Kövrəklik gətirən payız həm də könül xoşluğu ilə yaşanılır. Son illərdə payızın gəlişi duyğuları coşdurur, zaman anlamında tarixin dünənlərinin qürurunu bayraqlaşdırır. 2020-ci ilin payızı dünyanın illərlə davam edən nizamsızlığını dağıtdı, nizama saldı, 2022-ci ilin payızı dirçəlmək istəyən, boy göstərən işğalın tərpənişini çiliklədi, 2023-cü ilin payızı işğalın son nəfəsi oldu, Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi. Bunlar Azərbaycan gerçəkliklərinin Vətən adından dünyaya qətiyyətli xəbərdarlığı kimi tarixləşdi. Varam, var olacam!..
Əvvəllər də, Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra da payız cəmiyyətə bir bayram ovqatı da yaşadıb: bir günə ad olsa da, günlərin, ayların mənəvi səyyarəsi kimi süslənib həmin günün ovqatı. Bu ovqat şagirdlərin baxışlarında minnətdarlıq işığına dönüb, müəllimlərin düşüncələrində vətəndaşlıq borcu məktəblilərin baxışlarında çiçəkləyib. Hamımızın ömründə müəllim ömrünün ziyası var. O ziya yaşadılır, xoş xatirələrə dönür, tarixləşir. Bu günün ovqatının mahiyyəti sabahlarla bağlıdı. Hər il oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev demişdi: "Mən dünyada müəllimdən yüksək ad tanımıram". Bu kəlam da,
Hamıya pay verib ömründən bir az,
Məndədir, səndədir müəllim ömrü, -
misraları da müəllim ömrünə ehtiramdı...
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçirilən tədbirə bu düşüncələrlə çatmışam. 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və icraçılığı ilə xüsusi təyinatlı bu təhsil müəssisəsində həyat yoldaşı şəhid olmuş müəllimlərin bir qrupunu təbriketmə tədbiridir. Kövrəklik də duyulandı, qürur da. Kövrəklikdə qürur var, qürurda kövrəklik yoxdu, qətiyyət var, inam var, sevgi var. Bu qətiyyət də, inam da, sevgi də ordumuza görədi - bir vaxtlar şəhidlər də onun sırasında olublar.
Qonaqlardan biri sezilməsi çətin olan qəhərlə "Hər il məni ilk olaraq o təbrik edərdi" deyir. O - şəhid olmuş həyat yoldaşı. İnanır ki, indi ruhu təbrik edir, həm də "Vətən üçün yaşadıq, Vətən üçün şəhid olduq, Vətən naminə mənsizliyə alış..." - deyir.
Xatırlayırıq ki, dörd il əvvəl Cəbrayıl şəhəri, rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri işğaldan azad edilib. Bu xatırlamanın qürurunun işığında qonaqlar "Heydər Əliyev Muzeyi" ilə tanış olurlar. Kapitan Heydər Fərəcov eksponatları təqdim etdikcə zaman-zaman yaşanılmış tarixi bir gerçəklik yenidən yaşanılır: Ulu Öndər Heydər Əliyev ömrü əbədiyyət ömrüdü...
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildi.
Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Kərim Rzayev tədbirin mahiyyətindən, şəhid ailələrinə dövlət qayğısından, cəmiyyətin şəhidliyə, şəhidlərə ehtiramından söz açır, belə tədbirlərin keçirilməsini təkcə təmsil etdiyi təşkilatın deyil, ümumən cəmiyyətin mənəvi borcu olduğunu bildirdi. "Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların hər biri hər birimizin əzizidir. Əzizlərimizin həyat yoldaşlarını peşə bayramları münasibətilə təbrikə gəlmişik. Müxtəlif təhsil müəssisələrində işləyən bu müəllimlər şagirdlərinə təkcə dərsliklərdəki mövzuları tədris etməklə kifayətlənmir, onlara şəhidlərin həyat yolundan, döyüş yolundan da danışırlar. Bu, şagirdlərin vətənpərvərlik ruhunun yüksəlişində əhəmiyyətli olur. Şəhidlik haqqında, şəhidlər haqqında qəzetlərdən, kitablardan oxuyan şagirdlər şəhidlik haqqında şəhidin ömrünün bir hissəsinin ömürdaşı olmuş insandan eşidir...".
Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Aygün Məmmədova təmsil etdiyi təşkilatın missiyasının həm də bu miqyaslı, bu mahiyyətli tədbirlərin təşkili olduğunu xatırlatdı, belə tədbirlərin vətəndaşlıq borcu kimi yerinə yetirildiyini bildirdi. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə müəllimlərin də iştirak etdiyini, yaralandığını xatırlatdı, qeyd etdi ki, müharibədə neçə-neçə müəllim şəhid oldu. “Birinci Qarabağ müharibəsinin iştirakçısı gəncəli gənc müəllim Nizami Aydın həm də şair idi. O, cəmiyyətdə, xalqımızın tarixində şəhid kimi qaldı, ədəbiyyatımızda şair kimi, şagirdlərinin xatirələrində müəllim kimi. Neçə-neçə müəllimimizin ömrü belə anılacaq. Bugünkü tədbirə dəvət olunan müəllimlər bir vaxtlar Vətən fədaisi ilə nəfəs-nəfəsə illər yaşayıb, Vətəndən də danışıblar, Vətəni qorumağın fəzilətindən də danışıblar. Şəhidlikdən danışmayıblar, torpaqlarımızın işğaldan azad edilməsindən danışıblar. Onların o vaxtlar danışmadıqları şəhidlikdən indi biz danışırıq. Ehtiramla, vətəndaşlıq qəhəriylə, vətəndaşlıq qüruru ilə...".
C.Naxçıvanski adına Hərbi Liseyin rəisi Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev Vətən müharibəsinin döyüşlərindən, Azərbaycan əsgərinin döyüş ruhundan, qələbə əzmindən söz açaraq qeyd etdi ki, döyüşənlər qəhrəman olmaq üçün döyüşmürdülər, qəhrəmanlıqla döyüşürdülər. “Siz şəhid olmuş həyat yoldaşınızın ömür yolunu xatirələrlə xatirələrinizdə, ruhunuzda davam etdirirsiniz. Ona görə onların ömürləri ölümsüz ömürdü. Sizin dərsarası söhbətlərinizdən, bəzilərinin heysiyyətli suallarından tanıdığı həyat yoldaşınızı şagirdləriniz də ehtiramla yaşadırlar”.
Qonaqları liseyin şəxsi heyəti adından, öz adından təbrik edən polkovnik Anar Mirzəyev onların şagirdlərinin də Vətəni ululuq mərtəbəsində yaşadacaqlarına əminliyini bildirdi...
Sumqayıt şəhərində müəllim işləyən Qəmər Rəhimli həyat yoldaşı Murad Rəhimlinin döyüş yolundan danışdı. Onun dedikləri bir şəhidin döyüş yolu olsa da, Azərbaycanın ərazilərini işğaldan azad etmək üçün döyüşlərdə şəhid olanların hamısının qətiyyətinin, Vətənə sevgisinin mahiyyətidi: Qətiyyətlə döyüşüblər, mərdliklə döyüşüblər, Qələbə üçün döyüşüblər, Azərbaycanın ərazi bütövlüyünün tam bərpası üçün döyüşüblər. "Oktyabrın 5-də zəng eləmişdi, səsində zərrəcə həyəcan hiss etməmişdim. Yaxın vaxtlarda qələbə ilə dönəcəklərini bildirmişdi Murad. Tərtər, Ağdərə istiqamətində döyüşürdü. Oktyabrın 8-də Suqovuşanda mərmi qəlpəsindən şəhid oldu. Vətən naminə şəhid oldu. Təsəllimiz ordumuzun qazandığı tarixi Zəfərdi, dövlətimizin qayğısıdı, bir də sizin şəhidliyə, şəhidlərə belə ehtiramınızdı...", - şəhid Murad Rəhimlinin həyat yoldaşı Qəmər Rəhimli belə dedi...
Söhbətləşmək istəyən, ancaq sükutdan üzülə bilməyən baxışları az görmüşdüm. Həmişə qəhərli gördüyüm belə baxışları indi doğma bir ovqatın əhatəsində qürurla bir ucalıqda görürəm. Bu qürur Azərbaycanın ərazi bütövlüyünün tam bərpasının qürurudu. Bu ovqat tarixin nizamını özünə qaytaran döyüşlərdə şəhid olanların həyat yoldaşlarına ehtiramın ovqatıdı.
İbtidai sinif müəllimi olan Samirə Rəşidova şagirdlərinə həm hərfləri öyrədir, rəqəmləri öyrədir, həm də Vətənə sevginin ilkinini, başlanğıcını. Vətən müharibəsindən danışa-danışa öyrədir, döyüşlərdən danışa-danışa öyrədir, uşaq təfəkkürünü nəzərə alıb öyrədir. Bilir ki, bu öyrənilənlər gələcəkdə genişlənəcək, şagirdlərin dünyagörüşü bu bilgilər əsasında formalaşacaq. Akademik Xudu Məmmədov deyirdi: "Uşaqlara Vətəni sevməyi öyrətmək lazım deyil. Siz onlara Vətəni tanıdın, özləri sevəcəklər". Samirə Rəşidova belə müəllimdir. Vətəni şagirdlərinə sevgilərlə tanıdır. Həyat yoldaşı İlham Rəşidovun şəhidliyinə qədər də belə olub, indi də belədir. Baş gizir İlham Rəşidov müharibənin ilk günü Murovdağ istiqamətində
döyüşlərdəydi. Yaralandığını kimsə duymamışdı. Döyüş yoldaşlarından biri ağır yaralananda onu döyüşdən çıxartmaq istəyib. Çıxardıb da, təxliyəsini təşkil edib də. Özü şəhid olub. Döyüşlərdə Azərbaycan hərbçiləri üçün bir döyüş andı vardı: Qələbə! Döyüşçülərimiz Qələbə naminə şəhidlikdən də keçirdilər...
Samirə Rəşidova da digər müəllimlərimiz kimi Vətən müharibəsinin döyüşlərini böyük vətənpərvərlik dərsliyi bilir. O da şagirdlərinə döyüşlərdən danışır, soruşulanda İlhamın da döyüşünü xatırladır. "Bugünkü tədbirdə bizi təkcə iştirakçılar deyil, tanıdığımız şəhidlərin, əzizimiz şəhidlərin ruhu da təbrik edir. Bu tədbir təkcə bizi deyil, şəhidlərimizin ruhunu da bir araya gətirib. Bizi təbrikə görə də sağ olun, buna görə də sağ olun...". Hamı duyğulanır. Azərbaycanlı müəllimin düşüncələrinə görə qürurlanırıq, Azərbaycan dilinin incəliyinə görə qürurlanırıq, Azərbaycan Ordusunun şəhidlərinə ehtirama görə qürurlanırıq. "Mən sinif otaqlarına şəhidlərimizin ruhən dediyi bir tövsiyə ilə gedirəm: "Tarixi Zəfərdən sonra şagirdlərinizin Vətən sevgisinin əsgəri siz olmalısınız...". Tədbirdə iştirak edən müəllimdən bu kəlmələri eşitmək necə də xoşdu!
Heydər Əliyev adına Hərbi İnstitutun texniki fənlər kafedrasının baş müəllimi Azadə Məmmədova bir vaxtlar hərbçi müəllim olmuş həyat yoldaşını Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edərdi, illərdi həyat yoldaşının ruhu onu təbrik edir. "Mən Əbdülhüseynin xidmət etdiyi təhsil ocağında işləyirəm. İllərdi yolunu mülki müəllim kimi davam etdirməyi özümə təsəlli bilirəm. Auditoriyalara girəndə elə bilirəm məni Əbdülhüseynin nəfəsi uğurlayır. Biz həyat yoldaşlarımızla bağlı xatirələri yaşada-yaşada onların ömrünün davamını yaşadırıq. Bu duyğuları bizə bu gün siz daha duyğusallıqla yaşatdınız. Şəhidlərimizin ruhunun xəyalən bizə arzuladıqlarını siz arzuladınız. Tədbir iştirakçıları adından bütün şəhidlərimizə deyirəm ki, siz tarixdə də yaşayırsınız, xatirələrdə də, böyük ehtiramla keçirilən tədbirlərdə də...", - Azadə müəllimin də, digər çıxış edən müəllimlərin də dedikləri müəllimliyə, müəllimlərə, təhsil ocaqlarına, bu sıradan xüsusi təyinatlı təhsil müəssisələrinə ehtiram kimi dinlənilir.
Mayor Elsevər Paşayev Cəbrayıl rayonunun Qovşudlu kəndində anadan olmuşdu, bu təhsil ocağının məzunu olub, sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib (indiki Heydər Əliyev adına Hərbi İnstitut). Vətən müharibəsində iştirak edib. Qəhrəmanlıqla döyüşüb. "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub. Şəhid mayorun həyat yoldaşı Xəyalə Paşayeva tarix müəllimidir. Dedi ki, mən şagirdlərimə tarix dərsini Vətən müharibəsində qazanılan tarixi Zəfərin qürur ovqatı ilə öyrədirəm. “Biz müəllimlər də Vətən üçün belə əsgərik: Vətənin sabahları üçün vətənpərvərlər formalaşdırırıq. Şəhidlərimizin işğaldan azad etdiyi torpaqları onlar qoruyacaqlar...”
Polkovnik Anar Mirzəyev də, Kərim Rzayev də çıxış edənlərə minnətdarlıqlarını bildirdilər...
Tədbirdə dəvət edilmiş müəllimlərə Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərmanları, çiçək dəstələri, hədiyyələr təqdim olundu.
Tədbir şirniyyat süfrəsi ətrafında davam etdirildi...
Zabitlər də, qonaqlar da Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi sədrinin müavini Aygün Məmmədovanın səsləndirdiyi
Deməyin getdiyi cığırlar - kəsə,
Otaqda başlanıb, otaqda bitər.
Otuz il otaqda var-gəl edibsə,
Bəlkə də yol gedib Magellan qədər, -
misraları xüsusi təyinatlı təhsil müəssisələrində işləyən müəllimlərə ehtiramın poetik ifadəsi bilirlər...
Bu gözəl payız günündə nə vaxtsa oxuduğum kəlamı xatırlayıram: Makedoniyalı İsgəndər müəllimi Aristotel haqqında deyib: "Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı"...
Bu payız günündə bir daha əmin oluruq ki, müəllimlik ucalığa aparan yoldu...
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"