Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Dekabr 2024 20:28

Vətən naminə...

1993-cü ilin payızında Gədəbəydə ezamiyyətdəydik. Alagöllərdə əsgərlərlə döyüşənlərdən danışmışdıq, döyüşlərdən danışmışdıq, Başkəndin ermənisizləşdirilmə-sindən danışmışdıq, qəhrəmanlardan danışmışdıq, kimya elmləri doktoru olan bir gədə-bəyli kişinin Gədəbəyin müdafiəçilərinin sırasına gəlişindən, döyüşlərdə iştirakından danışmışdıq. Bir də Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovdan danışmışdıq...
İmperiya Türkiyə ilə sərhəd yaxınlığına görə (səbəb kimi belə deyilirdi, gerçək səbəb nə idi?) Axısqada yaşayan türkləri 1944-cü il noyabrın 14-də bir gecənin içində Qazaxıstana, Qırğızıstana, Özbəkistana, Azərbaycana köçürdü. Köçürmənin mahiyyəti sürgün idi. Köçürülənlər məskunlaşana kimi günlərlə əzablar yaşadılar, məskunlaşan-dan sonra doğmalıqdan iraq düşmənin sıxıntısını yaşadılar. Azərbaycana köçürülənlər doğmalıqla əhatələnmişdilər, digərlərinin ruhunun çırpıntısı aramlaşmırdı...
Söhrab Aznaurov bölgüyə görə Buxara vilayətində, Qala-Asiya kəndində məs-kunlaşdı. Yurd olmaq çətindi, ata yurdunun istisindən iraq düşənlər, ata yurdunun mehrindən uzaqlaşmağın qəhərindən ürəyi burxulanlar yeni yurda Vətən demir, deyə bilmir; hamısının ruhunda Axısqa vardı, Axısqa həsrəti vardı...
Söhrab 1956-cı ildə anadan olan oğluna İsgəndər adı verdi. Niyyətli ad idi. Bu advermədə ata yurdunun həsrəti duyulurdu...
İsgəndər oxudu, təhsil aldı, işlədi. Və günlərin birində səbəbi SSRİ Dövlət Təhlükəsizlik Komitəsi və çox yüksək vəzifəli məmurlara məlum olan Fərqanə hadisələri başladı. 1989-cu il iyulun 1-dən 5-nə kimi davam edən hadisələr özbəklərin Axısqa türklərinə qarşı çox qəddarlıqla həyata keçirdiyi siyasi aksiya idi. Axısqa türkləri Özbəkistanı tərk etməyə məcbur oldu. On minlərlə Axısqa türkü Azərbaycana pənah gətirdi. İsgəndər Aznaurovun ailəsi də onların sırasındaydı. Şəmkir rayonunun Kür qəsəbəsində məskunlaşan İsgəndər cihazqayırma zavodunda işləyirdi.
Ermənistan Azərbaycana qarşı elan etmədən müharibəyə başlayanda İsgəndər könüllü olaraq Gədəbəyə gəldi, təkidlə hərbi xidmətə başladı. Şınıx bölgəsində. Artilleriyanı bilirdi, topun istismar xüsusiyyətlərinə bələd idi. Artilleriyaçı oldu İsgəndər. Onu Topçu İsgəndər kimi tanıdılar. Baş leytenant idi Topçu İsgəndər...
Başkənd əməliyyatı müharibə tariximizdə əhalinin qələbəyə inamını artıran, ordu-nun şəxsi heyətinin döyüş əzmini, qələbə ruhunu yüksəldən uğurlu (və son dərəcədə gərəkli!) əməliyyatlardan biri olub. Bu əməliyyatda İsgəndər Aznaurovun topçularının dəqiq atəşləri  düşmənin müdafiə sistemi dağıdıb, Eldar Salmanovun rəhbərliyi ilə tankçılar bölüyü və xüsusi təyinatlılarımız, piyadalarımız əməliyyatı qələbə ilə tamamlayıb.
"Mutudərə", "Ərdağı", "Kaftar qayası", "Ləzgi daşı" əməliyyatlarında da Topçu İsgəndərin rəhbərliyi ilə topçular sərrast atışlarla düşmən xeyli texnikasını, canlı qüvvə-sini məhv edib...
1993-cü ilin bir gününü, bir söhbətini xatırlayıram. Bir ananın hekayətini:
Bir Ananın hekayəti:
Allah mənə övlad verməmişdi. İllər sonra İsgəndərə ana oldum. Evimin işığıydı İs-gəndər. Döyüşə yola salanda da, evə qayıdanda da qoşa qollarım kürəyində çarpazla-şırdı. Ayın 18-də səhərə yaxın gəldi. Yuxusuz idi, yorğun idi. Xəstələnmişdi. Dadar-doymaz çörək yedi. Dan yeri sökülənə yaxın atışma səsləri eşidildi. Eşiyə çıxdım. Qapını çöldən bağlayıb uzaqları xeyli dinşədim. Otaqdan səs gəlmirdi. Ürəyimə nəsə damdı. İçəri keçəndə İsgəndəri otaqda görmədim. Pəncərədən düşüb gedibmiş. Dözə bilmədim. Həyətdə var-gəl edə-edə "dağı arana daşıdım, aranı dağa". Neçə saatlar keçdi. Bu saatlar ömrümü sıxırdı...
Oğlum İsgəndər Örükdaşda həlak oldu. Şəhid oldu balam, İsgəndərim...
Zabitlər deyirdilər ki, İsgəndər Aznaurov minalanmış sahəni keçib, döyüşlərin ən gərgin yerinə gəlib. Topun yanına. Atışı özü aparmaq istəyib. Və düşmənin mərmisi topun yaxınlığına düşüb...
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İsgəndər Aznaurova “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi...
Axısqa İsgəndər Aznaurovun ata yurdu idi, hökumət ocaqlarını söndürdü, Özbə-kistanda Qala-Asiya kəndi ona Vətən olmadı. Azərbaycana gəldilər. Azərbaycanda mehr-ülfət gördülər, əl əldə isindi, söz sözə söykəndi.
Müharibə başlamışdı. İsgəndər də döyüşən ordunun sıralarındaydı. Baş leytenant idi Topçu İsgəndər. Mutudərədə yüksəklik vardı, bu yüksəklik düşmənin mövqelərinin qarşısındaydı. İsgəndər burdan düşmənin mövqelərini vaxtaşırı, komandirin əmri ilə atəşə tuturdu. Sonralar bu yüksəkliyi İsgəndər qalası adlandırdılar. O qala həmin vaxtlarda İsgəndərin ürəyindən boylanırdı döyüş üzünə. İsgəndərin özünü görəmmədim, adına ad olan qalanı gördüm, izini gördüm. Hər dəfə Gədəbəyə gedəndə hərbi hissənin qarşısında büstünü görürəm. Hərbçilərin asudə vaxtlarda qəhrəmanın büstü ilə ünsiyyətini də görmüşəm. Bu ünsiyət ehtiramdı, sevgidi. Çavuş Elvin Quliyev Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun büstü qarşısında nələr düşünür görəsən? - Şəhidləri ürəyimizdə yaşadırıq, Qəhrəman. Sən də Vətənimizin ərazi bütövlüyünün tam bərpa olunması üçün döyüşürdün. Vətən müharibəsində şəhidlərimizin ruhu da döyüşənlərin sırasında olub. Tarixi Zəfəri qazananlar sizin ruhunuzu döyüşçü ruhu bildi, ruh qardaşı bildi. Sənin və sizin döyüş yolunuzu bu günün əsgərləri sədaqətlə davam etdirir...
Hərbi hissədə hər gün Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovla asudə vaxtlarda neçə-neçə belə mükalimələşmə olur. Vətən naminə...

Rəşid HÜSEYNOV

"Azərbaycan Ordusu"