Müstəqilliyimizin və suverenliyimizin qarantı olan ordumuzda döyüş hazırlığı ilə yanaşı, şəxsi heyətin tibbi təminatı da diqqətdə saxlanılır. Bu istiqamətdə tibb xidməti məqsədyönlü işlər aparır, maarifləndirici tədbirlər keçirir. Xüsusilə, qış mövsümündə hərbi qulluqçuların sağlamlığının qorunması və onların xidmətə tam hazır vəziyyətdə olması üçün tibbi maarifləndirmə tədbirləri mühüm əhəmiyyət kəsb edir. Çünki hərbi qulluqçuların sağlamlığı da döyüş hazırlığının mühüm tərkib hissəsidir.
Qış mövsümü soyuq hava, yüksək rütubət və sərt küləklərlə xarakterizə olunur. Bu cür iqlim şəraiti müxtəlif mövsümi xəstəliklərin, o cümlədən qrip, soyuqdəymə, bronxit və kəskin respirator virus infeksiyalarının yaranmasına və yayılmasına səbəb ola bilər. Həmçinin mənfi temperatur şəraitində uzun müddət açıq havada qalmaq donvurma kimi ciddi sağlamlıq problemləri yarada bilər. Orduda şəxsi heyətin sağlamlığı və döyüş qabiliyyətinin qorunması üçün tibbi maarifləndirmə tədbirləri xüsusi diqqət mərkəzində saxlanılır.
Qış mövsümündə Azərbaycan Ordusunda həyata keçirilən tibbi maarifləndirmə tədbirləri, mövsümi xəstəliklərdən qorunma üsulları, donvurma hallarının qarşısının alınması və şəxsi heyətin sağlamlığının qorunması istiqamətində aparılan işlər barəsində Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent, istefada olan tibb xidməti polkovnik-leytenantı Rafael Əhmədov bildirdi ki, müdafiə nazirinin müvafiq əmrinə əsasən, qış mövsümü ilə bağlı xüsusi təlimat hazırlanır. “Bu təlimatda soyuq temperaturun uzun müddət orqanizmə təsiri (donvurma) və onun nəticələri barədə məlumat verilir. Soyuq havada donvurma hadisələri əsasən mənfi 3-5 dərəcə selsi temperaturda, xüsusilə də 1-2 saatdan artıq açıq havada qaldıqda və isti geyim olmadıqda baş verir. Bu zaman damarlar sıxılır, qan dövranı zəifləyir və bu hallar hipotermiyaya səbəb ola bilər. Donvurmalar bir neçə mərhələyə bölünür:
1. Reaktivliyə qədərki mərhələ - donvurma hadisələrinin ilkin mərhələsi olub, bu dövrdə simptomlar açıq görünmür. Donvurmanın təsirindən zədələnmiş nahiyələrdə bir neçə gün sonra qabarıqlar, qaraltılar və çürümə zonaları meydana gəlməyə başlayır. Bu, donvurmanın ağır mərhələlərində müşahidə edilir.
2. Reaktiv mərhələ - donvurma simptomları bu mərhələdə özünü göstərir. Dərialtı toxumaların zədələnməsi nəticəsində dəridə göyərmə, qızartı, şişkinlik və ağrılar yaranır. Bu cür donvurmalar yüngül dərəcəyə aid edilir və əsasən birinci və ikinci dərəcəli donvurmalar hesab olunur. Donvurmalar təkcə soyuq havada deyil, həm də dənizdə suyun soyuq temperaturundan yaranır. Uzun müddət soyuq suda qalmaq xroniki soyumaya və birinci-ikinci dərəcəli donvurmalara səbəb ola bilər. Bundan başqa, "kontakt donvurma" adlanan hallar da mövcuddur. Bu, mənfi 15-20 dərəcə selsi temperaturda bədənin açıq hissələrinin soyuq metal səthlərə toxunması nəticəsində baş verir. Belə hallarda toxuma dəmirə yapışır və zədələnir. Donvurma bədənin soyuq havaya məruz qalması nəticəsində toxumaların donması ilə ortaya çıxır. Bu zaman toxumalarda oksigen və qidalanmada çatışmazlıq yaranır ki, bu da hüceyrə ölümünə gətirib çıxarır. Donvurma əsasən açıq dəri sahələrində, xüsusən də barmaqlarda, burunda, qulaqlarda və ayaqlarda baş verir. Donvurmaların qarşısını almaq üçün hərbi qulluqçular müntəzəm isti maye, çay, kofe və süd qəbul etməli, soyuq hava şəraitində hərəkətdə olmalı, isti geyimlərdən istifadə etməli və bədənləri quru saxlamalıdırlar. Donvurma zamanı zədələnmiş nahiyəni isitmək və təkrar soyumadan qorumaqla ilkin tibbi yardım göstərmək olar. Bunun üçün zərərçəkmişi isti otağa gətirmək, ayaqqabılarını və əlcəklərini çıxarmaq lazımdır. Donmuş orqan ilıq su tökülmüş ləyənə yerləşdirilməli, 30 dəqiqə müddətində suyun temperaturu müsbət 17-18 dərəcə selsidən 40,5 dərəcə selsiyə çatdırılmalıdır. Ətrafda hissiyyat və qan dövranı bərpa olunduqdan sonra qurulamaq, 33 faizli spirtlə silmək və pambıq-tənzif bintlə sarımaq lazımdır (təmiz, ütülənmiş corab geyindirmək olar). Ümumi soyuma olduqda isə zərərçəkmişi isti adyalla örtmək, yanına isitqac düzmək, isti çay vermək lazımdır. Dərin donma əlamətləri varsa, yalnız isidici sarğı qoyulmalıdır. Əgər bunları etmək imkanı yoxdursa, donmuş ətraflar bədənin isti yerlərinə və s. yaxın saxlanılır. Üz kimi açıq nahiyələrə təzyiq göstərmədən əl və ya əlcək qoyub isidilir. Əlləri qoltuq altında və ya sinədə qızdırmaq olar. Bundan başqa, zədələnmiş nahiyəyə tarım çəkilmiş steril quru sarğı qoyulur, əl və ayaq barmaqlar donubsa, onların arasına pambıq və ya tənzif qoyulur. Ayaqların donu açılandan sonra zərərçəkənin gəzməyinə icazə verilmir. Huşu aydın olan zərərçəkənə isti çay və yemək verilir. Suluqlar deşilmir, zədələnmiş nahiyəni əllə ovuşdurmaq, qarla sürtmək və ona təzyiq göstərmək olmaz. Zədələnmiş nahiyənin qarla sürtülməsi dərinin daha da soyumasına, dəridə cızıqların əmələ gəlməsinə, onların infeksiyalaşmasına və dəridə yerləşən toxumaların zədələnməsinə səbəb olur. Bədənin donmuş hissələrini birdən-birə və birbaşa açıq alov, isti butulka və isti kərpiclə qızdırmaq olmaz. Soyuq şəraitdə vaxtında tədbirlər görmək böyük rol oynayır və düzgün davranışlarla ciddi fəsadların qarşısını almaq mümkündür".
Azərbaycan Ordusunun hərbi qulluqçularının xidmət etdiyi müəyyən ərazilər sərt iqlim şəraitinə malikdir. Xüsusilə, qış aylarında dağlıq ərazilərdə havanın temperaturu sıfırdan aşağı düşür və hərbi qulluqçuların donvurma ilə üzləşməsi riskləri artır. Tibb üzrə fəlsəfə doktoru, dosent Rafael Əhmədov bildirdi ki, hərbi hissələrdə donvurmaların qarşısının alınması üçün metodik köməklik göstərilməsi məqsədilə Müdafiə Nazirliyinin Tibb İdarəsi tərəfindən telefonoqramlar və məktublar göndərilir, hərbi həkimlər şəxsi heyətlə təlimatlandırıcı söhbətlər aparırlar. Həmçinin qeyd etdi ki, bütün bunlarla yanaşı, donvurmaya məruz qalmamaq üçün hər bir hərbi qulluqçu fərdi olaraq kəskin soyuqlar zamanı düzgün qidalanmalı, quru və isti geyinməlidir. Soyuq havalarda yun və xəz paltardan istifadə etməli, papaq geyinməlidir ki, istiliyin bədəndən xaric olmasının qarşısı alınsın. Bu sahədə aparılan qabaqlayıcı işlərin təkmilləşdirilməsi Azərbaycan Ordusunun daha sağlam, yüksək döyüş qabiliyyətli heyətə malik olmasını təmin edir.
"Azərbaycan Ordusu"