Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Dekabr 2024 20:28

Hərbi təhsil ordu quruculuğunun yeni mərhələsində

Azərbaycan xalqının Ümummilli Lideri Heydər ƏLİYEV:

“Ali hərbi məktəblərdə təhsil sisteminin yaxşılaşdırılması,  peşəkarlığın artırılması,  sağlam mənəvi mühitin yaradılması zabitlərimizin, Silahlı Qüvvələrimizin rəhbərlərinin müqəddəs vəzifəsidir".

Ordu quruculuğunun mühüm tərkib hissələrindən biri olan hərbi təhsil həm ordunun zabit kadrları ilə komplektləşdirilməsində, həm də ordunun nizami ordu kimi formalaşmasında, qüdrətlənməsində müstəsna əhəmiyyətə malikdir. Ötən əsrin əvvəllərində - Azərbaycan Demokratik Respublikası dövründə də belə idi, Azərbaycanın ilhaqına son qoyulandan - Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra da belə oldu, Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildikdən sonra da belədir. Bütün dövrlərdə Vətənimizin müdafiəsinin başlanğıcı ordu quruculuğu olub.  
Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildikdən sonra (18 oktyabr 1991-ci il) dövlətçilik təsisatları yaradıldı. Ermənistanın elan etmədən başladığı ədalətsiz müharibə dövründə ordu quruculuğu prosesi ciddi çətinliklərlə əhatələnmişdi. Döyüşə-döyüşə formalaşan orduda zabit kadrları çatışmırdı, təchizat zəif idi, vahid komandanlıq yox idi, dövlətin ərazisini koordinasiya şəbəkəsi zəif olan yerli müdafiə batalyonları (taborları), əhali və polislər müdafiə edirdi. Zabit kadrları çatışmadığına görə müdafiəni hərbi tələblər səviyyəsində qurmaq mümkün olmurdu. Belə bir vaxtda dövlət idarəçiliyində də ciddi problemlər mövcud idi. Dövləti labüd iflasdan xilas etmək üçün böyük tarixi şəxsiyyət Heydər Əliyev xalqın ciddi təkidi ilə hakimiyyətə qayıtdı. Azərbaycan dövlətçiliyi labüd parçalanmadan xilas edildi, ordu quruculuğunda yeni bir dövr başladı, yerli müdafiə batalyonları ləğv edildi, orduda vahid komandanlıq yaradıldı, silahla təchizat istiqamətində konkret tədbirlər görüldü, ordu nizami ordu kimi formalaşmağa başladı. Bunlar ordu quruculuğunun mahiyyətindən irəli gələn tələblər idi və yeni bir mərhələ kimi tarixləşdi.
Gənc orduda Hərbi Nizamnamələrin hərbi xidmətə tam tətbiq edilməsi ilə bir sırada tədris materiallarının məzmun baxımından yenilənməsi, təkmilləşdirilməsi, tədris materiallarının dövlətçiliyin tələbləri səviyyəsində yenidən işlənilməsi prosesinə başlanıldı. Ordunun peşəkar zabit kadrları ilə tam komplektləşdirilməsi üçün hərbi təhsildə mühüm islahatlar həyata keçirilməli idi...
Ordu quruculuğu prosesinə təsir göstərən amillərdən biri də dil problemi idi, bu problemi də hərbi təhsil aradan qaldıracaqdı. Sabiq SSRİ Silahlı Qüvvələrindən gələn, baza danışıq (və təhsil) dili rus dili olan zabitlərin əksəriyyətinin hərbi bilikləri qoşunlarda yeni xidmətə başlayan gənc zabitlərə, əsgərlərə, xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına Azərbaycan dilində aşılaması müəyyən çətinliklər yaradırdı. Bu problem dövlətin ciddi nəzarəti ilə, görülən zəruri tədbirlərlə, Müdafiə Nazirliyi rəhbərliyinin yaratdığı metodiki şəraitlə, zabitlərin tədris prosesinə fərdi məsuliyyəti ilə qısa müddətdə bərpa olundu...
Dövlət müstəqilliyi bərpa edilənə kimi Azərbaycanda Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi, Xəzər Hərbi Dənizçilik Məktəbi və İbtidai Hərbi Məktəb fəaliyyət göstərirdi. Bu məktəblər Azərbaycan Respublikasının yuridiksiyasına keçdikdən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə adları dəyişdirildi, addəyişmə ilə bir sırada təhsilin məzmununda yeniliklər də yaradıldı. Hərbi təhsil milli təhsil sistemi konsepsiyasının tələbləri səviyyəsində quruldu, Azərbaycan Ali Hərbi Məktəbi, Ali Hərbi Dənizçilik Məktəbi şəbəkəsinə Ali Hərbi Təyyarəçilik Məktəbi də daxil edildi, ibtidai hərbi məktəb hərbi lisey adlandırıldı, Azərbaycan Respublikası Prezidentinin 13 mart 1998-ci il tarixli Sərəncamı və müdafiə nazirinin 9 aprel 1998-ci il tarixli əmri ilə yaradılmış  Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının bazasında  Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2004-cü il tarixli Sərəncamı ilə Heydər Əliyev adına Hərbi Lisey yaradıldı. Bu islahatlar hərbi təhsilin ordu quruculuğuna inteqrasiya prosesini optimallaşdırdı.
Nizami ordunun silahlanması, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Xüsusi təyinatlı təhsil müəssisələrində tədris prosesinin yeniləşdirilməsi, müasirləşdirilməsi, proqram materiallarının məzmun baxımından zənginləşdirilməsi, Türkiyənin xüsusi təyinatlı təhsil müəssisələrinin təcrübəsinin Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrinə inteqrasiyası ordu quruculuğuna yeni məzmun gətirdi.
Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün ali hərbi təhsilli komandir və qərargah zabitlərinin, hərbi-elmi işçilərin hazırlanması, onların ixtisasının artırılması, hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını, dövlət orqanlarında işləyən yüksək vəzifəli şəxslərə respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi, hərbi-siyasi məsələlərin öyrədilməsini, ordu quruculuğunun elmi əsaslarla aparılması üçün Hərbi Akademiyanın yaradılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 20 fevral 1999-cu il tarixli Fərmanı ilə Silahlı Qüvvələrin Hərbi Akademiyası yaradıldı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ordu quruculuğunu dövlət quruculuğu üçün, dövlət üçün başlıca prioritet sahəyə çevirdi. Ordu quruculuğu digər şərtlərlə bir sırada  qətiyyətlə inkişaf etdirildi. Nəticə etibarilə, ordu quruculuğunda hər mərhələ əvvəlki mərhələnin məntiqi, hərbi-elmi davamı oldu, Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biri kimi formalaşdı...
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən müdafiə təyinatlı yüzlərlə növ hərbi təyinatlı məhsullar ordunun silahlanmasına tətbiq olunurdu. Bu silahların istismarının mükəmməl öyrənilməsini də hərbi təhsil təmin edirdi. Kursantlar öyrənirdi, zabit olaraq qoşunlarda əsgərlərə aşılayırdı. Nəticə etibarilə, bu silahlar Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş hazırlığı yüksəlirdi, ordunun döyüş imkanlarının yüksəlişi təmin olunurdu. İkinci Qarabağ müharibəsi ərəfəsində Azərbaycan Ordusunun arsenalında ən müasir döyüş sistemləri var idi ki, bu da Azərbaycan Ordusunun döyüş və müdafiə imkanlarını yeni bir mərhələyə yüksəltmişdi. Bu şərait ordu quruculuğunda müharibədən öncə əhəmiyyətli bir mərhələ oldu...
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələri yeni ərazilər işğal etmək niyyəti ilə irimiqyaslı təxribatlar törətmək istədi. Azərbaycan Ordusunun hissələri təxribatın qarşısını qətiyyətlə aldı, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi. Bu əmr İkinci Qarabağ müharibəsinin başlanğıcı oldu. Dövlət başçımız müharibə dövründə “X” sosial şəbəkəsindəki paylaşımı ilə bu müharibənin ədalətli müharibə olduğunu qeyd etdi: "Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir. Ermənistanın işğalçı qüvvələri Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərindədir. Buna heç nə ilə haqq qazandırmaq olmaz...".
Ordu hissələrimiz düşmənin illərlə möhkəmləndirdiyi, yenilədiyi, təkmilləşdirdiyi mühəndis-istehkam sədlərini darmadağın etdi, döyüşə-döyüşə mövqe qələbələri qazandı. Döyüşlər, qələbələr həm də Azərbaycanın hərbi təhsil sisteminin döyüşləri, qələbələri idi - Azərbaycanda ali təhsil almış zabitlər də döyüşürdü, onların öyrətdiyi əsgərlər döyüşürdü, kursant taboru da döyüşürdü.
Noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi. Noyabrın 10-da üçtərəfli bəyanat imzalandı. Bu sənədlə Azərbaycan rəsmən qalib, Ermənistan məğlub dövlət kimi tanındı...
Tarixi Zəfər Azərbaycanda ordu quruculuğunun yeni mərhələsini müəyyənləşdirdi.
2021-ci il iyunun 15-də Şuşada Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi mahiyyəti etibarilə hərbi müttəfiqlik sənədidir. Bəyannamə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri ilə bir sırada hərbi təhsili də əhatə edir.
Xüsusi təyinatlı təhsil müəssisələrində tədris prosesinin yeniləşdirilməsi, müasirləşdirilməsi, proqram materiallarının məzmun baxımından zənginləşdirilməsi, Türkiyənin xüsusi təyinatlı təhsil müəssisələrinin təcrübəsinin Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrinə inteqrasiyası ordu quruculuğuna yeni məzmun gətirdi, tarixi Zəfərin müəyyənləşdirdiyi mərhələ oldu...
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi zamanında böyük tarixi şəxsiyyət Heydər Əliyevin siyasi kursunun başlıca istiqaməti idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin siyasi kursuna  sədaqət borcu kimi ordu quruculuğunu dövlət üçün prioritet səviyyəyə çatdırdı, ordu nizami ordu kimi tam formalaşdı, şəxsi heyətin döyüş hazırlığı artırıldı, yüksək döyüş hazırlığına malik oldu. Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı yüksəldildi, silahlanmada əsaslı dinamika yaradıldı, qoşun növləri, eləcə də ordu üzrə keçirilən müxtəlif təlimlər şəxsi heyətin döyüş hazırlığını yüksəldirdi. Yüksək hərbi təhsil olmadan yüksək döyüş hazırlığı formalaşdırmaq, onu saxlamaq mümkün deyil. Bu baxımdan, hərbi təhsildə həyata keçirilən ilkin islahatlar müəyyən təhsil nəticələri verirdi.
Tarixi Zəfərdən sonra Azərbaycanda ordu quruculuğunda böyük islahatlar aparıldı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə 2022-ci ildə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradıldı.
Milli Müdafiə Universitetinə daxil olan tədris müəssisələri fəaliyyətini yeniləşdirilmiş tədris-metodiki üsul və metodlarla davam etdirir. Ordu quruculuğunun müasir mərhələsi zabit kadrları hazırlığında yeni prinsiplər tələb etdiyinə görə tədris prosesi həm də milliliyin tələbləri səviyyəsində təşkil olunur. Bu baxımdan, Azərbaycan dili və Ədəbiyyatı, Azərbaycan tarixi fənləri təkmilləşdirilmiş tədris proqramları ilə tədris olunur. Milli Müdafiə Universiteti Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələri vasitəsilə orta ixtisas təhsilli və yüksək ixtisaslı mütəxəssislər, elmi və elmi-pedaqoji kadrlar hazırlayır, dövlət orqanlarının vəzifəli şəxslərinə hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsini, hərb elmləri sahəsində elmi tədqiqat işlərinin aparılmasını və əlavə təhsil üzrə kadr hazırlığını təşkil edir.
Yenilənmiş tədris proqramları dövlətin müəyyənləşdirdiyi hərbi təhsil vəzifələrini uğurla yerinə yetirməsini təmin edəcəkdir.         
"Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu"nun tələblərinə əsasən, Milli Müdafiə Universitetində təhsilin pillə və səviyyələri tam orta təhsili, peşə və orta ixtisas təhsilini, ali təhsilin bakalavr, magistr və adyunktura (doktorantura) səviyyələrini əhatə edir.
Azərbaycanda hərbi təhsili Milli Müdafiə Universiteti koordinasiya edir. Yeni yaradılan institutlar ayrılıqda Hərbi Akademiyanın funksiyalarının bir hissəsini yerinə yetirir. Onların fəaliyyəti, vəzifələri Elm və Təhsil Nazirliyinin və Milli Müdafiə Universitetinin Elmi Şuralarının birgə qərarı ilə müəyyənləşdirilib. Elmi tədqiqatlar tədqiqat institutları ilə koordinasiya formatında aparılır.
Azərbaycan Ordusunun NATO-ya inteqrasiyası da bilavasitə hərbi təhsil vasitəsilə həyata keçirilir. İstər yeni, müasir silahların öyrənilməsi, istismar xüsusiyyətlərinin mənimsənilməsi baxımından, istərsə də əməkdaşlıq üçün ingilis dilinin aşılanması baxımından...
Azərbaycanda hərbi təhsil bu gün də dövlət üçün prioritetdir, ordu quruculuğu prosesinin dönməzliyini əhatə edən səviyyədə təşkil olunub. Hərbi təhsil Azərbaycan Respublikası Prezidentinin, Müdafiə Nazirliyinin rəhbərliyinin tələb və göstərişləri əsasında daha da mükəmməlləşdiriləcəkdir...
Yeniyetmələrin, çağırış yaşlı gənclərin hərbi təhsilə marağını yüksəltmək məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir və bu proses davam etdiriləcəkdir. Mahiyyəti vətənpərvərlik duyğularının yüksəldilməsinə yönəldilmiş belə tədbirlər hərbi təhsilə marağı artırmaqla zabit kadrları hazırlığı prosesini də dönməzləşdirəcəkdir...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: "...Milli dəyərlərimizə münasibətimiz həmişə çox yüksək səviyyədə olmuşdur. Bu gün də gənc nəslin tərbiyə olunmasında, formalaşmasında və Azərbaycanın uzunmüddətli, dayanıqlı, müstəqil ölkə kimi yaşamasında milli dəyərlərə bağlılığımız müstəsna rol oynayır. Mən çox istəyirəm ki, bizim bütün ali məktəblərdə gənclərimiz yüksək peşəkarlıqla yanaşı, məhz milli dəyərlərimizi unutmasınlar". Dövlət başçısının bu tövsiyəsi hərbi təhsildə də sədaqətlə yerinə yetirilir...

Rəşid HÜSEYNOV

"Azərbaycan Ordusu"