Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Oktyabr 2024 11:50

İkinci Qarabağ müharibəsi: tarixi Zəfər Günü xatirələrdə

Dövlətçiliklə bağlı olan hadisələr heç zaman unudulmur, tarixdə yaşayır, xatirələrdə yaşadılır. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi Azərbaycan mətbuatını, bu sıradan "Azərbaycan Ordusu" qəzetini də döyüşlərə səfərbər etmişdi. Vətən müharibəsində "Azərbaycan Ordusu" döyüşlərdən yazdı, döyüşənlərdən yazdı, mövqe qələbələrindən yazdı. Qəzetdə döyüşənlərin döyüşlər haqqında təəssüratlarından informasiyalar, zarisovkalar, məqalələr dərc olundu. Qəzetin əməkdaşlarının üç istiqamətdə hazırladığı səyyar saylar döyüşlər getdiyi müddətdə çap olundu. "Sən qalib gələcəksən!", "Qələbə uğrunda", Qalibiyyət döyüşü" İkinci Qarabağ müharibəsində döyüşləri tarixləşdirirdi. Müharibədə Murovdağ istiqamətində zabitlərdən biri demişdi ki, növbəti döyüşə əvvəlki döyüşün qələbə ruhu ilə gedirdik, yəni, döyüşçülər döyüşə dərc olunmuş məqalələrin uğurlamaları ilə gedirdi. Bu uğurlama "Azərbaycan Ordusu"nun uğurlaması idi...
İkinci Qarabağ müharibəsinin döyüşləri tarixləşdi, tarixləşənlər tarixi döyüşlərin iştirakçılarının yaddaşlarındadı...
Tarixi Zəfər qazanıldı. Tarixi Zəfərdən dörd il keçir. Döyüşlərin iştirakçısı olmuş hərbi qulluqçular Zəfər Gününü böyük qürurla xatırlayırlar:


Polkovnik-leytenant Rauf Zeynalov:
- Xalq inanırdı ki, yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan Azərbaycan Ordusu Ali Baş Komandanın döyüş əmrini qələbə ilə tamamlayacaq. Xatırlayıram ki, əsgərlərdən biri soruşmuşdu: Torpaqlarımızı işğaldan azad etmək üçün döyüşlər nə vaxt başlayacaq? 2020-ci ilin sentyabrına kimi belə sual bütün hərbi hissələrdə verilirdi, hər yerdə cavab eyni olurdu: Ali Baş Komandan döyüş əmri verəndə. Azərbaycan Ordusu bu əmri yüksək döyüş əzmi, qələbə ruhu ilə gözləyirdi. Əmr 2020-ci il sentyabrın 27-də verildi; düşmənin hücumunun qarşısını qətiyyətlə alan ordu hissələrimiz əks-hücuma keçdi. Bu əks-hücum İkinci Qarabağ müharibəsinin başlanğıcı oldu...
İkinci Qarabağ müharibəsinin başlanğıcından sonuna kimi düşmən özülü olmayan ümidlərə, keçilməzliyinə inandığı  istehkam və sədlərinə, havadarlarının köməyinə güvənib müqavimət göstərirdi. Azərbaycan əsgəri düşmənin işğal müddətində yaratdığı, yarada-yarada möhkəmləndirdiyi, möhkəmləndirməklə yeniləşdirdiyi sədləri darmadağın etdi.
Azərbaycançılığın erməniliklə ədalətli müharibəsinin döyüşləri Şuşanın həndəvərlərinə çatırdı...
Artilleriyaçılarımız döyüşən ordumuza yüksək dəqiqliklə dəstək verirdilər. Düşmənin neçə-neçə komanda və idarəetmə məntəqəsi, döyüşə hazırlanmış qruplaşmaları, döyüş maşınları karvanı, canlı qüvvəsi, ... darmadağın edilirdi.
Mayor Elşən Veysəlli:
- Düşmən güman edirdi ki, Azərbaycan Ordusunun hissələri Şuşaya Qırmızı Bazar qəsəbəsi tərəfdən yaxınlaşacaq. Ona görə əsas qüvvələrini bu səmtə cəmləmişdi. Döyüşən ordu hissələrimizin döyüşləri Şuşakənd, oradan da Şuşa istiqamətində olacaqdı. Laçın istiqamətindən də hücum ola biləcəyini ehtimal edən düşmən qüvvələrinin bir hissəsini də bu istiqamətdə yerləşdirmişdi. Düşmənin fəal müqavimət göstərməsinə imkan verilmədi.
Komandanlıq miqyasına, planına, hücumun mərhələlərinə və ardıcıllığına görə düşmənin güman edə bilməyəcəyi qərar qəbul etdi: Şuşaya meşələrdən yeni yol açılsın. Böyük Tağlar kəndindən meşələrlə Çanaxçı və Sığnax kəndlərinə, Şuşa şəhərinə tərəf böyük bir məsafə yola çevrildi - buldozerlərlə və əllə! Döyüşlər gedə-gedə! Mühəndis-istehkamçılarımız dar dağ cığırını döyüş texnikalarının hərəkət edə biləcəyi meşə yoluna çevirdilər. Bölmələrimiz artilleriya qurğularını Çanaxçı ətrafında cəmləşdirə bildi. Piyadalarımız qətiyyət ilğımına döndü!..
Döyüşçülərimiz Şuşanın dağlarından keçməklə Şuşaya yaxınlaşdılar. İkinci Qarabağ müharibəsinin - Vətən müharibəsinin həlledici döyüşləri burada baş tutdu. Döyüşənlər də, xalq da inanırdı və əmin idilər ki, bu döyüşlər də qələbə ilə nəticələnəcək, müharibənin sonunu yaxınlaşdıracaq...
"Natsionalnaya Oborona" jurnalında Şuşa döyüşləri haqqında bir məqalə dərc olunmuşdu: "Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir: Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralısını, nə də şəhidini əldən buraxırdı. Nəfəs almadan Şuşaya çıxdılar..." ...Bu məqalə Şuşa uğrunda döyüşlərin hərbi təsviridi. Rus jurnalisti gerçəkliyi yazıb...
Mayor Vaqif Mustafayev:
- Xocalıyla Xocavəndin arasından Şuşaya qalxan yolun solunda üst-üstə qoyulmuş üç iri daş var. İkinci Qarabağ müharibəsində buralar da meşəlik olub. Noyabrın 6-da komandirin döyüş əmri ilə üç döyüşçümüz buradan keçib düşmən mövqeyinə yaxınlaşmalı idi. Düşmən mövqeyinə yaxınlaşanda qarşıdan atəşə tutulublar. Atışıblar. Solda da düşmən varmış, sağda da, qarşıda da. Bir anlığa baxışları qoşalaşıb, mühasirəni sürətli həmlə ilə yara bilərik. Hansı istiqamətə getməyi də baxışları müəyyənləşdirib. Atışa-atışa Şuşa istiqamətinə irəliləyiblər. Mühasirədən çıxa-çıxda döyüşçülərdən biri yaralanıb. Döyüşə-döyüşə yaralanmış döyüşçünü də döyüşdən çıxardıblar, düşmənin sırasını seyrəldə-seyrəldə mühasirəni yarıblar. Son anda o iki döyüşçü də şəhid olub. Zəfərdən sonra orada igidliyin nişanəsi olan həmin üç iri daş üç şəhid döyüşçünün xatirəsinin nişanəsidi...
Noyabrın 8-i Zəfər Günü oldu...
Mayor Namiq Əzizov:
- Müharibə başlayanda bizim hərbi hissə də döyüşlərə cəlb olundu. Döyüş əmri ötəri bir həyəcan yaratmışdı. Həyəcan ilk güllələr atılandan sonra sovuşdu. Biz də qətiyyətlə döyüşürdük. Komandirimiz əsgərlərə deyirdi ki, siz qəhrəman olmaq üçün döyüşmürsünüz, ancaq qəhrəmanlıqla döyüşün. Qələbədən sonra bu döyüşləri qürurla xatırlayacaqsınız. Yaralanan döyüşçülərimiz müalicəyə getmək istəmirdilər. Yaralılardan biri qəhərlə demişdi ki, komandir, məni yaralarım incitmir, döyüşlərdən uzaqlaşacağım incidir. Döyüşçülərimizin hamısı son döyüşün döyüşçüsü olmaq istəyirdilər...
Vətən müharibəsi döyüşçüləri doğmalaşdırmışdı. Əsgərlərimiz cəbrayıllı döyüşçüyə görə Cəbrayılda, ağdamlı döyüşçüyə görə Ağdamda, kəlbəcərli döyüşçüyə görə Kəlbəcərdə döyüşmək istəyirdilər, yəni, döyüşçülərin hamısı bir-birinin ruh qardaşı idi. Əsgər Sabir Qasımov cəbrayıllı əsgərə demişdi ki, Cəbrayıl işğaldan azad ediləndə sənin ailəni mənim adımdan atam sevindirəcək. Deyəcək ki, döyüşlərin qalibi olan oğlunuzun döyüşçü yoldaşları belə niyyət eləyiblərmiş. Döyüşçülərimiz noyabrın 8-ni bu ovqatla qarşıladılar...
Polkovnik-leytenant Rauf Zeynalov:
- Dörd döyüşçünü kəşfiyyata göndərmək istəyən taqım komandiri kimin getmək istədiyini soruşanda taqımın əsgərlərinin hamısı qarşıya çıxıb. Seçim etməkdə çətinlik çəkən komandir hamısına Vətənin adından təşəkkür edib, "Qələbə sizin bu döyüş əzminizdədi, qələbə ruhunuzdadı", - deyib. Taqım komandiri üç döyüşçü seçib, dördüncü döyüşçü özü olub. Bu da döyüşçülərin döyüş əzmini kükrədib, tapşırıq yerinə yetirilib, kəşfiyyat məlumatları əsasında dəqiqləşdirmələrdən sonra başlayan əməliyyat qələbə ilə nəticələnib...
İkinci Qarabağ müharibəsi: tarixi Zəfər Günü xatirələrdə
- Ermənistan oktyabrın 1-də döyüşlərdən uzaqda yerləşən Gəncə şəhərinə ballistik raketlər atmışdı. Sonra bu şəhərə daha dörd dəfə belə raketlər atılmışdı. Neçə-neçə bina dağıldı, ciddi xəsarət aldı. Oktyabrın 7-də beşinci raket hücumu zamanı 16 nəfər şəhid oldu, 55 nəfər yaralandı. Hücumlarda şəhərin infrastrukturuna, yaşayış binalarına xeyli ziyan dəydi. Bu vəhşilik ordumuzun şəxsi heyətinin döyüş əzmini də yüksəltdi, qələbə ruhunu da.
Mayor Vaqif Mustafayev:
- Gəncəyə ballistik raketlər atılanda yaxın qohumu şəhid olan zabit dəfnə getməyib, "Son döyüşə kimi əsgərlərimizdən uzaq düşmərəm. Dəfni mənsiz də təşkil edəcəklər. Qələbədən sonra məzarını ziyarət edəndə ruhu qələbə qazanmış döyüşçülərin sırasında olmuş əzizini qınamayacaq", - deyib. Yəni, İkinci Qarabağ müharibəsində hərbi qulluqçularımızın döyüş əzmi, qələbə ruhu hər birinin daxili dünyasının işığına dönmüşdü. O işıq xatirələr, təəssüratlar formatında indi hərbi xidmətdə əsgərlərin ruhundadı...
Polkovnik-leytenant Rauf Zeynalov:
- Müharibədə eşitdiyimiz qəhrəmanlıqlar döyüşçülərin döyüş əzmini ovxarlayırdı. Baş leytenant Elvin Şükürlünün şücaəti Azərbaycan Ordusunun zabitinin mənəvi kamilliyinin nümunəsi kimi tarixləşdi. Baş leytenant Elvin Şükürlünün xidmət etdiyi hərbi hissə Murovdağ istiqamətində döyüşürdü. Əsgər Samir Qasımovun döyüşdən əvvəl dedikləri hamının döyüş əzmini, qələbə ruhunu coşdurmuşdu: "Şəhid olsam, qisasımı alsanız, ruhum sizə alqışçı olar...". Elvin şəhid olmuş əsgərin qisasını alacağına and içibmiş.  Dan yeri söküləndə ehtiyatla düşmənin mövqeyinə düşüb. Qarşısına çıxan düşməni səssizcə zərərsizləşdirib, sonra yaxınlaşan başqa düşməni, sonra üçüncünü, dördüncünü ... Məhv etmək istədiyi beşinci düşmən avtomatın tətiyini sıxmağa macal tapıb.
İkinci Qarabağ müharibəsi tarixin məhkəməsi, Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər tarixin hökmü oldu...
Mayor Vaqif Mustafayev:
- Azərbaycanın ərazi bütövlüyünün tam bərpası ilə nəticələnən bu ədalətli müharibə erməniliyin mahiyyətini də göstərdi, işğalçılığın son aqibətinin nə ilə nəticələnəcəyini də. Bu baxımdan Vətən müharibəsi tarixi müharibə oldu.
Mayor Elşən Veysəlli:
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bir kəlamını xatırlayıram: "Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq".

İkinci Qarabağ müharibəsinin iştirakçıları dörd ilin o üzündə qalan tarixi böyük qürurla, dövlətə, dövlətçiliyə böyük sədaqətlə xatırlayırlar, şəhidləri ehtiramla anırlar. Bu xatırlamalar həm  sevgidi, həm müharibənin başlanğıcından sonunu görməyə qadir olan bir xalqın inamının zərrəsidi, həm də ordunun gücünü ifadə edən fikirlərdi...
Anmaq yaşatmaqdır, yaşatmaq - tarixləşdirmək...

* * *



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gerçəkliyin ifadəsi olan "Azərbaycan xalqı, Azərbaycan dövləti heç zaman Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməz"  kəlamını  unudan Ermənistan yeni ərazilər işğal etmək niyyəti ilə müxtəlif miqyaslı təxribatlar törətmək istəyirdi. Belə işğalçılıq niyyətlərinin qarşısı alınan döyüşlərdə düşmən duyurdu ki, Azərbaycan Ordusu yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malikdir. Duyurdu, ancaq yenə işğalçılıq niyyətindən əl çəkmirdi. 2020-ci il sentyabrın 27-də düşmənin hücumunun qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu Ali Baş Komandanın əks-hücum əmrini qələbələrə yönəltdi, ilkin qələbələr qazandı. Düşmən geri çəkilməyə məcbur oldu. Ordumuz döyüşə-döyüşə Böyük Qələbəyə yaxınlaşırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində dedi: "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik"...
Həmin vaxtlarda orta məktəbdə oxuyan şagirdlər indi hərbi xidmətdədirlər. Onlar da müharibəni böyük inamla, sevgi ilə izləyiblər. Bu gün əsgər kimi 2020-ci ilin 8 Noyabrını da Vətənə sevgi ilə, orduya ehtiramla tarixi Zəfərin qüruru ilə xatırlayırlar...


Leytenant Kamil İbrahimzadə:
- İkinci Qarabağ müharibəsi xalqımızın tarixində dövlətçilik mübarizəsinin müharibəsi kimi xatırlanacaq. Həm də tarixi Zəfərlə tamamlandığı üçün qürurla xatırlanacaq. Bu müharibədə qazanılan böyük qələbə həm Azərbaycanın ərazilərini işğaldan azad etdi, həm də dünya dövlətləri rəsmi, qeyri-rəsmi etiraf etdilər ki, Azərbaycanın qazandığı qələbə işğalçılıq üzərində qazanılan qələbədir. Əsgərlərimiz İkinci Qarabağ müharibəsində məktəbli idilər, ancaq döyüşlər də, qazanılan tarixi Zəfər də onların yaddaşında böyük qürurla yaşadılır...
Əsgər Həsən Museyibzadə:
- 2020-ci ildə 14 yaşımız vardı. Müharibənin başladığını eşidəndə biz də döyüşlərə getmək istədik. Aparmadılar, dedilər ki, uşaqlar döyüşə gedə bilməzlər. Səhərisi gün tarix müəllimimiz müharibələrdən, ədalətli müharibələrdən, Azərbaycanın ədalətli müharibəsindən, qazanılan ilk döyüş uğurlarından danışdı. Sevindik - ordumuz qələbələr qazanırdı, bir az sıxıntılar yaşadıq - döyüşənlərin sırasında deyildik. Biz müharibənin ilk gününü də, müharibəhin nə olduğunu dərk etdiyimiz ilk dərsi də heç zaman unutmayacağıq. 44 gün bu dərsin ovqatı ilə yaşadıq. Hər dərs günümüz müharibədə qazanılan qələbələrin ovqatı ilə keçirdi. Döyüşən ordumuz bizə dərslərdən əlavə dönməz vətənpərvərlik dərsi keçirdi. Hamımız özümüzü döyüşlərdə hiss edirdik. Ordu hissələrimizin düşmənin istehkam və sədlərini dağıtmasının qürurunu yaşamaq necə xoş idi! Biz də qürurlanırdıq ki, mövqe qələbələri ordumuzu Böyük Qələbəyə aparır. PUA-larımız hücum edəndə düşmənin necə qaçdığını görəndə işğalın sonuna az qaldığına əmin olurduq...
Noyabrın 8-də ordumuz Şuşanı işğaldan azad etdi. Zəfər günü qürurumuzun günü oldu. Noyabrın 10-da Vətən müharibəsi başa çatdı. Vətən müharibəsində şəhid olanlarımızı biz də ehtiramla yad edirik. Biz də Vətəni onlar kimi sevməyi özümüzə mənəvi borc bilirik...
Əsgər İsmayıl Mustafayev:
- Komandirimiz danışırdı ki, Vətən müharibəsində iki qardaş da döyüşüb. Nazirlə Tacir Allahverdiyevlər. Əkiz qardaş imişlər. 19 yaşları varmış. Ağdamın Güllü kəndində anadan olublarmış. Hərbi xidmətə eyni gündə gediblərmiş, eyni hərbi hissədə xidmət edirlərmiş. Oktyabrın sonlarında Füzuli istiqamətində döyüşürlərmiş. Nazir ayağından, Tacir qolundan yaralanıblar. Birinin yaralanmasından o birinin xəbəri olmayıb. Yaraları yüngül olduğuna görə yenə döyüşüblər. Nazir sağ cinahda döyüşürmüş, Tacir sol cinahda. Sağda döyüş gərginləşəndə Tacirin ürəyi sıxılırmış, solda döyüş gərginləşəndə - Nazirin. Döyüşə-döyüşə düşməni sıxışdıranların sırasında onlar da olublar. Döyüş bitəndə yenə qolları bir-birinin kürəyində çarpazlaşacaqdı...
Snayper gülləsi Nazirin ürəyinin yaxınlığına dəyib. Qanı dayandırmaq mümkün olmayıb. Qardaşının yaralandığını Tacir də görüb. Üzünü qardaşının son nəfəsinə söykəyib, şəhid qardaşının sinəsinə iki damla yaş düşüb. Tacir dikəlib, döyüşmək üçün düşmənlərə tərəf gedib. Səsləyiblər, dayanmayıb. Qarşıda dörd-beş düşmən əsgərini görəndə ayaq saxlayıb, nəfəs dərmədən atəş açıb. Ermənilərdən üçü ölüb, o birinin atdığı güllə Tacirə dəyib. Tacir də şəhid olub...
Əsgər Heydər Quliyev:
- Vətən müharibəsinin qəhrəmanlıqları haqqında müəllimlərimizdən də eşidirdik, valideynlərimizdən də, televiziyadan da. Hamımız qəhrəmanları gerçək qəhrəmanlar kimi sevirdik. Tanımadığımız o qəhrəmanların hamısı hamımızın əzizi idi. Yoldaşlarımızdan biri ədəbiyyat müəllimimizdən soruşdu ki, xalqın sevdiyi qəhrəmanlar indi də olacaqmı? Müəllimimiz Birinci Qarabağ müharibəsinin qəhrəmanı olmuş Yusif Mirzəyevi, Əlif Hacıyevi, Tofiq Hüseynovu, Vəzir Orucovu, daha kimləri, kimləri xatırlatdı. Sonda dedi ki, Vətən naminə bütün döyüşlərdə qəhrəmanlar olub, həmişə də olacaq. Bu, Vətənin müqəddəsliyindən yaranır.
Mən başqa qəhrəmanları xatırlayıram. Zirəddinlə Kəramət hərbi xidmətə eyni gündə gəlibmişlər. Eyni taqımda xidmət edirlərmiş, çarpayıları yan-yanaymış. Dürüst dostuymuşlar. Yuxuları dolaşıq düşəndə pıçıltıyla Başlıbel faciəsindən danışırmışlar, Qaradağlı, Meşəli, Ağdaban, Xocalı faciəsindən danışırmışlar. İşğalın sonlandırılması üçün müharibənin başlamasını istəyirlərmiş...
Müharibə başlayanda onların hərbi hissəsi Füzuli istiqamətində döyüşürmüş. Komandirləri ikisinə və daha iki döyüşçüyə döyüşdə sol tərəfdən düşmənin diqqətini yayındırmaq əmri verib. Əmri yerinə yetirmək üçün uyğun mövqe seçib döyüşürlərmiş. Kəramətin avtomatı qəflətən kiriyib. Zirəddin ona sarı sürünüb. Sürünə-sürünə onu səsləyib. Zirəddinin qəlbini gümanlar didişdirib. Bir də səsləyib. Güllə səsləri içində səssizlikdən ürəyi sıxılıb. Güllələr papağını sıyırıb. Dizi üstə sürünə-sürünə dostuna yetişib...
Dostunun gəlişini duyan Kəramət azca dikəlib. Elə bil gözlərinin işığı artıb. Dirsəklənmək istəyib. Ağrılar imkan verməyib. Canını dişinə sıxıb döyüşlər gedən tərəfə baxıb, sonra - Zirəddinə sarı. Zirəddin bir az da yaxınlaşanda gözləri torlaşıb, ürəyinə snayper gülləsi dəyib...
Əsgər Ərşad Manafov:
- Kəndimiz döyüşlərdən uzaq olsa da, camaat özünü döyüşlərdə hiss edirdi. Hamı döyüşləri izləyə-izləyə, televiziyadan müharibə xəbərlərini dinləyə-dinləyə ordumuzun qazanacağı Qələbəni gözləyirdi. O vaxtlarda nənəmdən eşitdiyim bir fikir indi də yadımdadı: Nə gecəmiz gecədi, nə gündüzümüz gündüz. Hamı Qələbə gözləyirdi. Biz şagirdlər də hamının sırasında. Xatırlayıram ki, oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad edildi. Həmin axşam məktəbimizin yuxarı sinif şagirdləri böyük bir atəşfəşanlıq düzəltdilər. Bu coşqunun sevincinə Birinci Qarabağ müharibəsinin iştirakçılarından da gələnlər olmuşdu. Onda eşitdiyim bir fikri heç zaman unutmaram: Xalqımız bu gün üçün 28 il narahat günlər, səksəkəli gecələr yaşayıb. Bu narahatlığı ordumuzun qazandığı Zəfər sonlandıracaq. Belə də oldu. Ordumuz tarixi Zəfər qazandı. O vaxtdan dörd il keçir.
Əsgər Heydər Quliyev:
- Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit Füzuli Rzaquliyev döyüşlərə oğlu ilə birlikdə gedib. Ata-oğul döyüş yoldaşı olub. Biri digərinə görə daha qətiyyətlə döyüşüb, hər ikisi - Vətənə görə. Bunu səhərisi sinif yoldaşlarıma da dedim. Müəllimimiz həmin gün bizə Vətən müharibəsinin müqəddəsliyindən də danışdı, bu müqəddəsliyi Ali Baş Komandanın sərkərdəliyi ilə qələbəyə aparan belə döyüşçülərdən də.   
Leytenant Orxan Hüseynquliyev:
- 2020-ci il 8 Noyabr Zəfəri həmişə bu qürurla xatırlanacaq.
Əsgər Yəhya Hümbətli:
- Televiziyadan eşitdik ki, noyabrın 10-da üçtərəfli bəyanat imzalanıb. Müəllimimiz dedi ki, bu Bəyanat Azərbaycanın qalibiyyət, Ermənistanın məğlubiyyət sənədi oldu. Ermənistanın hərbi qüvvələri Kəlbəcərdən, Ağdamdan, Laçından döyüşlər olmadan çıxdı. Ermənistanın Xankəndidə, Xocalıda, Əsgəranda qalan qüvvələri və Ermənistandan idarə edilən silahlı qruplaşmaları yenə təxribatlar törədir, işğaldan azad edilmiş ərazilərimizi minalayırdılar...
Əsgər Ərşad Manaflı:
- Hərbi hazırlıq müəllimimiz demişdi ki, o minalar Ermənistanda istehsal edilən minalar olub və üçtərəfli bəyanat imzalanandan sonra istehsal edilib. Azərbaycana necə gətirilirmiş, necə basdırılırmış, Azərbaycan Ordusu bunun da qarşısını alacaq, - müəllimimizin əminliyi bizə inam oldu, inandıq ki, bunun da sonu yoxdur.
Əsgər Heydər Quliyev:
- 2023-cü il sentyabrın 19-da ordumuz Ali Baş Komandanın əmri ilə antiterror əməliyyatına başladı, qısa müddətdə qələbə qazanıldı, düşmən qüvvələrinin qalıqları da, qeyri-qanuni dəstələri də təslim oldu.  Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi.
 Əsgər Rəvan Qaçayev:
- Bu qələbə 2020-ci il noyabrın 8-də qazanılan tarixi Zəfərin davamı oldu, işğalçılığa son qoyuldu. 2023-cü il noyabrın 8-də Xankəndidə Azərbaycan Ordusunun hərbi paradı keçirildi. Son on illərin hərbi qarşıdurmasını Azərbaycan Ordusu hərbi-siyasi yolla sonlandırdı...
Əsgər İsmayıl Musayev:
- Ordunun şəxsi heyəti həmişə xalqın əzizi olub. Müharibədə oğlu döyüşlərdə olan atanın qürurunu da unutmuram, qonşuların əsgər atasına ehtiramını da. Atam deyirdi ki, hər yerdə belədi, müharibə insanları doğmalaşdırdı.
Əsgər Yəhya Hümbətov:
- Həmin paradı biz də izlədik. O qüruru yaşayanda tarixi Zəfəri yenidən yaşayırıq, tarixi Zəfəri tam qələbə ilə tamamlayanları əzizlərimiz kimi xatırlayırıq...
Leytenant Orxan Hüseynquliyev:
- Həmin paradda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışından bəzi məqamlar çoxumuzun yaddaşındadı: "Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. Beləliklə, biz tarixi ədaləti bərpa etdik. 20 sentyabr 2023-cü il bizim tariximizdə qalacaq, necə ki, 8 Noyabr..."...

2020-ci il noyabrın 9-u səhərlərin ən gözəli kimi açıldı. Cıdır düzünün qaranlığı çəkiləndə dünyanın bəşəri dövlətləri, bəşəri düşüncəlilər dedilər ki, açılan səhərin mübarək, Azərbaycan Ordusu! Suları durulan, bulaqları çağlayan, yelləri ağacların budaqlarını daraqlayan ellər-obalar dedilər ki, Zəfərin mübarək, Azərbaycan Ordusu! O gündən dörd il keçir. Neçə dörd illər də tarixləşəcək, bu ovqat "Mən azərbaycanlıyam!" deyənlərin ömür qüruru kimi yaşadılacaq. Tarixdə də, yaddaşlarda da...
 
Rəşid HÜSEYNOV,

fotolar

Namiq PƏNAHOVUNDUR

"Azərbaycan Ordusu"