Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Noyabr 2024 20:20

Dərdlə doğmalaşanların elegiyası

Ən yaxşı kitab hansıdır? - deyə soruşsalar, şəhidlər haqqında yazılan kitablardır deyərdim. Çünki bu kitablarda qəhrəmanlıqdan bəhs edən publisistika da, bədiilik də, bir sözlə, kitabı sevdirən bütün yazı janrları toplanıb. Obrazlara gəlincə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən igid oğullardır. Vətəni, torpağı canından əziz tutan xalqımızın igid oğulları zaman-zaman sinələrini Vətənə sipər ediblər. Onların sayəsində dövlətimiz də, dövlətçiliyimiz də ayaqdadı. Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən hər bir şəhid bizim üçün əzizdir. 2022-ci ildə nəşr olunan “Qax şəhidləri” kitabında Qax şəhərinin şəhidlərindən bəhs olunur. Kitabın müəllifi Birinci Qarabağ müharibəsində qardaşı şəhid olmuş Səhər Manafovadır.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın ərazi bütövlüyünə qarşı erməni təcavüzü baş qaldırdı. Doğma Vətənimizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ əhalisinin əksəriyyətinin guya erməni əsilli olduğunu "əsas" gətirərək bu ərazini Ermənistana birləşdirmək üçün bir qrup daşnakın əməli fəaliyyətə keçməsi Qarabağda və Ermənistanla sərhədyanı ərazilərdə vəziyyəti gərginləşdirdi. Xaricdən dəstək alan ermənilər məqsədlərinə çatmaq üçün elan olunmamış müharibəyə başlamaqdan belə çəkinmədilər. O zaman Azərbaycanın hər bir bölgəsində olduğu kimi, qaxlılar da könüllülərdən ibarət tabor yaratdılar. Ağdamın, Tərtərin, Şuşanın müdafiəsinə cəlb olunan döyüşçülər doğma Qarabağımızı düşməndən qorumaq üçün döyüşlərə atıldılar. Yeni müstəqillik əldə etmiş Azərbaycanda ordu quruculuğu istiqamətində isə ilkin addımlar atılırdı. “Qax şəhidləri” kitabında istər Birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük Vətən müharibəsində döyüşlərdə igidlik göstərərək canından keçmiş 179 şəhiddən bəhs olunur. Müəllif kitabı ərsəyə gətirmək üçün Qaxda şəhid ailələrinə bir-bir baş çəkib, onlar haqqında məlumatlar toplayıb. Qardaşı Şıxəli Manafovun da döyüşə könüllü getdiyini deyən Səhər xanım yazır: “... Mən dərdi qardaşımın qara tabutunda gördüm ilk dəfə. Qasırğa kimi ruhumu dağıtdı. Dünyamı pərən-pərən etdi. Nəğmələr, sevinclər qopuq-qopuq töküldü... Özümlə yadlaşdım, dərdlə doğmalaşdım”.
Səhər Manafovanın bütün şəhid bacılarına xitabən qələmə aldığı ürək dağlayan kəlmələrindən təsirsiz ötüşmək olmur.
Səhər xanımın qələmə aldığı torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş oğullar üçün "ağlamağa məzar daşı tapmayan analarımız"ın qopardığı fəryada etinasız yanaşmaq mümkün deyil.
Bir sözlə, “Qax şəhidləri” kitabında hər bir şəhidin igidliklə dolu nakam hekayəsini Səhər xanım ustalıqla qələmə alıb. Dərdlə doğmalaşan ifadəsini də elə ilk dəfə Səhər xanımın kitabında oxudum. Əminəm ki, bu kitab təkcə qaxlılar üçün deyil, bütün bölgələrimiz üçün dəyərli olacaq bir elegiyadır.

Bəxtiyar ƏLİYEV

"Azərbaycan Ordusu"