Xalq naminə, dövlət, dövlətçilik naminə eyni fikirlilik eyni amallılıqdır, eyni niyyətlilik həmrəylik. Niyyət eyniliyi mübarizə eyniliyi deməkdir. Tarixən belə olub, indi də belədir. Həmrəylik ötən əsrin sonlarında milli-azadlıq hərəkatının fəlsəfəsini, xalqın mübarizəsinin xarakterini müəyyənləşdirdi, milyonların mübarizəsinin uvertürası oldu. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması haqqında Konstitusiya Aktı qəbul olundu. Həmrəylik budur, həmrəyliyin nəticəsi budur!..
"N" hərbi hissəsində "Həmrəylik azərbaycançılıqdır!" mövzusunda keçirilən disputda səslənən bu fikirlər əsgərlərin düşüncələrində arzulanan tərpəniş yaradır. Baş leytenant İbrahim Qurbanovun fikirləri maraqlı mahiyyəti ilə, düşündürücülüyü ilə diqqəti çəkir.
- Əsgər dostluğu da həmrəylikdir, manqanın şəxsi heyətinin Hərbi Nizamnamələrlə formalaşan həmrəyliyinin, manqaların həmrəyliyi bölüyün, bölüklərin həmrəyliyi taborun, nəticə etibarilə ordunun həmrəyliyidir. Ordunun həmrəyliyi Vətənin müdafiəsinin, dövlətə, dövlətçiliyə sədaqətin həmrəyliyidir.
Əsgərlərin baxışlarını bürüyən qürurun eynini İkinci Qarabağ müharibəsində müxtəlif döyüşlər ərəfəsində, müxtəlif döyüşlərdən sonra da görmüşdük. "Azərbaycan Ordusu" qəzetinin səyyar nəşrlərində bu qürurlar haqqında informasiyalar da dərc etmişdik. Bunu xatırladırıq. Müqayisəmiz əsgərlərə xoş gəlir, həm də belə bir mövzuda disputun gedişində! Tarixi Zəfər qazananların mənəvi davamçısı kimi tanınmağın qüruru onlarda tarixin dünənləri ilə bu günü, deməli, sabahlar arasında ayrılmaz ruhi həmrəylik yaradıb; Həmrəylik Gününə həsr olunmuş disput müqəddəs bir sevginin zərrələrindəndir. Bu sevgi həmrəylik biçimində Vətən sevgisidi!.. Kiçik çavuş Şirin Həşimov deyir ki, eyni məqsədlə, eyni niyyətlə Hərbi And içmişik, bizim həmrəy olduğumuzu bu and təsdiqləyir. Biz Vətəni də eyni sevgi ilə qoruyuruq.
Xoş ovqat yaranır. Azərbaycan əsgərinin Vətənə sevgisi müqəddəsliyə müqəddəs sevgidi. Bu sevgi əsgərlərin düşüncələrində, ürəklərində böyük sədaqətlə yaşadılır.
Baş leytenant İbrahim Qurbanov həmrəyliyin azərbaycançılığın tərkib hissələrindən biri olduğunu, həmrəyliyi məfkurə səviyyəsinə böyük tarixi şəxsiyyət Heydər Əliyevin yüksəltdiyini bildirir:
- Azərbaycan "Gülüstan" müqaviləsi ilə ikiyə bölünmüşdü. 90-cı illərdə Azərbaycanda milli-azadlıq hərəkatı genişlənmişdi. 1989-cu ilin dekabrın axırlarında Naxçıvanda İranla sərhəd dağıdıldı. 1989-cu il dekabrın 31-i dünya azərbaycanlılarının həmrəyliyi bayramı oldu. 1990-cı ildə Naxçıvanda bu günün ildönümü böyük coşqu ilə qeyd edildi. Bu hadisələr dünya azərbaycanlılarının həmrəylik niyyətinin rəsmi başlanğıcı kimi tarixləşmişdi.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Firuz Baxşəliyev deyir ki, ali məktəbə qəbul imtahanlarına hazırlaşanda mənbələrdən oxumuşdum ki, böyük tarixi şəxsiyyət Heydər Əliyev imperiyanın Bakıda törətdiyi faciəyə görə 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyi qarşısında çıxışı azərbaycanlıların bu qətliama etirazının həmrəyliyi olub, minlərlə azərbaycanlı "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" qürurunu həyat amalı bilən Ulu Öndərin ətrafında birləşib, bu birləşmə həmrəylik kimi tarixləşib, xalqın adından səslənən fikirlər həmrəyliyin dönməzliyinin təsdiqi olub...
Ümummilli Lider Heydər Əliyev sovet hökumətinin Azərbaycana qarşı bu qəddar siyasətinə etiraz olaraq vəzifəsindən də istefa verdi, partiya sıralarından da çıxdı, çətinliklə də olsa Naxçıvana qayıtdı.
Bu xatırlatma əsgərlərin Azərbaycanda milli-azadlıq hərəkatının sonrakı mərhələləri haqqında fikirlər deməsində vəsilə olur. Disputun mövzusu ilə bağlı fikirlərdə deyilir:
- 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 6 bənddən ibarət qərar qəbul etdi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parla-mentinə - Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul etdi. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi rəsmi dövlət bayramı oldu...
Əsgər Elvin Əhmədli maraqlı bir fikir bildirir:
- Ulu Öndər Naxçıvan Respublikası Ali Məclisinin sədri olanda Azərbaycanın daha nurlu sabahları naminə, Azərbaycanın iqtisadi qüdrətinin yüksəldilməsi naminə, Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin inkişafı naminə vətənpərvərlik duyğularının Vətən naminə səfərbərliyin - həmrəyliyin həyat, ömür fəlsəfəsi olduğunu bildirmişdi, dünya azərbaycanlılarının təşkilatlanması üçün həmrəylik gününün təsis edilməsini təklif etmişdi.
Əsgər fikrini Ulu Öndərin həmrəylik günü haqqında dedyi kəlamla tamamlayır: "Biz gərək milli mənliyimizi həmişə yüksəkdə saxlayaq. Mənim üçün hər şeydən üstün mənim milli mənliyimdir. Milli mənliyim həmişə məni bütün çətin vəziyyətlərdən çıxarıb. Milli mənliyimə görə, istədiyim yolla gedə bilmişəm, istədiyimə nail ola bilmişəm və xalqıma xidmət edə bilmişəm. Ona görə milli mənliyimizi gərək itirməyək...".
Əsgər Rahid Fərəcli Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyinin təşkilati təsdiqi kimi 2001-ci ildə dünya azərbaycanlılarının Bakı şəhərində I qurultayının keçirilməsi haqqında Sərəncam imzaladığını xatırladır. 400-dən çox nümayəndənin iştirak etdiyi bu qurultayın mahiyyət baxımından həmrəylik olduğunu bildirir.
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü amalın günüdür, əqidənin günüdür. 365 günün birində rəsmən qeyd olunsa da, 365 gün düşüncələrdədi, əməllərdədi, niyyətlərdədi. Belə bir günün yaşanılan ilin son günü növbəti ilin başlanğıc günüdür, həm də həmrəyliyə yeni ehtiram gətirən gündür.
- Belə bir düşüncə hər bir azərbaycanlının azərbaycançılıq naminə yaşatdığı mənəvi keyfiyyətlərdəndir, - deyirik. Əsgərlərin baxışlarında xoş bir ovqat görürük. Disputdan sonra həmrəyliyin qüdrəti kimi əlin əldə isinəcəyinə, sözün sözdən güc alacağına əminliyimizi də bildiririk.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2006-cı ildə dünya azərbaycanlılarının II qurultayı keçirildi. Bu, böyük tarixi şəxsiyyət Heydər Əliyevin siyasi kursuna, bu kursun müəyyənləşdirdiyi qərarlara sədaqətin ifadəsidir.
Azərbaycan xalqı və ordusu Ali Baş Komandanın sərkərdəliyi ilə İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı. Bu, həm də ordu ilə xalqın birliyinin - həmrəyliyinin Zəfəri kimi tarixləşdi...
Xatırladırıq ki, 2022-ci il aprelin 22-də Şuşada dünya azərbaycanlılarının V qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdi: "...biz hamımız - Azərbaycanda yaşayan azərbaycanlılar istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olsunlar...". Bu kəlamlar da həmrəyliyi şərtləndirən amillərdəndir və bu şərt milli-xəlqi ruhun yaşadılma andıdır. Həmin qurultayda çıxışında dövlət başçımız həm də dedi ki, "...biz Zəfər yolunu çəkmişik. Zəfər yolunu bizim əsgər və zabitlər ayaqla açdılar, o dağın, dərənin, meşənin içi ilə...". Bu xatırlatma mahiyyəti baxımından Vətən müharibəsinin tarixi ilə bağlı olsa da, bu günümüzlə də səsləşir: dünya azərbaycanlılarının həmrəyliyi Azərbaycan naminə siyasi maneələri də uğurla dəf edəcək...
- Ulu Öndər şeiri çox sevirdi. Xalq şairi Səməd Vurğunun "Azərbaycan" şeirini daha çox. Bu şeiri azərbaycanlıların azərbaycançılıq himni - həmrəylik şüarı bilirdi, - kiçik çavuş Şirin Həşimov belə deyir.
Onun sözünə qüvvət kimi əsgər Rüfət Səfərov deyir ki, şeir duyğularımızı incələşdirir, Ulu Öndərin şeirə bu sevgisi Vətənə sevgidi və biz də Vətənə sevgini həm də belə sevgidən öyrənirik. Əsgər nə vaxtsa oxuduğu bir şeiri də xatırladır:
- Şair bir əsgərin ürəyindən keçən gözəl fikri gözəl şeirləşdirib:
Ana təbiətə şükürlər deyir,
Yarpağın səsiylə həmrəy olanlar,
Budağın səsiylə həmrəy olanlar,
Əzəldən torpağa Vətən demişik,
Torpağın səsiylə həmrəy olanlar.
Dostumdu, əqidə dostumdu mənim,
Vətən sevgisiylə həmrəy olanlar!..
Əsgərin xatırlatdığı misraları həmrəylik haqqında əsgər andı bilirik: Vətən sevgisiylə həmrəy olanların ruhunu ruhuma qardaş bilirəm.
Gözəl fikirdi, yaşadılmalı fikirdi...
"Harada olursa olsun, azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda, Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu, təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir", - Ulu Öndər Heydər Əliyevin bu kəlamları dünya azərbaycanlılarının həmrəylik manifestidir.
Həmrəylik - azərbaycançılıqdır, azərbaycançılıq - bəşərilik...
Mahmud MÖHBALIYEV,
Elçin İMANOV
"Azərbaycan Ordusu"