davamı zəruriləşmişdi. 2023-cü il sentyabrın 19-da başlayan antiterror əməliyyatı ilə Qarabağda işğalçılığın bütün şəbəkələri tərk-silah edildi, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu, - leytenant Orxan Hüseynquliyevin dedikləri əsgərlərin qürur haləsinə dönür. Bu ovqat indiyəcən hansı sevgilərlə yaşadılıbsa, Zəfər parkında da həmin sevgilərlə yaşadılacaq, şübhəsiz; Zəfər parkı xalqın orduya, dövlətə, dövlətçiliyə, döyüşənlərə, şəhidlərə ehtiramın parkıdır. Leytenant Orxan Hüseynquliyev Zəfər parkının açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi bir fikri də xatırladır: "Torpaqlarımız 30 il ərzində işğal altında olsa da, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi bu işğalla heç barışmırdı". Bugünkü disput məhz bu kəlama həsr olunub.
Əsgər Nemət Həsənli deyir ki, mən qəbul imtahanlarına hazırlaşanda tarix müəllimimiz əlavə mətnləri, kitabları da oxumağı məsləhət görürdü və oxuyurduq. Oxumuşdum, öyrənmişdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğalın sonlandırılması üçün bütün siyasi vasitələrdən istifadə edib. İşğalçı Ermənistana xəbərdarlıq da edib: "Heç vaxt Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək".
Əsgərin fikrini biz davam etdiririk:
- Azərbaycanlılar da, Azərbaycanı sevənlər də qürrələnirdilər ki, dünya ictimaiyyəti bu qətiyyətli fikri Azərbaycanın adından deyilmiş fikir bilmişdi. Zəfər parkı tarixi gerçəkliyin təntənəsi kimi tarixləşdi. Zəfərin dörd illiyi günündə şəhərimizin ən gözəl yerində açılan bu park Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır" fikrinin təsdiqidir. Dünyanın bəşəri dövlətləri də, işğalı, işğalçını pisləyən dövlətləri də bu qətiyyəti Azərbaycan dövlətinin, Azərbaycan dövlətçiliyinin qətiyyəti bildi...
Əsgər Sənan Fərzəliyev deyir ki, Zəfər parkına getmək hamımızın mənəvi borcudur. Getdik, gördük. 2020-ci ilin 8 noyabrında yaşadığımız sevincin tarixi əlamətlərini Park biçimində görəndə də böyük sevgi yaşadıq. Zəfər parkının hündürlüyü 44 metrdir, 44 sütunu var. Parkda muzey də yaradılacaq. 44 rəqəmləri təsadüfi rəqəmlər deyil. 44 rəqəmi Vətən müharibəsinin davam etdiyi müddəti ifadə edir. Parka gələnlər bu rəmzlərdə Azərbaycan Ordusunun tarixi Zəfərinin xarakterini (ədalətli müharibə idi), mahiyyətini (işğalı sonlandırmağa görə başlamış müharibə idi), hərəkətverici qüvvəsini (xalqın müharibəsi idi), gedişi (döyüşlər Böyük Qələbəyə yaxınlaşdırırdı) də yaşadan mədəniyyət şəbəkəsidir.
- Zəfər parkına hərbi xidmətdən sonra mən də gedəcəm. Orada sinif yoldaşlarımı, çağırışçı tanışlarımı da gördüm. Bu geniş Park müharibədə iştirak edənlərin, şəhidlərin xatirəsini tarixləşdirən abidə kompleksidir. Parkın guşələri, tərtibatı, estetik bütövlüyü də Vətən müharibəsinin özü kimi tarixi dərslikdir. Şəhidlərin ad-soyadları baxanlara duyğulu anlar yaşadır: "Mən Vətən üçün döyüşdüm, son nəfəsim bu sevginin bürüncəyi oldu...", - ona elə gəlir ki, bu adlar-soyadlar belə deyir...
- Zəfər abidəsi də, Zəfər tağı da böyük sevgilərlə yaradılmış arxitektura əsəridir, düşündürücüdür, mahiyyəti ifadə etmə qüdrətindədir, - fikrimizin əsgərlərin düşüncələrinin nizamına döndüyünü görmək necə xoşdur!..
Əsgərlərin baxışlarında bir vəd də görünür: Biz Vətənə xidmətimizlə tarixi Zəfərin, deməli, Zəfər parkının əbədiliyinə əminik...”...
Hamımız - onlar da, biz də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır" kəlamının da qürurunu yaşaya-yaşaya xidmət edirlər...
Zəfər parkı tarixin bir dövrünün muzeyidir.

Rəşid HÜSEYNOV

"Azərbaycan Ordusu"