Bu ucalıqda boy atıbsan, böyüyübsən, illərlə yayın istisində-bürküsündə mehmanlarına kölgəlik olubsan, yorulan yolçular kölgəliyində nəfəs dərib. Yol azanlar el yolunu səninlə səmtləşdirib. Yan-yörən el-obanın örüş yeri olub. Yazda-yayda, payızın son ayına kimi hər səhərinin dan yeri cavanların, yaxın kəndlərin güzəran cəfakeşlərinin şamarılarıyla sökülüb...
Zaman dəyişdi, yaman dəyişdi, Tək ağac. Emənilər Azərbaycandan torpaq iddiasına düşdü. Düşmən bu həndəvərlərdə də camaatı ev-eşiyindən tərpətmək üçün basqınlar, həmlələr edirdi. O vaxtlarda dağ əsgəriydi, daş əsgəriydi, hər oymaq əsgəriydi, əli silah tutanların hamısı əsgər olmayan əsgəriydi. Bu səmtlərdə də düşmənin hər tərpənişini qeyrətlə susdururdular...
Ötən əsrin sonlarında dörd cavanın güllələri sinə-sinə, daldalana-daldalana bu tərəflərə gələn on-on beş yaraqlı düşmən indi əsgərlərimizin döyüş növbətçiliyi apardığı mövqedə dirəndirib. Xeyli atışıblar. Düşmənlərdən üçü öldürülüb, qalanları qaçıb. Cavanlarımızdan biri yaralanıbmış. Onu sənin kölgəliyinə gətiriblər, Tək ağac. Əlin olsaydı, yaralarını sarıyardın, dilin olsaydı toxtaqlıq verərdin. Yaralının yaralarına hansı çiçəyininsə ləçəklərini qoyublar, üstünə bir ovuc quru torpaq səpib sarıyıblar. Ucalığın məlhəm havasının, çiçək ləçəyinin, torpağın qüdrətiymiş - bir az keçəndən sonra yaralı özünə gəlib, rəngi-ruhu düzəlib, onu cavanlardan biri atın tərkinə alıb Mutudərəyə endirib. Sağalıb o igid. Söz sözü çəkəndə deyərmiş ki, məni torpağımızın müqəddəsliyi, Tək ağacın kölgəliyi sağaltdı...
Düşmən düşmənliyindəydi. 2020-ci il sentyabrın 27-də yenə ərazilərimizə hücum elədi. Ordumuzun hissələri hücumun qarşısını qətiyyətlə aldı, döyüşü Ali Baş Komandanın əks-hücum əmri ilə davam etdirdi. Bu əmr İkinci Qarabağ müharibəsinin başlanğıc əmri oldu...
Azərbycan Ordusu tarixi Zəfər qazandı, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu...
Tarixi Zəfərdən aylar sonra, yazın göylüyündən dikəlib sənə çatan iki nəfəri əvvəl tanıya bilmədin. Bilmədin ki, yaşlı yolçu neçə illər əvvəl kölgəliyində yaralarına məlhəm edilən həmin cavandı, yanındakı da oğludu. Gəldilər, tanımadığın orta yaşlı kişinin əlləri səni budaq-budaq oxşadı. Bu nəvazişdən kövrəldin. Kövrəkliyini əli oğlunun çiyninə enən kişinin qəhərli səsi daha da artırdı:
- Sənə dediyim yer buradı, oğul, dediyim ağac budu. Sən də döyüşçü oldun, sən də döyüşdə yaralandın. Şuşa uğrunda döyüşürdün, Xocavənd səmtində Şuşanın girəcəyində yaralanıbsan, səni qollu-budaqlı bir ağacın daldasına çəkiblər, yaranı sarıyıb döyüşü davam etdiriblər. Düşmən geri çəkiləndən sonra səni arxaya göndəriblər. Getdik, sənə ətək sərən o ağacı birlikdə gördük, gəldik ki, mənə ətək sərmiş bu ağacı da birlikdə ziyarət edək. Mənim də ömrümdə ağac ömrü var, sənin də ömründə ağac ömrü var. İndi sən də bilirsən ki, döyüşdə Vətənin hər daşı da, hər ağacı da əsgərləşir, oğul. Bu, Vətənin müqəddəsliyidi...
Kişi şeirə könül verənlərdənmiş...
Kişi sənə, oğul atasına sığınanda həzin bir yel əsib, xırda budaqların ikisinin də saçlarını titrədib. Duyğulanan kişi budağını ovucunda doğmalıqla sıxıb, bir qədər yuxarıda döyüş növbətçiliyi aparanlara sarı baxıb:
Yaranışdan olmadın,
bir əl, bir ətək, ağac.
Göylərin yağışını,
yarpağına çək, ağac.
Əsgər qardaşların var,
tək deyilsən, Tək ağac!..
Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"