Payızın yağışlı, soyuq səhəridi. İşğaldan azad edilmiş ərazilərimizdə axşamdan dağların zirvələrinə yağan qarı qışın müjdəsi də hesab etmək olar. Çünki dağlara erkən düşən qar bu il qışın sərt keçəcəyindən xəbər verir. Bunu dəfələrlə belə hallarla üzləşmiş, belə sərt iqlimi olan ərazilərdə Vətənimin müdafiəsinə dayanan hərbi qulluqçularımızdan da eşitmək mümkündür.
İşğaldan azad edilmiş ərazilərə keçmək üçün nəzarət buraxılış posta yaxınlaşırıq. Burada həm mülki, həm də hərbi polisin birgə nəzarət etdiyi post yerləşdirilib. Avtomobildəki hərbçilər hərbi polis, mülki vətəndaşlar isə Daxili İşlər Nazirliyinin polis əməkdaşları tərəfindən yoxlanılır. Dövlətimizin qoyduğu qaydalara və onun tələblərinə əsasən, işğaldan azad edilmiş ərazilərə daxil olmaq üçün (icazənin) portalda adlarımızın keçdiyi təsdiq olunduqdan sonra yolumuza davam edirik.
İkinci Qarabağ müharibəsində tarixi qələbədən sonra Şuşaya çəkilən "Zəfər yolu" ilə əvvəlcə Füzuli şəhərinə yaxınlaşırıq. Şəhərin girişində qardaş Özbəkistan Respublikasının inşa etdiyi Mirzə Uluqbəy adına Füzuli şəhəri 1 nömrəli tam orta məktəbi diqqətimizi cəlb edir. İki mərtəbəli, müasir dövrün tələblərinə cavab verən memarlıq üslubuna görə də zövqlə tikilmiş bu məktəb binası artıq şagirdlərin ixtiyarındadı. Füzuli köçkünlərinin ilk qayıdışından sonra yeni binaların da inşası davam edir. Burada gedən tikinti işlərinin sürətlə davam etdiyini gördükcə adam özündən ixtiyarsız qürurlanır. 30 ilə yaxın düşmən işğalında qalan şəhərin və kəndlərin dağıdılmış evlərinin ancaq izləri qalıb. Erməni vandalizminin acı nəticələrini aradan qaldırmaq üçün biz hələ uzun illər sərf edəcəyik.
Döyüşlər zamanı düşmən qəsəbəni əldə saxlamaq üçün var gücü ilə çalışdı, müqavimət göstərdi. Lakin onun bütün çabaları əbəs oldu. Çünki doğma torpaqlarının azad edilməsi uğrunda gərgin döyüşlərə qatılan xalqımızın igid oğulları düşmənə aman vermirdi. Onların misilsiz şücaətləri düşmənin müqavimətini qırdı. Hadrut qəsəbəsi düşməndən azad edildi.
Dağların əhatəsindəki gözəl qəsəbə
Hadrut hündür olmayan dağların əhatəsində, daha doğrusu, ətəklərində yerləşir. Burada da təmir-tikinti işləri davam edir. Müharibə zamanı buradakı evlər atılan mərmilərdən ciddi zədələnib, yaşayış üçün yararlı hala gətirilən evlər də çoxdu. Hərbçilərin sözlərinə görə burada şəhər döyüşləri də olub. Hadrut qəsəbəsində və dağın arxasında yerləşən Tuğ kəndində, cəbhənin cənub istiqamətində düşmənin ən vacib, strateji məntəqələri olub. Çünki düşmən əsas hərbi gücünü də burada toplayıbmış. Bu önəmli yüksəkliklər və yaşayış məntəqələri azad edildikdən sonra döyüşçülərimizin Şuşaya yolu açılıb...
Qəsəbənin mərkəzindən məhəllələrə yollar ayrılır. Bu yollar daşlı-kəsəklidi, ağaclardan ömrünü başa vurub tökülən qızılı yarpaqlar da yolun üstünü örtüb. Bəzi yerlərdə maşınların təkərləri altından küləyin sovurduğu xəzəl yolun kənarında qalaqlanıb. Baxımsız qalan cığırları da kol-kos örtüb. Burada qızılı payızın gözəlliyi adama xoş ovqat bəxş edir.
Zabit Faiq Şükürovla xidmət yerində görüşdük. Hündürboy, qarayanız zabitin çöhrəsində qətiyyət və məğrurluq sezilirdi. Zabit bölmələrin hazırda günün nizam qaydalarına uyğun olaraq dərs yerlərində olduğunu söylədi...
Taktiki məşğələ yerində
Baş leytenant Nihad Əlizadənin rəhbərliyi ilə bir neçə qrupun taktiki hazırlığı üzrə dərs keçirildiyi əraziyə gəldik. Qrup komandirləri tabeliyində olan əsgərlərə döyüş zamanı müxtəlif dağlıq, düzənlik, meşə və s. ərazilərdə döyüş düzülüşünü izah edirdilər. İlk baxışdan Nihad mənə bacarıqlı zabit təsiri bağışladı.
Məlum oldu ki, o, Azərbaycan Dillər Universitetini "İngilis dili müəllimi" ixtisası üzrə bitirib. Müharibədən əvvəl müddətli həqiqi hərbi xidmətdə olub. 2021-ci ilin əvvəlində “Ehtiyat zabit hazırlığı” kursu keçərək "leytenant" rütbəsində xidmətə başlayıb. Bu illər ərzində qazandığı və yiyələndiyi hərbi bilikləri tabeliyində olan şəxsi heyətə həvəslə aşılayır.
Qrup üzvlərindən əsgər David Məmmədov Qusar rayonundan xidmətə çağırılıb. Yanvar ayında bir ili tamam olacaq. İşğaldan azad edilmiş ərazilərdə xidmət etməkdən qürur duyduğunu deyir. İkinci Qarabağ müharibəsi dövründə orta məktəbdə oxuduğunu, döyüşlərin nəticələrini hər gün maraqla izlədiyini, hər dəfə dövlət başçısı ordumuzun azad etdiyi kəndlərin, şəhərlərin adlarını sadalayanda sevincinin yerə-göyə sığmadığını bildirdi. Bu gün bir əsgər olaraq üzərinə düşən vəzifə borclarını həvəslə öyrənib icra etdiyini deyir.
Bölmədə xidmət edən hər bir əsgər mövzuya uyğun taktiki çalışmaları böyük həvəslə mənimsəyir. Onlar bilmədiklərini, yaxud öyrənməkdə çətinlik çəkdiklərini komandirlərdən öyrənirlər. Vətənimizin müxtəlif bölgələrindən gələn əsgərlər burada tanış olduqları silahdaşları ilə gələcəkdə də dostluq münasibətlərini davam etdirəcəklərini bildirdilər. Əsgərlərdən Cəlal Hacıyev Laçın rayonundan olsa da, Bərdədə doğulub boya-başa çatıb. Laçın rayonu otuz ilə yaxın erməni işğalı altında olduğu üçün orada heç vaxt olmadığını, ancaq gələcəkdə ata-baba yurduna köçüb orada yaşayacağını dedi. Əsgər İsmiəli Mahmudov Gəncədən, Zaur Qurbanov Sumqayıtdan, Rəvan Səfərəliyev Şamaxıdan, Ruhin Kazımov Goranboydan, Sənan Hümbətov Salyandan, Ramal İsmayılov Bakı şəhərindən xidmətə çağırılsalar da, məqsədləri, amalları birdir - Vətən qarşısında övladlıq borcunu şərəflə, ləyaqətlə başa vuraraq doğmalarının yanına başıuca qayıtmaq.
Əsgər Elvin Cəbrayılov digər silahdaşlardan yaşca böyükdü. O, həm ali təhsillidi, həm də hərbi bilikləri qısa zamanda mükəmməl mənimsəməklə digər silahdaşlarını bir qədər önləyə bilib. Şəmkir rayonundan olan Elvin Azərbaycan Texnologiya Universitetində bakalavr, Azərbaycan Texniki Universitetində isə magistr təhsilini alıb. İlk gündən hərbi xidmətini vicdanla yerinə yetirib komandir və əsgər yoldaşlarının rəğbətini qazanmağı qarşısına məqsəd qoyub. Elvin dedi ki, hərbi xidmət müddətinin yarsını geridə qoyub. Bu müddət demək olar ki, hərbi nizamnamələri, taktiki və digər hazırlıqlarını öyrənməklə keçib. Sələflərinin ənənələrini yaşatmaq və davam etdirmək başlıca məqsədidir.
Əsgərlər taktiki təlimləri öyrənməkdə davam edirlər. Onların icra etdikləri hər bir çalışma fərdi döyüş hazırlığının artırılmasına, sonda isə bölmənin döyüş qabiliyyətinin artırılmasına xidmət edir. Əsgərlər verilən hər bir komandanı səylə yerinə yetirməklə yüksək döyüş vərdişlərini nümayiş etdirməyə çalışırlar.
Füzulidən Cəbrayıla uzanan qoşa yol da müharibədən sonra çəkilib. Bu yol bizi həm də mənzil başına, ən gərgin döyüşlərin getdiyi Hadrut qəsəbəsinə aparır. Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan bu qəsəbə artıq doğma sakinlərinin tam ixtiyarındadı. Üç yandan dağlarla əhatə olunmuş əsrarəngiz təbiətə və relyefə malik olan bu ərazi sözün əsl mənasında təbiət möcüzəsidir.
Bəxtiyar ƏLİYEV,
fotolar Namiq PƏNAHOVUNDUR
"Azərbaycan Ordusu"