1993-cü ilin dekabrında Bakı şəhərində anadan olmuşdu. 162 saylı orta məktəbdə oxuyanda yoldaşlarından fərqlənməyən yeniyetmənin düşüncələri müəllimlərinin xoşuna gəlirdi. Bu düşüncələrdə gerçək nağıllar da vardı, Vətən də vardı, Vətənin ağrıları da vardı, torpağı yaralayan qəlpələr də vardı, döyüşən oğullar da. Bu nağıllarda göydən üç alma düşmürdü, kəndlərin, şəhərlərin göylərindən torpağa mərmilər tökülürdü, torpaq yaralanırdı, torpağın yaralarının məlhəmi yaralı döyüşçünün qanı olurdu...
Bilal Qənbərov müddətli həqiqi hərbi xidmətdə əsgər yoldaşlarına deyərdi ki, Ali Baş Komandan döyüş əmri verərsə, biz də gerçək nağılların qəhrəmanı olacağıq...
Müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra müxtəlif idarələrdə işlədi, son peşəsi mexaniklik oldu; nasazları sazlayır, işlək vəziyyətə gətirirdi - onlara yeni ömür verirdi...
2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun hissələri Ermənistanın torpaqlarımıza növbəti hücumunun qarşısını qətiyyətlə aldı. Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı başladı. Bu, Vətən müharibəsi idi. Ermənistanın regionda status-kvonu saxlamaq niyyəti onun işğal etdiyi ərazilərdə yaratdığı, möhkəmləndirdiyi, yeniləşdirdiyi mühəndis-istehkam sədləri ilə təsdiqlənirdi. "... Bəzi yerlərdə onların minalarla dolu beş, digər yerlərdə isə yeddi müdafiə səddi var idi", - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada televiziya kanalına verdiyi müsahibədə belə dedi.
Azərbaycan əsgəri bu sədləri dağıtdı, mövqe qələbələri qazandı...
Oktyabrın 28-də döyüşlərə könüllü getmək üçün Bilal Xanlar oğlu Qənbərov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinə müraciət etdi. Səhəri gün dan yeri söküləndə könüllülər komandanlığın qərarına əsasən 49 saylı orta məktəbin həyətinə toplaşmışdılar. Bu məktəbin həyətindən döyüşə mütəşəkkilliklə yola düşəcəkdilər. Kövrəklik vardı, kövrələn yoxuydu. Könüllüləri döyüşə kövrəkliyi üstələyən qürurla, inamla yola salırdılar. Bilal anasına, atasına baxmışdı, "Qələbəylə qayıdacağıq!" demişdi. Ad günü idi. Anası da, atası da Bilalı iki dəfə öpüb döyüşə yola saldılar...
Oktyabrın 3-də Füzulidəydilər.
"Ötən əsrin əvvəllərində ulu babam Borçalıda "Erməni qırılan yer"də mərdliklə döyüşüb, el-oba ona da bərəkallah deyib. Elə döyüş ki, ellər-obalar sənə də afərin desin...". Atam məni döyüşə anadan olduğum gün belə uğurladı", - Bilal könüllü əsgərlərə belə deyirdi. Sabah döyüşə gedəcəkdilər...
Dan yeri söküləndə hücum əmri verildi. Hamısının barmağı avtomatın tətiyini Vətən adından sıxırdı. Hamısı Vətən adından düşmənin mövqelərini dağıtmaq, Qələbəyə yol açmaq qətiyyətiylə döyüşürdü. Gizir Bilal Qənbərov da döyüşənlərin sırasındaydı. Onlar üçün müharibənin ilk döyüşü idi (Döyüş yolunun başlanğıcı ilk döyüşdü, zabiti döyüşçü, giziri döyüşçü, əsgəri döyüşçü edən ilk döyüşün başlandığı, ilk güllənin atıldığı anlar heç zaman unudulmur. Bu anlara döyüşçü ömründən döyüşən ömrünə düşən qüdrət deyərdim...). Döyüşçülər düşmənin müqavimətini qırdı. Gizir Bilal Qənbərov cəsarətlə döyüşmüşdü...
İlk döyüşlərdən sonra gizir Bilal Qənbərov da afərin sözünü eşidənlərin sırasında olmuşdu.
Daşaltıda, Şuşaya aparan yolda ermənilərin mövqeləri vardı. 1992-ci ilin yanvarında, Daşaltı əməliyyatında onlarla əsgərimiz, gizirimiz, zabitimiz şəhid olmuşdu. Vətən müharibəsi döyüşlərində onların ruhu da döyüşənlərin sırasındaydı..
Bilal iki döyüşçü ilə kəndin yuxarı hissəsində müqavimət göstərənlərlə atışırdı. Ermənilik (ermənilər, ermənilərin sırasına cəlb olunmuş muzdlular) azərbaycançılığın (Vətənə sədaqəti ömür bilənlərin) qarşısını saxlamağa çalışırdı. Bacarmazdı, bacarmayacaqdı, bacarmadı - bu sədaqət axın idi, nəhr idi, qarşısıalınmazlıq idi...
Daşaltını da ermənisizləşdirdilər...
Döyüşçülərin döyüş əzmini nə ilə, necə müqayisə edəsən? - çətindi. Bu əzm illərin istəyiydi, minlərin istəyi olmuşdu, xalqın istəyiydi. Daşaltıdan ayrılan yollar Şuşaya aparırdı.
Dağlar aşmışdılar, dərələr, meşələr keçmişdilər. Döyüş üçün səssiz-səmirsiz gəlmişdilər. Şuşa uğrunda döyüşürdülər. Yüngül silahlarla döyüşürdülər, ağır mənəvi cinayətlərinə görə düşməni məhşər ayağına çəkiblər. Noyabrın 4-ü idi. Bilal Qənbərov ağır yaralandı, igid döyüşçü şəhid oldu...
Şuşanın işğaldan azad edildiyini görə bilmədi Bilal...
Bilal Qənbərov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Vətən uğrunda", "Cəsur döyüşçü" medalları ilə təltif edilib...
Noyabrın 8-də Şuşa işğaldan azad olundu. İkinci Qarabağ müharibəsi başa çatdı. Xalq da, şəhidlərin ruhu da imzalanan üçtərəfli bəyanatla bəyan edilənlərin Azərbaycan Ordusunun gücünün, Azərbaycan dövlətinin qətiyyətinin, Azərbaycan dövlətçiliyinin qüdrətinin zəmanəti ilə tam yerinə yetiriləcəyinə əmindir.
Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"