Bütün innovativ texnologiyalar kimi, pilotsuz uçuş aparatları (PUA) da, ilk öncə sadəcə konseptual prototiplərdən ibarət olub. Günümüzdə müasir orduların əsas elementinə qədər uzun bir yol keçən bu texnologiya XX əsrin əvvəllərində ortaya çıxıb, ilk modelləri isə sadəcə sınaq və müşahidə məqsədləri üçün istifadə edilmişdir. İkinci Dünya müharibəsi zamanı hücum tipli PUA-lardan istifadə olunsa da, əksər modellərin rolu, ilk növbədə, kəşfiyyat vasitələri kimi köməkçi olaraq qalırdı.
Müasir hərbi texnologiyaların inkişafına ən çox təkan vermiş dövr sayılan Soyuq Müharibənin başlaması isə PUA-ların inkişafı sahəsinə yeni təkan verdi. Məsələn, Amerika Birləşmiş Ştatlarına məxsus Lockheed D-21 kimi strateji kəşfiyyat üçün nəzərdə tutulmuş ilk dronlar meydana çıxdı. Bu dron yüksək hündürlükdə kəşfiyyat uçuşlarının aparılması və uçuşun sonunda məlumat konteynerin göydən buraxılması üçün nəzərdə tutulmuşdur. 30 km-dən çox hündürlükdə və 2000 kilometrdən çox məsafədə M=3,6-dan çox sürətə çatan bu dron eniş edə bilmədiyi üçün təkrar istifadəsi nəzərdə tutulmurdu. Daha sonralar, təxminən 1980-1990-cı illərdə bu texnologiyanın daha mobil və miniatür olması istiqamətində aparılan islahatlar ilə PUA-lar hərbi münaqişələrdə, o cümlədən Körfəz müharibəsində fəal istifadə olunmağa başladı və burada kəşfiyyat məlumatlarının toplanmasında effektivliyini bir daha sübut etdi.
XXI əsrdə PUA-lar rəqəmsallaşma, yüksək dəqiqlikli naviqasiya sistemlərinin və süni intellektin yaranması sayəsində yeni zirvələrə çatsa da, bu proses davam edir. Artıq PUA-lar sadəcə müşahidə xarakteri daşımır, hərbi qarşıdurmaların, hətta bütövlükdə əməliyyatların taleyini dəyişdirəcək gücə malikdir. Məsələn, Bayraktar TB2 və MQ-9 Reaper kimi hücum dronları döyüşlərin nəticəsini dəyişdirə bilən strateji silahlara çevrilib. Müasir PUA-lar kəşfiyyat, logistika, zərbələr və hətta kiberəməliyyatlar üçün geniş istifadə olunması, müasir orduların arsenalında mühüm yer tutduğunu tamlığı ilə izah edir.
Artıq anlamaq olar ki, pilotsuz uçuş aparatları (PUA) özünəməxsus xüsusiyyətlərinə və universallığına görə müasir hərbi strategiyada mərkəzi rol oynayır. Müasir dronlara sahib ordular əməliyyatların sürəti, dəqiqliyi və səmərəliliyi baxımından üstünlüyə sahib olur. Silahlanmada güclü PUA-ların olması həm də şəxsi heyət üçün riskləri azaldır ki, bu da dron texnologiyasının nə qədər əhəmiyyətli olduğunun göstəricisidir.
Bundan başqa, kəşfiyyat və müşahidə PUA-ları ərazinin istənilən zaman monitorinqi və real vaxt rejimində məlumatların toplanmasını təmin edərək, komandanlığa operativ və strateji qərarlar qəbul etməyə imkan verir. İnformasiyanın qızıl dəyərində olduğu dövrdə bu məlumatlar dinamik hərbi münaqişələrin taleyində xüsusilə vacibdir.
Hücum dronlarına gəldikdə isə, sadəcə hədəflərə dəqiq zərbələr endirməklə bitmir. Müasir ordu arsenalında bu tapşırıqlar üçün yüksək dəqiqlikli silahlar mövcuddur. Dronların üstünlüyü çətin relyefli əraziləri və ya yaxşı mühafizə olunan obyektləri real zamanda müşahidə edərək zərbə endirmək və hədəfləri məhv etmək imkanıdır.
Bu, həm də təhlükəli tapşırıqların icrası zamanı pilotlu təyyarələri əvəz edərək, şəxsi heyət arasında həyati risklərin azalması ilə nəticələnir. Bununla yanaşı, dronlardan istifadə etmək ənənəvi aviasiyadan daha ucuz başa gəldiyi də aydın məsələdir. Daha böyük hərbi əməliyyatlarlarda və ya müharibələrdə hər ikisinin istifadəsi döyüş meydanında qələbə deməkdir.
Dronların üstünlüklərindən danışdıqda, onların psixoloji təsirini də unutmamaq lazımdır. Şəxsi heyətin döyüş ruhunun yüksək olması müharibələrin nəticəsini müəyyən edən əsas elementlərdəndir. Bu göstəricinin azalması isə fəlakətli nəticələrə səbəb ola bilər. Fərariliyə, effektivliyin azalmasına, yuxarı komandanlıqla qoşunlar arasında inamın itirilməsinə və əsgərlər arasında psixoloji travmaların yaranmasına səbəb ola bilər. Pilotsuz uçuş aparalarının (PUA) bu baxımdan da müsbət cəhətləri mövcuddur. Döyüş meydanında dronlar düşmənin döyüş ruhuna əhəmiyyətli dərəcədə təsir göstərə bilər. PUA-ların havada olması düşməndə daimi müşahidə altında olduğu hissi yaradır ki, bu da şəxsi heyət arasında qorxu yaradır. Hər an hücuma məruz qala biləcəyini anlayan əsgərlər öz hərəkətlərinə inamlarını itirirlər. Bundan başqa, düşmənin hərbi hədəflərinə və hərbi texnikasına dəqiq zərbələr endirmək, onun strateji hədəflərinin daimi müşahidə də saxlanılması düşmənin məğlubiyyət hissini daha da artırır. Beləliklə, PUA-lar müharibədə güclü psixoloji vasitə olmaqla, düşmənin döyüş ruhuna mənfi təsir göstərir və döyüş əməliyyatlarında onun effektivliyini zəiflətməsinə kömək edir.
Bütün bu amillər onu göstərir ki, pilotsuz uçuş aparatları (PUA) müasir hərbi əməliyyatlarda müstəsna rol oynayır. Artıq süni intellekt, avtonom idarəetmə sistemləri və PUA-lar hərbi inkişafın yeni mərhələsidir. Bu inteqrasiya təkcə ölkənin müdafiə qabiliyyətini deyil, həm də bu ölkənin beynəlxalq arenada nüfuzunu artırmağa imkanlar yaradır.
Vətənimizdən danışdıqda vurğulamaq önəmlidir ki, Azərbaycan dünyaya pilotsuz uçuş aparatlarının (PUA) yeni dövrün müharibəsinə nə qədər böyük töhfə verdiyini nümayiş etdirdi.
Müasir münaqişələrin ayrılmaz hissəsinə çevrilən PUA-lar müharibə taktikasını dəyişdirərək, strateji məsələləri daha da əlçatan edir ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bu fenomenin bariz nümunəsidir. Azərbaycan Ordusu müasir texnologiyalardan, xüsusilə də PUA-lardan səmərəli istifadə etmək bacarığını dünyaya nümayiş etdirdi. Misal olaraq, Türkiyə istehsalı olan "Bayraktar TB2" zərbə PUA-sı və İsrail istehsalı "Harop" kamikadze dronu bu müharibədə özünü yüksək şəkildə doğrultdu. Bayraktar TB2 düşmən tanklarını, artilleriya və hava hücumundan müdafiə mövqelərini məhv etmək üçün istifadə olunurdu. Harop kamikadze dronları da komanda məntəqələrini və radar sistemlərini məhv etmək üçün istifadə edilirdi. Bu zərbələrin video görüntüləri Müdafiə Nazirliyinin Mətbuat Xidməti tərəfindən paylaşılaraq, kütləvi informasiya vasitələrində də öz əksini tapırdı. Bu isə həm xalqımızı PUA-ların dəqiqliyi və dağıdıcı gücünə inandırır, ordumuza inamını artırırdı, həm də düşməni demoralizə edərək, bu texnologiyanın psixoloji təsirini sübuta yetirirdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev "Nasionalnaya oborona" jurnalına verdiyi müsahibəsində bu barədə demişdir: "Bayraktar TV2" PUA-larından istifadə İkinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatların aparılmasında, Silahlı Qüvvələrin hücumuna dəstək verilməsində, yeni mövqelərin əldə olunmasında, həmçinin itkilərin minimuma endirilməsində Azərbaycana çox kömək etdi". Dövlət başçısının sözlərindən də anlamaq mümkündür ki, ordumuzun qazandığı bu Zəfər dünya hərbi əməliyyatlarında yeni dövrün başlamasının təcəssümü oldu. İkinci Qarabağ müharibəsindən sonrakı dönəmdə dünyanın bir çox ölkəsi hərbi strategiyasını yenidən nəzərdən keçirməyə başladı.
Deyilənlər nəzərə alınmaqla bəllidir ki, hal-hazırda da pilotsuz uçuş aparatlarının texnologiyası daha bir inkişaf mərhələsini yaşayır. Bu proses əsasən aparatların miniatürləşdirilməsi, avtonom sistemlərin inkişafı və süni intellekt (Aİ) inteqrasiyasının gücləndirilməsi istiqamətində aparılır.
Miniatürləşdirilmə deyildikdə ölçü və çəki azalması nəzərdə tutulur ki, bu da istehsal sərfiyyatını azaltmaqla yanaşı, idarəetməni daha intuitiv asanlaşdırır. Mikroelektronikanın, yüngül materialların və yığcam mühərriklərin inkişafı kiçik, lakin güclü PUA-lar yaratmağa imkan verir. Mümkündür ki, perspektiv gələcəkdə bizləri əsgərlər üçün cib dronlarının ("Black Hornet Nano" helikopter tipli mikro PUA-sı kimi) daha inkişaf etmiş versiyalar və yeni texnologiyalar da gözləyə bilər. Bu da şəhər mühitində kəşfiyyat üçün əlverişli imkanlar yaradır. Kiçik ölçülü dronlar da öz növbəsində portativ qurğulardan və ya əldən işə salınma imkanına sahib olduğu üçün daha rahat şəkildə istifadə oluna bilər.
Avtonom sistemlərin inkişafı isə əsasən naviqasiya sistemləri ilə əlaqəli nyuansdır. Təbii ki, müasir PUA-lar qlobal mövqe təyinetmə sistemi (GPS) və ətalət naviqasiya sistemi (İNS) ilə təchiz olunub ki, bu da onlara daimi operator nəzarəti olmadan tapşırıqları yerinə yetirməyə imkan verir. Avtonom marşrutlar və siqnalın itirildiyi təqdirdə bazaya qayıtması dronların etibarlılığını əhəmiyyətli dərəcədə artırır. Dronlar sensor və lidarların inteqrasiyası vasitəsilə isə maneələri avtonom şəkildə aşkar etmək və onlardan qaçmaq qabiliyyətinə sahib olur.
Günümüzdə hər kəsin dilində olan süni intellektə (Aİ) gəldikdə isə, onun PUA-lara inteqrasiyası geniş imkanlara gətirib çıxartmaqdadır. Bunlardan misal olaraq, hədəfləri avtomatik müəyyən etmək, ərazini təhlil etmək və düşmənin hərəkətlərini proqnozlaşdırmaq üçün böyük həcmdə məlumatları (video, termal görüntüləmə, radio ələ keçirmə) emal edərək, real vaxt rejimində təhlil etmək, avtonom qərar qəbul etmək və yeni şəraitə uyğunlaşmasını təkmilləşdirməkdir.
Miniatürləşdirmə, avtonomiya, süni intellekt və təkmilləşdirilmiş idarəetmə sistemləri kimi dron texnologiyalarında texnoloji irəliləyişlər pilotsuz təyyarələrin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir və müasir silahlı münaqişələrdə onları əvəzolunmaz edir. XXI əsrin əksər müharibə, habelə geniş və lokal hərbi əməliyyatlarında PUA-lardan geniş istifadə olunması da bunun əyani sübutudur. Suriya, İraq münaqişələri, İkinci Qarabağ müharibəsi və sair əməliyyatlarda PUA-lardan uğurla istifadə edilməsi onların hərbi əməliyyatların gedişatını dəyişdirmək üçün böyük potensiala malik olduğunu bəlli edir. Bu texnologiyanın istifadəsi, həmçinin hərbi əməliyyatların səmərəliliyini əhəmiyyətli dərəcədə artırmaq məqsədilə ordunun müxtəlif qolları arasında koordinasiyanı yaxşılaşdırdığını göstərdi.
Bununla belə, bütün üstünlüklərə baxmayaraq, PUA-ların istifadəsi bir sıra çətinliklərlə əlaqələndirilir. Əsas olanlardan biri radarlar və elektron hücumlara qarşı zəiflikdir. Mülki vətəndaşlar üçün riskləri minimuma endirmək və beynəlxalq standartlara riayət etmək üçün dronların istifadəsi ilə bağlı hüquqi və etik məsələlərini də nəzərdən keçirmək beynəlxalq ictimaiyyətin qarşısında duran vacib məqamdır.
Əgər konkret olaraq müharibə və hərbi əməliyyatlardan danışılırsa, o zaman PUA texnologiyasının gələcəyi, sözsüz ki, ümidverici görünür. Gələcəkdə daha avtonom, çoxfunksiyalı və yüksək səmərəli dronların inkişafını gözləmək olar ki, bu da milli təhlükəsizliyin təmin edilməsində və sülhməramlı missiyalarda daha da mühüm rol oynayacağı inamvericidir. PUA-ların müasir orduya və müharibəyə töhfəsini yüksək qiymətləndirmək şərtdir. Bu texnologiya təkcə döyüş əməliyyatlarının aparılması üçün effektiv vasitəyə deyil, həm də hərbi əməliyyatların həyata keçirilməsində maksimum çeviklik və dəqiqliyi təmin edən strateji və əməliyyat planlaşdırmasının mühüm bir hissəsinə çevrilib.
İbrahim MƏMMƏDBƏYOV
“Azərbaycan Ordusu”