Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Oktyabr 2024 09:54

Qubadlının azad edilməsi planı strateji hədəflərdən biri idi

Azərbaycanın cənub-qərbində yerləşən Qubadlı rayonu hər zaman ölkəmiz üçün mühüm strateji, mədəni və iqtisadi əhəmiyyətə malik olub. Qarabağla Zəngəzur silsiləsi arasında əlaqənin təmin edilməsində əsas rol oynayan Qubadlı nəqliyyat infrastrukturu baxımından əlverişli ərazi sayılıb. Vətənimizin bir sıra rayonlarını birləşdirən mühüm yollar Qubadlıdan keçir.
Qubadlı təbii gözəllikləri və mədəni irsi ilə tanınır. Rayonun dağlıq relyefi əkinçilik, heyvandarlıq və üzümçülük üçün çox yararlıdır. Digər qədim tarixə malik rayon və şəhərlərimiz kimi, Qubadlı da məscidlər, karvansaraylar və orta əsr qalaları kimi çoxsaylı tarixi və memarlıq abidələrinə ev sahibliyi edirdi. Birinci Qarabağ müharibəsinə qədər burada, əsasən kənd təsərrüfatı və yerli sənətkarlıqla məşğul olan 30 minə yaxın azərbaycanlı yaşayırdı...
1980-ci illərin sonundan Ermənistan ölkəmizə qarşı ərazi iddialarını təxribatlara çevirməyə başladı. Sovet İttifaqının dağılması ilə Ermənistan bölgədəki separatçı qüvvələri dəstəkləyərək hərbi təxribatlara əl atdı.
Qarabağın Azərbaycanın bir hissəsi olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınmış sərhədlərə baxmayaraq, 1990-cı illərin əvvəllərində erməni silahlı qüvvələri təkcə Qarabağı deyil, həm də Qubadlı da daxil olmaqla, Azərbaycanın ətraf yeddi rayonunu da işğal etmək niyyətini göstərdi. Birinci Qarabağ müharibəsi başladı. Münaqişə nəticəsində bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilərək regionda genişmiqyaslı humanitar böhrana səbəb oldu...
Müharibə və post-müharibə dövrlərində Qubadlıda yaşayış binalarının əksəriyyəti dağıdılmış və yararsız vəziyyətə düşmüşdü. Yollar, elektrik şəbəkələri, su təchizatı, inzibati binalar və digər əsas infrastruktur ya zədələnmiş, ya da tamamilə dağıdılmışdı. İşğalda olan bir çox rayonlar kimi, Qubadlı da praktiki olaraq təcrid olunmuş və iqtisadi cəhətdən iflic vəziyyətinə düşmüşdü. Bütöv Qarabağ bölgəsi və ətraf 7 rayonda Azərbaycanın mədəni irsinin mühüm hissəsini təşkil edən çoxsaylı tarix və mədəniyyət abidələri dağıdılmışdı. Qubadlının işğalı təkcə rayonun iqtisadiyyatına deyil, həm də tarixi abidələrinin, məscidlərinin dağıdılması nəticəsində sarsıdılmış mədəni kimliyinə də təsir göstərmişdi.
Daha öncə qeyd edildiyi kimi, Ermənistanın işğalçılıq ambisiyaları və qeyri-insani üsullarla apardığı müharibə irimiqyaslı humanitar fəlakətlərə gətirib çıxartdı ki, onun da əsas qurbanları ərazidə yaşayan dinc sakinlər idi. Evini, mülkünü, dədə-baba yurdunu itirən insanlar geri qayıda, normal həyat tərzini bərpa edə bilməyib son dərəcə çətin vəziyyətə düşmüşdülər. Onlar Azərbaycanın müxtəlif bölgələrində qaçqın kimi məskunlaşıb, ilk zamanlarda mənzil, ərzaq və tibbi xidmət çatışmazlığı ilə üzləşdilər. Bu səbəbdən doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görülməli idi ki, bu məsələni Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz nəzarətinə götürdü. Ulu Öndərin siyasi kursunun layiqli  davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən istahatlar məcburi köçkünlərin sosial problemlərinin həlli, infrastrukturun yaxşılaşdırılması, yeni iş yerlərinin açılması və həyat şəraitinin yüksəldilməsində əhəmiyyətli rol oynadı.
Çoxsaylı beynəlxalq sənədlərə, o cümlədən Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə baxmayaraq, münaqişə 30 ilə yaxın müddətdə həll olunmamış qaldı. Azərbaycan BMT-nin işğal olunmuş ərazilər üzərində suverenliyini təsdiq edən qətnamələrinə arxalanaraq, bu illər ərzində ərazi bütövlüyünün bərpası istiqamətində diplomatik səylərini davam etdirdi. Münaqişənin sülh yolu ilə həllinə və qaçqınların öz evlərinə qaytarılmasına çağırışlar edilsə də, diplomatik səylər heç bir nəticə vermədi.
Bu illər ərzində atəşkəsin mövcudluğuna baxmayaraq, Ermənistan silahlı qüvvələri dəfələrlə yeni təxribatlar törədir, Vətənimizə qarşı ərazi iddialarından əl çəkmirdi. Növbəti genişmiqyaslı təxribatlardan birinin nəticəsində, 2020-ci il sentyabrın 27-də başlayan bütün cəhbə boyu əks-hücum əməliyyatı Vətən müharibəsinə çevrildi. Qarabağın cənub-qərbində yerləşən Qubadlının azad edilməsi planı strateji hədəflərdən biri idi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızı azad etdi, dünyaya yeni dövrün müharibəsinin nümunəsini göstərdi.
Oktyabrın ortalarında Azərbaycan Ordusu cənub-qərb istiqamətində əks-hücumu gücləndirdi. Əsas strateji mövqe tutan Qubadlı şiddətli döyüşlərin meydanına çevrildi. Rəşadətli Azərbaycan Ordusu düşmənin müdafiə istehkamlarını güclü artilleriya və pilotsuz uçuş aparatlarının köməyi ilə məhv etdi. Bu əks-hücum nəticəsində Qubadlı rayonunun bir sıra yaşayış məntəqələri azad edildi.
2020-ci il oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndinin və Qubadlı şəhərinin işğaldan azad edildiyini açıqladı. Qubadlının işğaldan azad edilməsi müharibə dövründə mühüm nailiyyətə və ərazi bütövlüyünün bərpa olunmasının simvollarından birinə çevrildi.

İbrahim MƏMMƏDBƏYOV

"Azərbaycan Ordusu"