Tarixi faktlar sübut edir ki, adı və şöhrəti ilə məşhur olan ordular dünya hərb tarixində öz silinməz izlərini qoyublar. Onların sırasında Roma və Çin İmperiyalarının, Osmanlı İmperatorluğunun orduları, Qədim Yunanıstanın Sparta ordusu və öz şanı ilə tarixdə silinməz izlər qoymağı bacarmış digər ordular vardır. Sadalanan ordular özünəməxsus döyüş taktikaları, təlim metodları və komandanların liderlik və sərkərdəlik keyfiyyətlərinə görə fərqlənsələr də, mahiyyəti etibarilə adlarını tarixin qızıl səhifələrinə həkk etdiriblər. Məlumdur ki, istər qədim, istərsə də müasir dövrdə güclü ordu dövlətin varlığının və müstəqilliyinin qarantı, xalqın inam mənbəyi və güvən yeridir. Bundan savayı, güclü imperiya və dövlətlərin öz sərhədlərini genişləndirməsi, habelə təhlükəsizliyin təmin edilməsi məsələlərində də ordu amili hər zaman ön plana çıxıb.
Hər bir dövrün öz tələblərinə görə ordunun gücünü təyin edən şərtlər mövcud olub. Məsələn, Roma İmperiyası dövründə ordunun əsasını "legion"lar təşkil edirdi ki, onlar öz döyüş ənənəsi, hərbi intizamı və müharibə uğurları ilə Avropanın fəthində həlledici rol oynamağı bacarıblar. Məşhur sərkərdə Çingiz xan tərəfindən yaradılan monqol ordusu öz süvariləri ilə sürətli hücum taktikası, tez təşkilatlanma və güc çevikliyi ilə Asiyadan Avropaya qədər öz adından bəhs etdirməyi bacarıb. Osmanlı İmperiyasının qəhrəman Yeniçəri Ordusu hərb tarixinin elit piyada qüvvəsi olaraq imperiyanın qızıl dövründə mühüm rola malik olan qüvvə hesab olunurdu. Adını sadalamadığım, lakin hərb tarixində özünəməxsus izlərini qoymağı bacarmış bir çox ordular var. Bunlardan biri yaşı az olmasına baxmayaraq, müasir tarixin ədalətli, həlledici, modern savaşını aparmaqla misilsiz Zəfərini qazanan şanlı Azərbaycan Ordusudur.
Bu məqaləmizdə dövlətimiz müstəqilliyini qazandığı dövrdən bu günə qədər ordumuzun güclənməsində görülmüş və gələcəkdə görülməsi planlaşdırılan mövzulardan danışacağıq. Mövzuya başlamazdan əvvəl "ordunun güclü olmasını şərtləndirən amillər nələrdir?" sualını cavablandıraq. Güclü ordu - müharibə və ya hərbi əməliyyatlar, o cümlədən antiterror fəaliyyətləri zamanı qarşıya qoyulan tapşırığın öhdəsindən effektiv şəkildə gəlməyi, şəxsi heyəti öz vəzifə borcunu ləyaqətlə yerinə yetirməyi bacaran qüvvələrdir. Güclü ordu şəxsi heyətinin sayı ilə deyil, güclü hərbi hazırlığı, yüksək döyüş ruhu, müasir arsenalı (silahlanma) ilə seçilir. Döyüş hazırlığı ordunun gücünün mühüm hissəsini təşkil edir. Döyüş hazırlığı - şəxsi heyətin, bölmələrin, birləşmə və birliklərin, həmçinin onların idarəetmə orqanlarının təyinatlarına uyğun olaraq öz fəaliyyətlərini lazımi səviyyədə təşkil etməsi məqsədilə təsdiqlənmiş bir qaydadır. Döyüş hazırlığı sıravi əsgərdən komandanlıq səviyyəsinə qədər döyüş tapşırığının hər an uğurla yerinə yetirilməsinə hesablanmış hazırlıq prosesləridir. Hərbi hazırlıq şəxsi heyətin fərdi hazırlığı ilə yanaşı, müxtəlif qüvvə və qoşun növlərinin qarşılıqlı əlaqələrini gücləndirmək, bölmələr arasında uzlaşmanı təmin etməklə döyüşün idarə olunması üçündür. Ordunun gücünün artırılması, onun lazımi səviyyəyə çatdırılması üçün bəzi xüsusiyyətlər tələb olunandır. Hərbi təhsil, müasir hərbi-texniki təchizat, məşğələ və təlimlər, hərbi intizam və s.
Peşəkar kadr hazırlığı dedikdə, təcrübəli və bilikli zabitlər, liderlik bacarığı, qərar qəbuletmə keyfiyyətlərini özündə birləşdirən komandirlər nəzərdə tutulur ki, güclü ordunun dayaq sütunlarından biri də məhz belə komandirlərdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 mart 2022-ci il tarixli, 1626 nömrəli Fərmanına əsasən, qabaqcıl xarici orduların praktikasına əsaslanaraq Milli Müdafiə Universiteti (MMU) yaradıldı.
Bu universitet hərbi təhsil sisteminin elmi, idarəedici və digər mühüm sahələrini koordinasiya etməklə yanaşı, tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin vasitəsilə ali təhsilin bütün səviyyələri üzrə mütəxəssislərin hazırlanmasında, bir sözlə, bu gün ordumuzda peşəkar zabit kadrlarının ixtisaslaşmasında, təcrübəli hərbi qulluqçuların yetişdirilməsində misilsiz rola malikdir. Bu gün Azərbaycan Ordusunun təcrübəli kadrlarla zənginləşdirilməsində, müxtəlif kateqoriyalı hərbi qulluqçuların hazırlanmasında Milli Müdafiə Universiteti və onun nəzdində fəaliyyət göstərən Hərbi Elmi Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi yaxından iştirak edir. Hərbi təhsildən danışarkən mütləq qeyd olunmalıdır ki, bu sahə üzrə gənc hərbçilərimiz ilkin addımlarını xüsusi təyinatlı tam orta təhsil müəssisələri olan Cəmşid Naxçıvanski və Heydər Əliyev adına hərbi liseylərdə atır. Bir sözlə, Azərbaycan Ordusunun hərbi təhsil sahəsi dövlət başçımız tərəfindən ordu rəhbərliyi qarşısında qoyduğu prioritet istiqamətlərdən biridir.
Müasir dövrdə hərbi texniki təchizat texnologiyanın sürətli inkişafı ilə daha da modernləşmiş, hərbi gücün artırılması üçün dövrün tələblərinə uyğun innovativ sistemlərə əsaslanmışdır. Bu vasitələr ölkənin həm döyüşaparma, həm də özünümüdafiə qabiliyyətinin yüksəldilməsində effektivliyi təmin edir. Bundan savayı, işğaldan azad olunmuş ərazilərimizdəki hərbi hissələrin maddi-texniki bazasının inkişaf etdirilməsi, şəxsi heyətin xidməti və məişət şəraitinin yaxşılaşdırılması da gündəlikdə duran vacib məsələlərdəndir. Cari ildə də dünyanın aparıcı ordularına sahib dövlətlərilə qurulmuş qarşılıqlı səmərəli əməkdaşlıq sayəsində mühüm layihələrə imza atılmış, nəticədə ordumuzun hərbi təminat və təchizat bazası xeyli modernləşmiş və gücləndirilmişdir. Müdafiə sənayesindən söz düşmüşkən onu da qeyd etmək lazımdır ki, xarici dövlətlərlə yanaşı, yerli müdafiə sənayemizin istehsalı olan müxtəlif hərbi texniki təminat və təchizat vasitələrini də ordumuzda görmək mümkündür. Belə ki, Quru Qoşunlarının tərkibindəki bölmələrin (tank, PDM və müxtəlif təyinatlı zirehli maşınları və s.) modernləşdirilməsi, müasir cihaz, texniki vasitələrlə təchiz olunması müasir döyüş və müdafiə üsullarının öyrənilməsi üçün vacib faktorlardandır. Bu gün müasir rəqəmsal texnologiyaların sürətli inkişafı sayəsində modern uzaqvuran və yüksək dəqiqliyə malik döyüş vasitələrinin arsenalımıza daxil edilməsi ilə ordumuzun və dövlətimizin güc potensialı xeyli möhkəmlənib. İtaliya və Pakistanla əməkdaşlığa əsasən, inventarımıza daxil olunmuş yeni nəsil hərbi təyyarələr, həmçinin qardaş Türkiyə Respublikası ilə qurulan səmərəli əlaqələr sayəsində müasir aviasiya vasitələri ilə komplektləşdirilib. Hava hüdudlarımızın qorunması üçün isə Hava Hücumundan Müdafiə bölmələri uzaqmənzilli və yüksək dəqiqlikli müdafiə sistemləri ilə təchiz olunub, bununla yanaşı, təchizatımızda olan müasir radar sistemləri və müşahidə vasitələrinin istifadəsi ilə hava məkanımızı izləmək və baş verə biləcək təhlükələri qabaqcadan aşkar etmək mümkündür. Hərbi Dəniz Qüvvələrinin modern tələblər çərçivəsində qurulması, gəmilərin müasir müşahidə, döyüş vasitələri ilə təmin olunması işləri görülüb. Bu gün hərbi gəmilərimiz də öz növbəsində dəniz hüdudlarımızın qorunmasında iştirak edir, sahil müdafiəsi, strateji dəniz əməliyyatları fəaliyyətlərini yüksək səviyyədə yerinə yetirməyə qadirdirlər. Bundan savayı, Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında mühüm əhəmiyyət daşıyan infrastruktur obyektlərinin mühafizəsi istiqamətində hazırlıqlarını durmadan artırırlar.Təbiidir ki, görülən işlər ölkəmizin müdafiə qabiliyyətinin artırılması ilə yanaşı, regiondakı sülh və sabitliyin təmin olunmasına görədir.
Ordunun gücündən danışarkən illik təsdiq olunmuş döyüş hazırlığı planına əsasən, keçirilən çöl və sinif dərs və məşğələləri, o cümlədən təşkil olunan müxtəlifmiqyaslı təlimləri xüsusi qeyd etmək lazımdır. Belə ki, adıçəkilən fəaliyyətlər şəxsi heyətin döyüş hazırlığını yüksəltmək, fiziki və mənəvi keyfiyyətləri üzrə bilik və bacarığını artırmaq məqsədilə keçirilir. Keçirilən dərs və məşğələlər müxtəlif sahələri əhatə edir. Atəş hazırlığı dərslərində əsgərlər müxtəlif növ silahların istifadə qaydalarını, onların taktiki-texniki göstəricilərini öyrənir, silah üzrə praktiki və nəzəri bilik və bacarıqlarını artırırlar. Şəxsi heyətlə təşkil olunan fiziki hazırlıq məşğələləri şəxsi heyətə fiziki dözümlülük, operativlik, döyüş çətinliklərinin və tapşırıqların icrasındakı çətinlikləri dəfetmə bacarıqlarını aşılayır. İxtisasa uyğun olaraq keçirilən çöl təlimlərində hərbi qulluqçular çətin relyef, əlverişsiz iqlimə uyğun ssenariləşdirilmiş ərazilərdə müxtəlif tapşırıqların icrasında iştirak edirlər. Taktiki təlimlər zamanı bölmələr vahid komandanlıq tərəfindən verilən tapşırıqları qrup şəklində icra edir, hücum və müdafiə fəaliyyətlərinə uyğun olaraq normativləri yerinə yetirirlər. Döyüş hazırlığı planına əsasən, aşağıdakı şərtlərə nail olmağın vacibliyi xüsusi qeyd olunmalıdır, şəxsi heyətin daim döyüşə hazır olmasını təmin etmək; labüd müharibə şəraitində zəruri olanları hərbi qulluqçulara öyrətmək; öyrətmə mexanizmasını fərdi və kollektiv izah etmək; təlimi real döyüş şəraitinə maksimum uyğunlaşdırmaq. Döyüş hazırlığının şərtlərinə təmin edilməsi ordunu savaş və kiçik savaş mühiti olan təlim meydanında daha güclü edir.
Azərbaycan Ordusunun şəxsi heyəti təkcə ölkə daxilində keçirilən müxtəlifmiqyaslı təlimlərdə deyil, ölkə hüdudlarından kənarda keçirilən beynəlxalq səviyyəli və yaxud regional dövlətlərin iştirakı ilə keçirilən təlimlərdə də iştirak edir. Birgə keçirilən təlimlərdə qardaş Türkiyənin iştirakını xüsusi qeyd etmək lazımdır. Türkiyədə keçirilən "Anadolu Qartalı", "Anadolu Ankası", "Efes" beynəlxalq təlimləri, Azərbaycanda keçirilən "TurAz Qartalı" və “TurAz Şahini” taktiki uçuş təlimlərini, "Mustafa Kamal Atatürk" birgə taktiki təlimi və adı sadalanmayan müxtəlif təyinatda və miqyasda olan təlimlərdə iki qardaş ölkənin hərbi qulluqçuları qarşılıqlı təcrübə mübadiləsi keçirir, müasir döyüş üsullarının tətbiqi ilə uzlaşmanın düzgün təşkil edilməsində iştirak edirlər. Son bir neçə ayda Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti Türkiyədə keçirilən "SAT-SAS-2024" birgə təlimində iştirak etdi. Hər iki ölkənin sualtı hücum və sualtı müdafiə bölmələrinin iştirakı ilə keçirilən təlim xoş təəsüratlarla yadda qaldı. Bundan başqa, Xəzər dənizinin İran İslam Respublikasına məxsus hissəsində "AZİREX-2024" birgə taktiki təlimi keçirildi ki, Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti bu təlimdə müvəffəqiyyətlə iştirak etdi. "Eternity-2024" çoxmillətli komanda-qərargah təlimində Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçularının iştirakı ilə yaddaqalan oldu.
Şanlı ordumuz bu gün öz gücünü daha da artırmaqla təkcə regionda deyil, dünyanın aparıcı orduları sırasında da yer alır. O siyahıda dünya nəhəngi ölkələrin olmasına baxmayaraq, Azərbaycan Ordusu cari əsrin yeganə ədalətli və Qalib ordusu olaraq qalmaqdadır. Əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə xalqımıza Zəfər bəxş edən şanlı ordumuzun daha da inkişafı üçün fəaliyyətlər planı uğurla icra olunur. Fəaliyyətlər planına əsasən, ordumuzun kadr heyətinin peşəkarlığının artırılması, döyüş ruhunun yüksəldilməsi, arsenalımıza müasir döyüş vasitələrinin daxil edilməsi, ordu quruculuğu sahəsində beynəlxalq təcrübələrin öyrənilməsi prosesi bu gün də uğurla davam etdirilir. Ordumuz məqalənin əvvəlində sadaladığımız imperiyaların yaratdığı hərb sənətinin incəliklərini müasir dövrün tələblərinə uyğun bütün dünyaya göstərdi. Azərbaycan Ordusunun öz xalqının dəstəyi, sərkərdəsinin qətiyyəti ilə yazdığı Zəfər tarixi bu gün dünyanın hərbi elmi mərkəzlərində təhlil olunur, müharibənin hər günü analiz edilir. Bu Böyük Qələbə qanla və qisas arzusu ilə qazanılmış qələbədir. “Dəmir Yumruq” həm qisasımızın, həm birliyimizin rəmzi oldu. Bu gün ordumuz daha da güclənir. Bu güc dosta güvən, düşmənə gözdağıdır. Birliyimiz əbədidir, müstəqilliyimiz də. Çünki ordumuz güclüdür. Ordumuz güclüdürsə, xalqımız da dövlətimiz də güclüdür.
Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"