Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Noyabr 2024 18:09

Qəhrəmanlıq

Müharibə döyüşlərdi, ədalətli müharibələr də ruhun işğalçılıqla döyüşüdü. Ruhun işığında döyüşənlərin döyüşü qəhrəmanlıqdı. Min illərdi belədi, torpaqlara sərhəd düşəli xalqın ruhu əsgərləşib. Ruhu əsgərləşən xalqın torpağa görə - Vətənə görə döyüş əzmi dönməz, qələbə ruhu - kükrək və coşqun olub. Dədə Qorqud öyüdüylə yaşayan xalq torpağı əkib-becərib də, qoruyub da...
Dövlətçiliyin tarixi sərhədlərdən başlayır. Yadellilərlə döyüşlər də sərhəddən başlayır, qəhrəmanlıqların tarixinin başlanğıcı da sərhədlərlə bağlıdı. Döyüşlərlə yazılan tarix qüdrətdi, yeniyetmələr bu qüdrətin işığında böyüyür, gəncləşir, cavanlar bu işığın əhatəsində əsgərləşir. Orta əsrlərdə də belə olub, xanlıqlar dövründə də, cümhuriyyət vaxtında da. İmperiya 1920-ci ilin mayında Azərbaycanın dövlət müstəqilliyini ilhaq etmişdi, ancaq azadlıq, müstəqillik mübarizəsinin ruhunun üstündə yel əsdirə bilməmişdi. SSRİ dönəmində də xalq mübarizədəydi, Lefortovo, Sibir hədələrinə - imperiyanın xəyanət, qəddarlıq xislətinə görə bu mübarizə müəyyən həddə gizlinləşdirilmişdi, ruh yaşayırdı, ruh yaşadırdı. Ruhun yaşadılması da qəhrəmanlıq idi...
Ermənistan Moskvanın siyasi (gizlin, gizlin qiyafəsində aşkar!) dəstəyindən bəhrələnərək Qarabağı Azərbaycandan ayırmaq, öz ərazilərinə birləşdirmək üçün nələrə əl atmırdı?  Bunların qarşısını almaq da qəhrəmanlıq idi.
Bakıda ilk mitinqlər başladı. Xalqın azadlıq, müstəqillik mübarizəsi "Biz varıq!" dedi, "Biz var olacağıq!" dedi. Milyonların səsi ilə dedi, milyonların düyülən yumruqları ilə dedi. Bu da qəhrəmanlıq idi. SSRİ hökuməti bu coşqudan qorxdu, varlığını saxlamaq üçün Bakıya qoşun yeritdi. Xalq bu xəyanətin qarşısından geri çəkilmədi. İmperiya ordusunun hissələri milli-azadlıq hərəkatını dayandırmaq, coşqusunu söndürmək, xalqın ruhunu üyüşdürmək üçün Bakıda, iri şəhərlərdə qırğınlar törətdi. Xalq çəkinmədi, xalq geri çəkilmədi. Bu da qəhrəmanlıq idi...
Vətən dara düşəndə qəhrəmanlıq qınından sıyrılan qılınca dönür...
Qəhrəmanlıq qələbə deməkdi. Xalq döyüşçüsündən qələbə istəyir. Döyüşçü xalqın istəyini gerçəkləşdirmək üçün mümkünsüzü də qəhrəmanlığıyla mümkünləşdirir. Xalqın nəfəsi döyüşçünün kürəyini ruhən isidəndə, döyüşçü xalqın qayibanə səsini eşidəndə - "Qoluna qüvvət, igid!", zabit əsgərinin qələbə ruhunu bayraqlaşdıranda, əsgər sərkərdəsinə, sərkərdə əsgərlərinə güvənəndə qələbə qazanılır. Bu da qəhrəmanlıqdı...
Qəhrəmanlıq hamının edə bilmədiyini etməkdi - Vətən müharibəsində döyüşçülərimizin hamısı belə döyüşürdü, Vətən üçün döyüşürdü, döyüşçü yoldaşını mühafizə edərək döyüşürdü, bu döyüşlər qəhrəmanlıq idi. Döyüşçülərimiz düşmənin müdafiə sədlərini dağıda-dağıda döyüşürdü - qəhrəmanlıq idi. İşğal olunmuş ərazilərimizin də gecələrinin nurlu səhərləri üçün döyüşürdü, qəhrəmanlıq idi. Torpağın yaralanmaması üçün düşmənin gülləsini sinəsiylə soyudurdu - qəhrəmanlıq idi. Qəhrəmanlıq döyüşçü amalıdı, işğalın gətirdiyi siyasət dumanını dağıtmaq niyyətidi...
Birinci Qarabağ müharibəsində Vəzir Orucovun, Əliyar Əliyevin, Tofiq Hüseynovun, Yusif Mirzəyevin, Albert Aqaronovun, İsgəndər Aznaurovun, ... döyüşlərini xatırlayıram. Bir də 1994-cü ilin 4 yanvarını, taqım komandiri Etibar İsmayılovu xatırlayıram:
Taqıma Nərgiztəpə  istiqamətində düşmənin arxasına keçmək, mühüm döyüş tapşırığını yerinə yetirmək əmr olunmuşdu. Əməliyyata başlama ərəfəsində qrup mühasirəyə düşmüşdü. Mühasirədən çıxmaq üçün döyüşmüşdülər.
Etibar İsmayılov cinahda döyüşürdü, düşmənin diqqətini özünə çəkib döyüşürdü ki, döyüşçülər mühasirəni yara bilsinlər. Düşmənin döyüş texnikalarından atılan mərmilərin qəlpələrindən üç döyüşçümüz şəhid olmuşdu, beş döyüşçümüz ağır yaralanmışdı. Etibar son çarə kimi tankəleyhinə qumbaranı götürüb düşmənin tankına tərəf getmişdi, düşmən hiss etməsin deyə tanka sürünə-sürünə yaxınlaşmışdı. Anidən dikəlmişdi. Qumbara ilə birlikdə tankın altına atılmışdı. Düşmənin tankı alışmışdı... Qəhrəmanlıq idi!..
Vətən müharibəsindən əvvəl düşmənin səngərini çığnayan Mübariz İbrahimovun, Çingiz Qurbanovun qəhrəmanlıqlarını xatırlayıram, Vətən müharibəsində hər döyüşü qəhrəmanlıq olan döyüşənləri, hər şəhidliyi Vətənə sevginin bayrağı olan döyüşləri xatırlayıram...
İki əsgər vardı - Ziyəddin və Kəramət. Hərbi xidmətə eyni gündə gəlmişdilər. Eyni taqımda xidmət edirdilər...
Müharibə başladı. Ziyəddin də, Kəramət də döyüşlərdəydi. Füzuli istiqamətində döyüşürdülər. Komandirləri ikisinə və daha iki döyüşçüyə döyüşlə sol tərəfdən düşmənin diqqətini yayındırmaq əmri vermişdi. Həmin tərəfdə döyüşürdülər...
Ziyəddin hiss etdi ki, Kəramətin avtomatı susdu. Ona tərəf süründü. Sürünə-sürünə səslədi. Kəramətin səsi gəlmədi. Bir də səslədi. Güllə səsləri içində səssizlikdən ürəyi sıxıldı. Sürünə-sürünə dostuna yetişmək, onun hoyuna çatmaq istədi...
Dostunun gəlişini duyan Kəramət azca dikəldi. Elə bil gözlərinin işığı artdı. Həzin-həzin əsən meh ümidinin köynəyinə döndü, göynəyinin məlhəminə. Dirsəklənmək istədi. Ağrılar imkan vermədi. Son nəfəsində döyüşlər gedən tərəfə baxdı, sonra - Ziyəddinə...
Ziyəddin də, Kəramət də şəhid oldu. Qəhrəmanlıqla döyüşmüşdülər. Qəhrəmanlıqla şəhid olmuşdular...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, döyüşçülərimiz dağlardan, meşələrdən, dərələrədən keçərək, onlarla kilometr məsafəni qət edərək, yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edərək, Daşaltı kəndini düşməndən təmizləyərək Şuşanı işğaldan azad etdi - qəhrəmanlıqdır. Ordu hissələrimiz dağların sərtini nərdivan eləyib Şuşaya daxil oldular - qəhrəmanlıqdır...
Vətən müharibəsinin hər döyüşü qəhrəmanlıq döyüşü oldu, hər döyüşçüsü isə qəhrəman...

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"