Çox nəcib, məsuliyyətli peşə olan həkim peşəsinin sahibləri məxsusi xarakterə, səbrə, diqqətliliyə, sakitliyə, ən əsası xeyirxahlıq kimi insani xüsusiyyətlərə malik olurlar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev deyirdi: "Səhiyyə sahəsində çalışan, öz həyatlarını tibb xidmətinə həsr edən insanlar çox şərəfli adamlardır. Onların hər biri çalışmalıdır ki, bu şərəfli adı daim yüksəklərə qaldırsın".
İkinci Qarabağ müharibəsində həkim hərbi qulluqçularımız da Hərbi Anda, dövlətə, peşələrinə sədaqət nümayiş etdirdilər. Onlar Vətən müharibəsində həm ön, həm də arxa cəbhədə böyük dəyanət, cəsarət və humanizm nümunələri yaratdılar. Yüzlərlə yaralını həyata qaytaran həkimlər sırasında Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının qastroenterologiya bölməsinin baş ordinatoru tibb xidməti polkovnik-leytenantı Kamran Məlikov da vardı.
Tibb xidməti polkovnik-leytenantı Kamran Məlikov 1981-ci ildə Goranboy rayonunun Qızılhacılı kəndində ziyalı ailəsində dünyaya göz açıb. Danılmaz faktdır ki, vətənpərvərlik tərbiyəsinin mənbəyi ailədir. Valideynləri müəllim olan yeniyetmə Kamran uşaq yaşlarından Vətənə, insanlara sevgi, yardım hissi ilə formalaşmışdı. Uşaqlıq illəri Vətənimizin ağır günlərinə təsadüf edən gənc valideynlərinin söhbətlərində, televizorda 20 Yanvar faciəsini, Xocalı soyqırımını, Qarabağın necə xarabalığa çevrilməsini, yaşlıların, qız-gəlinlərin, körpələrin göz yaşlarını, ah-naləsini eşidir və görürdü. Bunlar onun peşə seçiminə təsirsiz ötüşməzdi, ötüşmədi, məhz bu müqəddəs peşəni seçməyinə səbəb oldu, bəşəri duyğularla yaşayan gənci bu sənətə yönləndirən daxilindəki vətənpərvərlik hissləri özünü büruzə verərək onu hərbi həkim olmağa istiqamətləndirdi. 1999-cu ildə Azərbaycan Tibb Universitetinə qəbul oldu. 2005-ci ildə Hərbi Tibb Fakültəsini bitirərək, ön xətt hərbi hissələrindən birində xidmətə başladı. Beləliklə, tarixin müəyyən mərhələsindən keçən gənc həkim - gənc zabit həkim və hərbçi peşələrini həyat yoluna işıq seçdi.
Kamran həkim dedi ki, vətənpərvərlik insanın ölkəsinə duyduğu sevgi və bağlılığıdır. "Hər kəs varlığıyla Vətənini öz şəxsiyyətində, mənində yaşatmalıdır. Yaşatmalıdır ki, Vətən yaşasın".
Tibb xidməti polkovnik-leytenantı qeyd etdi ki, öz işinə ürəkdən bağlı olmayan, peşəsinin vacibliyini, ciddiliyini dərk etməyən, çətinliklərdən, təhlükələrdən qorxan, bütün həyatını insanların sağlamlığına həsr etməyən həkim, əslində, həkim deyil. O, həm də öyrənməyə və özünü inkişaf etdirməyə çalışmalı, Vətəninə, xalqına məsuliyyətlə xidmət etməyi qarşısına məqsəd qoymalıdır.
Xidmət etdiyi sahə haqqında məlumat verən təcrübəli qastroenteroloq vurğuladı ki, həzm orqanlarının müayinə və müalicəsi ilə məşğul olduğu bu sahəyə, həmçinin mədəaltı vəzi, qaraciyər, öd kisəsi və axacaqlar da daxildir. Həzm sistemi xəstəliklərinin uğurlu müalicəsinə ilk addım diaqnostikadan başlayır. Burada hepatit xəstələrinin müasir antiviral (peqasys, copequs) yollarla müalicəsi uğurla həyata keçirilir. Bundan başqa, qaraciyər biopsisi, müalicə diaqnostikası, serrozlu xəstələrdə parasentez prosesi aparılır. Xəstələrə keyfiyyətli tibbi xidmət göstərilməsi üçün müasir şərait və imkanlarımız mövcuddur.
Böyük Qələbənin başlanğıcı olan Aprel döyüşlərində Azərbaycan Ordusu tariximizə şanlı bir səhifə yazdı. Tibb xidməti polkovnik-leytenantı Kamran Məlikov Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə yaralıların təxliyəsinə və ilkin tibbi yardım göstərilməsinə rəhbərlik edib. Müdafiə naziri adından fəxri fərmanla təltif olunan həkim bildirdi ki, Aprel döyüşləri işğal olunmuş ərazilərimizin azad ediləcəyinə inamın döyüşləri oldu. "Bu döyüşlər Azərbaycan Ordusunun qalib ordu olacağına, torpaqlarımızın işğaldan azad ediləcəyinə əminlik döyüşləri idi. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Aprel Zəfəri xalqımızın mənəvi qələbəsi oldu".
Vətən müharibəsi Azərbaycan dövlətinin, dövlətçiliyinin, Azərbaycan əsgərinin gücünün, Ali Baş Komandanın sərkərdəlik qüdrətinin təsdiqi oldu.
Vətən müharibəsinin ilk günlərindən yaralıların təxliyə edilməsində və terapevtik yardım göstərilməsində iştirak edən tibb xidməti polkovnik-leytenantı vurğuladı ki, İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tibbi təminatının yüksək səviyyədə olduğunu, Azərbaycan həkiminin fədakarlığını təsdiqlədi. "Yaralıların müalicəsi və tibbi təminatı müharibənin ilk günlərindən Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsən nəzarəti altında idi. Müharibənin 4-cü günündə dövlət başçısı və birinci xanım yaralanan, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə olunan hərbçiləri ziyarət etdilər. Bu, dövlət başçısının döyüşçülərə olan ehtiramının təzahürü idi.
Vətən müharibəsində hərbi təbabətin fəaliyyəti təlimata uyğun təşkil edilmişdi. Oktyabrın 3-dən 25-dək Hadrut istiqamətinə, oktyabrın 26-dan noyabrın 22-dək Füzuli istiqamətinə ezam olunaraq, burada yaralıların müayinəsinin və müalicəsinin, reabilitasiyasının təşkili ilə məşğul olmuşam. Vətən müharibəsinin getdiyi o günlərdə tibb xidməti də 24 saat xidmətdəydi", - tibb xidməti polkovnik-leytenantı dedi.
Vətən müharibəsində həkimlərimiz döyüş meydanlarında da, düşmənin atəşi altında da yaralılara yardım göstərirdilər. Bu, Vətən müharibəsi dövründə tibb işçilərinin döyüşü idi - yaralıların həyatı uğrunda aparılan döyüş.
Ağır döyüşlər getdiyi o günlərdə həkimlərimiz yaralıların qısa müddətdə müalicə olunaraq xidmətə qayıtmaları üçün əllərindən gələni edirdilər. Baxışları uzaqlara dikilən tibb xidməti polkovnik-leytenantı qeyd etdi ki, müharibənin heç bir anını unutmaq mümkün deyil. "O günlərdə hər kəsin ürəyi Vətən üçün döyünürdü. Vətəndaşlarımız əllərindən gələni əsirgəmirdilər. Müharibənin ağır nəticələrini ilk olaraq həkimlər aradan qaldırırdılar. Döyüşçülərimizin yarasına onlar məlhəm olurdular. Peşəkar həkimlərimizin səyi nəticəsində neçə-neçə döyüşçünün həyatı xilas edildi. Hərbçi həkimlərimiz yüksək fədakarlıq nümayiş etdirərək yaralılarımızı döyüşlərdən, güllə atəşi altından çıxarda bilirdilər, yardım edib təxliyəsini təşkil edirdilər. O anlarda elə hadisələrin şahidi olurduq ki, qürurdan gözlərimiz yaşarırdı, ürəyimiz dağa dönürdü. Yaralı döyüşçülərimiz yaralarının ağırlığının fərqinə belə varmadan yoldaşlarının yanına qayıtmağa can atırdılar. Hamısı bir söz deyirdi: "İllərdi bu günü gözləyirdik. Mən burada yox, döyüşdə, yoldaşlarımın yanında olmalıyam...".
Həmsöhbətimin müraciət edən xəstələrə mehriban, səmimi davranışı diqqətimdən yayınmır, hər kəsə doğması kimi davranır, can yandırır. Kamran həkim deyir ki, müharibədən sonra ona yaxınlaşıb minnətdarlıq edənlərin təkcə sağlamlıqlarını deyil, həyatlarını da ona borclu olduqlarını deyərkən gözlərindəki sözlərlə ifadə olunması çətin olan sevgi heç nə ilə müqayisə oluna bilməz.
Bu gün işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri bu yerlərə yenidən həyat verir. Qarabağ iqtisadi rayonunda aparılan yenidənqurma işləri beynəlxalq aləmin də diqqət mərkəzindədir. Kamran həkim o yerlərə erməni faşistlərinin vurduğu ciddi ziyanı öz gözləri ilə görən biri kimi sürətlə aparılan bu dəyişimdən - quruculuq-abadlıq işlərindən qürur hissi keçirir.
Kamran həkim qalib ordunun həm həkimi, həm də zabiti olmağı ilə qürurlanır. Gözəl qürurdur, bəşəri qürurdur...
Günay TAĞIYEVA,
foto Namiq PƏNAHOVUNDUR
"Azərbaycan Ordusu"