Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Oktyabr 2024 12:28

“Pilotlar səmaların əsgərləridir”

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda ordu quruculuğu daha da genişləndi. Bütün qoşun növləri üzrə şəxsi heyətin hərbi biliklərinin möhkəmləndirilməsi, silahlanmaya yeni silah növlərinin daxil edilməsi, onların istismar xüsusiyyətlərinin mənimsədilməsi, əldə olunan vərdişlərin təlimlər vasitəsilə təkmilləşdirilməsi Ali Baş Komandanın, müdafiə nazirinin göstərişləri və tövsiyələri əsasında dönməzliklə həyata keçirilir. Fəaliyyətdə olan qoşun növlərində olduğu kimi, yeni yaradılan qoşun növlərində də qarşılıqlı koordinasiya formalaşdırıldı, möhkəmləndirildi. Bu baxımdan Hərbi Hava Qüvvələrində də yeniləşmələr ordunun döyüş hazırlığının yüksəlişini təmin etdi. Bu gün Azərbaycanın Hərbi Hava Qüvvələri dövlətin hava məkanını böyük məsuliyyətlə qoruyur, havadan ehtimal edilən istənilən hücumun, həmlənin, təxribatın qarşısını almağa qadirdir.
İkinci Qarabağ müharibəsində digər qoşun növləri kimi, Hərbi Hava Qüvvələrimiz də düşmənin müqavimətini qırmaqda, mühəndis-istehkam sədlərinin, dayaq və komanda məntəqələrinin, döyüş texnikalarının, canlı qüvvəsinin məhv edilməsində neçə-neçə uğurlu döyüşlər həyata keçirdi. Tarixi Zəfərdən sonra - ordu quruculuğunun yeni mərhələsində Hərbi Hava Qüvvələrində şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması üçün müntəzəm müxtəlif miqyaslı, müxtəlif təyinatlı təlimlər keçirilir.
Bu günlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşları icra edib. Aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilib. Hərbi pilotlar qalxma və enmə, aşağı, orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra ediblər. Hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən məşqlərdə hərbi pilotlar yüksək peşəkarlıq göstəriblər.
Təlim-məşqlər məhdud ərazidə, təlimlər daha geniş ərazidə keçirilir. Təlim-məşqlər gerçək döyüş şəraitinə imitasiya olunur, təlimlərdə daha geniş heyət iştirak edir, tapşırıqlar münsiflər heyətinin nəzarəti ilə yerinə yetirilir. Bu baxımdan təlim-məşq öyrənmə, təkmilləşmə deməkdir, təlim öyrənilmişlərin müqayisəli, müştərək yerinə yetirilməsidir. Digər tərəfdən, təlim-məşqlərdən fərqli olaraq təlimlər praktiki atışlarla icra olunur.
Təlim-məşq döyüş təyyarələrini təlimə hazırlayan texniki heyətin də, uçuşu yerinə yetirən pilotların da mənəvi-psixoloji hazırlığında həmişə gərəkli vasitədir.
Hərbi Hava Qüvvələrində döyüş fəaliyyətinin yüksək səviyyədə saxlanılması üçün keçirilən təlim-məşqlər ordunun gücünün daha da artırılmasına hesablanır. Belə təlimlər iştirak edən şəxsi heyətin döyüş hazırlığı üçün təkmilləşmə, püxtələşmə mərhələsi olur.
Təlim-məşqlərdə komandanlığın qərarı ilə hücum təyyarələri müəyyənləşdirilir, şəxsi heyət təyin olunur, şərti düşmən hədəfləri məhv edilir. İkinci Qarabağ müharibəsində ordu hissələrimiz düşmənin dayaq və komanda məntəqələrini dağıdır, döyüşə-döyüşə irəliləyirdi. Döyüşən ordumuza artilleriyamız da böyük dəstək verirdi, hərbi aviasiyamız da. Düşmənin iri qruplaşmalarına, manevr etməyə hazırlaşan, ordu hissələrimizə, mövqelərimizə, itirdikləri ərazilərə hücuma hazırlaşan düşmən qüvvələrinin səfini döyüş təyyarələrimiz pozur, düşmənin döyüş texnikalarını, canlı qüvvəsini məhv edirdi. Zamanında pilotlarımızın döyüş qabiliyyətini, peşə hazırlığını, məharətini mütəmadi keçirilən təlimlər formalaşdırmışdı. Bu baxımdan hər belə təlim bilavasitə döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasında əhəmiyyətli olmuşdu və bu, Vətən müharibəsində qələbələrimizi təmin edən amillərdən biri oldu.
Mayor Sabir Nəsirov Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunudur. Kursant kimi yüksək aviasiyaya maraq göstərib. Bu maraq onun peşəkarlaşmasında ayrıca amil olub. Sabir də istəyinə çatıb. Elmi bilikləri öyrənməklə, təcrübi vərdişləri təkmilləşdirməklə, təlim-məşqlərdə müntəzəm və məsuliyyətlə iştirak etməklə. "Beynəlxalq təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotlarının uçuşlarında iştirak etmək də, belə uçuşları izləmək də məni həmişə qürurlandırıb. Onların göylərə böyük sevgisi torpağa sevgidəndir. Uçduğumuz göylər öz göylərimizdi. Uçuşlarda hüdudların şərti nəhayətsizliyi Vətənə sevgimizin nəhayətsizliyindən keçir. Biz göylərimizin əsgəriyik...", - mayor Sabir Nəsirovun fikirlərini bir gerçəkliyin ifadəsi bilirəm: Azərbaycanın hava məkanı da ciddi qorunur, təlim-məşqlərlə Hərbi Hava Qüvvələri məqamında digər qoşun növləri ilə gərəkli hərbi koordinasiya (əməliyyat əlaqəsi) yaratma vərdişlərinə də yiyələnib. Bu, İkinci Qarabağ müharibəsində də təsdiqləndi. Bugün də Vətən müharibəsində qazanılan təcrübələr nəzərə alınmaqla  Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının daha da artırılması istiqamətində məqsədyönlü işlər uğurla davam edir.
Mayor Sabir Nəsirov Neftçala rayonundandır. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, sonra Ali Hərbi Təyyarəçilik Məktəbini 2012-ci ildə bitirib. Leytenant kimi Hərbi Hava Qüvvələrində xidmətə başlayıb. O da İkinci Qarabağ müharibəsi iştirakçısıdır. Döyüş təəssüratlarını Hərbi Hava Qüvvələrinin müharibədə iştirakı  kimi dinlədim: Hərbi pilotlarımız quru qoşunlarının əməliyyatlarına dəstək verirdi, döyüş atışlarını yerinə yetirir, onların döyüşə-döyüşə irəliləməsinə imkan yaradırdı.
Sentyabrın 27-si idi. Döyüş əməliyyatını yerinə yetirmək üçün Kəlbəcərə uçurdum. İdarə etdiyim döyüş təyyarəsinin təmas xəttinin şərti sərhədində olduğunu biləndə bir qədər həyəcanlandım. Bu həyəcanın keçici olduğunu bilsəm də, düşüncələrimdə bir həsrətin səmumu əsdi. Anlar keçincə düşmənin mövqelərinə yaxınlaşırdım. Mənə elə gəlirdi ki, qazanacağımız Böyük Qələbənin başlanğıcına yaxınlaşıram, düşmənə ilk hava zərbəsini mən vuracam. Əmrə müvafiq olaraq düşmənin mövqelərinə aviabombalar atdım. Duyumumla hiss etdim ki, düşmən bu hücumun ağrılarını son nəfəsinə kimi unuda bilməyəcək. Azərbaycan Ordusunun ilk aviazərbəsi onun müqavimət göstərmə əzmini sındıracaq. Növbəti əməliyyatda ilk əməliyyatın izlərini müşahidə edə bildim. Uçuşumu kursant olanda mənə təyyarənin idarə edilməsini öyrədən müəllimlərimə, döyüş bacarığımın artırılmasını təmin edən komandirlərimə, təlim-məşqlərdə mənə dəyərli məsləhətlər verən təcrübəli zabitlərə minnətdarlıqla davam etdirdim, əməliyyatı uğurla yerinə yetirdim. Düşmənin iri qruplaşmasının oda qalandığını ani də olsa görmək, həm də çox ucalıqlardan görmək qüruruma döndü...
Baş leytenant Rəşad İsmayılov Şərur rayonunda anadan olub, Heydər Əliyev adına Hərbi Liseydə oxuyub, təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) davam etdirib. "Hər uçuşu Vətənə hesabat bilirəm. İkinci Qarabağ müharibəsində kursant idim. Döyüşləri mən də televiziyadan izləyirdim. Onda yaşımın azlığına görə təəssüflənmişdim. Bugünkü təlim-məşqdə mən də iştirak etdim. Düşmənin şərti hədəflərini sıradan çıxartdıq. Bir anlığa mənə elə gəldi ki, gerçək döyüşdəyəm və düşmənə tələfat verib bazaya qayıdıram...", - baş leytenant Rəşad İsmayılov belə dedi. Bu kəlmələr zabitin Vətənə sevgisinin ifadəsidir.
"Biz səmaların əsgəriyik!" deyənlərdən ikisi - mayor Sabir Nəsirovla baş leytenant Rəşad İsmayılov təlim-məşqdən sonra tədbirin təfərrüatı haqqında fikir mübadiləsi aparır ki, bu da təlim-məşqin davamı kimi öyrənmə prosesidir; təlim-məşqin xarakteri öyrənməkdir, öyrənə-öyrənə peşəkarlaşmaqdır. Bu, mahiyyəti baxımından döyüş hazırlığının yüksəldilməsi deməkdir...

Rəşid HÜSEYNOV

"Azərbaycan Ordusu"