Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Oktyabr 2024 15:30

“Şuşadan gedəndə dedim ki, nə olursa olsun, yenidən qayıdacağam”

Müsahibimiz Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük xidmətlər göstərən, ölkəmizin ən ağır və faciəvi günlərində, taleyüklü anlarında xalqımızın yanında olan, birinci və ikinci Qarabağ müharibəsində, eləcə də tarixi zəfərdən sonrakı dövrlərdə erməni vandalizmini və terrorçuluğunu ifşa edən, eləcə də Azərbaycanın təbiətini, adət-ənənələrini və mədəniyyətini təbliğ edən fotoların müəllifi tanınmış azərbaycanlı fotoqraf Reza Deqatidir.
- Reza bəy, əvvəlcə sizi Vətənimizin müdafiəsində dayanan hərbçilərimizə tanıdaq.
- Reza Deqati Təbriz uşağıdır. Təbriz kəlməsində bütün Azərbaycan, onun mədəniyyəti və tarixi var.
- Necə oldu ki, sizi dünyada məşhur edən bu sahəni seçdiniz?
- Uşaqlıqdan Təbrizdə məni maraqlandıran bir sual var idi - görəsən, elə bir dil varmı ki, bütün insanlar bu dil vasitəsilə bir-birini başa düşsün. Düşündüm ki, bu elə bir dil olmalıdır ki, dünyanın bütün ölkələrində yaşayan xalqlar bunu anlaya bilsin, bu da mümkün deyildi. Nəhayət, bu dilin ancaq foto ola biləcəyini başa düşdüm. Və 60 il əvvəl Təbrizdə öz peşəmi seçdim - gördüyüm hadisələri fotonun dili ilə insanlara göstərməyə başladım. Əslində, həmin dövrdə foto çəkmək peşə sayılmırdı. Buna görə mən də memarlıq oxudum. Fotoya olan marağım isə heç vaxt azalmadı, işləyirdim, amma fotoaparatım həmişə yanımda olurdu. 1979-cu ildə İranda inqilab başlayanda düşündüm ki, bu hadisələri bir fotoqraf kimi lentə almalıyam. Həmin hadisələri, baş verənləri çəkməyə başladım. Beləcə, zaman ötdü və anladım ki, mənim memarlığa marağım yoxdur, mən fotoqraf olmalıyam.
- Reza bəy, doğulub boya-başa çatdığınız İrandan Parisə getmək məcburiyyətində qalmısınız. Həyatınızda baş verən bu hadisəni necə xatırlayırsınız?
- İranda siyasi burulğanlar qopanda universitetə gedib xahiş etmişdim ki, mənə üç günlük icazə versinlər. Məqsədim isə mitinqlərin, nümayişlərin fotosunu çəkmək idi. Onlara da demişdim ki, işlərimi yekunlaşdırıb qayıdacağam. Elə həmin üç günlük icazə mənim həyatımı dəyişdi. İcazə aldığım üç gündən artıq 43 il keçib.
Və sonra yavaş-yavaş dünyanı gəzdim. İşimin, çəkdiyim fotoların dəyərli olduğunu anlayırdım. İnsanlar fotolarıma heyranlıqla baxırdılar. Hətta inanmırdılar ki, onları mən sadə bir fotoaparatla çəkmişəm. Deyirdilər ola bilməz, çünki onlar böyük ustalıqla çəkilib. Qeyd edim ki, o dövrdə lentə aldığım fotolardan biri 20 mindən çox qəzetdə yayımlanıb.
1981-ci ildə İranı tərk edəndə artıq tanınmış bir adam idim. Həmin dövrdə mədəniyyət və media sahələrində çalışanlara, incəsənət adamlarına hər kəs hörmət edirdi.
Fransaya getdikdən sonra bu ölkənin mədəniyyət naziri ilə görüşdüm və mənə vətəndaşlıq verildi. O vaxtdan Parisdə yaşayıram. Amma deyə bilərəm ki, ilin doqquz ayını Parisdə olmuram.
- Dünya ictimaiyyətinin başa düşdüyü ortaq bir dili - foto dilini kəşf etmisiniz. Bu haqda danışardınız...
- Bilirsiniz, mən çoxlu sərgilər keçirmişəm. Bu günə qədər 360-dan çox sərgim olub. Dünyanın bir çox ölkələrində - Çində, Yaponiyada, Afrikada, Fransada, İngiltərədə, Banqladeşdə, Hindistanda və s. Bu ölkələrdəki insanlara bir dil lazım idi. O dil nə ingilis, nə Çin, nə türk, nə də fransız dili idi. O dil ancaq şəklin dili ola bilərdi.
Çəkdiyim, lentə aldığım fotolar bu insanlarda eyni emosiyalar yaradıb. Beləliklə, dünyanın hər yerində insanların başa düşdükləri ortaq bir dili - şəkil dilini özüm üçün kəşf etdim.
- 43 ildir ki, Fransada yaşayırsınız, lakin ürəyiniz Azərbaycanla döyünür, Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırırsınız. Bu, çətin olmur ki?
- Düzdü, mənim qanım Azərbaycan qanıdır, Təbrizdə azərbaycanlı ailəsində dünyaya göz açmışam. Amma nə olursa olsun, dünya səviyyəsində peşəkar jurnalistsənsə, gərək tərəf saxlamayasan. Çünki sənin dediyin söz - çəkdiyin foto həqiqətdir.
Bitərəf olmaq məsələsini belə izah edim. Hər ilin 9 ayını mən səfərlərdə oluram. Səfərlər deyəndə səyahət kimi nəzərdə tutmayın. Yerləri əvvəlcədən özüm müəyyənləşdirib seçirəm. Hansı ki, həmin yerlərdə tərəfsiz, həqiqəti deyənlərə ehtiyac var.  
Məni Azərbaycana bağlayan faktorlardan biri də məhz budur. Həqiqətləri dünyaya çatdırmaq... Hansı ki, 20 Yanvar faciəsi və 26 Fevral - Xocalı soyqırımı zamanı Azərbaycanın səsini dünyaya çatdırmaq lazım idi. Çətinliklə olsa da, gəldim və hadisələri lentə aldım. Hər iki hadisədə gördüm ki, dünya bu hadisələrə demək olar ki, laqeyd yanaşır. Yəni, bir millətin başına bu cür müsibətlər gəlir, amma dünya mediası bunları tamam başqa cür göstərir.
Dünya mediasında azərbaycanlıları qatil kimi qələmə verirdilər. Halbuki, əslində, tamam əksi baş verirdi. Bu məsələlər məni Azərbaycana gəlməyə sövq etdi və öz-özümə dedim ki, Reza, sən Azərbaycanın haqlı səsini bütün dünyaya çatdırmalısan.
Hərbi qulluqçu düşmənlə üzbəüz vuruşmalı olduğu kimi, jurnalist də informasiya müharibəsində mübarizə aparmalıdır. Azərbaycanla Ermənistan arasında informasiya müharibəsinin ən qaynar nöqtəsi Fransa idi. Və mən 30 ildir ki, orada bu informasiya müharibəsini aparıram.
- Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində fotolar lentə almısınız. Müharibənin heç bir anı unudulmur. Bəs sizin yaddaşınıza əbədi həkk olunan hansısa hadisələr varmı?
- Bir fotoqraf, jurnalist olaraq həmişə fikirləşmişəm ki, olduğum yerlərdə nələrisə öyrənməliyəm. Heç vaxt bir yerə dünyaşöhrətli fotoqraf kimi getməmişəm. Hər zaman çalışmışam ki, getdiyim yerlərdə insanların hekayələrini öyrənim və dünyaya çatdırım. Lentə aldığım 2 milyon foto var ki, hər biri bir hekayədir. Amma Qarabağ məsələsində bir neçə mövzu var ki, heç vaxt mənim yaddaşımdan çıxmayacaq.
Bilirsiniz, insanların beynini bir mövzu ilə nə qədər doldursalar da, həqiqəti görən insan dəyişə bilər. Bunu mən Birinci Qarabağ müharibəsində gördüm. Xocalı soyqırımı törədiləndə Fransadan bir tona yaxın dərman göndərmişdilər ki, bunları aparıb Xankəndidə ermənilərə versinlər.  
Mən o  dərmanları gətirən fransızlarla söhbət edəndə gördüm ki, mediada yazılanlara aldanıblar, onlar da azərbaycanlıların erməniləri öldürməsinə inanırlar.
Qərara gəldim ki, onlara qoşulub Ağdama gedim. Ağdama çatanda onlar gətirdikləri dərmanları Xankəndiyə çatdırmaq üçün müraciət etdilər. Amma müharibə gedirdi, yol bağlı idi. Onlara dedilər ki, bir gün burada qalın, ermənilərlə əlaqə saxlayaq, sizin gəldiyiniz barədə xəbər verək.
Azərbaycan tərəfi hər zaman olduğu kimi, yenə də humanist davrandı - Xankəndiyə dərman aparılmasına icazə verdi, amma bildirildi ki, gərək ermənilər də buna razılıq versinlər. Onda mən qərara gəldim ki, fransızlara həqiqəti göstərim. Və belə də etdim. Erməni vəhşiliklərini çəkdim. Fransızlar bu kadrları görəndə dəhşətə gəldilər. Baş verən hadisələri öz gözləri ilə görmək istədilər. Onlara ermənilərin azərbaycanlıların başına açdıqları müsibətləri, işgəncələri göstərdik. Onlar bunu öz gözləri ilə görəndən sonra mənə təşəkkürlərini bildirdilər və gətirdikləri dərmanların hamısını Ağdam xəstəxanasına təhvil verib öz ölkələrinə qayıtdılar. Fransaya qayıdıb Azərbaycanda baş verən qanlı hadisələr barədə həqiqəti söyləmək, yazmaq qərarına gəldilər. Onda başa düşdüm ki, insanların beynini yanlış məlumatlarla doldursalar da, onlar öz gözləri ilə görəndə fikirlərindən dönürlər. Mənim çəkdiyim fotolar bir növ bu hadisələrin şahididir. Həmişə çalışmışam ki, fotolarımı elə çəkim ki, baxan insanlar özlərini orada hiss etsinlər.
Unuda bilmədiyim ikinci bir məqam isə bir erməni əsgərinin mənə dediyi "azərbaycanlını görəndə onun əvvəl gözlərini çıxardır, sonra öldürürük" sözləri idi. Bu mövzu mənə çox ağır gəlmişdi.
- Reza bəy, göz çıxartmaq məsələsini ermənilərin özləri sizə deyib?
- O vaxt Allahverdi Bağırovla birgə Ağdamda idim, Allah ona rəhmət eləsin! Bir gün o mənə dedi ki, Reza bəy, bizim ermənilərlə Əsgəran yolunda görüşümüz olacaq. Əsirləri mübadilə etmək üçün razılığa gəlmişik. Gəlin gedək ora, amma siz fransızca danışın. Mən sizi fransız fotoqrafı kimi təqdim edəcəyəm. Görüş baş tutdu. Ermənistan tərəfindən bir neçə əsgər və jurnalist gəlmişdi. Elə bir şərait yarandı ki, mən fransızca danışa-danışa onlara tərəf yaxınlaşdım. Erməni əsgərlərindən biri mənə dedi ki, siz fransızsınız? Dedim, bəli. O yaxınlaşdı mənə və dedi ki, mən də fransızam və buraya döyüşməyə gəlmişəm.
Soruşdum ki, sən təksən, yoxsa başqaları da var. Cavabında dedi ki, ermənilərə kömək məqsədilə Fransadan və digər ölkələrdən yüzlərlə döyüşçü gəlib.
Əsirlər artıq mübadilə olunmuşdu. Həmin vaxt əsgərlərdən biri mənə cibindəki çay qaşığını göstərdi. Dedim ki, siz niyə çay qaşığını cibinizdə gəzdirirsiniz? O, gülüb dedi ki, biz azərbaycanlı görəndə birinci onun gözünü çıxardırıq. Geri qayıdanda Allahverdi Bağırova erməni əsgərinin mənə dediklərini söylədim. O isə cavabında dedi ki, Reza bəy, düz deyir, onlar bizim insanların başına müsibətlər gətirirlər. Mən, əslində, bir millətin bu qədər vəhşi olmağına inanmırdım. Lakin iki gün sonra Qırmızı Xaç Komitəsi tərəfindən meyitlər gətirilmişdi ki, onlardan birinin gözü yox idi. Həkimlər dedilər ki, bu adamın diri-diri gözünü çıxardıblar. Əgər öldürüb sonra gözünü çıxartsaydılar, gözündən bu qədər qan gəlməzdi. Və onda erməni əsgərinin dediyinin acı bir həqiqət olduğunu tam başa düşdüm.
Mən Azərbaycanda bu hadisələr baş verənə qədər artıq 12 il idi ki, dünyanın başqa müharibələrini görür və çəkirdim. Amma bu qədər qəddarlıq və vəhşilik görməmişdim. Necə ola bilər ki, illərdir bir yerdə yaşayasan, bir yerdə böyüyəsən, sənə qucaq açmış, suyunu-çörəyini vermiş bir millətə qarşı bu qədər vəhşilik edəsən.
Azərbaycan əsgərinin mərhəməti, erməni əsgərinin vəhşiliyi...
Bəli, bu barədə bir xatirəmi sizlə bölmək istərəm. Bir dəfə də Kəlbəcər rayonunun Zod istiqamətində çətin relyefli şəraitdə döyüş növbətçiliyi aparan əsgərləri lentə almaq qərarına gəldim və ora getdim. Döyüş növbətçiliyində məğrur Azərbaycan əsgəri dayanmışdı. Qarşı tərəflə məsafə 20 metr olmazdı bəlkə. Mən onun fotolarını çəkdim, sonra ona dedim ki, aşağı düş, səni orada da çəkim. Lakin əsgər aşağı düşmədi, dedi ki, Reza bəy, mən burada sizin yanınızda qalacam. Özümə də pis təsir etdi ki, mən bu soyuqda onun şəklini çəkməyə gəlmişəm, amma o da mənim sözümə qulaq asmır.
Aşağı düşəndən sonra əsgərdən soruşdum ki, niyə icazə vermədiniz ki, sizin şəklinizi aşağıda da çəkim? Cavabı hələ də mənim qulağımdadı. Dedi ki, bilirsiniz, Reza bəy, orada ermənilər bizimlə çox yaxın məsafədədirlər. Siz də biz azərbaycanlılar üçün önəmli insansınız, bizim həqiqətləri dünyaya çatdırırsınız. Düşündüm ki, birdən sizi tanıyarlar, təxribat törətməyə cəhd edərlər. Ona görə də sizin arxanızda olmaq istədim ki, birdən atəş açsalar, sizə heç nə olmasın. Əsgər bu sözü deyəndə, doğrudan da, məni ağlamaq tutdu.
- Reza bəy, 2 milyondan çox foto çəkmisiniz. Bu fotolar arasında hansılar həyatınızda bir iz qoyub?
- Bütün fotolar mənim həyatımda bir iz qoyub. Mən fotoların yarısını ağlaya-ağlaya çəkmişəm. Afrikada bir şəkil çəkmişdim. İki qəbilə - Ruanda və Burundi arasında müharibə gedirdi. 6 ayda 800 min nəfər öldürülmüşdü. Özü də bilirsiniz necə - dəmirlə, bıçaqla, oxla. Təsəvvür edin ki, insanlar qaçıb kilsədə gizlənirdilər. Gəlib kilsəni bağlayıb od vururdular. Heç vaxt yadımdan çıxmaz, orada bir kişi var idi, hansı ki, onun bütün ailəsini gözünün qabağında öldürmüşdülər. Eynisini 1992-ci ilin fevralında Ağdamda görmüşdüm. Xocalıdan gələn bir kişi 4 gün idi ki, eyni yerdə oturmuşdu, deyərdim ki, tərpənmirdi də. Əlində bir foto, oğlunu axtarırdı. O qədər ağlamışdı ki, gözləri qurumuşdu. Hər iki hadisə mənə çox təsir etmişdi.
- 20 Yanvar hadisələrini necə xatırlayırsınız? O vaxt Azərbaycana çox böyük çətinliklə gəlmisiniz.
- Mən həmişə haqqın tərəfində olmuşam, insanların haqq səsini ucaltmışam. 20 Yanvar hadisələri də eyni mövzudur. Hadisələr baş verən zaman mən Parisdə idim. Yanvarın 21-i dostlarımın biri mənə xəbər verdi ki, Azərbaycanda belə bir hadisə baş verib, amma xarici jurnalistləri Bakıya gəlməyə qoymurlar. Mən özümü dərhal Moskvaya çatdırdım. Moskvada Azərbaycan evi var idi və mən orada azərbaycanlılarla tanış oldum. Onlardan xahiş etdim ki, mənə kömək edin, Bakıya getməliyəm. Bir yol tapdılar və qatar ilə 48 saata Moskvadan Bakıya gəldim. Gələn kimi dərhal xəstəxanaya getdim və gizlincə orada olan yaralıları çəkdim. Həmin fotoları dərc etdirib bütün dünyanı 20 Yanvar hadisələri barədə agah etdim.
20 Yanvar hadisələri zamanı bir səhnə var idi ki, o da mənim yaddaşımdan heç vaxt silinməyəcək. Həmin ərəfədə mən Şəhidlər xiyabanında dəfn mərasimini çəkirdim. Bir yaşlı qadın var idi ki, oğlunu dəfn edəndən sonra məzarın üstündə ağlaya-ağlaya insanları səsləyirdi. Dedikləri hələ də qulağımdadı. “Məni tək qoymayın, məni də övladımın yanında dəfn edin". Hər dəfə Şəhidlər xiyabanına gedəndə həmin qadını xatırlayıram.
- Ermənilər təkcə insanlığa yox, həm də tarixi abidələrə qarşı da vəhşiliklər törədiblər. Bunların şahidi olmusunuzmu?
- Mən erməni vəhşiliklərini, vandalizm aktlarını Birinci Qarabağ müharibəsi zamanı çox görmüşdüm, Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərə gedəndə eyni mənzərənin şahidi oldum - ermənilər yenə də vəhşiliklərə əl atmışdılar. Hadisə yerindən çəkdiyim fotolar bunu bir daha sübut edir.
Onlar 90-cı illərin əvvəllərində etdikləri vəhşiliklərdən əl çəkməmişdilər, bunu 2020-ci ilə qədər gətirib çıxarmışdılar. Məscidlərdə donuz saxlayırmış, məzarları qəsdən, məqsədyönlü şəkildə dağıtmışdılar.
- Birinci Qarabağ müharibəsində Şuşaya çətinliklə getmisiniz və oranı tərk edən sonuncu şəxslərdən olmusunuz. O zaman işğal olunmuş Şuşadan necə çıxa bildiniz?
-  Müharibə dövründə mən Füzuli, Cəbrayıl və Laçında şəkillər çəkirdim. Amma bir şəhər ağlımda var idi ki, o şəhərin adını eşidəndə Bülbülü, Üzeyir Hacıbəylini, Xan Şuşinskini xatırlayırdıq. O şəhər Şuşa idi. Mən ora getmək qərarına gəldim. Daşaltıya çatanda dedilər ki, yol bağlıdır və Şuşa mühasirədədir. Həmin vaxtlar çox ağır döyüşlər gedirdi. Özüm-özümə dedim ki, bura kimi gəlmişəm, geriyə qayıtmayacağam. Mənə dedilər ki, bir yol var, Daşaltı tərəfindən keçib İsa bulağına çıxır. Amma həmin yolu snayperlər izləyirlər. Və mən həmin yolla üzü Şuşa istiqamətinə getməyə başladım. Erməni snayperi üç dəfə məni vurmağa cəhd göstərdi. Birinci gülləsi papağıma dəydi, ikincisi sağ qulağımı cızdı, üçüncüsü isə iki ayağımın ortasından torpağa girdi. Çətinliklə də olsa, özümü Şuşaya çatdırdım. Orada özünümüdafiə batalyonları Şuşanın müdafiəsində dayanmışdılar. Və həmin batalyonların iki nəfər komandiri var idi - birinin adı Tofiq idi ki, o, idman müəllimi idi. İkincisi Ramazan Qəmbərov idi. O da müəllim idi. Şuşanın müdafiəsində dayanan insanlar qorxmaz və ürəkli idilər, amma bilirdim ki, müharibə ürəklə, qorxmazlıqla aparılmır, silah-sursat və texnika lazımdır ki, onların da heç biri yoxdur. Bir neçə gündən sonra gördüm ki, yavaş-yavaş Şuşadan getməliyəm. Burada qalsam, ermənilər məni tutacaq, lentə aldığım fotoları götürəcəklər. O fotolar ki, orada Xocalı soyqırımı var idi, döyüşçülər də var idi. Mən baş verənləri dünyaya çatdırmalı idim. Həmin gün Rasim Yusufov və Ramazan Qəmbərovla birlikdə Şuşada sonuncu dəfə çayımızı içdik. Çünki düşünürdüm ki, bizim mədəniyyətimizdə çay içmək çörək kəsmək kimidir. Bilmirdim qayıdanda mənim başıma nə iş gələcək, onların taleyi necə olacaq. Amma gedəndə onlara dedim ki, nə olursa olsun, mən yenidən qayıdacağam. Eyni yoldan qayıtdım, yenə də snayper mənə atəş açdı, xoşbəxtlikdən bu dəfə də güllə mənə tuş gəlmədi.
- İllər sonra arzunuz reallaşdı və Şuşaya yenidən qayıtdınız.
- Bəli, qayıtdım. Rəşadətli Azərbaycan Ordusunun sayəsində qayıtdım. Bu xoşbəxtliyi onlara borcluyam. 2020-ci ildə, Vətən müharibəsində Şuşa azad olundu. Mən də sözümün üstündə dayandım və ilk jurnalist kimi Şuşaya qayıtdım və Azərbaycan əsgərləri ilə çayımı içdim.
- Şuşa azad olundu və İkinci Qarabağ müharibəsi tarixi zəfərimizlə başa çatdı. Qalib ordumuzun döyüş hazırlığı, qəhrəman əsgərlərimizin döyüş ruhu haqqında fikirləriniz? Əminik ki, oxucularımız üçün maraqlı olar.
- Dünyanın bir çox ölkələrində baş verən müharibələrin, hərbi əməliyyatların şahidi olmuşam. Həmçinin Birinci və İkinci Qarabağ müharibələrini öz gözümlə görmüşəm. Birinci Qarabağ müharibəsində Azərbaycanda ordu demək olar ki, yox idi. Amma Vətən müharibəsində güclü, müasir bir ordu var idi. Deyə bilərəm ki, bəlkə də dünyanın ən güclü ordularından biridir Müzəffər Azərbaycan Ordusu. Xüsusən də, Şuşa əməliyyatını qeyd etmək istərdim. Azərbaycan əsgəri Şuşanı azad edərək, dünya hərb tarixinə qalibiyyət salnaməsini həkk etdi. Sonra mən əsgərlərlə görüşdüm. Gördüm ki, bu əsgərlər təkcə fiziki cəhətdən hazırlıqlı deyillər, həm də mənəvi-psixoloji cəhətdən yüksək hazırlığa malik idilər. Azərbaycan əsgəri bu müharibəyə çox yaxşı hazırlaşmışdı. Və ən əsası bu müharibədə mən gördüm ki, ordu vahid mərkəzdən idarə olunur. Şahidi olduğum digər müharibələrdə mən görmüşdüm ki, orduya 3 nəfər rəhbərlik edir. Onlardan biri nizami, biri siyasi, digəri isə informasiya rəhbəri. Azərbaycanda isə bütün bunların hər üçünü də bir nəfər aparırdı - Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev. Və o, bütün dünyaya bir daha özünün siyasi gücünü, liderlik qabiliyyətini tam şəkildə göstərdi.
- Reza bəy, bildiyimiz kimi, siz Fransanın "Şevalye" medalı ilə təltif olunmusunuz. Bəs Azərbaycan tərəfdən Sizə hansısa medal təqdim olunubmu?
- Bəli, təqdim olunub. Ümumiyyətlə, mənə müxtəlif ölkələrdən çoxlu medallar və mükafatlar təqdim olunub. Bunların arasında "Dostluq" medalının xüsusi yeri var. Bu medal mənə iki il bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilib. Bir sözlə, "Dostluq" medalı mənim üçün çox dəyərlidir. Azərbaycanda hamı mənə doğma, yaxın bir insan kimi yanaşır və bu, məni çox sevindirir. O zaman düşünürəm ki, bu medal xalqın sevgisinin təcəssümüdü.
- Bu yaxınlarda Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində kommunikasiya sahəsində fəaliyyət göstərən şəxsi heyətlə görüşünüz baş tutdu. Yəqin ki, məlumatınız var, müharibə vaxtı kadrların çoxunu həmin heyət çəkmişdi. Təəssüratınız necə oldu?
- Mən nazirliyin kommunikasiya sahəsində fəaliyyət göstərən şəxsi heyət ilə görüşdə entuziazm, öz işinə böyük həvəs və müsbət enerjini hiss etdim. Hər birinin öz işinin peşəkarı olduğuna əminəm. Çünki müharibə kadrlarının hər birini izləmişəm. Ümid edirəm ki, bundan sonrakı fəaliyyətləri uğurlu olar və bu cür görüşlər davamlı şəkildə öz bəhrəsini verər.
- Azərbaycan əsgərinə sözünüz...
- Bilirsiniz, mən bir çox müharibənin canlı şahidi olmuşam, amma, əslində, təbiətcə sülhsevər insanam, sülh müxbiriyəm. İstəyirəm ki, dünya sülh şəkilləri ilə dolsun. İnsanlar görsünlər ki, müharibə heç də yaxşı deyil. Sülh adamı, sülh müxbiri olaraq, bir şeyi xüsusi vurğulamaq istəyirəm - Azərbaycan xalqının özgənin torpağında gözü yoxdur. Azərbaycan əsgəri öz tarixi torpaqlarını işğaldan azad etdi və bu gün həmin torpaqlarda müqəddəs vəzifəsini uğurla yerinə yetirir.
- Müsahibə üçün təşəkkür edirik.
- Çox sağ olun.

Ceyhun CƏFƏRLİ,

Elçin İMANOV

"Azərbaycan Ordusu"