Oğul itirən ananın qəhəri ovunmaz, dərdi bölünməz, ürəyinin giziltiləri kiçilməz. Belə anaları çox görmüşəm - dostda, qohumlarda, qonşularda. Şəhid analarının qəhəri digərlərindən fərqlənir. Gözlərinə baxmaq olmur onların. Sanki gözlərinin dərinliyində dünya dağılıb. Kədərində, qəmində bir əlçim təsəlli də olur... Ağlayanda göz yaşları, dərdinin ağırlığı, həsrətinin ünvanı, oğul sevgisi bənzərsiz olur şəhid analarının. Şəhidlər xiyabanında şəkilləşmiş oğullarına dediyi ağılar da fərqlidir.
"Şəhidlər ölməz" deyirik - təsəlli kimi, "Vətən sağ olsun" deyirik - təsəlli kimi, bu təsəlli şəhidləri qürurla anmaqdır. "Şəhidlər qürur ünvanımızdır" - deyirik. O şəhidlərin anaları nə çəkirlər, çoxumuz bilmirik. "Od düşdüyü yeri yandırar", - deyirlər.
Şair Cabir Novruz övladını itirən şəhid analarına sevgisini şəhidlərə ehtiram kimi duyğusallıqla təqdim edib:
Oğulları döyüşdən geri dönməyənləri,
Fəqət ürəklərində ümid sönməyənləri,
Bir gecədə saçını ağappaq hörənləri,
Bir gözüylə ağlayıb, birilə gülənləri,
Keçmiş qanlı davadan hər gün söz salanları,
Gəlinsiz olanları, nəvəsiz qalanları
Övlad məhəbbətilə isitmək istəyirəm,
Ürək hərarətilə isitmək istəyirəm.
Ürəyini isitmək istədiyimiz şəhid Mərhəmət Əhmədovun anası Xatirə Əhmədovanın oğlu ilə bağlı xatirələri bizi də kövrəltdi...
Şəhid Mərhəmət Əhmədov 1991-ci il mayın 14-də Şərur rayonunun Oğuz kəndində doğulmuşdu. Müddətli həqiqi hərbi xidməti başa vurduqdan sonra 2019-cu ildə müvafiq kurs keçərək Əlahiddə Ümumqoşun Orduda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlamışdı. Mərhəmət 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində Füzulinin, Hadrutun, Tuğun, Daşaltının işğaldan azad olunmasında cəsarətlə döyüşüb. O, Şuşa istiqamətinə irəliləyərkən şəhid olub...
Mərhəmət Əhmədov Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.
Xatirə ana qəhərlə dedi ki, "Mərhəmət çox qoçaq və qıvraq uşaq idi. Həm də deyib-gülən, zəhmətkeş, inadkar. Onun yanında heç kim darıxmazdı. Tənbəl deyildi. İki yaşı olanda axşamçağı şam yeməyi üçün salat doğramışdım. Salatı çox sevərdi, həmişə onu doğranmamış yeyərdi. Salatı doğradığımı görəndə ağladı. Əkin sahəsi də evdən biraz aralı idi, hava da qaralmışdı. Heç gücü də çatmazdı ki, tərəvəzi koldan qoparsın. Amma gördüm gedir əkin sahəsinə, gizlicə onu izlədim. Düşündüm ki, həyətə çıxanda qaranlıq olduğunu görüb geri qayıdacaq. Lakin o, arxasına baxmadan getdi, sahədə tərəvəzi qoparmağa gücü çatmırdı, bir-iki dəfə dartışdırandan sonra kolu qırıb istədiyinə nail oldu. Çox təəccübləndim, anladım ki, Mərhəmət böyüyəndə qorxmaz, inadkar, məqsədləri uğrunda mübarizə aparan, istədiyinə nail olan olacaq. Məktəbdə də seçilən və sevilən şagird idi. Müəllimləri və sinif yoldaşları onu indi də yad edirlər. Tez-tez məzarını ziyarət edir, evimizə gəlir, mənimlə maraqlanırlar”.
Duyğularına sarılan ana oğlunun bu şərəfli və çətin peşəyə olan sevgisindən söz açdı. Hərbçi olmasından, döyüş yolundan danışdı. "Mərhəmət orta məktəbi bitirəndən sonra əsgərliyə getdi. Hərbi xidmətdə olanda hərbçi peşəsinə böyük marağı yaranmış, nümunəvi xidməti ilə seçilmişdi. Komandanlığın fəxri fərmanlarını da almışdı. Hər dəfə görüşə gedəndə, komandirlərindən, əsgər yoldaşlarından çox razılıq edirdi. Xidmətini başa vurduqdan sonra hərbçi olmaq qərarı aldığını bildirdi. Atası da, mən də bu qərarına yox demədik, ona dəstək olduq - şərəfli yol seçmişdi, bu seçimə xeyir-dua verdik. O da Vətən müdafiəçilərindən oldu. Hərbi mundirə çox vurğun idi. Peşəsini sevirdi.
Vətən müharibəsi başlayanda çox həyəcanlı idi, bir yerdə dura bilmirdi. Onların da döyüş əməliyyatlarına cəlb olunacağı əmri səbirsizliklə gözləyirdi. "Vətən bizi səsləyir, torpaqlarımızı azad edəcəyik", - deyirdi. Hər gün qələbə müjdəsi alırdıq. Lakin qələbə müjdələri ilə yanaşı, qapılarımızı acı xəbər də döydü. Oktyabrın 11-i müharibəyə getdi, 27-si şəhid oldu. Döyüş yoldaşları Mərhəmətin döyüş meydanında şücaətindən, qorxmazlığından danışırlar".
Xatirə ana döyüşlər vaxtı oğlunun telefon zənglərindən də danışdı. "Nə qədər çalışsam da, özümü saxlaya bilmirdim, səsini eşidən kimi ağlayırdım. "Ana, düşməni məhv edirik, torpaqlarımızı azad edirik, ağlama, möhkəm ol, məğrur ol, qayıdacam", - deyirdi. Hələ müharibə başlamazdan əvvəl yuxuda görmüşdüm şəhid olacağını. Özünə deməmişdim, amma yuxumda gördüklərim məni narahat edirdi. Ürəyimin bir yerində yaram vardı. Oktyabrın 27-də şəhid xəbəri gəldi...".
Mərhəmətin Bünyamin və İbrahim adlı iki övladının yadigar qaldığını deyən Xatirə ana öz gəncliyindən də danışdı. Əslən qarabağlı olduğunu bildirdi. "Mən əslən Qarabağ bölgəsindənəm. Ailə qurub Naxçıvana gələndən sonra ata yurdum işğal altına düşdü. Gənclik illərimin keçdiyi o dağları, o dərələri bir də görməyin arzusunda olmuşam həmişə. Müzəffər Ali Baş Komandanımız və rəşadətli ordumuz arzularımızı çin etdi. Mərhəmət kimi minlərlə oğul bu müqəddəs yolda şəhid oldu. Acımız ağır olsa da, qürurumuz və sevincimiz sonsuzdu. Tarixi Zəfərimizlə, işğaldan azad olunan ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanması ilə təsəlli tapırıq".
Analar deyirdilər ki, yuxular tərsinə yozulur. Xatirə ananın yuxusu gerçək oldu...
Nuray NƏZƏROVA
Bakı şəhəri