Payız yeli ağacların budağını daraqlayır. Bir qədər aralıda meşəlik, meşəliyə sarılmış nazik dumanlıq görünür. Könlümüz bizi həmin dumanlığın o üzünə çəkməkdədi. Neçə on illər əvvəl bu meşəliyin ətəklərindən keçən yollarla dağlara, ucalıqlarda mövqelənmiş əsgərlərimizin yanına çatmağa can atardıq. Əsgərlərimiz orada döyüş növbətçiliyi aparırdılar. İkinci Qarabağ müharibəsindən sonra o ucalıqların həndəvərləri də, o həndəvərlərdən dövlət sərhədlərimizəcən uzanan ərazilərimiz də düşməndən təmizləndi - ordumuz işğalı sonlandırdı.
Hərbi hissədə dərs-təlimdən əvvəl mayor Namiq Əzizov dedi ki, əsgərlərimiz onlara təhkim olunmuş silahların istismar xüsusiyyətlərini öyrənirlər. Bu proses müntəzəm davam etdiyindən onu tədris prosesi də adlandıra bilərik. Zabit əsgərlərin öyrənmə marağının Vətənə sevgidən yarandığını da bildirdi...
Gizir Rüstəm Bağıyev dəzgahlı iriçaplı pulemyotun taktiki-texniki xüsusiyyətləri mövzusunda dərsə başladı. Mövzu haqqında əsgərlərin bilgilərini öyrənmək üçün müəyyən suallar verir, sonra sualları ümumiləşdirən əyaniliyə keçid yaradır. Əsgərlər pulemyotun hissələrindən danışdılar. Biri digərinin fikrini davam etdirirdi. Mənə belə gəlirdi ki, bu üsul əsgərlərin diqqətliliyini nəzarətdə saxlama baxımından gərəklidir. Belə təkrarlama öyrətmə prosesinin dönməzliyini tənzimləyir.
Təkrarlama prosesindən sonra gizir R.Bağıyev əsgərlərin dediklərini ümumiləşdirdi, pulemyotun taktiki-texniki xüsusiyyətləri haqqında əsgərlərin bilgilərini tədris prosesi ilə uzlaşdırdı. Gizir bu silahın düşmənin atəş sektorunu, canlı qüvvəsini, mövqelərini, yüngül zirehli texnikalarını, aşağıdan uçan hava hücumu vasitələrini və s. məhv etmək üçün istifadə olunduğunu bildirdi. Əsgərlər bildiklərini bir daha xatırladılar. Klassik pedaqogikada təkrarın tədris prosesində hansı səviyyədə səmərəli olduğunu gizir də yaxşı bilir, dərsdə iştirak edən əsgərlər də. Əsgərlər gizirin göstərişi ilə silahı söküb-yığırdı, söküb-yığma prosesinin təlimatda nəzərdə tutulan müddətdə aparılması giziri razı saldı. Əsgərlər silahın detalları haqqında da məlumat verdilər.
Gizir R.Bağıyevin sualına cavab olaraq əsgər Elmar Bayramov bildirdi ki, silahın heyəti dörd nəfərdən ibarətdir: manqa komandiri, tuşlayıcı, atıcı-daşıyıcı, atıcı-doldurucu. Əsgər onların hər birinin icra etdiyi vəzifələri də təmkinlə xatırlatdı. Belə xatırlatma biliyin səviyyəsinin göstəricisidi. Gizir əsgər E.Bayramovdan soruşdu ki, heyət üzvlərindən hansının icra etdiyi iş daha vacibdir? Elmar eyni təmkinlə "Ən vacibi həmin anlarda heyətin gördüyü işdir", - dedi. Cavab gizirin də könlünə yatdı, bizim də.
Əsgər Fərid Hüseynov bildirdi ki, pulemyotun atış uzaqlığı orta hesabla 2000 metrdir, yəni, düşmənin bu məsafədə yerləşən hədəfinə bu məsafədən təsirli zərbə vurmaq mümkündür. Pulemyotun dağıdıcı mərmiləri ilə düşmənin daha uzaqda yerləşən hədəflərinə də ciddi zərbələr vurmaq mümkündür. Düşmənin tikililəri dağıdılırdı, tikilidə daldalanan canlı qüvvəsi məhv edilirdi. Əsgər onu da bildirdi ki, dəzgahlı iriçaplı pulemyot döyüşən ordu hissələrinə atəş dəstəyi verməklə döyüşün gedişində əsaslı dönüş də yarada bilir. İkinci Qarabağ müharibəsində də, sonrakı hərbi əməliyyatlarda da belə olmuşdu. Neçə mövqe qələbəsinin qazanılmasında bu silah da dönüş yaratmışdı...
Əsgər Bəhlul Vəlizadə dedi ki, digər atıcı silahlar kimi, bu pulemyotdan atış aparan tuşlayıcı da son dərəcədə diqqətli olmalıdır. Diqqətlilik öz yerində, ona həyəcanlanmaq olmaz. Həyəcanlanan tuşlayıcının atışları dəqiq olmur. Bunlar bizə qoşunlarda xidmətə başlayanda deyilmişdi, hər dərsdə də deyilir. Bildiklərimizi bir daha eşitməklə onlar daha etibarlı səviyyədə yaddaşımızda qalır.
Əsgər Oruc Nəzərbəyov əsgər yoldaşının sözünə qüvvət olaraq dedi ki, bu silah yüksək döyüş hazırlığına malik olan heyətin istifadəsində daha güclü olur. Fərid də, digər əsgərlər də, gizir də əsgərin fikrini bəyəndilər. Gizirin əsgərlərdən üzülməyən baxışlarını bir mətləbin ifadəsi bilirik: Siz yüksək döyüş hazırlığına malik əsgərlərsiniz...
Əsgər İmran Nadirov bildirdi ki, bu pulemyot döyüşdə bölməyə dəstək verə bilir, bu dəstək döyüşün qələbə ilə başa çatmasında əhəmiyyətli olur. Döyüş prosesində düşmənin aça bildiyi keçidi müdafiə olunan əsgər müəyyən müddətə bu pulemyotla tam nəzarətdə saxlaya bilir, düşmənin bu keçiddən keçməsinə imkan vermir. Pulemyot optik cihazla təmin edilib, onun vasitəsilə uzaqlığı yaxınlaşdırmaq da, yaxınlığı bir qədər uzaqlaşdırmaq da, atışa uyarlı vəziyyətə gətirməklə atış məsafəsini tənzimləmək də mümkündür.
Əsgərlərdən biri gizirdən nəsə soruşdu. Bu "nəsə" pulemyotun texniki xüsusiyyətləri ilə bağlıdı. Gizir sualı suala aid olan başlanğıcdan izah edirdi. Mənə elə gəlirdi ki, belə izahetmə əsgərlərin hamısını razı salırdı.
Mayor N.Əzizov dedi ki, belə dərsləri sinif otaqlarında öyrətmək müəyyən qədər çətinliklər yaradır. Belə ki, pulemyotun ayrı-ayrı hissələrini hamıya eyni aydınlıqla, silahın istismar xüsusiyyətlərini ardıcıllıqla göstərmək və öyrətmək, öyrədilənlər arasında ciddi əlaqə yaratmaq üçün açıq hava daha məqsədəuyğundur. Açıq havada yarımdairəvi formatda başlayan və davam edən belə dərslərin tədris keyfiyyəti yüksək olur, bugünkü kimi...
İkinci Qarabağ müharibəsində bu silahın hərbi qüdrəti, təhkim olunduğu əsgərlərin hərbçi qüdrəti ordumuzu qələbələrə yaxınlaşdıran amillərdən idi.
Kəşfiyyatçılarımız Füzuli ətrafında müqavimətin gücləndirilməsi üçün düşmənə 3 ədəd yüngül zirehli texnika göndərildiyini müşahidə etmişdi. Komandanlıq bu vacib məlumatı əməliyyatın tərkib hissəsi etmişdi - nə qədər təhlükəli olsa da, dəzgahlı iriçaplı pulemyotunun xeyli qabağa çıxarılmasını, döyüş mövqeyi tutub zirehli texnikaları vurmağı əmr etmişdi. Əmr vaxtında yerinə yetirilmişdi. Düşmən həmin mövqedə müqaviməti davam etdirə bilməmişdi...
İkinci Qarabağ müharibəsinin ilk günlərində mühəndis-istehkam sədləri dağıdılmış düşmən səngərlərdən də, valların arxasından da, işğal etdiyi yaşayış məntəqələrindən də, uçurub-dağıtdığı evlərin daldasından da atışırdı. Belə döyüşlərdə döyüşçülərimiz düşməni mövqelərindən pulemyotlardan atış aparmaqla da üzə çıxardır, onları məhv edir, qələbə qazanırdı.
Əsgər Fərid Hüseynov dedi ki, komandirimizdən eşitmişəm ki, bu silah döyüşdə bir bölüyün qarşısını saxlaya bilir. Gizir R.Bağıyev əsgərin dediklərini təsdiqlədi: - Xudafərin ətrafında döyüşdə döyüşçülərimiz düşmənin əks-hücuma keçən bir bölüyünün qarşısını dəzgahlı iriçaplı pulemyotla saxlamışdı. Ağır itkiyə məruz qalan düşmən hücumu davam etdirə bilməmişdi. Bu silah döyüşənlərimizə həm üzbəüz döyüşdə, həm də arxadan ciddi kömək edə bilmişdi. Belə faktlar bu gün dərs-təlimə cəlb olunmuş əsgərlərimizin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində əhəmiyyətli olur. Mayor N.Əzizov gizirin dediklərini təsdiqlədi...
Dərs-təlim başa çatdı...
Payız yeli azalıb. Bir qədər aralıdakı meşəliyə baxdıq. Duman çəkilib. Göy üzünün göylüyü aydınlığıyla hiss olunandı...
Rəşid HÜSEYNOV,
foto Namiq PƏNAHOVUNDUR
"Azərbaycan Ordusu"