Azərbaycan xalqının Ümummilli Lideri Heydər ƏLİYEV:
"Bizim xalqımızın böyük tarixi, qəhrəmanlıq səhifələri ilə dolu olan tarixi məlumdur. Bizə də məlumdur, dünyaya da məlumdur. Əsrlər boyu dəfələrlə xalqımız yadelli qəsbkarlarla üzləşib, qarşılaşıb və dəfələrlə döyüşə qalxıb, torpaqlarımızı müdafiə edib, öz milli mənliyini qoruyub saxlaya bilibdir".
Ulu tarixin daş yaddaşında odlar yurdu Azərbaycan döyüş, hərb meydanı olması ilə əbədiləşib. Bu daşlaşmış köklər üzərində Azərbaycanımızın şanlı hərb tarixi yazılaraq bu günümüzə çatdırılıb. Dədə Qorqud eli məğlubedilməz Koroğlunu, Qazan xanı, ordu sərdarları Cavanşiri, Babəki, Cavad xanı, Qaçaq Nəbini boya-başa yetirib. Onlar yadelli işğalçılara, zülmkarlara qarşı mübarizədə xalqımızın xilaskarlarına çevriliblər. Sərkərdə Babək alınmaz Azərbaycan adlı döyüş qalasının divarlarına "Bir gün azad yaşamaq 40 il qul kimi yaşamaqdan yaxşıdır" sözlərini əbədi həkk edib. Qəhrəmanlıq tariximizə yazılan və bu günümüzə gəlib çatan o kəlmələr xalqımızın əsrlər boyu qəsbkarlara qarşı apardığı azadlıq mücadiləsinin şüarı kimi nəsildən-nəslə keçib. Sərkərdəlik, qəhrəmanlıq, torpaq, Vətən heysiyyatı xalqımızın milli-mənəvi dəyərlərinin fövqündə dayanır. Əcdadlarımızın, ata-babalarımızın nəsillərə miras qoyduğu bu dəyərləri xalqımız hər zaman qoruyub.
Uzaq keçmişimizə səyahət edək, tarixin yazdıqlarına nəzər salaq. Qədim yunan tarixçisi və coğrafiyaşünası amasiyalı Strabonun (e.ə. 63-cü il-b.e. 23-cü il) yunan dilində qeydə aldığı "Coğrafiya" əsərində deyilirdi: "Midiya iki hissəyə bölünür. Bir hissəsi böyük Midiya adlanır… O biri hissə Atropat Midiyasıdır. İkincisi öz adını sərkərdə Atropatdan götürüb. O Atropatdan ki, böyük Midiyanın bir hissəsi olan bu ölkənin də makedoniyalıların əsarətinə düşməsinə yol verməmişdi. Çar elan edilən Atropat, doğrudan da, öz yurdunu müstəqil bir ölkəyə çevirmişdi və onun ailəsində varislik hələ də davam edir… Atropatena hərbi qüvvə mənasında çox sanballı ölkədir, çünki o, 10 min süvari və 40 min piyada meydana çıxara bilir".
IX əsrin əvvəllərində Azərbaycanda məzdəkilər hərəkatı zəminində təşəkkül tapmış xürrəmi ideologiyası Babəkin başçılığı ilə yeni vüsət alır. X yüzilliyin ərəb tarixçisi İbn ən-Nədim yazırdı: "Babəkin qoşunlarının sayı o dərəcədə artdı ki, piyadalar istisna olunmaqla yalnız süvarilər 20 min nəfərə çatdı".
Bu gün hərb tariximizin keçmişinə nəzər saldıqda görürük ki, Azərbaycan coğrafiyası daima yadelli işğalçıların hücumlarına məruz qalıb, düşmən xalqımızın mübarizə əzmini daima qırmağa can atıb. Lakin xalqımız öz torpaqlarının azadlığını, ərazi bütövlüyünü, istiqlaliyyətini zaman-zaman hərb meydanlarında canı, qanı bahasına qorumağı bacarıb. Zaman keçdikcə qəhrəmanlıq dolu şanlı hərb tariximizin şərəfli səhifələri yazıldı, yeni mərhələləri yaşandı. İnkişaf mərhələləri bir-birini əvəz etdikcə hərb tarixinin araşdırılmasına, öyrənilməsinə və bununla da hərb elminin təşəkkül tapmasına zəmin yarandı. Xalqımızın sərkərdə oğulları Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski, Hüseyn xan Naxçıvanski, Cəmşid xan Naxçıvanski, Həbib bəy Səlimov, İbrahim ağa Usubov, İbrahim ağa Vəkilov və başqa generalların şan-şöhrətli cəbhə yolları Azərbaycanın hərb tarixinin səhifələrində öz əksini geniş şəkildə tapdı. O şöhrətli generallarımızın, hərb xadimlərimizin sayəsində müasir Azərbaycan Ordusunun təməl daşı qoyuldu.
Xalqımızın hərb tarixinin qürur və fəxr mənbəyi olan Azərbaycan Ordusu bu gün dünyanın ən güclü orduları sırasındadır. Ən müasir silah və hərbi texnikalarla təchiz edilmiş qüdrətli ordumuz şanlı tarixi keçmişinə söykənərək, uğurlarını gündən-günə artırır.
Zaman-zaman yazılan hərb tariximizin həqiqətlərinin, döyüş meydanlarında qazanılan qələbələrimizin gələcək nəsillərə geniş təbliğ olunması çox vacibdir. Bu şərəfli işin ağırlığı və məsuliyyəti daha çox Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Hərb Tarixi Muzeyinin üzərinə düşür. 32 ildir ki, Azərbaycan Hərb Tarixi Muzeyi milli-mənəvi dəyərlərimizi, xalqımızın sərkərdəlik, qəhrəmanlıq, şanlı hərb tarixini təbliğ edir. Qeyd edim ki, muzey 29 oktyabr 1992-ci ildə keçmiş “Salyan kazarması” deyilən, hazırda “Qızıl Şərq” hərbi şəhərciyi adlanan ərazidə yerləşmiş keçmiş sovet ordusuna məxsus 295-ci motoatıcı diviziyanın "Döyüş şöhrəti" muzeyinin bazasında yaradılıb. Birinci Qarabağ müharibəsinin getdiyi dönəmlərdə qurulmuş muzeyin birinci ekspozisiyasında xalqımızın hərb sənətini yaşadan qədim silahların (ox ucluqları, nizələr) və qəhrəmanlıq tarixini əks etdirən eksponatların nümayişi olub.
Hazırda muzeyin daxili ekspozisiyası 2004-cü ildə bərpa edilərək istifadəyə verilən tarixi binada yerləşir. Bina ötən əsrin əvvəllərində hərbi məqsədlər üçün inşa olunub. Daxili ekspozisiyada 2007-2015-ci illər və 2018-2020-ci illərdə bədii-tərtibat işləri aparılıb. Muzeyin ekspozisiya quruluşunu təşkil edən mövzu planında Azərbaycanın qədim dövrdən müasir dövrümüzədək hərb tarixinin öyrənilməsinə, təbliğinə və vətənpərvərlik ideyalarının gücləndirilməsinə xidmət edən eksponatların toplanması nəzərdə tutulub. Toplama işləri sayəsində muzey öz eksponatlarının sayını 13 minə çatdırıb. Daxili ekspozisiyada 13 zal fəaliyyət göstərir: “1747-1918-ci il Qədim və erkən orta əsrlər dövrü”, “1918-1920-ci il Azərbaycan Xalq Cümhuriyyəti dövrü”, “1920-1939-cu il Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalı” (28 aprel 1920-ci il), “1939-1945-ci il İkinci Dünya müharibəsi”, “Müasir dövr (1992-2018-ci illər)”, “Heydər Əliyev və ordu quruculuğu”, “Quru Qoşunları”, “Hərbi Hava Qüvvələri”, “Hərbi Dəniz Qüvvələri”, “Azərbaycan Ordusunun Beynəlxalq Hərbi Əməkdaşlığı” zalları ekspozisiya mövzu planına uyğun şəkildə yaradılıb. O cümlədən ordumuzun həyata keçirdiyi uğurlu antiterror əməliyyatı və ZƏFƏR zallarında ekspozisiya quruculuq işləri görülür. Ümumilikdə, daxili ekspozisiyada 5 mindən çox eksponat mühafizə və nümayiş olunur. 2007-ci ildən muzeyin ziyarətçilərinin ümumi sayı 47 135 nəfərdir. İl ərzində isə muzeyin 5000-7000 aralığında ziyarətçisi olur.
XX əsrin 60-cı illərinin sonlarından başlayaraq, Azərbaycan Ordusunun yaranmasında və milli hərbçi kadrların hazırlanmasında əvəzsiz xidmətləri olan Ümummilli Lider, Əbədiyaşar Ali Baş Komandan Heydər Əliyevin xalqımıza həsr etdiyi və təlatümlərdən, fırtınalardan keçmiş ömür yolundan bəhs edən "Heydər Əliyev və ordu quruculuğu" zalının ekspozisiya quruluşu xronoloji ardıcıllığı ilə seçilir. 2006-cı ildə Heydər Əliyev Fondunun təşkilati dəstəyilə hazırlanmış zalın ekspozisiya quruluşunda Ulu Öndərin müasir Azərbaycan Ordusunun qurucusu olduğu və məhz onun sayəsində təşəkkül tapması bir daha təsdiqlənir.
Muzeyin emalatxanasında hazırlanan qədim və erkən orta əsrlər dövrünə aid hərb sənətinin nümunələri, döyüş arabaları, arxeoloji qazıntılar nəticəsində aşkarlanmış ox ucluqları, nizələr, qalxan və qılınclar, qədim Atropatena dövlətinin hökmdarı Atropatın heykəli, müdafiə istehkamı "Oğlanqala"nın maketi, XVI əsrdə mövcud olmuş Azərbaycan Səfəvilər dövlətinin hökmdarı "Şah İsmayıl Xətai öz qoşunu ilə birlikdə" rəsm əsəri və 612-ci ildə midiyalıların babillərlə ittifaqda Assuriya üzərində qələbəsinə həsr edilmiş "Zəfər qapıları" və digər eksponatlar qədim və erkən orta əsrlər dövrü zalının ekspozisiyasında nümayiş olunur.
"1918-1920-ci illər Xalq Cümhuriyyəti" zalında Azərbaycan Ordusunun görkəmli hərb xadimləri S.Mehmandarov və Ə.Şıxlinski kimi sərkərdələrin və onların məsləkdaşlarının xalqımız qarşısında gördükləri böyük işlər haqqında yazılmış əsərlər, onların sədaqətli və yaradıcı xidmətlərinin bariz nümunələri, dövrə məxsus hərbi qulluqçuların günlük, mərasim, eyni zamanda, süvari geyim formaları, süngü və silahlar, Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak qüvvələrindən azad etməsini əks etdirən əməliyyat xəritəsinin sxemi və digər eksponatlar qorunur.
"1920-1939-cu illər" zalında Azərbaycanda antisovet üsyanlarını əks etdirən divar boyu reproduksiya yerləşdirilib. Burada da dövrə aid revolver "Naqan", pulemyot silahları, Dövlət Təhlükəsizliyi Xidmətinin arxivindən əldə edilmiş repressiyaya məruz qalmış hərbi qulluqçuların həbs olunma, dindirilmə sənədlərinin surətləri və görkəmli diviziya komandiri C.Naxçıvanskinin şəxsi işi nümayiş etdirilir.
İkinci Dünya müharibəsində faşist Almaniyasına qarşı mübarizədə həm ön, həm də arxa cəbhədə fədakarlıq nümunələri göstərmiş həmvətənlərimiz haqqında toplananan materiallar, orden və medallar, üçkünc əsgər məktubları, dövrə aid silah nümunələri, şəxsi əşyalar muzeyin qiymətli eksponatları hesab olunur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, Tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun şəxsi əşyalarından ibarət yaradılan ekspozisiya guşəsi, həmçinin Qərbi və Cənub-Şərqi Avropada alman faşistlərinə qarşı partizan hərəkatında döyüşən soydaşlarımız haqqında məlumatlar ziyarətçilərdə böyük maraq doğurur.
Tarixi qələbələrimizlə başa çatan Aprel döyüşləri, Günnüt əməliyyatı, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı zamanı erməni işğalçılarına qarşı döyüşən Vətənimizin şəhid övladlarına aid şəxsi əşyalar, mühasirədə olmuş və yandırılmış Xocalı şəhərinin maketi, "Müharibənin bir anı" dioraması, əməliyyat xəritələri, döyüş sxemləri, düşməndən hərbi qənimət kimi götürülən artilleriya qurğuları - minaatanlar, Quru Qoşunlarına, Hərbi Hava Qüvvələrinə, Hərbi Dəniz Qüvvələrinə aid geyim dəstləri, fərqlənmə döş nişanları, Azərbaycanın şəhid Milli Qəhrəmanları Şikar Şikarovun, Şirin Mirzəyevin, şəhid pilot Rəşad Atakişiyevin şəxsi əşyaları və başqa eksponatlar muzeyin digər zallarında mövzu ekspozisiya planına uyğun şəkildə yerləşdirilib.
Muzeyin zallarını bir-bir gəzdik. Sanki, Azərbaycanın qədim dövrdən müasir dövrədək olan hərb tarixi gözlərimiz önündən kino lenti kimi keçdi. Nəhayət, muzeyin sonuncu zalında - "Zəfər" zalında bədii-tərtibat işlərinin gedişatını izlədik. Zalda 15 stend üzrə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün bərpa olunması məqsədilə xalqa müraciətindən sonra qismən səfərbərlik elan olunmasından sonadək ordumuzun apardığı döyüş əməliyyatları, zabit və əsgərlərimizin peşəkarlığı, vətənpərvərliyi, işğaldan azad olunmuş ərazilərimizdə üçrəngli Dövlət Bayrağımızın dalğalanması, bərpa-quruculuq işlərinin ardıcıllıqla əks olunması nəzərdə tutulub. İkinci Qarabağ müharibəsinin tarixi əhəmiyyətində xüsusi yer alan "Şuşa" əməliyyatına həsr olunmuş "Şuşa" maketi də "Zəfər" zalında yerləşdiriləcək.
Ziyarətçilərin həmişə marağında olan və muzeyin ərazisində yerləşən "Açıq Səma altında ekspozisiya" müdafiə nazirinin 12 iyul 2004-cü il tarixli 324 nömrəli əmri ilə 3 gün ərzində formalaşdırılıb. Burada nümayiş etdirilmək üçün Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələrinə aid zirehli texnikalar, iriçaplı artilleriya qurğuları, döyüş təyyarələri və gəmiləri yerləşdirilib. Ekspozisiyanın mühafizəsi, qonaqların daha yüksək səviyyədə qarşılanması məqsədilə ərazidə geniş abadlıq işləri aparılıb. "Açıq Səma altında ekspozisiya"da 132 ədəd müxtəlif növ hərbi texnika nümayiş etdirilir. Sonuncu olaraq, XVII-XVIII əsrlərdə kustar üsulla hazırlanmış hərbi dənizçilik tarixində yer alan 2 ədəd top qurğusu və ötən il Xankəndi şəhərində Ali Baş Komandanın rəhbərliyi ilə keçirilən hərbi paradda nümayiş olunmuş "Zəfər" plakatı ekspozisiyaya daxil edilib.
Muzeyin daxili ekspozisiyasının yaradılması üçün AMEA-nın Abbasqulu ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun, Bakı Dövlət Universitetinin, Milli İstiqlal Muzeyinin, Azərbaycan Milli Tarix Muzeyinin tarixçi alimləri quruculuq işlərinə cəlb olunaraq, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi və Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar arxivi ilə əlaqələr yaradılıb. Ekspozisiyada qədim dövrdən müasir dövrədək hərb tariximizin inkişaf mərhələləri geniş təhlil olunub və xronoloji ardıcıllıqla əks etdirilib.
Muzeydə mütəmadi olaraq tariximizi, mədəni irsimizi, qəhrəmanlıq ənənələrimizi təbliğ edən və öyrənən ümumrespublika səviyyəli elmi-praktik konfranslar, elmi seminarlar, tədbirlər keçirilir, mühazirələr dinlənilir. Bununla da muzey xalqımızda hərbi vətənpərvərlik hisslərinin formalaşdırılmasına və güclənməsinə xidmət edir, müxtəlif dövrləri özündə birləşdirən hərb tariximizin qəhrəmanlıq səhifələrini, tarixi şəxsiyyətlərimiz, xüsusilə, Azərbaycan Ordusunun yaradılması və inkişaf tarixi, Birinci və İkinci Qarabağ müharibələrində ordumuzun fədakar hərbi qulluqçularının iştirakı, aparılmış döyüş əməliyyatları və nəticələri haqqında məlumatları canlı eksponatlar vasitəsilə cəmiyyətə çatdırır.
Son illərdə muzey öz fəaliyyətini daha da konkretləşdirərək, "Azərbaycan Ordusunun ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda fədakarlığının təbliği" mövzusunda bir sıra tədbirlər, səyyar ekspozisiyalar hazırlayıb və həyata keçirib. 44 günlük Vətən müharibəsində hərbi hissələrimizin rəşadətini özündə əks etdirən sənədli filmlərin çəkilməsində, yeni rəsm əsərlərinin ərsəyə gəlməsində də yaxından iştirak edib.
Azərbaycan Hərb Tarixi Muzeyində 2007-ci ildən Elmi-metodiki şura fəaliyyət göstərir. Şura AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin alim heyətindən təşkil olunub.
Elmi-tədqiqat işi sahəsində öz fəaliyyətini genişləndirən muzeydə dərs vəsaitləri və metodiki tövsiyələr hazırlanır. Belə ki, 2019-cu ildə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin tapşırığına əsasən, Milli Müdafiə Universitetinin alimləri ilə birgə "Azərbaycan hərb tarixinin oçerkləri" kitabı hazırlanıb çapa təqdim edilib.
2020-ci ildə muzeyin Elmi-metodiki şurasının alim və hərbçi heyəti tərəfindən orduda dərs vəsaiti kimi istifadə edilməsi üçün kitab hazırlanıb və müsbət rəylə qiymətləndirildikdən sonra çapa təqdim olunub.
O cümlədən muzeydə Birinci Qarabağ müharibəsində aparılan döyüş əməliyyatlarının (20-dən çox) sxem və xəritələri, döyüşdə iştirak etmiş hərbi hissələrin şanlı döyüş yoluna həsr olunmuş kitabçalar hazırlanıb.
Muzeyin əlaqələri daha da genişlənərək, fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Belə ki, muzeyin kollektivi 2020-ci ildə Zəfərin qazanılmasından sonra dövlət başçısının müvafiq Sərəncamına əsasən yaradılmış "Qənimətlər Parkı"nın bədii-tərtibatında və "Zəfər" muzeyinin hazırlanmasında da yaxından iştirak edib. Eyni zamanda, muzeyin elmi heyəti Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrində dövlətçilik ənənələrimiz və tarixi şəxsiyyətlərlə bağlı mütəmadi olaraq, ictimai-siyasi hazırlıq dərsləri hazırlayır və keçirir.
2018-ci ildən muzey Müdafiə Nazirliyini beynəlxalq tədbirlərdə də layiqincə təmsil edir. ADEX Beynəlxalq Müdafiə Sərgisində 2020-ci ildə "Azərbaycan silahının təkamülü", 2022-ci ildə "Zəfərimiz silahların izi ilə", 2024-cü ildə isə "Zəfərimiz ANBAAN!" adlı ekspozisiyalarla çıxış edib və ən çox ziyarətçisi olan sərgi kimi diplom və sertifikata layiq görülüb.
Azərbaycanda səfərdə olan və muzeyi ziyarətə gələn bir çox xarici ölkə ordularının rəhbərlərinin ürək sözləri muzeyin xatirə kitabında öz əksini tapıb.
Azərbaycan Hərb Tarixi Muzeyi Müdafiə Nazirliyinin ölkəmizlə beynəlxalq hərbi əməkdaşlığı təmsil edən nümayəndə heyətlərinin Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan muzey və qoruqlarını ziyarət etməsi üçün mütəmadi olaraq iş həyata keçirir.
Azərbaycan Ordusunun yaradılmasının və öyrədilməsinin təbliği Azərbaycan Hərb Tarixi Muzeyinin əsas vəzifəsidir. Milli-mənəvi dəyərlərimizin, şanlı hərb tariximizin, Böyük Zəfərimizin keşikçisi olan muzey xalqımız üçün sanballı hərb əsəri kimi əvəzolunmaz qaynağa çevrilməlidir. Hərb tariximizin Zəfər salnaməsini yaddaşlara köçürən bu tarixi abidənin sərkərdəlik ənənələrimizin öyrənilməsində əhəmiyyətli rolu danılmazdır.
Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"