Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Noyabr 2024 11:41

Azərbaycanın ərazi bütövlüyünün üstündə yad yellər əsməyəcək!

Ermənistan haqsız ərazi iddiaları ilə Azərbaycana qarşı elan etmədən müharibəyə başladı. Bu müharibə işğalçılıq müharibəsi idi, işğalçı dövlət havadarlarının həm siyasi, həm də hərbi dəstəyindən bəhrələnirdi. Ona görə də düşmən nə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edirdi, nə də ATƏT-in Minsk Qrupuna daxil olan dövlətlərin tövsiyələrini yerinə yetirirdi. Regionda mövcud status-kvonu saxlamağa çalışır, müxtəlif təyinatlı və miqyaslı təxribatlar törətmək istəyirdi, Azərbaycan Ordusunun hissələri isə bu təxribatların qarşısını qətiyyətlə alırdı...
Ermənistan silahlı qüvvələri 2020-ci il sentyabrın 27-də də genişmiqyaslı təxribatlar məqsədilə hücuma başladı. Azərbaycan Ordusunun hissələri bu hücumun da qarşısını aldı, Azərbaycan Respublikası Prezidentinin döyüş əmri ilə əks-hücuma keçdi. Bu əmr İkinci Qarabağ müharibəsinin başlanğıcı oldu...
İşğal müddətində mühəndis-istehkam sədlərini möhkəmləndirən, təkmilləşdirən düşmən ciddi müqavimət göstərirdi. Ona elə gəlirdi ki, qurduğu sədd keçilməz olacaq. Unutmuşdu ki, heç bir maneə Azərbaycan Ordusunun hücumunun qarşısını kəsə bilməz. Döyüşçülərimiz düşmənin sədlərini dağıtdı, döyüşə-döyüşə irəlilədi, ilk qələbələr qazandı. Döyüşlərin birinci günü Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad edildi. Bu qələbələr Azərbaycan əsgərinin döyüş əzmini, qələbə ruhunu yüksəltdi. Sonrakı döyüşlərdə düşmən daha böyük itkilərə məruz qaldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətlərindən birində dedi: "Biz haqlıyıq, biz öz torpaqlarımızda vuruşuruq, öz torpaqlarımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır".
Azərbaycan Ordusu döyüşə-döyüşə mühüm qələbələr qazanırdı, düşməni sıxışdırırdı, geri çəkilməyə məcbur edirdi. Ermənistanın apardığı ədalətsiz müharibəyə qarşı Azərbaycanın əks-hücum əməliyyatı Vətən müharibəsi kimi davam etdirilirdi. Bu müharibə xalqın müharibəsi kimi dünya dövlətlərinin də siyasi marağını özünə çəkmişdi. Azərbaycanda hamı - yuxarı sinif şagirdləri də, tələbələr də, Birinci Qarabağ müharibəsi iştirakçıları da, ... döyüşlərə getmək istəyirdilər. Vətən müharibəsində xaricdə yaşayan azərbaycanlılar da döyüşlərə can atırdılar. Onlara da ehtiyac olmadığı deyilirdi, onlar da özlərini ruhən döyüşənlərin sırasında hiss edirdilər. Mən həmin vaxtlarda Türkiyədə hərbi akademik təhsil alırdım. Müharibə başlayanda Müdafiə Nazirliyinə müraciət etdim, qayıtmağıma icazə vermədilər. Onda Türkiyə Ordusunun generalı Mehmet Orxan paşanın məsləhəti ilə hər gün dərslərdən əvvəl 30-dan çox dövləti təmsil edən bütün dinləyicilərə müharibə haqqında ətraflı brifinq təqdim edirdim. Bu tədbir dinləyicilərə Azərbaycan gerçəklikləri haqqında məlumat-bülleteni əvəzləyirdi. Onların hamısı Azərbaycanın ədalətli müharibəsini dəstəkləyirdi. Bu, mənim qürurumu  kükrədirdi.
Ermənistan Gəncəyə ballistik raket atanda bütün dinləyicilər faciədə həlak olanlara görə mənə başsağlığı verdilər, bu başsağlığını həm öz adlarından, həm də təmsil etdikləri dövlətin silahlı qüvvələri adından ordumuzun rəhbərliyinə çatdırılmasını xahiş etdilər. Həmin gün mən də qəhərli anlar yaşadım, mənə görə dinləyici yoldaşlarım da. Ona görə deyirlər ki, dərd insanları doğmalaşdırır....
Noyabrın 8-də dan yeri söküləndən az sonra kürəyimdə neçə-neçə qollar çarpazlaşdı, çiynimdə neçə-neçə əl qardaş təmasına döndü. Etiraf edirəm ki, mən azərbaycanlı olmağın qürurunu həmin anlarda yaşadığım qədər heç zaman yaşamamışdım. Şuşa işğaldan azad edilmişdi! Özü də necə! - Şuşa döyüşlərinin getdiyi vaxt Xankəndidə olan xarici jurnalistlərdən biri ermənilərin düşdüyü vəziyyəti belə təsvir edirdi: "Şuşanı müdafiə edənlər pərən-pərən düşüblər. Hərbi təcili yardım maşınlarında onlarla yaralı qan içində Xankəndi xəstəxanasına daşınır. Qalan döyüşçülər yorğun halda yol boyu hərbi geyimlərini çıxarıb ataraq dağdan enirlər. Təcili yardım maşınları aramsız olaraq gedib-gəlir. Avtomobildə yaralı əsgərlər bir-birinin üstünə qalaqlanıb. Onların aldığı xəsarətlər əlbəyaxa döyüşlər getdiyinin sübutudur".
Noyabrın 10-da üçtərəfli bəyanat imzalandı. Bu sənəd Azərbaycanın qalibiyyət, Ermənistanın isə məğlubiyyət sənədi idi. Azərbaycan Ordusu tarixi Zəfər qazanmışdı...
2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatı da qələbə ilə nəticələndi. Ağdərəyə, Xocalıya, Xankəndiyə sığınan Ermənistan silahlı qüvvələrinin qalıqları, Ermənistandan idarə edilən qeyri-qanuni silahlı dəstələr təslim oldu. Bu, tarixi Zəfərin məntiqi, siyasi-hərbi davamı və nəticəsi idi. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən hərbi paradda çıxışında dedi: "Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik. Bununla separatçıların kitabı bağlandı. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir..."
Tarixi Zəfərdən sonra qoşunlarda ordu quruculuğu yeni mərhələdə  böyük məsuliyyətlə davam etdirilməkdədir...
Azərbaycan Ordusunun tarixi Zəfərindən dörd il keçir. Bu qürur Vətənə bağlı olduğu üçün, torpaqla bağlı olduğu üçün, Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etdiyi üçün zaman sərhədinə sığmayacaq. Bu qürur deyir ki, Azərbaycanın ərazi bütövlüyünün üstündə heç zaman yad yellər əsməyəcək...
 
Azər ABDULLAYEV

“N” hərbi hissəsi