Dağları yarıya kimi duman aldığından yüksəkliklər görünməz olmuşdu. Sanki yerlə göy arasında sərhəd xətti çəkilmişdi. Gecədən başlayan və narın yağan yağış da dayanmışdı. Gün günortaya əyilsə də, göyün üzünü örtmüş topa-topa qara buludlar günbatanın qaranlığını xatırlayırdı. Axşamın düşməsinə hələ xeyli vaxt vardı. Havanın bu cür tutulması və soyuması gecə qarın düşəcəyinin gözləntisi idi. Gün axşama doğru irəlilədikcə üzük qaşı kimi əhatəyə alınmış qəsəbənin dağlarından gələn soyuq daha da artırdı. Bu gecə Hadrut qışı qarşılayacaqdı. Əsgərlər isti qış geyimi ilə tam təchiz olunaraq təlim-atış çalışmasını yerinə yetirmək üçün təlim meydanına tələsirdilər. Onların bu cür tələsmələri heç də hava şəraiti ilə bağlı deyildi. Əsgərlər təyin olunmuş vaxtda təlim meydanına çatmalı və oradan növbəti komandanı alıb icrasına başlamalı idilər.
Təlimin rəhbəri kapitan Kamran Məmmədov ortaboy, dolusifət, görkəmcə ciddi bir zabitdir. O, komanda müşahidə məntəqəsində yer alıb rabitə ilə müvafiq tapşırıqlar verir, eyni anda bölmənin hərəkətinə nəzarət edirdi. Bölmələr nəzərdə tutulmuş məsafələrdə döyüş xəttinə açılaraq üzü dağın döşündəki hədəfə (şərti düşmənə) doğru irəliləyir, qısa sıçrayışlarla irəli atılırdılar. Onlar mümkün qədər irəlilədiklərini "düşmənə" duyurmamağa çalışırdılar. Ərazi boyunca düzülən əsgərlər müşahidə edir, sonra hərəkətlərini davam edib dayanır, növbəti komandanı gözləyirdilər. Təlim rəhbəri ilə həmsöhbət olmağın məqamı yetişmişdi.
Kapitan Kamran Məmmədov İsmayıllı rayonunun Molla İsaqlı kəndində anadan olub. Orta məktəbi də doğma kəndində oxuyub. 2012-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini (indiki Heydər Əliyev adına Hərbi İnstitut) "motoatıcı" ixtisası üzrə bitirdikdən sonra Təlim və Tədris Mərkəzində ixtisas artırma kursu keçib. Daha sonra isə cəbhə bölgəsində zabit kimi xidmətini davam etdirməyə başlayıb. Vətən müharibəsi iştirakçısıdır. Döyüşlərdə fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Cəsur döyüşçü", "Şücaətə görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub. Xocavənd uğrunda gedən döyüşlərdə yaralanıb. Döyüş atışlı taktiki təlimə gəlincə Kamran bildirdi ki, müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən keçirilən təlim artıq yekunlaşmaq üzrədir. Təlimin ilk günü şəxsi heyətə "Həyəcan" siqnalı verilib. Bölmənin əsgərləri silah və əşya kisələrini götürərək avtomobillərlə toplaşma rayonuna çıxıblar. Onlar təyin olunmuş vaxtda cəmləşmə yerindən sonra döyüş təyinatlı rayona hərəkət ediblər. Burada plana uyğun olaraq bölmə komandirlərinin məruzələri dinlənilib. Bölmə komandirləri qarşıya qoyulan şərti döyüş tapşırığını yerinə yetirmək üçün döyüş əmrini açıqlayıblar.
Minalanmış sahənin açılması
Əsgərlər təlim-atış çalışmasını yerinə yetirmək mərhələsinə çatana qədər bir neçə maneəni dəf etməlidirlər. Artıq döyüş düzülüşünə açılan bölmələr təlim meydanına daxil olublar. Onlar burada öncədən müəyyən edilmiş qaydalara uyğun olaraq maneələr zolağını keçməlidirlər. Müdafiədən hücuma keçən bölmələr əvvəlcə qarşıdakı mina sahəsindən keçid açmalıdı. Həm piyada bölmələr, həm də döyüş texnikalarının keçidini təmin etmək üçün istehkamçı əsgərlər cəlb olunurlar. Onlar yolu minalardan təmizləyənə qədər pulemyotçu və atıcı əsgərlər tərəfindən qorunurlar. Keçid açılandan sonra istehkamçılar tərəfindən yolun açıq olduğunu bildirən xüsusi lent, yaxud "mina yoxdur" yazılmış kiçik lövhələrlə işarələyirlər. Keçidi əsgərlər növbə ilə əyilə-əyilə ziqzaq qaçışlarla keçirlər.
Tüstü-duman içində...
Təlim rəhbəri və müşahidəçilər əsgərlərin hərəkətlərini diqqətlə izləyir, təlim zamanı onların yol verdikləri nöqsanlar və nümunə olacaq hərəkətlər barədə qeydlər aparırlar. Zabit Seyfəddin Həsənzadə təlimin gedişi ilə bağlı bizə bəzi məlumatları verdi:
- Bu cür taktiki-atış təlimi əsgərlərin yaddaşında daha yaxşı qalır. Onlar təlim zamanı fiziki cəhətdən daha çox zəhmət sərf edirlər. Döyüş meydanına girməmişdən əsgərlər tam döyüş təchizatı ilə təmin olunaraq uzun yol gəlirlər. Daha sonra isə qısa sıçrayışlarla maneələr zolağını keçirlər. Bölmələr bu təlimə cəlb olunmamışdan əvvəl həm taktiki, atış, mühəndis, kəşfiyyat və başqa hazırlıq dərslərini keçiblər. Əsgərlər həmin dərslərdə təlim zamanı qarşılaşacaq bütün maneələri, taktiki gedişləri dərindən mənimsəyiblər. Ona görə də əsgərin hər hansı bir ciddi səhvə yol verə biləcəyi mümkün deyil. Relyefi və hava şəraitini nəzərə alıb kiçik yanlışlara yol verəcəyi gözləniləndi. Bu cür xırda nöqsanları əsgərlərə yerində çatdırmaqla aradan qaldırmaq mümkündür.
Təlimin sonuncu günü atış yerinə yetiriləcəkdi. Tapşırığın icrası üçün şəxsi heyətə sursat paylanılır. Əvvəlcədən əsgərlərə çatdırılır ki, komanda olmadan avtomatın yuvasına güllə yerləşdirilməsin və eynilə atəş də açmasınlar. Bölmələr şərti düşmənin yerləşdiyi əraziyə yaxınlaşdıqca təlimin həyəcan dolu anları başlayır. Ərazidən ağ-qara tüstülər qatı duman kimi havaya qalxır. Bir anlıq ərazi görünməz olur. Ardınca avtomat, snayper və pulemyotlardan açılan atəş səsləri hər yanı bürüyür...
Təlimlə bağlı düşüncələr
Döyüş atışlı taktiki təlimi uğurla başa vuran hərbi qulluqçularla görüşümüz də elə burada oldu. Zabitlərdən Qismət Cəbizadə, Çingiz Zeynalov, Elvin İsmayılov, Əşrəf Əhmədli, Aqil Ağazadə təlimin onların düşüncələrində olduqca xoş təəssüratlar yaratdığını bildirdilər. Kapitan Qismət Cəbizadə dedi ki, hələ zabit olmamışdan əvvəl ən böyük arzusu bu cür təlimləri erməni işğalından azad edilmiş ərazilərimizdə keçirmək idi. Çox məmnun və qürurlu görünürdü. Torpaqlarımızın azad edilməsində onun da əməyi var. Qalib ordumuzun zabiti olaraq döyüş atışlı taktiki təlim vaxtilə arzu etdiyi, xəyal qurduğu ərazidə baş tutub.
Zabit Çingiz Zeynalov da təlim iştirakçısıdı. Şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinə məsul şəxslərdən biridir. O dedi ki, on illərlə həsrətində qaldığımız bu ərazilərdə keçirilən təlimlərdə iştirak etmək qürurvericidir. “Əsgərlər bu təlimi həm də ona görə arzulayırdılar ki, onlar döyüş hazırlıqlarını artırmaqla yanaşı, illər uzunu həsrətində qaldıqları dağları, zövq verən yamacları addım-addım gəzsinlər. Dağların hündürlüklərinə qalxıb oradan hər yanı seyr etmək kimi istəkləri bir daha əsgərlərin Vətənə olan sonsuz sevginin təzahürüdür”.
Kiçik çavuşlar Murad Salmanov və Ramiq Həsənov müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularıdır. Qarabağ həsrətilə böyüyüblər. İkinci Qarabağ müharibəsi başlayanda orta məktəbdə oxuduqları üçün döyüşlərdə iştirak edə bilməyiblər, daha doğrusu, hərbi xidmətə yaşları çatmayıb. Torpaqlarımız azad ediləndən sonra bu yerlərə gəlmək arzusunda olublar. Lakin döyüşlərin getdiyi ərazilər minalı olduğu üçün onlar həmin ərazilərə buraxılmayıblar. Hərbi xidmətə çağırılanda isə məqsədləri, məramları bu yerlərdə nümunəvi xidmət etmək, Vətənimizi qətiyyətlə qorumaq olub.
Başa çatmış təlimdən söz düşəndə kiçik çavuş Murad Salmanov dedi:
- Bir neçə gün idi ki, gecə-gündüz hazırlaşırdıq. Təlimin qaydası, tələbi də bu imiş. Hərbi xidmətə başladığım ilk gündən komandirlərimizin öyrətdiklərini dərindən mənimsəməyə çalışmışam. Kiçik komandir kimi tabeliyimdə olanlara zamanında öyrəndiklərimi aşılamağa çalışdım. Bir növ başa çatan döyüş atışlı təlim indiyə qədər əsgərlərə öyrətdiklərimizin praktiki tətbiqi ilə geri qaytarılması idi. Əsgərlər də təlimdə özlərini doğrultmaqla bir daha yüksək döyüş vərdişlərinə malik olduqlarını təsdiq etdilər.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Ramazan Hüseynli və çavuş Nail Salmanovun da təlimlə bağlı ürək sözlərini dinlədik. Kiçik komandirlərlə təlimin getdiyi ərazidə qurumuş otların üstündə oturduq. Hər ikisi avtomatı qucağında lüləsi səmaya istiqamətləndirdi. Ramazan başındakı dəbilqəni çıxarıb alın tərini silib dedi:
- Başa çatmış olan döyüş-atışlı təlim yay tədris dövründə keçirilən dərslərin yekunudu. Öyrəndiklərimizi bir yerə yığıb bir neçə gün ərzində təqdim etdik. Təlimimizə komanda heyəti yekun qiymətini verəcək. Biz təlimdə əvvəllər qazandığımız bilik və bacarıqlarımızı tam olaraq ortaya qoyduq. Düşünürəm ki, təlimimiz uğurlu keçib. Çünki təlimin gedişi zamanı ciddi irad bildirəcək hal baş vermədi. Əsgərlər bütün tapşırıqları vaxtında və düzgün yerinə yetirdilər.
Çavuş Nail Salmanov təlimin sonunda əsgərlərin atəş açdıqları şərti düşmən hədəflərini dəqiqliklə məhv etdiyini bildirdi. Əlavə etdi ki, əsgərlər dəfələrlə praktiki atış çalışmaları yerinə yetiriblər. “Onlara hədəfi nişan alma qaydalarını mükəmməl öyrətmişik. Hər dəfə atılan güllələri hədəfə kökləyə biliblər. Hazırda döyüş-atışlı təlimi uğurla yekunlaşdıran səbəblərdən biri də onların hədəfləri sərrast atəşlə məhv etmələri olub”.
Təlim başa çatdıqdan sonra rəhbərlik bölmə komandirlərindən şəxsi heyətin, silah-sursatın, əşya və ləvazimatların yerində olub-olmaması barədə məruzələri dinlədi. Sonda yüksək ovqatlı əsgərlər komandirlərin komandası altında təlim yerini tərk edərək daimi cəmləşmə yerinə yön aldılar.
Bəxtiyar ƏLİYEV,
fotolar
Namiq PƏNAHOVUNDUR
"Azərbaycan Ordusu"