Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə ekoloji tarazlığın qorunması, təbii sərvətlərin dayanıqlı istifadəsi və yaşıllaşdırma sahəsində mühüm addımlar həyata keçirilir. Dövlət başçısının 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi bu sahədə görüləcək tədbirlərə xüsusi diqqət ayıraraq, ölkə daxilində və beynəlxalq səviyyədə ətraf mühitin qorunması istiqamətində yeni mərhələni başlatdı.
2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ölkəmizdə həyata keçirilən uzunmüddətli və məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Azərbaycanın müstəqillik tarixinə, xüsusən son 30 illik dövrə diqqət etsək, birmənalı şəkildə və əminliklə deyə bilərik ki, ölkəmiz iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə davamlı olaraq öz töhfəsini verib. Vətən müharibəsindəki Zəfərimizdən sonra regionda yaranan yeni reallıqlar çərçivəsində, ölkəmizin uğurlu sosial-iqtisadi və siyasi nailiyyətləri, milli və multikultural dəyərləri qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Həmçinin bu addım Azərbaycanda ekoloji təhlükəsizliyin artırılması, meşə ərazilərinin genişləndirilməsi, şəhər və kənd ərazilərində ağac və bitki örtüyünün artırılması və ətraf mühitin qorunması istiqamətində məqsədyönlü işlər aparıldığının və bu sahəyə yüksək diqqət ayrıldığının göstəricisidir. Sərəncamın icrası ilə əlaqədar tədbirlər planına əsasən, ölkənin yaşıllıqlarının qorunması və genişləndirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilir. İl ərzində Bakı şəhəri və müxtəlif bölgələrdə ağacəkmə aksiyaları, meşəlik ərazilərin bərpası, su ehtiyatlarının qorunması və ekoloji maarifləndirmə işləri təşkil edilir. Görülən işlər ekoloji təhlükəsizliyin qorunması və yaşıl enerji sahələrinin artırılmasında xüsusi əhəmiyyət kəsb edir. Bu tədbirlərdə dövlət qurumları, ictimai təşkilatlar, tələbələr və könüllülər iştirak edirlər. Prezident İlham Əliyevin iştirakı ilə keçirilən aksiyalar ölkədə ekoloji hərəkatın güclənməsinə şərait yaradır. Xüsusilə, iqlim dəyişikliklərinin mənfi təsirlərinin azaldılması məqsədilə innovativ texnologiyalardan istifadə olunması diqqət mərkəzindədir.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə verdiyi töhfənin beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunmasının bariz nümunəsi və ölkəmizə olan böyük inamın təzahürüdür.
Qeyd edək ki, COP BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflər Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir. COP-a sədrlik rotasiya əsasında BMT-nin 5 regionunun - Afrika, Asiya, Latın Amerikası, Karib Hövzəsi və Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər) ölkələrinə keçir. Həmçinin bu regionlardakı qrup ölkələri arasında da sədrliklə bağlı növbələşmə mövcuddur. Azərbaycanın təşkilata sədrliyinə dair qərar da məhz Şərqi Avropa Qrupu ölkələrinin yekdil rəyi əsasında verilib. Qeyd etmək yerinə düşər ki, COP29-a ev sahibliyi üçün Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini irəli sürmüşdülər. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində ötən il dekabrın 7-də verilmiş birgə bəyanatda elan olunub ki, Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb. Bundan sonra Bolqarıstan da öz namizədliyi ilə bağlı eyni addımı atıb və COP-29-a Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı yekdilliklə qərar qəbul olunmuşdu.
Bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə siyasət, iqtisadiyyat, investisiya, turizm və regional liderlik də daxil olmaqla, bir çox aspektdə töhfələr verəcək. İqlim dəyişikliyi ilə mübarizə məqsədilə keçirilən tədbir beynəlxalq investisiyaları cəlb etmək və ekoloji layihələrdə əməkdaşlıq imkanlarını genişləndirmək fürsəti yaradır. Artıq Azərbaycanın bərpaolunan enerji ilə bağlı siyasəti öz bəhrəsini verməkdədir. Bununla yanaşı, konfrans zamanı keçirilən tədbirlər və aparılan müzakirələr dövlətin iqlim siyasətinin daha mütəşəkkil formalaşdırılmasında və inkişaf etməkdə olan ölkələrin ekoloji şüurunun artmasında müstəsna rol oynayacaq.
COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. Azərbaycan artıq beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində özünə yetərincə müsbət imic qazanıb. Tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərar həm də ona görə əhəmiyyətlidir ki, bu, Azərbaycanın keçirdiyi antiterror əməliyyatından iki ay yarım sonra verilib. Bu isə dünya ictimaiyyətinin Azərbaycanın atdığı addımlara dəstəyindən xəbər verir. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya sübut edəcək. Tədbirin Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa və asan çatdırılmasına böyük təkan verəcək.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi "COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən, böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik". sözləri və COP29-un Liderlər Sammitinin açılış mərasimində və kiçik ada dövlətlərinin Sammitində çıxışları Sammit iştirakçıları tərəfindən alqışlarla qarşılandı və dünya ictimaiyyətinin diqqətini çəkdi. Daha sonra dövlət başçısı Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizə üzrə gördüyü tədbirlərdən bəhs etdi və ölkənin bu sahədə qlobal tərəfdaşlıqlara hazır olduğunu vurğuladı. Prezidentin bərpaolunan enerji və Azərbaycanın bu sahədə potensialı, Xəzər və Qara dəniz üzərində qurulması layihələndirilən enerji dəhlizləri barədə verdiyi məlumatlar beynəlxalq medianın xəbər gündəminə çevrildi. Azərbaycanın neft və qaz sektorunda karbon emissiyalarının azaldılması istiqamətində həyata keçirdiyi layihələr, alternativ enerji mənbələrinə keçid strategiyaları yüksək qiymətləndirildi.
Cənab Prezidentin ekoloji strategiyası yalnız daxili tədbirlərlə məhdudlaşmır. Azərbaycan beynəlxalq səviyyədə bir çox təşəbbüsün təşəbbüskarı və iştirakçısıdır. Xəzər dənizinin ekosisteminin qorunması, bərpaolunan enerji mənbələrinin genişləndirilməsi və qlobal iqlim məsələlərində fəal iştirakı ölkənin qlobal ekoloji mövqeyini gücləndirir.
Eyni zamanda, dövlətin həyata keçirdiyi proqramlar çərçivəsində kənd təsərrüfatında ekoloji təsirlərin azaldılması, suvarma sistemlərinin modernləşdirilməsi və əhalinin ekoloji maarifləndirilməsi üzrə mühüm işlər görülür. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ekoloji bərpa layihələri həyata keçirilir ki, bu da regionun inkişafına töhfə verir.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi də digər dövlət qurumları kimi bu mühüm sahədə fəal iştirak edərək, ekoloji problemlərin həllində önəmli addımlar atır.
Azərbaycan Ordusu cəmiyyətin ayrılmaz hissəsi olaraq, ətraf mühitin qorunmasında xüsusi rol oynayır. Hərbi hissələrdə ağacəkmə aksiyalarının keçirilməsi, yaşıllaşdırma tədbirlərinin təşkili və hərbi qulluqçular arasında ekoloji biliklərin artırılması məqsədilə maarifləndirmə işləri aparılır. Bu tədbirlər ekoloji problemlərə qarşı həssaslıq yaratmaqla yanaşı, gələcək nəsillərə sağlam və təmiz bir təbiət miras qoymağa yönəldilib.
Ağacəkmə aksiyaları çərçivəsində hərbi qulluqçular tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilir. Hərbi hissələrin ərazisində yeni yaşıllıq sahələrinin salınması və mövcud yaşıllıq sahələrinin qorunması istiqamətində ardıcıl işlər aparılır. Bu tədbirlər təkcə hərbi hissələrin ekoloji vəziyyətini yaxşılaşdırmaqla qalmır, həm də cəmiyyət üçün müsbət nümunə yaradır.
Hərbi qulluqçular arasında "yaşıl dünya" mövzusunda keçirilən maarifləndirici çıxışlar bu işlərin zəruri hissəsini təşkil edir. Ətraf mühitin qorunmasının insan sağlamlığı və cəmiyyətin rifahı üçün əhəmiyyəti vurğulanaraq, hər kəsin bu məsələdə üzərinə düşən məsuliyyəti dərk etməsi təmin olunur. Müdafiə Nazirliyinin bu istiqamətdə gördüyü işlər həm hərbçilərin, həm də mülki vətəndaşların ekoloji biliklərini artıraraq onları təbiətə qayğı ilə yanaşmağa təşviq edir.
Yaşıl dünyanın qorunması və genişləndirilməsi cəmiyyət üçün əvəzolunmaz bir sərvətdir. Təmiz hava, sağlam təbiət və dayanıqlı ekosistem insanların həyat keyfiyyətini birbaşa müəyyən edir. Azərbaycan Ordusunun bu istiqamətdə göstərdiyi təşəbbüslər, dövlətin ümumi ekoloji siyasətinə töhfə verməklə yanaşı, həm də milli dəyərlərə uyğun gələn təbiət sevgisinin bir ifadəsidir.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsindəki fəallığı, həyata keçirdiyi ağacəkmə aksiyaları, yaşıllaşdırma tədbirləri və maarifləndirici çıxışlar Azərbaycanın ekoloji problemlərlə mübarizədə qlobal təşəbbüslərə dəstək verdiyini göstərir. Bu fəaliyyətlər həm ordunun, həm də cəmiyyətin yaşıl dünyanın vacibliyini dərk etməsinə və təbiətin qorunmasına böyük töhfə verir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi və bu sahədə atılan addımlar Azərbaycanın ekoloji dayanıqlılıq və qlobal iqlim dəyişikliyi ilə mübarizə səylərinin gücləndiyini göstərir. Yerli və beynəlxalq səviyyədə görülən tədbirlər, həmçinin COP29 konfransında irəli sürülən təkliflər Azərbaycanı ekoloji təhlükəsizliyin təmin edilməsində nümunəvi ölkəyə çevirir. Bu təşəbbüslər gələcək nəsilləri sağlam və yaşıl mühitlə təmin etmək məqsədilə həyata keçirilən əhəmiyyətli addımlardır.
"Azərbaycan Ordusu"